Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-24/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “ərinin “şəhid” hesab edilməsi və ona “şəhid ailəsi” statusunun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X5 şəhid adının verilməsini xahiş etmişdir. AR SHXŞDX xx.xx.2021-ci il tarixli, M/1598 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.1992-ci il tarixli 1040 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə və xx.xx.2012-ci il tarixli 550215 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən 1974-cü il təvəllüdlü X6 xx.xx.1992-ci il tarixində döyüş əməliyyatları zamanı baş nahiyyəsindən güllə yarası aldığı üçün hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “sağ gözün dağılması, sol gözün kontuziyası, aşağı beyin hissəsinin zədələnməsi” diaqnozu ilə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxılan Ə.M.Muradov xx.xx.1996-cı il tarixində Xaçmaz rayonu, Qusarçay kəndində vəfat etmişdir. Yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, mərhum Ə.M.Muradovun “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçıya “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi mümkün deyildir. Verilən cavabla razılaşmayan iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əri X4 xx.xx.1996-cı ildən “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən ona “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X6 11 may 1974-cü il tarixində Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuşdur. O, xx.xx.1992-ci il tarixində Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılaraq, xidmətini «881» nömrəli hərbi hissənin tərkibində icra etmişdir. xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı ağır yaralanaraq «Alın təpə gicgah nahiyyəsinin dəlib keçən güllə yaralanması, beyin sol alın payının zədələnməsi və sağ göz almasının əzilməsi, Sol gözün kantuziyası» travması (xəsarəti) almışdır. Aldığı xəsarətə əsasən xx.xx.1992-ci il tarixində birinci dərəcəli Qarabağ müharibəsinin əlili hesab edilmişdir. O, mütəmadi olaraq sağlamlığını qorumaq və bərpa etmək üçün respublikada və xaricdə müayinə və müalicə olunmuş, lakin göstərilən bütün ciddi cəhdlərə baxmayaraq, əri Əlif Muradov döyüş əməliyyatları zamanı aldığı «Kəllənin və baş-beynin dəlib keçən güllə yarasından» xx.xx.1996-cı ildə Xaçmaz rayon, Qusarçay kəndində ölmüşdür. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı aldığı ağır xəsarətlərdən ölmüşdür. Qeyd olunanlara əsaslanaraq ərinin şəhid hesab edilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, AR NK-nın xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 1.2.5 və 4.1-ci bəndlərinə əsasən əri şəhid hesab edilməlidir. Belə ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı aldığı güllə yarasından həlak olması Xaçmaz rayonu Qusarçay kənd sahə xəstəxanasının xx.xx.2016cı il tarixli, 31 saylı ölümün səbəbi haqqında arayışı və “Ölüm haqqında şəhadətnamə” ilə təsdiq olunur. Qeyd edir ki, bununla da onun müraciətinə baxılmamışdır, vəzifəli şəxslərin hərəkətsizliyi ilə üzləşmişdir. Müəyyən edilmiş qaydada əri X6 şəhid hesab edilməmiş və ona xidmətin Xaçmaz rayon Şöbəsi tərəfindən «şəhid ailəsi» statusunu təsdiq edən arayış verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə əvəz edilmişdir (hakim C.Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə çəkişmə prinsipinə əsasən maraqlı şəxslərin öz dəlil və sübutlarını təqdim etmək hüquqlarını pozmuş, yəni əri Ə.M.Muradovun Qarabağ müharibəsində aldığı xəsarətlərdən ölməsi barədə verilən sənədlərə əhəmiyyət verməmişdir. Məhkəmə işin bütün faktiki hallarını, tam, hərtərəfli və obyektiv araşdırmamış və iddia tələbinin təmin olunması üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı etirazının olmadığını bildirərək izahatında qeyd etdi ki, hüquqlarını təmsil etdiyi cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmir, belə ki, vətəndaşa şəhid statusu cavabdeh orqan tərəfindən verilmir. AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hərbi qulluqçu döyüş şəraitində güllə yarası alarsa və 3 il ərzində vəfat edərsə şəhid hesab edilir. X2 şəhid statusunun verilməsi və ya ləğv edilməsi barədə SHXŞDX-nin Xaçmaz rayon şöbəsində hər hansı təsdiqedici sənəd mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1-ci bənd. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bənd. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. (-). 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2-ci bənd. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi mərhum həyat yoldaşı X5 şəhid adının verilməsi və bununla da özünün şəhid ailəsi statusuna nail olmaqdan ibarətdir. Tələbinin əsası kimi iddiaçı aşağıdakı sənədləri təqdim etmişdir: Vİ-ЖГ seriyalı 286186 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X6 və İddiaçı xx.xx.1993-cü il tarixində nikah bağlamışlar. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyası tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 1040 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.1992-ci il tarixində döyüş əməliyyatları zamanı baş nahiyyəsindən güllə yarası almış, ona “sağ göz almasının, sol göz almasının kontuziyası, retrobulbar hematoma, ikinci dərəcəli postravmatik serebral koma, sağ çiyin yumşaq toxumalarının atəşlə nüfuz edən yarası” diaqnozu ilə xx.xx.1992-ci il tarixində əməliyyat olunmuş və hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilmişdir. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı 550215 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Qusarçay kəndində ölmüş, ölüm səbəbi “Kəllənin və baş-beynin dəlib keçən güllə yarasından” kimi qeyd edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçını tələbində haqlı saymamış və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əri hərbi xidmətdən tərxis olunduqdan sonra, xx.xx.1996-cı il tarixdə Xaçmaz rayon, Qusarçay kəndində vəfat etmişdir. Qanunvericilik aktlarında şəxsin yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi mövcud deyil. Bu səbəbdən də mərhum X4 “şəhid” hesab edilməsi və iddiaçıya “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hər şeydən öncə kollegiya bir məqama münasibət bildirməyi vacib sayır ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında onlara əvvəl “şəhid” statusunun verildiyini, hətta bu məqsədlə pensiya da aldığını bildirmiş və bununla bağlı məhkəmə kollegiyasına arayış təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 128 saylı, xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, iddiaçı şəhid ailəsi olaraq hər ay 37 manat məbləğində pensiya almışdır. Məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilmiş, mərhum X4 şəhid hesab edilib-edilməməsi, eləcə də sonradan şəhid statusunun ləğv edildiyi təqdirdə əsasların məhkəməyə təqdim olunması tələb edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi məhkəmə kollegiyasına ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli, 1072 nömrəli məktubunda qeyd etmişdir ki, mərhum X6 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanan ağır “Alın təpə gicgah nahiyyəsinin dəlib keçən güllə yaralanması, beyin sol alın payının zədələnməsi və sağ göz almasının əzilməsi, sol gözün kantuziyası” travması almışdır. Ə.M.Muradov döyüş əməliyatları zamanı aldığı “kəllənin və baş beynin dəlib keçən güllə yarasından” xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Qusarçay kəndində vəfat etmişdir. Əsas: AZ-İ 550215 nömrəli Xaçmaz rayon Qeydiyyat şöbəsinin Ölüm haqqında şəhadətnaməsi. X4 şəhid statusunun sonradan ləğv edilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində heç bir təsdiqedici sənəd yoxdur və tərəflərindən şəhid statusu ləğv edilməmişdir. Ə.M.Muradovun şəhid statusu aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə mərhumun yaxınları və Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Xidmət nümayəndəliyi bu barədə heç bir əsasverici sənəd təqdim etməmişdir. Bütün bunları nəzərə alınaraq qeyd olunmuşdur ki, qarşı tərəf kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi deyil, Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Xidmət nümayəndəliyi hansı əsasverici sənədlərə əsasən mərhumu şəhid hesab etməsi barədə cavabdeh şəxs kimi çıxışı məqsədəuğundur. Həmçinin cavabdeh, məhkəmənin mərhum X6 barəsində verəcəyi qərara etirazının olmadığını bildirmişdir. Cavabdehin mövqeyindən bəlli olmuşdur ki, sonuncu tərəfindən X2 şəhid adı verilmədiyi üçün sonradan ləğv edilməsi ilə də bağlı hər hansı prosedur aparılmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Xidmət nümayəndəliyinin isə hansı əsasverici sənədlərə əsasən mərhumu şəhid hesab etməsindən xalidir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası tərəfindən aidiyyəti quruma sorğu verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilən pensiya işinin surətindən görünür ki, AZ SSR Sosial Təminat Nazirliyi həkiməmək ekspert komissiyasının müayinə aktlarından çıxarışlara əsasən, X5 “Alın təpəgicgah nahiyəsinin dəlib keçən güllə yaralanması......” diaqnozu ilə xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi xx.xx.1994-cü il tarixindən müddətsiz olaraq uzadılmış və ona xx.xx.1992-ci il tarixindən xx.xx.2010-cu il tarixədək Qarabağ əlili kimi əmək pensiyası təyin edilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra isə iddiaçı ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş və bu əsasla da sonuncuya pensiya təyin olunmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçıya ödənilmiş ödənişlər şəhid ailə üzvü kimi deyil, ailə başçısını itirdiyinə görə təyin olunmuş pensiya olmuşdur. Kollegiya həmçinin işdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının “Xaçmaz rayonunun yaşayış məntəqələrində küçələrə adların verilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 136 saylı sərəncamından çıxarışa diqqət yetirməyi vacib sayır. Həmin sərəncamdan çıxarışdan görünür ki, bu çıxarış Xaçmaz rayonunun yaşayış məntəqələrində küçələrə adların verilməsi barədədir. Siyahıda həm müxtəlif sahələr üzrə görkəmli şəxslərin, həm də şəhid olmuş şəxslərin adları yer almışdır. Maraqlı məqam bundan ibarətdir ki, həmin siyahıdakı cədvəlin 9-cu bəndində Qusarçay kəndi üzrə Əlif Muradovun da adı yer tutmuş və həmin adın qarşısında “şəhid” sözləri qeyd edilmişdir. Qeyd olunanlardan isə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mərhum ərinə “şəhid” adı rəsmi şəkildə verilməsə də, yaşadığı bölgədə bu cür tanınmış, hətta iddiaçının ərinin xatirəsini əbədiləşdirmək məqsədilə Xaçmaz rayon İHB-nin sərəncamı ilə küçəyə onun adı verilmişdir. Hazırda isə aydınlaşdırılmalı məsələ şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktının həmin şəxsə “şəhid” statusunun verilə bilməsinin mümkün olub-olmamasından ibarətdir. İşdən görünür ki, işə baxan məhkəmə, “şəhid” adının verilməsini mütləq qaydada döyüş meydanında həlak olma faktı ilə əlaqələndirmişdir. Söz yox ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2 və 1.2.5ci bəndlərdə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itkin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 2.1, 2.1.1-ci bəndinə əsasən ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Mülki işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2010-cu il tarixli 1 nömrəli Bülletenində qeyd edilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin şəxsə “şəhid” statusunun və bununla bağlı güzəşt və imtiyazların verilməsi üçün əsasdır”. Həmçinin Ali Məhkəmənin sözügedən sənədində qeyd edilmişdir ki, “şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralardan vəfat etməsi zamanı həmçinin əsas o hal sübut olunmalıdır ki, yara almış şəxs yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə olunmuş, lakin həmin müalicəyə baxmayaraq vəfat etmişdir”. Hazırda da işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının əri X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xx.xx.1992-ci il tarixində baş nahiyyəsindən güllə yarası almış, bununla bağlı əməliyyat olunmuş, fasiləsiz olaraq müayinə və müalicə almış, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlil hesab edilmiş, Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilən “Ölüm haqqında şəhadətnamə” yə əsasən o, “Kəllənin və baş-beynin dəlib keçən güllə yarasından” xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Qusarçay kəndində ölmüşdür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu şərtləndirildiyindən, iddiaçı 1992-ci ildə döyüş əməliyyatlarında güllə yarası aldığı üçün ona birinci dərəcə əlillik təyin edildiyindən, müayinə və müalicə olunmasına baxmayaraq 4 il sonra məhz həmin güllə yarasından öldüyündən, yəni aldığı xəsarətlə ölümü, ölümlə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə olduğundan məhkəmənin mövqeyi əsassız olmuşdur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı əri X5 “şəhid” statusunun, iddiaçıya “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-24/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-24/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver