Məhkəmə qərarları › İş №2-1(105)-240/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-240/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-240/2020 24.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), X1, X8 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Sumqayıt şəhər şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-202/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında DSMFnin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979- 1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı müddətlər sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Şəki şəhərində anadan olmuş, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh özünün **********9 saylı xx xxxxxxxx 2019-cu il tarixli imtina məktubu ilə xahişini təmin etməmiş və onun 1979-cu il tarixdən 1982-ci il tarixədək və 1982-ci il tarixdən 1984cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığını göstərərək, ərizəsinə imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. O xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə kimi Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-ci ildən xx.xx.1984-cü ilə kimi isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil almışdır.Təhsil müddətinin sığorta stajına daxil edilməsi isə birbaşa qanunvericilikdə nəzərdə tutulur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kuslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddia ərizəsinə əlavə etdiyi 138148 saylı, xx xxxx 1982-ci il tarixli diplomun surətindən görünür ki, o 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində təhsil almışdır. Həmçinin 029407 saylı, xx xxxx 1984-cü il tarixli diplomun surətindən görünür ki, o 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.Belə ki, cavabdeh təhsil müddətini sosial sığorta stajı kimi nəzərə almamaqla onun sosiaı təminat hüququnu pozmuşdur. 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin planuçot texnikumunda təhsil aldığı müddətlər cavabdeh tərəfindən əmək stajı kimi müəyyən edilməklə , sosial sığorta stajına daxil edilməli, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982- 1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil qızı X5 anadan olduğu xx.xx.1989-cu il tarixdən qulluq etdiyi dövr sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azadılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. Vətəndaşın şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlüdür yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 13213.40 manat pensiya sığorta kapitalının olması səbəbindən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı 1979-cu il tarixdən 1982-ci il tarixədək və 1982-ci il tarixdən 1984-cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Qeyd: İddiaçı təhsil aldığı illər və 18 yaşa qədər sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövr sığorta stajına daxil edildiyi halda onun yaşa görə əmək pensiyası hüququ yaranır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-202/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarında xx.xx.1989-cu il tarixdən əlil uşağa qulluq etdiyi dövrün sosial sığorta daxil edilməsi qeyd edilmişdir. Belə ki, qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə ziddir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, əlil uşaq ilkin olaraq əlilliyini xx.xx.2003-cü il tarixdən almışdır. Bu səbəbdən də xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında” AR Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Uşaq X6 18 yaşdan sonra İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Buradan da görünür ki, xx.xx.2007-ci il tarixdən halhazırkı dövrədək sığorta stajının hesablanması da qanunda öz əksini tapmamışdır. Bütün bunları nəzərə aldıqda görünür ki, vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yoxdur. Belə ki, vətəndaşın əmək kitabçasında təqdim etdiyi dövr 12 il 10 ay 6 gün, əlil uşağa qulluq etdiyi dövr isə 4 il 25 gün təşkil edir. Sumqayıt İnzibati Məhkəməsi qərar qəbul edərkən qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” AR Qanununun, “Sosial sığorta haqqında” AR Qanununun tələblərini nəzərə almamışdır. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə ona “Əmək pensiyaları haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizəsi cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Belə ki, cavabdehin imtina məktubundan və iddiaya qarşı məhkəməyə təqdim etdiyi yazılı etirazından görünür ki, inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 13213.40 manat pensiya sığorta kapitalının olmasını qeyd edərək onun pensiya kapitalının kifayət etmədiyini, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 21 və 25-ci maddələrini, həmçinin “Sosial sığorta haqqında” Qanununun 8-ci maddəsini rəhbər tutaraq iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtina edərək onun tələb olunan sosial sığorta stajının olmadığını vurğulamışdır. Kollegiya ilkin olaraq iddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən malik olduğu stajın hesablanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1993-cü illərdə 2 nömrəli mərkəzləşdirilmiş mühasibatlıqda ( daha sonra adı dəyişdirilərək 7 nömrəli texniki peşə məktəbi adlandırılmışdır.) çalışmışdır və onun həmin iş yeri üzrə ümumi stajı 8 il 5 ay 11 gün təşkil edir. Bundan sonra iddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə “İstiqlal” kiçik müəssisəsində mühasib vəzifəsində çalımışdır və onun həmin iş yeri üzrə ümumi stajı 1 il 5 ay 22 gün təşkil edir. Daha sonra iddiaçı xx.xx.1996-xx.xx.2000-ci illərdə Sumqayıt şəhər 7 saylı texniki peşə məktəbində xəzinədar vəzifəsində çalışmışdır və həmin iş yeri üzrə onun ümumi iş stajı 4 il 4 ay 25 gün təşkil edir. Eyni zamanda əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə “Qartal” tikinti firmasında aşbaz köməkçisi vəzifəsində çalışmışdır və onun həmin iş yeri üzrə ümumi stajı 1 il 5 ay təşkil edir. Beləliklə kollegiya tərəfindən müəyyən edildi ki, İddiaçı yalnız əmək kitabçası ilə 15 il 8 ay 28 gün iş stajı vardır. Kollegiya iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar yaranmış mübahisə ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, işə əlavə edilmiş B seriyalı 138148 nömrəli diplomun surətindən görünür ki, Hidayətzadə (Şərifova) Xatirə Zahid qızı xx xxxxxxxx 1979-cu ildə Azərbaycan SSR Sumqayıt 35 nömrəli texniki peşə məktəbinə daxil olmuş və xx xxxx 1982-ci ildə laborant işini bacaran aparatçı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Bundan əlavə ЖТ seriyalı 029407 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hidayətzadə (Şərifova) Xatirə Zahid qızı 1982-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan –uçot texnikmuna daxil olmuş və 1984-cü ildə kənd təsərrüfatı istehsalında mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmiş, xx xxxx 1984-cü il tarixdə mühasib ixtisası verilmişdir. Cavabdehin bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən iddiaçının təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı təhsil aldığı dövrlərdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığını qeyd etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, hazırda qüvvədə olan əmək pensiyaları qanunvericiliyində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmasa da, iddiaçının təhsil aldığı dövrlərdə (yəni 1979-1982 və 1982-1984-cü illər) qüvvədə olan xx.xx.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamnil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə , məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilikdə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsini nəzərdə tutulduğundan onun 1979-1982 və 1982-1984-cü illərdə təhsil aldığı müddət (5 il) sosial sığorta stajına daxil edilməlidir. İddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrlərin sığorta stajına daxil edilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar isə kollegiya aşağıdakıları qeyd edir. Xİİİ ЖГ seriyal 472712 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası X7, anası İddiaçıdır. 18 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X9 1989-cu ildən xx.xx.2011-ci ilədək İddiaçı himayəsində olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-21.2.4-cü maddələrinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Göründüyü kimi əmək qanunvericliyində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə qeyd edilən 18 illik qulluq dövrü xx.xx.1989-xx.xx.2007-ci illəri əhatə edir. Kollegiya bir məqama diqqət yetirir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, sağlamlıq imkanları məhdud uşağına 18 illik qulluq dövrünü əhatə edən müddətin bir hissəsini işləmiş (iddiaçının həmin ərəfələrdə hansı təşkilatlarda hansı peşə üzrə işləməsi yuxarıda qeyd olunmuşdur) və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi qəbul edilmişdir. İddiaçı əmək kitabçası üzrə yalnız xx.xx.2000-ci il tarixdən işləməyə fasilə vermiş və xx.xx.2012-ci il tarixdə yenidən əmək fəaliyyətinə başlamışdır. Belə olan təqdirdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sağlamlıq imkanı məhdud uşağa qulluq müddəti onun əmək fəaliyyətinə fasilə verdiyi müddətdən uşağın 18 yaşı tamam olanadək dövrü (xx.xx.2000-xx.xx.2007) əhatə etməlidir ki, bu da cəmi 6 il 10 ay 2 gün təşkil edir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Eyni zamanda cavabdehin apellyasiya şikayətindən görünür ki, inzibati orqan iddiaçının əlil qızı-X2 əlilliyinin ilk dəfə xx.xx.2003-cü ildə müəyyən olunmasını və ona 18 yaşından sonra İİ qrup əlillik verilməsini qeyd edərək xx.xx.1989-cu il tarixdən xx.xx.2003cü il tarixədək və xx.xx.2007-ci il tarixdən sonrakı müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsinin qanunda öz əksini tapmadığını bildirmişdir. Kollegiya inzibati orqanın bu mövqeyi ilə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş arayışda X3 ilkin müayinə tarixi xx.xx.2003-cü il olaraq göstərilsə də, sözügedən şəxsin anadangəlmə ürək qüsurunun olduğu qeyd edilmişdir. Bu isə onun doğulduğu tarixdən, hazırki halda iş üzrə isə xx.xx.2000-ci il tarixdən sağlamlıq imkanlarının məhdud olması faktını təsdiqləyir. Beləliklə də iddiaçının işlədiyi və təhsil aldığı, işləmədiyi dövrlərdə isə sağlamlıq imkanı məhdud uşağa qulluq müddətini sosial sığorta stajına daxil etdikdə iddiaçının 25 ildən artıq sosial sığorta yaranmış olur. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli yazılı etirazından da görünür ki, inzibati orqan iddiaçının təhsil aldığı illərin və 18 yaşa qədər sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövr sığorta stajına daxil edildiyi təqdirdə onun pensiya hüququnun yarandığını qəbul etmişdir. İddiaçının hansı yaşdan pensiya hüququnun yaranmasına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” AR Qanununun 8.2-ci maddəsinə əsasənsağlamlıq imkanları məhdu d uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Belə olduğu təqdirdə hazırda qadınlara pensiya təyini üçün müəyyən edilmiş yaş həddindən (61 yaş 06 ay) 5 il çıxıldıqda xx.xx.1963-cü il təvəllüdlü iddiaçının sağlamlıq imkanı məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə pensiya hüququ 56,6 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaranmış olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır.Belə ki, inzibati orqan iddiaçının təhsil aldığı illəri və uşağa qulluq etdiyi illəri onun sosial sığorta stajına daxil edilməsindən imtina etməklə onun Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmə iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-202/2020 saylıqərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Hökümə Babayeva Hakimlər Fərmayıl Zeynallı Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar