Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-241/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı 1998-ci il fevralın 10-dan 1990-cı il dekabrın 15-dək etdiyi hərbi xidmətinin güzəştli şərtlərlə bir ayının ay yarım hesablanması, həmin dövr üçün güzəştli şərtlərlə hesablanmış 1 il 5 ay 2 gün güzəştli xidməti və ona görə hesablanıb ödənilməmiş pul təminatı məbləği nəzərə alınmaqla haqqında yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-720/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Onun üçün 100 faizlik əmək stajına malik olmağıyla əlaqədar müvafiq sənədlərin aidiyyatı üzrə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6864/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət, yəni 100 faizlik əmək stajına malik olmaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmişdir, 12 oktyabr 2011-ci il tarixdə xidmətdən təxris olunmuşdur, lakin sonuncunun diqqətsiz və səhv hesablamalarına əsasən, təqvim: 25 il, 07 ay, 28 gün, Güzəştli: 08 il, 11 ay, 01 gün, cəmi: 34 il, 06 ay, 29 gün olmaqla - 97 faizlik əmək stajı hesablanaraq pensiya təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Məlum olmuşdur ki, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ DTK-nın 127 nömrəli Sərhəd dəstəsində gizir olaraq həqiqi hərbi xidmətdə olduğu müddəti həm təhriflə az, həm də səhvən hər ilini (bir) il xidmət kimi hesablamışlar. Əslində isə, həmin müddət pensiya müddətinə daha çox müddət kimi (xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarına əsasən hər il üçün 1,5 (bir il yarım) il olaraq hesablanmalıdır. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi həmin qərar düzgün, əsaslı və qanuni deyildir və bununla mövcud qanunvericiliyin tələbləri iddiaçı üçün əmək-xidmət stajı hesablanarkən pozulmuşdur. Ona görə də, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edib həmin səhv hesablamanın düzəldilməsini xahiş etmiş, lakin cavabdehdən göndərilmiş xx.xx.2020-ci il tarixli, 10/79 saylı məktubla bundan, ümumi ifadələr işlətməklə, əsasız və qanunsuz olaraq imtina edilmişdir. Bunun da nəticəsində pensiya düzgün hesablanmamışdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-720/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev)
5. Qərardan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur.
7. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, 1998-ci il fevralın 10-dan 1990-cı il dekabrın 15-dək etdiyi hərbi xidmətinin güzəştli şərtlərlə bir ayının ay yarım hesablanması, həmin dövr üçün güzəştli şərtlərlə hesablanmış 1 il 5 ay 2 gün güzəştli xidməti və ona görə hesablanıb ödənilməmiş pul təminatı məbləği nəzərə alınmaqla haqqında yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir.
9. Apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbindən imtinasının qəbul edilməsini xahiş etdi.
11. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 03 avqust 2022-ci il tarixli, 16/6604 nömrəli məktubunda göstərmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı 000295 nömrəli məlumat vərəqəsində güzəştli xidmət illərində və cəmi xidməti illərində düzəliş edilərək və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.
12. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
15. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə iddiadan imtina etdiyini göstərmişdir.
16. İddiaçı iddiadan imtina etdiyindən iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir.
17. İddia tələbindən imtinanı qəbul etməklə, məhkəmə kollegiyası izah edir ki, iddiaçının iddia tələbindən imtina etməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-720/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı 1998-ci il fevralın 10-dan 1990-cı il dekabrın 15-dək etdiyi hərbi xidmətinin güzəştli şərtlərlə bir ayının ay yarım hesablanması, həmin dövr üçün güzəştli şərtlərlə hesablanmış 1 il 5 ay 2 gün güzəştli xidməti və ona görə hesablanıb ödənilməmiş pul təminatı məbləği nəzərə alınmaqla haqqında yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(105)-241/2022 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.