Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-240/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əməkhaqqının indeksləşdirilərək, 01 01.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(85)-2810/2017 nömrəli qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əməkhaqqının indeksləşdirilərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2-1(85)-2810/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 22 avqust 2017-ci il tarixli 2- 1(105)-474/2017 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasının 15 noyabr 2017-ci il tarixli 2-1(102)-2008/2017 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1994-cü il tarixli 227 nömrəli qərarı ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2017-ci il tarixdə Abşeron rayon şöbəsinə müraciət edərək 1987-ci ii tarixli əməkhaqqı arayışı əsas götürülməklə pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Müvafiq məhkəmə qərarları əsasında İddiaçı əmək pensiyası 1987-ci il aprel ayı üzrə 8362,82 rubl, may ayı üzrə 6428,98 rubl və iyun ayı üzrə 7417,36 rubl əməkhaqqı əsas götürülməklə yenidən hesablanmışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən “Əmək pensjyaları haqqında” Qanunun 6 noyabr 2007-ci il tarixli 474 İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 26.2-ci maddə və qeyd hissəsinə edilmiş əlavəyə istinad olunmuşdur. Həmin maddəyə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin qeyd hissəsinə əsasən 26.2.ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İş üzrə icraatın təzələnməsi üçün əsasları təqdim edirlər. İddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən yüksək məbləğdə pensiya alınması məqsədilə sonradan saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın müəyyən olunması üçün saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X3 müvafiq sorğu göndərilmişdir. X1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubunda X1 Çerniqov bölgəsindəki Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1584 nömrəli akt tərtib olunduğu qeyd olunmuşdur. Aktdan göründüyü kimi İddiaçı xx.xx.1987-ci il tarixli 27k №-li əmrlə əmək müqaviləsi ilə müvəqqəti olaraq xx.xx.1987-ci ildən 3-cü dərəcəli bənna qəbul edilmiş, xx.xx.1987-ci il tarixli 39-k №-li əmr ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli 44-k №-li əmrlə 3-cü dərəcəli bənna qəbul edilmiş və xx.xx.1987-ci il tarixli 59-k №-li əmrlə işdən azad edilmişdir. Həmçinin, aktda 1987-ci ilin aprelindən iyunadək olan dövr üzrə əməkhaqqı barədə arayışın Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən verilmədiyi və imzalanmadığı göstərilmişdir (əlavə edilir). Həmçinin, Çerniqov şəhər Şurasının Arxiv şöbəsinin xx.xx.2022-ci il tarixdə Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 1875/17.1-12 nömrəli məktubunda İddiaçı aprel və iyun ayları üzrə müvafiq olaraq 362-82 və 417-36 manat məbləğində əməkhaqqı aldığı göstərilmişdir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş arayışda aprel, may və iyun ayları üzrə müvafiq olaraq 8362.82, 6428.98 və 7417.36 manat əməkhaqqı aldığı qeyd olunmuşdur (əlavə edilir). Göründüyü kimi İddiaçı əməkhaqqı arayışını saxtalaşdırmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmuşdur. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaq aparılır. Həmçinin, qeyd edirlər ki, hazırki iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(85)-2810/2017 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) ərizə təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1994-cü il tarixli 227 nömrəli qərarı ilə xx.xx.1962ci il təvəllüdlü İddiaçı İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. Bundan sonra İddiaçı şöbəyə daxil olmuş arxiv arayışı əsasında 1987-ci il aprel ayı üzrə 8362,82 rubl, may ayı üzrə 6428,98 rubl və iyun ayı üzrə 7417,36 rubl əməkhaqqı əsas götürülməklə əmək pensiyası yenidən hesablanmışdır. Digər aylara münasibətdə əməkhaqqı məbləğləri qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən yüksək məbləğdə pensiya alınması məqsədilə sonradan saxtalaşdırımısdır. Belə ki, sözügedən faktın müəyyən olunması üçün saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X3 müvafiq sorğu göndərilmişdir. X1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubunda X1 Çerniqov bölqəsindəki Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1584 nömrəli akt tərtib olunduğu qeyd olunmuşdur. Aktdan göründüyü kimi İddiaçı xx.xx.1987-ci il tarixli 27-k №-li əmrlə əmək müqaviləsi ilə müvəqqəti olaraq xx.xx.1987-ci ildən 3-cü dərəcəli bənna qəbul edilmiş, xx.xx.1987-ci il tarixli 39-k №-li əmr ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli 44-k Ns-H əmrlə 3-cü dərəcəli bənna qəbul edilmiş və xx.xx.1987-ci il tarixli 59-k №-li əmrlə işdən azad edilmişdir. Həmçinin, aktda 1987-ci ilin aprelindən iyunadək olan dövr üzrə əməkhaqqı barədə arayışın Çerniqov şəhər şurasının arxiv şöbəsi tərəfindən verilmədiyi və imzalanmadığı göstərilmişdir. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaq aparılır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2017-ci il tarixli 2-1(85)-2810/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(85)- 2810/2017 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbi üzrə çıxarılmış 10 iyul 2017ci il tarixli 2-1(85)-2810/2017 nömrəli qərarın ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Mərkəzi Filial tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hesab edirlər ki, xx.xx.2022-ci il tarixli 2-1(85)-2810/2017 nömrəli birinci instansiya məhkəməsinin qərardadı əsassız hesab edilərək ləğv olunmalıdır. Birinci instansiyası məhkəməsi isə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə inzibati orqana müraciət etmiş, xx.xx.2017-ci il tarixli 20/3822 №-li məktubla inzibati orqan tərəfindən Qanunun 26.3-1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci ilin 01 iyul tarixindən yenidən hesablanması, eyni zamanda, ərizədə qeyd olunan tələblə əlaqədar olaraq Qanunun vaxtilə qüvvədə olmuş 26.2-ci maddəsinin hazırda Qanundan çıxarıldığından pensiyanın yenidən hesablanmasının qeyri-mümkün olduğu bildirilmişdir. Sözügedən iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, bütün məhkəmə aktlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, TSEK-in müvafiq sənədi, 1987-ci ilin aprel ayı üzrə 8362,82 rubl, may ayı üzrə 6428,98 rubl, iyun ayı üzrə 7417,36 rubl aldığı əks olunmuş əməkhaqqı arayışı göstərilmişdir. Bununla belə, qərarların əsaslandrma hissəsində iddiaçının pensiyasının ötən dövrlərdən yenidən hesablanması ilə bağlı qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliklə əsaslı mübahisələndirmələrin aparılmadığı məlum olmuş, qeyd olunan arxiv arayışına istinad edilməklə qərarlar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmələrdə tarixi və nömrəsi qeyd edilməyən əməkhaqqı barədə arxiv arayışı üzrə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən X2 Çerniqov bölqəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1584 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktı və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş saxtalaşdırıldığı ehtimal olunan iş stajı və əməkhaqqı arayışları əsasında Fondun keçmiş Abşeron rayon şöbəsi vasitəsilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində İddiaçı plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 154961,18 manat təşkil etmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırki iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2810/2017 saylı, 10 iyul 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar qanuni qüvvəsini almışdır. 26 dekabr 2017-ci il tarixdə məhkəmə qərarı icraya yönəldilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin 08 yanvar 2018-ci il tarixli, 20/82 saylı məktubunda məhkəmə qərarının tərəflərindən icra olunduğunu bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 30 iyun 2022-ci il tarixdə daxil olmuş ərizəsi ilə iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər ki, bu halda hazırkı işdə mövcud deyil. Bu isə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrdən istifadə etməsini istisna etməsə də, hazırkı hüquq müdafiə vasitəsini istisna edir. Eyni zamanda həmin müddətin buraxıldığı halda, müddətin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda qanunverici şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirilməmişdir. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin istinad etdiyi hallara istinad edilməklə məhkəmə qərarı ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün konkret müddətlər müəyyən etmişdir. Belə ki, İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Qeyd olunan norma bu cür ərizənin, yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilməsini mümkün saymışdır. İş materiallarından isə görünür ki, ərizəçi istinad etdiyi halların ona məlum olduğu vaxtdan üç ay ərzində məhkəməyə müraciət etməmişdir. Eləcə də, hazırki iş üzrə mübahisə edilən qərarın qəbulu hər hansı məhkəmə hökmü ilə şərtləndirilmədiyi üçün, həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə də verilə bilməz. Ərizəçi isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan (xx.xx.2017) 3 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2022) məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir. Belə ki, qanunverici birmənalı şəkildə qeyd etmişdir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin, (yəni yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən üç ay və qərarın qanuni qüvvəyə mindiyi vaxtdan üç il keçdikdən sonra) buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi, qanunverici, mövcud məsələ ilə bağlı prosessual müddətlərin ötürüldüyü halda, həmin müddətlərin bərpasını qadağan edir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(85)-2810/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-240/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-240/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver