Məhkəmə qərarları › İş №2-1(105)-24/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-24/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-24/2024 06.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkilli Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********30 saylı imtinanın əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 0.5055 ha torpaq sahəsinin 0.21 ha sahəsi kənd təsərrüfatı təyinatlı, 0.2955 ha sahəsi isə yaşayış məntəqələri torpaqlarına aid olması barədə xx.xx.2022-ci il tarixli 10/4902 saylı ekspert rəyi ilə müəyyən olunmuş qaydada mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-76/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı rayon Mərzəndiyə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə tikinti məqsədi ilə İddiaçı 3.00 ha torpaq sahəsi satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarına əsasən Şamaxı rayon Mərzəndiyə bələdiyyəsi İddiaçı 3.00 ha torpaq sahəsi satmışdır. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2009-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi alqı-satqı predmetidir və satılması məqsədəmüvafiqdir. DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 5000.55 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AN 051813 saylı torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə kommersiya məqsədi ilə satılmış 5000.55 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. Şimal X8 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonunun Mərzəndiyə kəndi ərazisinə Pirsaat yaşayış massivində İddiaçı məxsus torpaq sahəsi Şamaxı ES-nə məxsus h/x-nin mühafizə zolağına düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2189 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi" MMC Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu X1 xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə iddiaşı İddiaçı satılmış, ANe 051613 nömrəli plan ölçü sənədində göstərilən koordinatlarda olan 0.5055 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin 0.29 ha-dək hissəsinin yaşayış məntəqəsi kateqoriyalı, 0.21 һa-dək hissəsinin isə kənd təsərrüfatı təyinatlı (ictimai tikinti) torpaqlara düşdüyü müəyyən edilmişdir.Mübahisəli qaz xəttinin göstərilən koordinatlarda olan torpaq sahəsinin qərb sərhəddindən keçdiyi nəzərə alınaraq həmion torpaq sahəsinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinin tələbinə əsasən göstəriolən 2-5 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Eyni zamanda göstərlən koordinatlarda yerləşən torpaq sahəsindən Təmir Tikinti İdarəsinə gedən yolunn keçdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin yaxınlığından keçən elektrik xəttləri ilə bağlı məlumat olmadığından, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik enerjisi xətlərinin mühafizə zolağında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4902 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli mütəxəssis rəyinə görə İddiaçı satılmış Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsini 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə 0.5055 ha torpaq sahəsinin 0.21 ha hissəsinin kənd təsərrüfatı təyinatlı, 0.2955 hissəsinin isə yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən olunmuşdur. X11 İstismarı İdarəsinin 27 sentyabr 2022-ci il tarixli məktubuna görə Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. Mütəxəssis rəyinə və X3 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli 27/448 nömrəli məktubuna əsasən ərazidə yüksək gərginlikli elektrik xəttinin olmadığı və Şamaxı rayonu Mərzəndiyə kənc ərazisindəki Pirsaat yaşayış massivində İddiaçı məxsus torpaq sahəsinin Şamaxı EŞ-nə məxsus h/x-nin mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemin göstəricilərini və “Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanunu”nun 15-1 maddəsinin tələblərini nəzərə alaraq qeyd olunur ki, mübahisəli (Təmir Tikinti İdarəsinə gedən yol) yolun olduğu torpaq sahəsinin dövlət mülkiyyətində deyil, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin daxilində olduğuna görə həmin yola mühafizə zolağı nəzərdə tutulmur. X7 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin 2004-cü ildən sonrakı illərin sənədləri X9 filialına təhvil verilməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TEKUİS məlumatlarına əsasən sözügedən ərazinin 0.33 ha hissəsi ümumi istifadədə olan torpaqlara düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən 0.5055 ha torpaq sahəsinin ayrıldığı vaxt (xx.xx.2007-ci il tarixdə) Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən (DWJ məlumatları-torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsi), torpaq sahəsinin A№ 051813 nömrəli plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.2955 ha hissəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına və 0.21 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı (ictimai tikinti) torpaqlar kateqoriyasına aid olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək imtina məktubunun əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə satılmış 0.5055 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti əsasında Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi ilə 9.500 manata 0,5055 ha torpaq sahəsi satılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun faktiki istifadəsindədir. Valideynləri xəstə olduqları üçün uzun müddət onların müalicəsinə maddi vəsait xərcləmiş və torpaq sahəsini mülkiyyətinə qeydiyyata aldıra biliməmişdir. O, xx.xx.2021-ci il tarixdə müvafiq sənədləri cavabdeh idarəyə təqdim edərək mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh bir neçə əsasla ona imtina cavabı vermişdir. İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********30 saylı imtinanın əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007- ci il tarixli 04 saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 0.5055 ha torpaq sahəsinin 0.21 ha sahəsi kənd təsərrüfatı təyinatlı, 0.2955 ha sahəsi isə yaşayış məntəqələri torpaqlarına aid olması barədə xx.xx.2022ci il tarixli, 10/4902 saylı ekspert rəyi ilə müəyyən olunmuş qaydada mülkiyyət hüququmun qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Mərzəndiyyə Bələdiyyəsinin (indiki Sabir Bələdiyyəsinin ərazisi) 25 aprel 2007-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılan torpaq sahəsi Bakı-Qazax avtomobil yolu ilə qəsəbə daxili yolun kəsişməsində yerləşir. Baxış zamanı torpaq sahəsinin daxilindən əmlakı özəlləşmiş, torpaq sahəsi isə dövlətə məxsus olan, Təmir Tikinti İdarəsinin ərazisinə yol mövcuddur. Belə ki, həmin müəssisənin qaraj sahəsinə giriş (sökülmüş darvaza yeri qalmaqdadır) yalnız baxış keçirilən 50 ha torpaq sahəsindən mövcuddur. Bu hal müəssisənin texniki pasportunda hazırlanmış baş planında da öz əksini tapmışdır. Həmçinin torpaq sahəsinin bir hissəsindən sərhədboyu qəsəbədaxili qaz xəttinin və işıq xəttinin keçdiyi müəyyənləşmişdir. İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi qəsəbənin ümumi istifadəsində olan ərazidir. Torpaq qanunvericiliyinin tələblərinə əsasən ürtıumi istifadədə olan torpaq sahələri yalnız icarəyə verilə bilər. Torpaq sahəsi alqı-satqı predmeti olmadğı üçün İddiaçı ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-76/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin 0.21 ha torpaq sahəsinə dair hissədə bu əsasla təmin edilməməlidir. Digər 0.2955 ha torpaq sahəsinə qaldıqda isə ekspert mütəxəssis rəyinə istinadən həmin torpağın yaşayış məntəqələri torpaqlarına aid olduğunu qeyd etsə də, torpağın ilkin ayırma sənədində və bununla bağlı tərtib edimiş bütün sənədlərdə torpaq sahəsinin tikinti (kommersiya) məqsədi ilə ayrıldığı qeyd edilmişdir. Bundan başqa ekspert torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməməsi ilə bağlı suala münasibətdə X11 İdarəsinin məktubuna istinadən cavab vermişdir ki, mübahisəli torpaq sahəsinin üzərindən qaz xəti keçmir. Halbuki, torpaq sahəsinin mühafizə zolağına düşüb-düşməməsinə qiymət vermək üçün qaz xəttinin həmin torpaq sahəsinin üzərindən keçib-keçməməsindən savayı qaz xəttinin torpaq sahəsindən nə qədər aralı məsafədə yerləşməsinə diqqət yetirmək lazımdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli mütəxxəssis rəyində qeyd etmişdir ki, ərazi idarəsində qaz xəttinin mühafizəsi ilə əlaqədar heç bir məlumat olmadığından göstərilən 0.5055 ha torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Daha sonra həmin idarə xx.xx.2022-ci il tarixli **********31 saylı məktbunda qaz xəttinin torpaq sahəsinin qərb sərhəddindən 0.50-1 m aralığındakı məsafədə yerləşdiyini bildirmişdir. Qaz xəttinin mühafizə zolağı magistral və şəhər, qəsəbə və ya kənddaxili xətlərinin, təzyiqindən asılı olaraq dəyişə bilər. Lakin bu məsafə ən azı 2- 5 m təşkil edir. İddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə ona satılmış 3.0 ha torpaq sahəsinin 0.5055 ha hissəsinin 0.2955 ha hissəsi yaşayış məntəqələri torpaqları, 0.21 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Qanunvericiliyin tələbinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin 0.21 ha torpaq sahəsinə dair hissədə bu əsasla təmin edilməməlidir. Məhkəmənin bu mövqeyini əsassız hesab edir, çünki iddia tələbi ilə mülkiyyət hüququnun qeydə alınması tələb olunmuşdur. Torpaq sahəsinin təyinatına görə istifadə etmək və ya alqı-satqı münasibətinin obyekti hesab etmək tamamilə ayrı mübahisə ola bilərdi. Məhkəmə iddia tələbini rədd etdiyi bu hissədə hüquq normasını düzgün tövsif etməmişdir. Eyni zamanda məhkəmə iddia tələbini rədd etdiyi digər hissəyə (0,29 ha) münasibətdə bildirmişdir ki, ekspert mütəxəssis rəyinə istinadən həmin torpağın yaşayış məntəqələri torpaqlarına aid olduğunu qeyd etsə də, torpağın ilkin ayırma sənədində və bununla bağlı tərtib edilmiş bütün sənədlərdə torpaq sahəsinin tikinti (kommersiya) məqsədi ilə ayrıldığı qeyd edilmişdir. Bundan başqa ekspert torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməməsi ilə bağlı suala münasibətdə X11 İdarəsinin məktubuna istinadən cavab vermişdir ki, mübahisəli torpaq sahəsinin üzərindən qaz xəti keçmir. Halbuki, torpaq sahəsinin mühafizə zolağına düşüb-düşməməsinə qiymət vermək üçün qaz xəttinin həmin torpaq sahəsinin üzərindən keçib-keçməməsindən savayı qaz xəttinin torpaq sahəsindən nə qədər aralı məsafədə yerləşməsinə diqqət yetirmək lazımdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PublikHüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli mütəxxəssis rəyində qeyd etmişdir ki, ərazi idarəsində qaz xəttinin mühafizəsi ilə əlaqədar heç bir məlumat olmadığından göstərilən 0.5055 ha torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Daha sonra həmin idarə xx.xx.2022-ci il tarixli, **********31 saylı məktbunda qaz xəttinin torpaq sahəsinin qərb sərhəddindən 0.50-1 m aralığındakı məsafədə yerləşdiyini bildirmişdir. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası “Qaztəchizatı haqqında” Qanuna və Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na istinad edərək qaz xəttinin mühafizə zolağı magistral və şəhər, qəsəbə və ya kənddaxili xətlərinin, təzyiqindən asılı olaraq dəyişə biləcəyini, lakin bu məsafə ən azı 2- 5 m təşkil etdiyini bildirmişdir. Bu səbədən də iddia tələbini həmin (0,29) hissəyə münasibətdə də təmin etməmişdir. Bir sıra qurumlar tərəfindən sözügedən torpaq sahəsindən hər hansı bir enerji daşıyıcısı xəttin və ya ictimai əhəmiyyətli nəqliyyat yolunun keçdiyi göstərilməmişdir. Belə ki, “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. Bundan başqa Şimal X8 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonunun Mərzəndiyə kəndi ərazisinə Pirsaat yaşayış massivində İddiaçı məxsus torpaq sahəsi Şamaxı ES-nə məxsus h/x-nin mühafizə zolağına düşmədiyi göstərilir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.010.2022-ci il tarixli, 10/4902 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə görə ona satılmış Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsini 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə 0.5055 ha torpaq sahəsinin 0.21 ha hissəsinin kənd təsərrüfatı təyinatlı, 0.2955 hissəsinin isə yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən olunmuşdur. X11 İstismarı İdarəsinin 27 sentyabr 2022-ci il tarixli məktubuna görə Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci tarixli, 04 saylı qərarı ilə onun qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. Mütəxəssis rəyinə və X3 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli 27/448 nömrəli məktubuna əsasən ərazidə yüksək gərginlikli elektrik xəttinin olmadığı və Şamaxı rayonu Mərzəndiyə kənc ərazisindəki Pirsaat yaşayış massivində ona məxsus torpaq sahəsinin Şamaxı EŞ-nə məxsus h/x-nin mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemin göstəricilərini və “Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanunu”nun 15-1 maddəsinin tələblərini nəzərə alaraq qeyd olunur ki, mübahisəli (Təmir Tikinti İdarəsinə gedən yol) yolun olduğu torpaq sahəsi dövlət mülkiyyətində deyil, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsi daxildə olduğuna görə həmin yola mühafizə zolağı nəzərdə tutulmur. Qeyd olunan ekspertiza rəyindən və müvafiq təşkilatların rəsmi məktublarında torpaq sahəsində heç bir kommunal xəttin, nəqliyyat yolunun keçmədiyinin göstərilməsinə baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamış və hüquq normaların yalnış təfsir edərək iddia tələbinin təminindən əsassız imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Təmir-Tikinti İdarəsinə gedən yol istisna olmaqla, qalan hissədə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. .....

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; ...... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin qəsəbədaxili yolun kəsişməsində yerləşməsi, torpaq sahəsinin daxilindən əmlakı özəlləşmiş, torpaq sahəsi isə dövlətə məxsus olan Təmir Tikinti İdarəsinə yolun mövcud olması, bir hissəsindən qəsəbədaxili qaz xətti və işıq xəttinin keçdiyinin müəyyən edildiyi, ümumi istifadədə olan ərazi olduğu, ümumi istifadədə olan torpaq sahəsinin yalnız icarəyə verilə bilməsi, alqı-satqı obyekti ola bilməməsi halına istinad edərək, iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu, Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 nömrəli qərarı ilə iddiaçının adına bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatı az yararlı/şərti yararsız/torpaq sahəsində tikinti məqsədilə sözügedən torpaq sahəsinin satılması qərara alınmış, bu barədə alı-satqı aktı tərtib edilmişdir. DTXK-nın müvafiq şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması, kəndin perspektiv inkişafına k/t az yararlı və ya yararsız (şərti yararsız) olmaqla, alqı-satqı predmeti olması və satılmasının məqsədəmüvafiq olması barədə rəy verilmiş, torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərək, təsdiq edilmişdir. Müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinə dair yerquruluşu planından çıxarış (sxem) tərtib edilərək, bələdiyyə və DTXK tərəfindən təsdiq edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində olmaqla, 0,29 ha hissəsi yaşayış məntəqəsi kateqoriyalı, 0,21 ha hissəsi kənd təsərrüfatı təyinatlı (ictimai tikinti) torpaqlara aiddir, başqa şəxsin mülkiyyət hüququ qeydiyyata alınmamış, başqa şəxslərə məxsus torpaq shaələri ilə üst-üstə düşmə halı müəyyən edilməmiş, qərb sərhəddindən kənddaxili qaz xəttinin keçdiyi, Təmir Tikinti İdarəsinə yol keçdiyi, eyni ərazidə yerləşsə də, konfiqurasiya və sahə fərqinin olduğu qeyd edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Eyni zamanda, sözügedən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin imtina və etirazın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi və ona əlavə olunan sxem, ekspert rəyi və digər sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsindən qaz xətti və yüsək gərginlikli elektrik xətti keçmir. Cavabdeh tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazın dəlilləri həmin hissədə (qaz xətti və işıq xəttinin keçməsi ilə bağlı) əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, müvafiq hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya satılmış torpaq sahəsinin yerləşdiyi yer ilə onun faktiki istifadə vəziyyəti arasında fərq mövcuddur. İndiki halda iddiaçının tələbi məhz hüquqmüəyyənedici sənəd əsasında ona satılmış torpaq sahəsi ilə bağlı olmuşdur. Həmin torpaq sahəsi isə naturada mövcud olmaqla, iddiaçının istifadəsindədir, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən həmin hala istinad edilməsi özlüyündə iddiaçının mövcud olan əmlak hüquqlarının əsassız olaraq məhdudlaşıdırlmasına gətirib çıxardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hallarla bağlı gətirdiyi arquent əsassız olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təmir Tikinti İdarəsinə gedən yol dövlət mülkiyyətində olmamaqla, iddiaçıya müvafiq qərar əsasında satılmış torpaq sahəsinin daxilində yerləşir, bu səbəbdən mühafizə zolağı nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz Təmir Tikinti İdarəsinə gedən yol istisna olmaqla, qalan hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazın əsası kimi istinad etdiyi Təmir Tikinti İdarəsinə gedən yol ilə bağlı hallar aradan qalxmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, imtina və etirazın dəlilləri həmin hissədə aradan qalxmaqla, əsassız olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxt 0,29 ha hissəsi yaşayış məntəqəli kateqoriya, 0,21 ha hissəsi isə kənd təsərrüfatı təyinatı (ictimai tikinti) torpaqlara aiddir. Qeyd edilən kateqoriyalı torpaq sahələrinin isə müvafiq qanunvericilik aktlarında alqı-satqı predmeti qismində çıxış etməsini istisna edən hər hansı norma nəzərdə tutulmamışdır. Həmçinin, müvafiq bələdiyyə qərarında və X5 Komitəsinin rəyində həmin torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid olması, kənd təsərrüfatı yararsız olması qeyd edilmişdir ki, həmin qərar və rəy hazırda da qüvvədə olmaqla, ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazının dəlilləri həmin hissədə də əsassız olmaqla, iş materalları ilə təkzib olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə də işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, cavabdehin imtina və etirazının dəlilləri əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən işin halları baxımından düzgün qiymətləndirmə aparılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-76/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Şamaxı rayonu Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı satılmış 0.5055 ha torpaq sahəsinin Təmir Tikinti İdarəsinə gedən yol hissəsi istisna olmaqla, qalan hissəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar