Məhkəmə qərarları › İş №2-1(105)-24/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-24/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-24/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “yeni tipli çıxarışın və texniki pasportun hazırlanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-67/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Quba rayonu X6 Rəyasət Heyətinin 30 mart 1995-ci il tarixli, 52 nömrəli qərarı ilə iddiaçıya Quba şəhərinin 31-ci məhəlləsindəki rayon Sovetinin xüsusi torpaq sahəsindən ət bazarının tikintisi məqsədilə 1900 kv.m. torpaq sahəsi ayrılmış və iddiaçı tərəfindən sözügedən torpaq sahəsində Quba rayon İcra Hakimiyyəti Memarlıq Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş layihə üzrə qeyri-yaşayış sahəsi (ət bazarı) inşa edilmişdir.

2. Həmin qeyri-yaşayış sahəsinə dair Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 1997-ci ilin fevral ayında texniki pasport tərtib edilmiş, 23 may 1997-ci il tarixdə isə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq, Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Texniki pasporta əsasən, binaya ət satışı bazarı (“A” və “B” literli), kəsim binası (“V” literli), mağaza binası (“Q” literli) və tövlə (“D” literli) daxil olmuş, ət bazarının ticarət sahəsi 100.4 kv.m., inzibati sahə isə 26,2 kv.m olmaqla , ümumi tikinti sahəsi isə 126.6 kv.m. olaraq göstərilmiş,

4. Qeyri-yaşayış sahəsi (ət satışı bazarı) inşa edildikdən sonra Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının” 09 avqust 2008-ci il tarixli aktına əsasən, istismara qəbul edilmişdir. Aktdan görünür ki, obyektin tikintisinə 1995-ci ildə başlanmış, 1996-cı ildə başa çatdırılmış, obyektin ümumi sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m., inzibati sahəsi isə 26,2 kv.m. təşkil edir.

5. Bundan sonra iddiaçı tərəfindən qeyri-yaşayış obyekti sökülərək yenidən inşa edilmiş, inşaat işləri görüldükdən sonra obyektə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 12 noyabr 2010-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin sənəddən obyektin əsas sahəsinin 406,7 kv.m., ümumi sahəsinin isə 445.7 kv.m. təşkil etdiyi müəyyən edilir.

6. İddiaçı 10 mart 2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh 06 aprel 2022-ci il tarixli, **********47 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasına dair ərizəyə əlavə olunmuş layihədə göstərilən tikililər layihədən fərqli inşa edilmişdir. Qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi 422.9 kv.m. ölçüdə göstərilməsinə baxmayaraq, qeyri-yaşayış binasının naturada faktiki ümumi sahəsi 470.5 kv.m. ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında Ekologiya və X3 iştirakı təmin edilməmişdir. AZDTN 1.6-1. Tikinti işlərinin təşkili, aparılması və tikinti başa çatmış obyektlərin istismara qəbulu qaydalarının 6.8-ci bəndinə əsasən “Dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin və X3 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir.

8. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə, texniki pasporta əsasən yeni tipli çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə Quba şəhərində yenidən qurma işləri ilə əlaqədar şəhər İHB-nın tapşırığına əsasən təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə ona məxsus qeyri-yaşayış obyekti yol kənarında yerləşdiyindən obyektin hasarını sökərək yenidən inşa etmişdir. Nəticədə, 7000 (yeddi min) manat əlavə vəsait xərcləmişdir, həmçinin, istifadəsində olan tikintialtı torpaq sahəsinin həcmi 422.9 kv.m-dən 470.6 kv.m-ə çatdırılaraq XDS-nin qərarına əsasən ayrılan 0,19 ha torpaq sahəsinin sərhədləri içərisindədir. Obyektə dair yeni tipli çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, onun mülkiyyətində olan ət bazarı qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmışdır, cavabdeh orqan isə bu halı nəzərə almadan imtina vermişdir. Bundan başqa, imtinaya səbəb kimi göstərilən qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və X4 Xidmətinə müraciətlərinə əsasən verilən 09 iyul 2020-ci il tarixli 201301 və 24618 nömrəli cavablarda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 309 nömrəli qərarı ilə təsdiq edilmiş "tikintisi icazə tələb edilən tikinti sənədlərinin siyahısı" nda X4 Xidməti tərəfindən razılıq sənədinin veriləsi nəzərdə tutulmamışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərrvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 iyun 2020-ci il tarixli 1057 nömrəli cavab məktubunda isə qeyd edilmişdir ki, "Quba rayon XDS İK-nin 30 mart 1995-ci il tarixli, 52 saylı qərarı ilə ət satışı bazarının tikintisi üçün torpaq sahəsinin ayrılaraq tikintisinə icazə verilməsinə görə və 2008-ci il tarixli istismara qəbul edilmiş ət satışı bazarının mövcud vəziyyətində istismar aktının təsdiq edilməsi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətləri xaricindədir. Göründüyü kimi imtinaya səbəb kimi göstərilən əsaslar qanunsuzdur.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-67/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m), 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim İsmayıl Quliyev).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 126.6 kv.m. qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi isə onun mülkiyyət hüququnun yeni qaydalara uyğun təkrar dövlət qeydiyyatına alınması üçün əsas verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 10/4470 saylı ekspert rəyindən göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektinin faktiki sahəsinin 467.24 kv.m olduğu müəyyən edilmişdir ki, bu da təqdim edilən lahiyəyə və istismara qəbul aktına uyğun deyildir. Bu isə əlavə tikililərlə bağlı hüquqların dövlət qeydiyyatını istisna edir. Lakin, iddiaçının tələbi 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə, texniki pasporta əsasən yeni tipli çıxarışın və texniki pasportun hazırlanmasından ibarətdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının 126.6 kv.m. sahə üzərində mülkiyyət hüququ əvvəllər dövlət qeydiyyatına alındığı üçün həmin sahə üzərində mülkiyyət hüququ yeni qaydalara uyğun olaraqda təkrar dövlət qeydiyyatına alınmalıdır. İddiaçı eyni zamanda yeni texniki pasportun verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı əlavə tikililər inşa etmişdir. Məhkəmə hesab edir ki, əlavə tikililər dövlət qeydiyyatına alınan zaman yeni texniki sənəd verilə bilər.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Birinci instansiya məhkəməsinin qərarında göstərilənin tam əksinə iddiaçının qeyri-yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m.) 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciəti olmamışdır, ərizəyə dair münasibət bildirilməmiş, imtina cavabı verilməmişir, bununla da, inzibati akt mövcud deyildir. Belə ki, iddiaçının müraciəti əlavə tikililərlə birlikdə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tanınmış 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m tikili texniki pasporta uyğun deyildir. Tikili vahid daşınmaz əmlak kimi qeydiyyata alınır və həmin hissə 422.9 kv.m. ölçüdə olan binanın faktiki vəziyyətində ayrılıqda mövcud deyildir və müstəqil şəkildə naturada ayrılaraq həmin hissəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, 1997-ci il tarixli qeydiyyat vəsiqəsində qeyri-yaşayış obyektinin ümumi sahəsi 126 kv.m. olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsi buna uyğun olaraq iddianı qismən təmin etmişdir. Lakin, qeyri-yaşayış obyektinin istismara qəbul aktında ümumi sahəsi 422,9 kv.m. göstərilmişdir. Ona 1997-ci il tarixli qeydiyyat vəsiqəsi verildikdən sonra iddiaçı tikililəri söküb yenidən inşa tikmişdir, köhnə tikililərdən cəmi iki ədədi - 100 və 126 kv.m. olanlar qalmış, qalanları sökülmüşdür. Yeni tikililərin tikintisinə 2008-ci ildə başlanmış, 2010-cu ildə başa çatdırmışdır. 2008-ci ildə obyektə dair istismara qəbul aktı qəbul edildikdən sonra isə yenidən sökməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

22. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

24. Belə ki, işə baxan məhkəmə tərəfindən iddianın təmin edilən hissəsində işin hallarını tam araşdırılmamış, eləcə də maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə qərarın həmin hissədə ləğv edilməsi üçün əsas təşkil edir.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. İşin hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi iddiaçı tərəfindən Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası (ət bazarı) inşa edilərək, bina inzibati sahəsi 26,2 kv.m., ticarət sahəsi 100.4 kv.m., ümumi tikinti sahəsi isə 126.6 kv.m. olmaqla, bu ölçülər üzrə 1997-ci ildə iddiaçının mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınaraq, adına 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeyri-yaşayış binası 2008-ci il tarixdə isə istismara qəbul edilmiş, istismara qəbul aktında da binanın ölçüləri - inzibati sahə 26,2 kv.m., ticarət sahəsi 100.4 kv.m., ümumi tikinti sahəsi isə 126.6 kv.m. göstərilmişdir. Bundan sonra iddiaçı tərəfindən qeyri-yaşayış binası sökülərək yenidən inşa edilmiş, yenidən inşa edilmiş binaya dair cavabdeh tərəfindən 2010-cu ildə tərtib edilmiş texniki pasportda binanın əsas sahəsi 406,7 kv.m., ümumi sahəsi isə 445.7 kv.m. qeyd edilmişdir.

27. Hazırda iddiaçının tələbi Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyriyaşayış binasına dair dövlət reyestrindən yeni tipli çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.

28. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən, qeyri-yaşayış binasının hazırkı ümumi sahəsinin 467.24 kv.m. olduğu, bu ölçünün binanın lahiyəsinə və istismara qəbul aktına uyğun olmadığını, lakin, iddiaçının ümumi sahəsi 126.6 kv.m. olan qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun vaxtilə reyestrdə qeydiyyata alındığını nəzərə alaraq həmin sahə üzərində hüququnun təkrar dövlət qeydiyyatına alınmalı olması qənaətinə gəlmiş, bu baxımdan, iddianı həmin hissədə təmin etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ümumi sahəsi 126.6 kv.m. qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəticəsi gəlsə də, həmin ölçüdə binanın vahid əmlak kimi mövcud olub-olmadığını araşdırmamış, bu barədə ekspert qarşısında sual qoymamışdır.

30. Halbuki, cavabdehin apellyasiya şikayətinin yeganə dəlili də odur ki, 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m tikili mövcud deyildir və həmin hissə 422.9 kv.m. ölçüdə olan binanın faktiki vəziyyətində ayrılıqda mövcud deyildir və müstəqil şəkildə naturada ayrılaraq həmin hissəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir.

31. İddia olunan qeyri-yaşayış binasının ölçüləri ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 10/6417 nömrəli və 03 noyabr 2023-cü il tarixli, 10/4470 nömrəli ilkin və təkrar ekspert rəylərindən görünür ki, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektinin faktiki ölçüləri (sahəsi) daşınmaz əmlakın texniki pasportuna uyğun deyildir. Belə ki, ekspertiza tədqiqatı nəticəsində faktiki vəziyyətdə sahəsi 23,7 kv.m. olan E literli tövlə tikilisinin söküldüyü, A və В literli tikililər arasındakı boşluğun arxa tərəfdən hasar ilə hörüldüyü, tavanına lambir vurulduğu (h= 3 metr), ön hissəyə isə dəmir darvazanın quraşdırıldığı və yaranmış sahəsinin 45.24 kv.m. olduğu, C literli anbar tikilisinin arakəsmə divar vasitəsilə iki hissəyə ayrıldığı, qeyri-yaşayış obyektinin faktiki sahəsinin 467.24 kv.m. olduğu, eləcə də, görülən işlərin sökülüb-yığılan yüngül konstruksiyalardan quraşdırılmadığı və əsaslı tikintilər qrupuna aid olduğu müəyyən edilmişdir.

32. Ekspert rəyindən göründüyü kimi mübahisəli qeyri-yaşayış binasında yenidənqurma və əsaslı tikinti işləri aparılmışdır ki, nəticədə qeyri-yaşayış binasının hazırkı faktiki sahəsi 467.24 kv.m. təşkil təşkil etməklə, sahənin faktiki və ilkin texniki pasport üzrə göstəriciləri arasında ölçü fərqi 340,64 kv.m. (467.24 kv.m. - 126.6 kv.m.) təşkil edir.

33. Birinci instansiya məhkəməsi qeyd olunan ekspert rəylərinə istinad etməklə, qeyri-yaşayış binasının sənəd və faktiki ölçüləri arasında həqiqətən də əhəmiyyətli dərəcədə fərq olduğundan bununla bağlı cavabdehin imtinasını əsaslı hesab etmiş, lakin, yuxarıda da qeyd edildiyi kimi 126.6 kv.m. qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun 1997-ci ildə qeydə alınması faktını əsas götürərək, bu ölçüdə qeyriyaşayış binasına münasibətdə iddianı təmin etmişdir.

34. Apellyasiya məhkəməsinin araşdırması nəticəsində isə sözügedən 126.6 kv.m. ölçüdə qeyri-yaşayış binasının vahid əmlak kimi mövcud olmadığı, yəni binaya daxil olan tikililərin hazırkı ölçülərinin texniki pasportda qeyd edilən ticarət sahəsi 100,4 kv.m. olan və inzibati sahəsi 26,2 kv.m. olan tikililərə uyğun olmadığı müəyyən edilmişdir.

35. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, 23 may 1997-ci il tarixli, 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçının adına qeydə alınmış tikililər hal-hazırda mövcud deyildir. Torpaq sahəsində 3 ədəd qeyri-yaşayış binası yerləşir. Müayinə aktına əlavə edilmiş torpaq sahəsinin sxemində göstərilən “A” literli tikilinin tikinti altı sahəsi 347.0 kv.m, ümumi sahəsi 312.5 kv.m., “B” literli tikilinin tikinti altı sahəsi 49.7 kv.m, ümumi sahəsi 45.7 kv.m, “C” literli tikilinin tikinti altı sahəsi 125.5 kv.m, ümumi sahəsi 111.3 kv.mdir.

36. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının 19 may 2025-ci il tarixli, 10/8794 rəyindən görünür ki, iddia olunan qeyriyaşayış binasında 2010-cu il tarixli texniki pasportda qeyd olunan A, B, C, D literli tikililərin olduğu, A literli mağaza tikilisinin sahəsinin 123,38 kv.m., B literli anbar tikilisinin sahəsinin 69,92 kv.m., C literli anbar tikilisinin arakəsmə divar vasitəsilə iki hissəyə ayrıldığı, bir hissəsinin sahəsinin 93,75 kv.m., digər hissəsinin isə 93,52 kv.m., D literli anbar tikilisinin sahəsinin 78,91 kv.m. olduğu, A və В literli tikililərin arasındakı boşluğun arxa tərəfdən hasar ilə hörüldüyü, ön hissəyə isə dəmir darvazanın quraşdırıldığı və sahəsinin 45.24 kv.m. olduğu, E literli tikilinin isə mövcud olmadığı, eləcə də, iddiaçının adına verilmiş 23 may 1997-ci il tarixli, 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsi və Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunan tikililərdən heç birinin mövcud vəziyyətə və həmin texniki pasportda qeyd edilən ticarət sahəsi 100,4 kv.m. olan və inzibati sahəsi 26,2 kv.m. olan tikililərə uyğun olmadığı müəyyən edilmişdir.

37. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 1997-ci il tarixli qeydiyyat vəsiqəsi və ilkin texniki pasportda göstərilən ticarət sahəsi 100,4 kv.m. olan və inzibati sahəsi 26,2 kv.m. olan tikililər hazırda vahid əmlak şəklində mövcud deyildir.

38. Belə ki, qeyri-yaşayış binasının yenidən inşa edilmiş tikililərinin ölçüləri - 123,38 kv.m., 69,92 kv.m., 93,75 kv.m., 93,52 kv.m., 78,91 kv.m. 45.24 kv.m olmaqla, ilkin texniki pasportda göstərilən və birinci instansiya mıəhkəməsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəticəsinə gəldiyi - ticarət sahəsi 100,4 kv.m. və inzibati sahəsi 26,2 kv.m. olan tikililərdən tam fərqlidir.

39. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın faktiki cəhətdən mövcudluğu həmin əmlak üzərində hüququn qeydiyyata alınması (ilkin və ya təkrar olmasından asılı olmnayaraq) üçün əsas şərtidir.

40. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.

41. Kollegiya qeyd edir ki, sözügedən normada qeyd olunan “daşınmaz əmlak” dedikdə məhz faktiki olaraq tam həcmdə yerində mövcud olan daşınmaz əmlaka dair qeydiyyat vəsiqələri nəzərdə tutulur.

42. Başqa sözlə, qeyd olunan norma tətbiq edilərək iddiaçının 126,6 kv.m. qeyriyaşayış binası üzərində mülkiyyət hüququ o halda qeydiyyata alına bilərdi ki, ticarət sahəsi 100,4 kv.m. və inzibati sahəsi 26,2 kv.m. olan tikililər yerində mövcud olmuş olsun.

43. Hazırkı işdə isə bu hal mövcud deyildir.

44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 126,6 kv.m. qeyri-yaşayış binasına münasibətdə iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Həmin hissədə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

45. Bu baxımdan, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilən hissədə rədd edilməlidir.

46. Eyni zamanda kollegiya qeyd edir ki, qeyri-yaşayış binası iddiaçı tərəfindən yenidən inşa edilməsinə və inşa edilmiş sahəyə dair 2010-cu il tarixli yeni texniki pasport tərtib edilməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahəsi istismara qəbul edilməmişdir. Belə ki, 2008-ci il tarixli istismara qəbul aktı ümumi sahəsi 126,6 kv.m. olan köhnə tikililərə münasibətdə qəbul edilmiş, iddiaçı tərəfindən qeyri-yaşayış binasında yenidənqurma işləri 2010-cu ildə başa çatdırıldıqdan sonra isə binanın Quba Rayon İcra Hakimiyyəti tərəfindən istismarına icazə verilməmişdir.

47. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililər üzərində hüququn qeydiyyata alınması üçün istismara qəbul aktı tələb olunur.

48. Beləliklə, sadalananlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m), 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(118)-67/2024 nömrəli qərarı qismən - Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m), 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar