Məhkəmə qərarları › İş №2-1(105)-241/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-241/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-241/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamının ləğv olunması, onun Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 07.12.2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-1485/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 09 avqust 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamının ləğv olunması, iddiaçının Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 07.12.2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2011-ci il tarixdə Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə qəbul olunmuş, 07.09.2016-cı il tarixdə səhhəti ilə bağlı işdən çıxmaq barədə ərizə vermiş, lakin 29.09.2016-cı ildə səhhəti normallaşdıqdan sonra işinə bərpa olunmaq barədə Cavabdehnə müraciət etmiş və əmək qanunvericiliyinin 69.4-cü maddəsinə müvafiq olaraq xəbərdarlıq müddəti bitmədiyi nəzərə alınaraq 03.10.2016-cı il tarixdə işinə bərpa olunmuşdur. 07 dekabr 2016-cı il tarixdə rəhbərliyin ona qarşı kobud davranışı nəticəsində iş yerində kəskin ağrıları baş vermiş, yüksək təzyiqlə onu 4 saylı şəhər poliklinikasına yerləşdirmişlər. Həmin gün o, stress vəziyyətində işdən çıxmağı ilə bağlı ərizə yazmışdır. Məhz güclü ruhi həyəcan vəziyyətində olmağı və yüksək hipertoniyadan əziyyət çəkərək 07.12.2016-cı il tarixdən 10.12.2016-cı il tarixədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 4 saylı şəhər poliklinikasında ambulator müalicə olunmuşdur. Sonradan işə bərpa olunmaq istəsə də Cavabdehndən bildirmişlər ki, artıq o, işdən azad olunmuş və onu işə bərpa etməkdən imtina etmişlər. Bundan sonra o, dəfələrlə əmək kitabçasını, işdən azad olunmaq barədə əmrin və digər hüquqi sənədlərin ona təqdim olunmasını xahiş etsə də həmin sənədlər ona verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2-1(085)- 1485/2019 nömrəli qərarı ilə (sədrlik edən Zaur Pirverdiyev) iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 2- 1(105)-171/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi Fərmayıl Zeynallı, hakimlər Telman Quliyev və Gülnarə Tağızadə) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğu barədə ən geci 20 dekabr 2016-cı il tarixdən məlumatı olsa da, onu qanunda göstərilən müddət ərzində mübahisələndirməmiş, həmin müddətdən 2 il 7 ay 17 gün keçdikdən sonra həmin qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 1883/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 2- 1(105)-171/2020 nömrəli qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur, iddiaçının hüquqlarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, iş üçün əhəmiyyəti olan və cavabdehdə saxlanan sübutlar tələb olunmadan maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o, dövlət qulluqçusu olduğuna görə dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin Qanunun 33.1.1-ci maddəsinə görə dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 1-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunun 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Göründüyü kimi dövlət qulluğuna xitam verilməsi həmin qanunla tənzimlənsə də, şəxsin dövlət qulluğuna qəbulundan əvvəl işçi kimi işəgötürənlə əmək müqaviləsi bağlaması, bunun müvafiq əmrlə rəsmiləşdirilməsinin hüquqi əsasları, ümumiyyətlə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, bu münasibətlərə xitam verilməsi qaydası, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Məhkəmə nəzərə almamışdır ki, dövlət qulluğuna qəbul olunmuş şəxs ilk növbədə əmək müqaviləsi bağlayıb əmək münasibətinə başlayan işçidir. Buna görə də dövlət qulluqçusu olan işçi ilə əmək müqaviləsi ləğv edilərkən də Əmək Məcəlləsinin tələblərinə riayət edilməlidir. Lakin onu işdən çıxararkən cavabdeh inzibati orqan Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Həmin sərəncamdan çıxarışda onun tutduğu vəzifədən azad edilməyi göstərilmişdir. Halbuki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsində işdən azad etmə deyil, dövlət qulluğuna xitam verilməsindən bəhs olunur. Cavabdehin sərəncamında isə onun işdən azad olunmağı qeyd olunsa da dövlət qulluğuna xitam verilməsi göstərilmir. Halbuki, Qanunun qeyd olunan maddəsində dövlət qulluqçusunun işdən azad olunmasından deyil dövlət qulluğuna xitam verilməsindən bəhs olunur. Dövlət qulluğuna hansı qaydada xitam verilməsi qeyd olunan qanunun özündə göstərilmədiyindən həmin Qanunun 34-cü maddəsinə müvafiq olaraq bu məsələlər əmək qanunvericiliyi ilə tənzimlənir. Hətta xitam verilməsi göstərilmiş olsaydı belə, ilk növbədə onunla bağlanmış əmək müqaviləsi ləğv edilməli, sonra isə dövlət qulluğuna xitam verilməli idi. Əmək müqaviləsi ləğv edilmədən dövlət qulluğuna xitam verilməsi isə qanunsuzdur və istər “Dövlət qulluğu haqqında” Qanunun, istərsə də əmək qanunvericiliyinin normalarının pozulması ilə qəbul olunmuşdur. Onun 07.12.2016-cı il tarixli ərizəsi xəbərdarlıq xarakterli olmuşdur. Əmək Məcəlləsinin 69.5-ci maddəsində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Onun işdən çıxmaq niyyəti olmayıb, yalnız güclü ruhi həyəcan, yüksək təzyiq diaqnozu ilə müalicə aldığı bir vaxtda belə bir ərizə yazmışdır. Ərizədə isə onun əmək münasibətini dayandırmaq istədiyi gün göstərilməyib. Cavabdeh ən azından xəbərdarlıq müddətini gözləməli, bu müddət bitənədək əmək müqaviləsini ləğv etməməli idi. Lakin, 07.12.2016-cı il tarixli 94 saylı sərəncamdan çıxarışdan da göründüyü kimi cavabdeh 07.12.2016-cı il tarixdə hətta 1 gün keçməsini gözləmədən onu işdən azad etmişdir. Halbuki, Əmək Məcəlləsinin qeyd olunan normalarından da göründüyü kimi qanunverici işçi ərizə verdikdən sonra xəbərdarlıq müddətinin gözlənməsini, həmin müddət bitməyənədək əmək münasibətlərini ləğv etməməyi işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur. Səhhətində yaranmış müvəqqəti problemlər onun dərhal ərizə yazdığı gün işdən azad olunmağı üçün əsas hesab oluna bilməzdi. Çünki hətta səhhətilə əlaqədar olsa belə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilmədiyindən cavabdeh xəbərdarlıq müddətini gözləməli idi. Ərizəsindən göründüyü kimi səhhətindəki problemləri müvəqqəti hesab etmiş, sağalıb işinə qayıdacağına ümidli olmuş və ərizəsi xəbərdarlıq xarakteri daşımış, onun əmək münasibətinə xitam vermək arzusunu ifadə etməmişdir. Qanunverici bu haldan bir istisna müəyyən etmişdir ki, o da onun yerinə başqa işçinin işə qəbul olunmasıdır. Lakin sərəncamdan çıxarışdan da göründüyü kimi onun yerinə yeni işçi işə götürülməmiş, vəzifəsinin icrası müvəqqəti olaraq müavin X4 həvalə edilmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin, iddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən əsasən işdən azad olunması barədə sərəncamı qanuni əsaslarla qəbul edilmiş, qeyd edilən sərəncamın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh başçısının 15 sentyabr 2011-ci il tarixli 80 saylı sərəncamından çıxarışın surətindən görünür ki, iddiaçı 15 sentyabr 2011-ci il tarixdən Gilətağ kənd ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilmişdir. 06 sentyabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, iddiaçı səhhəti ilə əlaqədar olaraq onu tutduğu vəzifədən azad edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh başçısının 07 sentyabr 2016-cı il tarixli 65 saylı sərəncamından çıxarışın surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Cavabdeh başçısının Gilətağ kənd ərazi icra nümayəndəsi iddiaçı ərizəsinə əsasən 07 sentyabr 2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və son hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 29 sentyabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, iddiaçı tutduğu vəzifədən azad olunması barədə 05 sentyabr 2016cı il tarixli ərizənin nəzərə alınmamasını cavabdehdən xahiş etmişdir. Cavabdeh başçısının 03 oktyabr 2016-cı il tarixli 69 saylı sərəncamından çıxarışın surətindən görünür ki, iddiaçının ərizəsi nəzərə alınaraq, o, 03 oktyabr 2016-cı il tarixdən Gilətağ kənd ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilmişdir. 07 dekabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, iddiaçı səhhətində yaranmış müvəqqəti narahatlığa görə onu tutduğu vəzifədən azad edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh başçısının 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamından çıxarışın surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Cavabdeh başçısının Gilətağ kənd ərazi icra nümayəndəsi İddiaçı ərizəsinə əsasən 07 dekabr 2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və son hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 15 sentyabr 2011-ci il tarixdən 07 dekabr 2016-cı il tarixədək Cavabdeh başçısının Gilətağ kənd ərazi icra nümayəndəsi vəzifəsində işləmişdir. 418442 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı 07 dekabr 2016-cı il tarixdən 10 dekabr 2016-cı il tarixədək səhhəti ilə əlaqədar işdən azad edilmişdir. Cavabdeh başçısının 19 yanvar 2017-ci il tarixli 06 saylı sərəncamından çıxarışın surətindən görünür ki, X2 19 yanvar 2017-ci il tarixdən Gilətağ kənd ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İddiaçı 15 sentyabr 2011-ci il tarixli 80 saylı sərəncamla Cavabdeh başçısının Gilətağ kənd ərazi icra nümayəndəsi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləmiş, qeyd edilən vəzifədən isə Cavabdeh başçısının 07 dekabr 2016-cı il tarixli 94 saylı sərəncamı ilə çıxarılmışdır, yəni iddiaçı inzibati vəzifə tutmaqla dövlət qulluqçusu olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, iddiaçı öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizə verdiyindən və bu məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsi hazırki mübahisəyə münasibətdə tətbiq oluna bilməz. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1 və 33.1.1-ci maddələrinə əsasən, dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Apelyasiya şikayətinin hazırkı mübahisəyə Əmək Məcəlləsinin tətbiq olunması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalardan görünür ki, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizə verdiyi halda, onun dövlət qulluğunu davam etdirib-etdirməməsi dövlət orqanının rəhbərinin qərarından asılıdır. İddiaçı öz arzusu ilə işdən azad olunması barədə ərizə ilə cavabdehə müraciət etdiyindən və onun dövlət qulluğunu davam etdrimək barədə dövlət orqanının qərarı olmadığından, dövlət orqanının iddiaçının ərizə verdiyi gündən işdən azad etməsi barədə sərəncamı qanunvericiliyin tələblərinə zidd olmamışdır. Apelyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməməsi, işdən çıxmaq niyyətinin olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Zəngilan Rayon İcra Hakmiyyəti başçısının 94 nömrəli, 07 dekabr 2016-cı il tarixli sərəncamından çıxarışdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxmaq niyyətinin olmadığını və ərizənin xəbərdarlıq xarakterli olduğunu bildirsə də, ərizədən görünür ki, iddiaçı səhhəti ilə bağlı işdən azad edilməsi barədə öz iradə ifadəsini aydın şəkildə göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1485/2019 saylı, 03 dekabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar