Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-24/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilmə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X6, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli 2-1(118)-144/2021saylı qərarından cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əmrinin qanunsuz hesab edilərək əvvəlki vəzifəsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03.02.2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının 20-dən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə taborunda mütəxəssis-mühafizəçi işləmiş, son bir ilə yaxındır ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə-mütəxəssisi vəzifəsində işləmiş və işlədiyi müddətdə dəfələrlə qüsursuz xidmətinə görə Fəxri Fərman, Təşəkkürnamələr almışdır. Bu vaxta qədər hər hansı inzibati tənbehə məruz qalmamışdır. 30 yanvar 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri baş leytenant Vəli Vəlibəyovun göstərişi ilə məcburi narkotest müayinəsindən keçirilmişlər. Həmin testin nəticələrinə görə guya sidik analizində narkotik müəyyən edildiyindən işdən azad edilmişdir. O, bununla razılaşmamış və öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasına müraciət etmiş və narkoloji testdən keçmişdir. 04.02.2020-ci il tarixli laborator cavabdan tam aydın olmuşdur ki, onun qanında hər hansı narkotikin əlamətləri movcud olmamışdır. Əsassız olaraq işdən azad edilməsi ilə əlaqədar İdarəyə müraciət etsə də, rəhbərliyin qəbuluna düşə bilməmiş, kadrlar idarəsində bildirilib ki, əgər işdən çıxması barədə ərizə yazarsa sonradan o, işə götürülə bilər. Əgər ərizə yazmasa ümumiyyətlə heç vaxt işə qəbul etməyəcəklər. Ona görə də ərizə yazmış, həmin ərizə onun iradəsini ifadə etmir ona görə ki, işdən çıxmaq istəməmişdir. Həmin ərizəsi etibarsız sayılmalıdır.
Cavabdehin etirazları:
4. İddiaya qarşı cavabdehin etirazı məhkəməyə təqdim edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli, 2-1(118)-144/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 03.02.2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli, 2-1(118)-144/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)apelyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin apelyasiya şikayətində vurğulanır ki, məhkəmə tərəfindən ekspert qismində dindirilən M.Allahverdiyeva 30.01.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 04.02.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxmasının üst-üstə düşmədiyini və ağlabatan olmadığını bildirmişdir. Məhkəmə ekspertin izahatına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxmasının Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30.01.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib etdiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə heç bir əsas olmadan analiz cavablarından birini digərindən mötəbər hesab etmiş, bununla da yalnız iddia tərəfin sübutlarına əhəmiyyət verərək qərar qəbul edilməsini təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının müayinə nəticəsində İddiaçı cinsi “qadın” olaraq qeyd edilmişdir. Bu da həmin nəticənin qeyridəqiqliyinə dəlalət edir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının müayinə nəticəsinin qeyri-dəqiqliyinə dəlalət edən əsaslı şübhələr olduğu halda məhkəmə həmin sənədi iş materiallarında olan digər sübutdan - Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubundan üstün və mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubunda hansı narkotik maddələrin aşkar edilməsi, həkimin adı və soyadının göstərilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edirlər ki, məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 04.12.2020-ci il tarixli məktubunda iddiaçıdan götürülmüş sidik analizində THC(+) marixuana və AMP(+) psixotrop maddələr aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə həmin məktuba istinad etməyərək iddiaçıdan götürülmüş sidik analizində hansı narkotik maddələrin olmasının müəyyən edilmədiyini qeyd etmişdir. Həmçinin, Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə hərbi qulluqçuların müayinə nəticələri deyil, yalnız narkotest nəticəsi pozitiv çıxmış şəxslərin kimliyi barədə məlumat verilmişdir. Həmin məlumat məktub formasında tərtib edilmiş və xəstəxananın direktoru tərəfindən imzalanmışdır. Sözügedən məktub səlahiyyətli şəxs tərəfindən imzalandığından orada müayinəni həyata keçirmiş həkimin ad və soyadının qeyd olunmasına zərurət olmamışdır. Məhkəmə həkimin adı və soyadının göstərilmədiyini əsas gətirərək həmin sübutun mötəbərliyinə şübhə ilə yanaşmışdır. Halbuki məhkəmə tərəfindən həmin sənədin mötəbərliyinə şübhə yarandığı zaman məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq məktubun verilməsinə əsas olmuş sənədləri Xaçmaz rayon Mərkəzi Xəstəxanasından tələb edə bilərdi. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə halın (iddiaçıdan götürülmüş sidik analizində marixuana və psixotrop maddələrin aşkar olunması) öz təsdiqini tapmadığını qeyd etmiş və bu zaman məhkəmə iclasında dindirilən ekspertin izahatına istinad edilmişdir. Bu da qəbul edilmiş məhkəmə qərarının qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır. Həmçinin, məhkəmə analizlər arasında ziddiyyət olmasının səbəblərini tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclaslarında iddiaçı tərəfindən xüsusi dərman preparatlarının qəbul edilərək narkotestin cavabının “neqativ” çıxa biləcəyini dəfələrlə bildirsələr də, məhkəmə tərəfindən bu hal araşdırılmamış, bu barədə məhkəmə tərəfindən ekspert qismində dindirilən şəxsin fikri öyrənilməmiş və məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq (işin hallarının araşdırılması prinsipi) mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmayaraq yalnız işdə olan digər materiallarla kifayətlənmişdir. Məhkəmə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinin pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmadığını bildirir. Rəyin alınmamasına səbəb İddiaçı hərbi-həkim komissiyasının rəyinin alınmasına ehtiyac olmadığını bildirməsi olmuşdur. Həmçinin iddiaçının xidmətdən ehtiyata buraxılmasına əsaslardan biri onun təqrirlə N saylı hərbi hissə komandirinə müraciət etməsi olmuşdur. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də hesab edilir ki, hazırki iş üzrə olan qərar ləğv edilməlidir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı İddiaçı vəkili Vəkil tərəfindən təqdim edilmiş etirazda göstərilir ki, apelyasiya şikayətində qeyd edilən məhkəmə tərəfindən ekspert qismində dindirilən M.Allahverdiyeva 30.01.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 04.02.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxmasının üst-üstə düşmədiyi və ağlabatan olmadığı fikri tamamilə məhkəmənin mövqeyini yanlış yönləndirməyə istiqamətlənmişdir. Belə ki, məhkəmə haqlı olaraq qeyd edir ki, cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30.01.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. Həmçinin, 10.11.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 04.12.2020-ci il tarixli məktubunda iddiaçıdan götürülmüş sidik analizində THC(+) marixuana və AMP(+) psixotrop maddələr aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməməsini qərarda haqlı olaraq qeyd etmiş, habelə qeyd olunan cavab məktubunda məhkəmənin sorğusunun ətraflı cavablandırılmaması, sadəcə THC(+) marixuana və AMP(+) psixotrop maddələrinin aşkar olunmasının qeyd edilməsi məktubun mötəbərliyini təkzib edən fakt kimi qiymətləndirilməlidir, çünki ikinci dəfə bu məsələ ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuda ətraflı qeydlər edilməklə sorğu verilmişdir. Apellyasiya şikayətində apelyator məhkəmənin qərarında əks olunan Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubunda hansı narkotik maddələrin aşkar edilməsi, həkimin adı və soyadının göstərilməməsinin qeyd edilməsi ilə razılaşmayaraq, həmin məlumatın məktub formasında tərtib edilməsi və xəstəxananın direktoru tərəfindən imzalanmasını əsas gətirərək həmin sübutların mötəbər hesab edilməsini iddia edir. Sözügedən məktub səlahiyyətli şəxs tərəfindən imzalandığından orada müayinəni həyata keçirmiş həkimin ad və soyadının qeyd olunmasına zərurət olmadığını hesab edir. Məhkəmənin haqlı mövqeyi ilə razılaşaraq əlavə etmək istəyirlər ki, qeyd edilən cavab məktublarının səlahiyyətli şəxs tərəfindən imzalandığı iddia edilsə də, imzaların səlahiyyətli şəxsə aid olması şübhə doğurur. Belə ki, cavab məktubları Xaçmaz rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev tərəfindən imzalandığı halda imzalar bir-birilə eyniyyət təşkil etmir. Bu isə məktubların sübuti əhəmiyyətinə kifayət qədər əlavə şübhə yaradır. Odur ki, verilmiş apelyasiya şikayətinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. c) məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nümayəndəsi X7 izahatında bildirdi ki, məhkəmə tərəfindən ekspert qismində dindirilən M.Allahverdiyeva 30.01.2020-ci il tarixdə iddiaçının verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 04.02.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxmasının üst-üstə düşmədiyini və ağlabatan olmadığını bildirmişdir. Məhkəmə ekspertin izahatına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin “neqativ” çıxmasının Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30.01.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib etdiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə heç bir əsas olmadan analiz cavablarından birini digərindən mötəbər hesab etmiş, bununla da yalnız iddia tərəfin sübutlarına əhəmiyyət verərək qərar qəbul edilməsini təsdiq edir. Birinci instansiya məhkəməsi analizlər arasında ziddiyyət olmasının səbəblərini tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclaslarında iddiaçı tərəfindən xüsusi dərman preparatlarının qəbul edilərək narkotestin cavabının “neqativ” çıxa biləcəyini dəfələrlə bildirsələr də, məhkəmə tərəfindən bu hal araşdırılmamış, bu barədə məhkəmə tərəfindən ekspert qismində dindirilən şəxsin fikri öyrənilməmişdir. Keçirilmiş ekspert rəyinin artıq uzun müddət keçdiyi üçün nəticəsinin bir mahiyyət daşımaması onunla əsaslandırılır ki, onların vəzifə təlimatlarına görə işləri əsasən xüsusi riskli işlərdən ibarət olduğundan, hazırda olmasa da, zamanında narkotik vasitə istifadə etməsi müəyyən edildiyindən iddiaçının xüsusi riskli işə cəlb edilməsi təhlükəli olmaqla, təmsil etdiyi Xidmətin nüfuzuna xələl gətirə bilməsi qaçılmazdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hər hansı digər işə qəbul edilməsi ilə bağlı məhkəmənin təklifi də Xidmət rəhbərliyinə məruzə edilmiş olsa da, təmsil etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əsas vəzifəsi fövqəlada hallar baş verən zaman bu və ya digər fəsadların aradan qaldırılmasını təmin etməkdən ibarət olmaqla, digər yüngül işlərə dair elə bir sahələri yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək idda tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, apelyasiya şikayətini qəbul etmirlər. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı tərəfindən xüsusi dərman preparatları qəbul edilsə idi, 04.02.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının müayinəsinin nəticəsində öz əksini tapardı. Lakin laboratoriya müayinəsindəndə göründüyü kimi verilən analiz cavablarında hər hansı zəhərli kimyəvi maddələr aşkar edilməmişdir. Bu da bir daha sübut edir ki, İddiaçı tərəfindən xüsusi dərman preparatlarının qəbul edilməmişdir. Beləliklə, cavabdehin nümayəndəsinin bildirdiyi fikirlər öz təsdiqini tapmır və iddianın təmin edilməməsi üçün əsas kimi qiymətləndirilə bilməz.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etmədiyini, ekspert rəyi ilə razı olduğunu və işə bərpa olunması barədə qərar verilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən edən iddiaçının yeni vəkili X10 da apelyasiya şikayətini qəbul etmədiklərini, iş üzrə verilmiş ekspert rəyilə razı olduqlarını və həmin ekspert rəyinin əsas sübut növü kimi qəbul edilməsi, apelyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
28. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. (-). 7.Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir; (-).
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: (-); b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-).
29. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanunu (-). Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; (-). Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Maddə 43. Ehtiyata keçirilmə 43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. 43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hazırkı qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
31. Belə ki, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24 və 37.2-ci maddələrinə, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə, 161-163-cü maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmiş, həmçinin sonuncunun barəsində verilmiş əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetməvə mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenant Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 N-li məktubu, təqdimatı və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X12 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmiş, lakin istinad olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nın 30 yanvar 2020ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMXnın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. Məhkəmə araşdırması zamanı dindirilən ekspert M.Allahverdiyevanın şərhi, yəni “30.01.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 04.02.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxması üst-üstə düşmür və ağlabatan deyildir. Cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlanması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30.01.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir” nəzərə alınaraq hesab edilir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşagıda qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilərək birinci instanisya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
33. Belə ki, işdəki sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında 21.12.2016-cı il tarixli öhdəlikdən görünür ki, kiçik gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq etməyə, o cümlədən həqiqi hərbi xidmətdə olarkən, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, ona tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyini öhdəlik götürmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0593/Ş nömrəli əmrindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi Riskli Xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssismühafizəçi vəzifəsinə təyin edilmişdir, SHXÇDX Xaçmaz rayon şöbəsində qeydiyyatdadır. Əsgər İddiaçı kiçik gizir hərbi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0770/Ş nömrəli əmrindən görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi gizir İddiaçı tutduğu vəzifədən azad edilmiş və Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis-pirotexniki vəzifəsinə təyin edilmişdir. - “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30.01.2020-ci il tarixli, 138 saylı məktubundan görünür ki, İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş və 4 şəxsdə o cümlədən İddiaçı narkotest “pozitiv” olmuşdur. - 30.01.2020-ci il tarixli təqrirdən görünür ki, gizir İddiaçı xidməti vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün xidməti uyğunsuzluğa görə müvafiq olaraq ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrin çıxarışından görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis pirotexniki gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 04.02.2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti N saylı hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabı № 37/36-36-dan görünür ki, 05.02.2020-ci il tarixli hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında əmr İddiaçı 04.03.2020-ci il tarixdə təqdim olunmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissənin 05.02.2020-ci il tarixli 37/34-035 saylı təyinat vərəqəsindən görünür ki, gizir İddiaçı 10.02.2020-ci il tarixdə SHXÇDX Xaçmaz rayon şöbəsinə qeydiyyatda durmaq üçün getməyi əmr edilmişdir. - Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) tərəfindən verilmiş 05.02.2020-ci il tarixli 018/Ş nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alaraq, 2020-ci ilin növbəti məzuniyyəti hesabına 06 fevral 2020-ci il tarixdən 3 təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 09 fevral 2020ci il tarixdən şəxsi heyətin siyahısından silinməsi, hər növ təminatlardan çıxarılması və 12 fevral 2020-ci il tarixədək hərbi qeydiyyata durmaq üçün SHXÇDX Xaçmaz rayon şöbəsinə göndərilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, 30.01.2020-ci il tarixdə saat 15:30 radələrində narkotik maddələrin olub-olmamasını aşkar etmək üçün İddiaçı sidik analizi götürülmüşdür. Analizin cavabı “pozitiv” olmuşdur. THC(+) marixuana, AMP(+) psixotrop maddələr aşkar olunmuşdur. - Məhkəmə kollegiyasının qərarı əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir.
34. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işindəki sənədlərin surətlərindən görünür ki, İddiaçı 30.01.2020-ci il tarixində hərbi hissə komandirinin adına yazmış olduğu təqrirdə qeyd etmişdir ki, xidməti vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün Əsasnamənin 156 e bəndinə əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir(i.v.167).
35. Həmin sənədlərdə olan söhbət vərəqəsindən isə görünür ki, hələ 29.11.2019-cu il tarixində İddiaçılə aparılan birinci söhbət zamanı sonuncu, tez bir zamanda ehtiyata buraxılması üçün kömək göstərilməsini xahiş etmiş, söhbətin nəticəsi olaraq İddiaçı Əsasnamənin 156 e bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə təqdim olunmasına münasibəti soruşularkən İddiaçı barəsində qəbul edilmiş qərarla tam razı olduğunu, heç bir etirazının olmadığını bildirmiş və söhbət vərəqəsində göstərilənlərlə tanış olmasını imzası ilə təsdiq etmişdir(i.v.168).
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində yazmış olduğu işdən azad edilməsi barədə təqririn iradəsinə uyğun olmadığını vurğulasa da, həmin təqririn yazıldığı 30.01.2020-ci il tarixindən məhkəməyə müraciət etdiyi 06.03.2020-ci il tarixinədək nə xidmət etdiyi hərbi hissə komandirinə, nə də ki, Xidmətin rəhbərliyinə hər hansı formada (ərizə, teleqram və ya şifahi qaydada) müraciət etməsi olmamış, bu da özüözlüyündə 30.01.2020-ci il tarixində yazmış olduğu təqririn əsasının hələ 29.11.2019-cu il tarixdə aparılan söhbət vərəqəsindəki müraciətilə üst-üstə düşməsilə əlaqəli olmasını göstərir, digər tərəfdən həmin təqririn yazılması hərbi qulluqçuların bir qisminin növbəti narkotestin cavabı olaraq “pozitiv” nəticə alınması ilə də əlaqələndirilə bilər.
37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamənin 1-ci bəndində qeyd edildiyi kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (bundan sonra - Xidmət) fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və bu sahədə digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Xidmətin Əsasnamə üzrə öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün hərbi qulluqçularının müvafiq həkim yoxlamalarından keçirilməsi işin xüsusi riskli xüsusiyyətindən irəli gəldiyindən “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30.01.2020-ci il tarixli, 138 saylı məktubundan da göründüyü kimi, Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş 4 şəxsdə, o cümlədən İddiaçı narkotesti “pozitiv” olduğundan sonuncunun həmin Xidmətdə saxlanılmasının mümkünsüzlüyü barədə Xidmət rəpbərliyinin 03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır.
39. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etdiyi ekspert M.Allahverdiyevanın şərhinin əsas tutularaq gəldiyi qənaəti, əsassız hesab edilir ona görə ki, məhkəmə qərarının beşinci vərəqəsinin sonuncu abzasında istinad edilən M.Allahverdiyeva adlı ekspert (i.v.102) məhkəmə iclasında dindirilməmişdir. Yəni məhkəmə iclas protokolunda 30.04.2020-ci il tarixində ekspert qismində X2 dindirilməsi barədə qeydlər aparılmışdır(i.v. 95).
40. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının əvvəliki iclasları zamanı iddiaçının məhkəmə iclaslarında iştirak etməyərək nümayəndəsi, eyni zamanda vəkili ilə təmsil edildiyindən İddiaçı hazırkı dövrdə narkotik xarakterli vasitələrdən istifadə edibetməməsinə münasibətin öyrənilməsi məqsədilə keçirilən və 08.12.2021-ci il tarixli ekspertizanın nəticəsi olaraq İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir(i.v.182-186).
41. İstinad edilən ekspert rəyilə əlaqədar kollegiya qeyd edir ki, “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30.01.2020-ci il tarixli arayışdan uzun müddət sonra əldə edilmiş ekspert rəyinə qiymət verilərək hesab edilir ki, İddiaçı yoxlanılan zaman labarator nəticələrində zərərli maddələrin aşkar edilməməsi, sonuncunun təxminən bir il öncə yoxlanılması zamanı müəyyən olunmuş “pozitiv” nəticənin əsassızlığına dəlalət edə bilməz ona görə ki, iddiaçının həqiqi xidmətdə olduğu Xidmətin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı qərəzliliyin olması barədə məhkəmə araşdırması zamanı hər hansı hal müəyyən olunmamış, əksinə belə bir halın aşkarlanmasından bir aydan artıq müddətdən əvvəl aparılmış istər 1-ci söhbət zamanı, istərsədə “pozitiv” nəticənin aşkar olunmasından sonra aparılmış 2-ci söhbət zamanı iddiaçı qəbul edilmiş qərarla tam razı olduğunu, xahiş və iddiasının olmamasını imzası ilə təsdiq edib yazmışdır(i.v.126-127).
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən halları məcmu şəklində qiymətləndirərək hazırkı qərarın 28 və 29-cu bəndlərində istinaq edilən normaların tələblərindən irəli gələrək iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə müvafiq dövlət orqanı rəhbərinin qərarının əsassızlığı barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır, ona görə də apelyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tar0xli 2-1(118)-144/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli 2-1(118)-144/2021saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.