Məhkəmə qərarları › İş №2-1(105)-241/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-241/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-241/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: təhsil illərinin sosial sığorta stajına daxil edilməsi, ödənilməyən əmək pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi, pensiya məbləğindən tutulmaların geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-1322/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və həmin məktubda qeyd olunmuşdur ki, pensiyaçı kimi işlədiyi dövrdə sığorta kapitalının 3147,63 manat olması, habelə xx.xx.2020-xx.xx.2021- ci il tarixlər arasındakı dövr ərzində 43.13 manat pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalının olduğu və ona ümumilikdə 80,39 manat məbləğində artıq ödəmənin olduğu və iddiaçıya xx.xx.2014-cü il tarixində 178,44 manat məbləğində pensiya məbləği ödənilməli olduğu, lakin 178.00 manat ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin müraciətinə əsasən Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalar zamanı onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 İİ1 ay 13 gün (təhsil müddəti nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar 01.01,2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən pensiya təyin olunan tarixə adıçəkilən şəxsin pensiyasının sığorta hissəsi 62,90 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində fərdi nesabının sığorta hissəsində qeydə alınmış 2237,76 manat sığorta kapitalına görə 15,54 manat əlavə edilərək (2237,76:144 ay=15,54 manat) xx.xx.2014-cü il tarixinə 178,44 manat əmək pensiyası (62,90+15,54+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,98 manat)) ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümümi iş stajı 28 il 10 ay götürülməklə pensiyasının sığorta hissəsi 62,28 manat hesablanaraq, üzərinə xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 2263,68 manat sığorta kapitalına görə 15,72 manat əlavə edilərək 178,00 manat (62,28+15,72+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,46 manat)) məbləğində əmək pensiyası təyin olunaraq ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 316,35 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 (144 ay - 33 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (316,35/111=2,85 manat) qanuni əmək pensiyasının (202,98 manat) üzərinə əlavə edilərək (2,85+202,98=205,83 (xx.xx.2020- ci il tarixinədək indeksləşdirilməklə 261,29 manat)) ona ödənilməli olduğu halda, səhv müəyyən edilmiş 663,84 manat sığorta kapitalı 144 aya bölünərək (666,72/144=4,61 manat) düzgün olmayan əmək pensiyasının (202,46 manat) üzərinə əlavə edilməklə (4,61+202,46=207,07 manat (xx.xx.2020ci il tarixinədək indeksləşdirilməklə 262,86 manat)) adıçəkilən şəxsə ödənilmişdir. Bundan başqa, adıçəkilən şəxsin vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının sonradan ödənildiyinə görə əmək pensiyası xx.xx.2020ci il tarixindən yenidən hesablanaraq 261,29 manatdan 278,59 manata artırılmışdır. İddiaçı ümumilikdə 80,39 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin fevral ayında 31,01 manat, aprel ayında 32,05 manat, may ayında 17,33 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 337,57 manat, 29.1 -ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 387,20 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1973- xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta Texniki peşə məktəbində təhsil aldığı dövrün əmək stajına hesablanaraq ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi və pensiyaçı kimi işlədiyi dövrdə topladığım sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməklə əmək pensiyasının üzərinə əlavə edib 284.72 manat indeksləşdirilərək işdən çıxan tarixdən xx.xx.2017-ci ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Qusar rayonunun Kalunxur kəndində anadan olmuşdur. Ona xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuş və xx.xx.2021-ci il tarixə kimi həmin pensiyanı almışdır. Lakin ona xx.xx.2014-cü ildə pensiya təyin olunarkən xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və nəticədə ona az pensiya məbləği hesablanmışdır. Ona görə də o pensiyanın yenidən hesablanıb artırılması məqsədilə cavabdehə müraciət etmişdir. Onun təxmini hesablamalarına görə pensiyası 9 manat artmalı idi, yəni aldığı 320,68 manatın üstünə gələrək 329,68 manat almalı idi. Lakin pensiyası artmaq əvəzinə cavabdeh əksinə xx.xx.2021-ci il tarixdən pensiyasını 21 manat azaldaraq 299,91 manata endirmiş üstəlik onu borclu çıxarmışdır. Guya ona indiyə kimi 43,13 manat artıq pensiya ödənilmişdir. Halbuki xx.xx.2014-cü ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunarkən xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajına hesablanmamış və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəsini rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtinası əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini və təhsil almasını təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, mənə xx.xx.1973-xx.xx.1976-cı illərdə Sumqayıt şəhər 49 saylı Orta texniki peşə məktəbində təhsil aldığı dövr ümumi əmək stajıma hesablanaraq təhsil aldığı dövr ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bundan başqa, qanuna əsasən, pensiyaçı kimi işlədiyi dövrdə topladığı sığorta kapitalı-3147,63 manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-144 aya bölünməklə- 3147,653/144=21,86 manat əmək pensiyasının üzərinə əlavə edib-262,86+21,86=284,72 manat indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən yox, işdən çıxan tarixdən-xx.xx.2017-ci ildən ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəmə məhkəməsinə müraciət edərək, ödənilməyən pulun xx.xx.2014-cü il tarixindən ödənilməsi, 1973-1976-cı təhsil illəri iş stajı kimi hesablayıb 2014-cü ildən ödənilməsi, ondan tutulmuş 84 manatın qaytarılması 2014-2017-ci illərdə işləyib qazandığı pulu hesablayıb ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” (bundan sonra - ƏPQ) qanuna uyğun olaraq 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “ƏPQ”-nun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “ƏPQ”-nun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətii iə məşğul olan fizki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi “ƏPQ”da ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək faəliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-1322/2022 nömrəli (hakim Leyla Mirzəyeva) qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixindən 57 yaşdan yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, eyni zamanda pensiyaçı kimi işləyərək topladığı sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünməklə yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş məbləğlərin hesablanaraq ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyasının hesablanmış məbləği ilə razı deyildir. Hazırda iddiaçı ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını istəyir. İddiaçı cavabdeh inzibati orqanın apardığı hesablama ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Onun müraciətinə əsasən Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalar zamanı onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməkiə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 29 il 1 ay 13 gün (təhsil müddəti nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən pensiya təyin olunan tarixə pensiyanın sığorta hissəsi 62,90 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2237,76 manat sığorta kapitalına uyğun 15,54 manat pensiyanın sığorta hissəsi müəyyənləşdirilərək (2237,76:144 ay=15,54 manat) xx.xx.2014-cü il tarixində 178,44 manat pensiya məbləği (62,90+15,54+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,98 manat) ona ödənilməli olduğu halda, 1 yanvar 2006-ci il tarixinədək ümümi iş stajı 28 il 10 ay götürülməklə sığorta hissəsi 62,28 manat müəyyən edilmiş, xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 2263,68 manat sığorta kapitalına görə pensiyanın sığorta hissəsi 15,72 manat müəyyən edilərək 178,00 manat (62,28+15,72+100 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 202,46 manat) məbləğində pensiya təyin olunaraq ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Sumqayıt şəhər şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 316,35 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 316,35 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 (144 ay - 33 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (316,35/111=2,85 manat) qanuni əmək pensiyasının (202,98 manat) üzərinə əlavə edilərək (2,85+202,98=205,83 (01,06.2020-ci il tarixinədək indeksiəşdiriiməklə 261,29 manat) manat ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 663,84 manat sığorta kapitalı səhvən 144 aya bölünərək (666,72/144=4,61 manat) səhv hesablanmış əmək pensiyasının (202,46 manat) üzərinə əlavə edilməklə (4,61+202,46=207,07 manat (xx.xx.2020-ci il tarixinədək indeksiəşdirilməklə 262,86 manat) adıçəkilən şəxsə ödənilmişdir. Bundan başqa, adıçəkilən şəxsin vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 261,29 manatdan 278,59 manata artırılmışdır. Qeyd olunanlara əsasən ona ümumilikdə 80,39 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin fevral ayından 31,01 manat, aprel ayında 32,05 manat, may ayında 17,33 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 320,91 manat olmaqla Mərkəzi Filial tərəfindən ödənilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ödənilməyən pulun xx.xx.2014-cü il tarixindən ödənilməsi, 1973-1976-cı təhsil illəri iş stajı kimi hesablayıb 2014-cü ildən ödənilməsi, ondan tutulmuş 84 manatın qaytarılması 2014-2017-ci illərdə işləyib qazandığı pulu hesablayıb ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi ona 2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi vaxt 178 manat məbləğində təyin edilsə də, ona həmin məbləğdən az pensiya məbləği ödənildiyindən, ödənilməyən pensiya məbləğinin ödənilməsi, 1973-1976-cı illərə aid təhsil illərinin iş stajına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması və ondan artıq ödəmə kimi tutulmuş 84 manat məbləğində pul vəsaitinin geri qaytarılması, 2014-2017-ci illərdə işləyib qazandığı pulun yenidən hesablanıb ona ödənilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə dair imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı əmək pensiyasının sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanması zamanı düzgün olmadığı müəyyən edildiyindən, səhv hesablandığından, 43,13 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyini, həmin tutulmanın aparılması barədə razılıq verilməsi xahiş olunmuş, əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixdən 299,91 manat kart hesabına köçürüləcəkdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıya 23 iyun 2014-cü il tarixdə (178,44 manat məbləğində) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilk dəfə məhz 178,44 manat məbləğində əmək pensiyası təyin edilməsi halı cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmişdir. Bundan əlavə iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesbalanması haqqında qərarın məzmunundan görünür ki, iddiaçıya xx.xx.2014-xx.xx.2014-cü il tarixdə təyin edilən pensiya məbləğinin 178.44 manat, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə 179,54 manat, xx.xx.2016-xx.xx.2016-ci illərdə 182,72 manat, xx.xx.2016-xx.xx.2016-ci illərdə 192,72 manat, xx.xx.2017-xx.xx.2017-ci illərdə 202,98 manat, xx.xx.2017-xx.xx.2017-ci illərdə 205,83 manat olması qeyd edilmişdir. İndiki halda iddiaçı məhz ona yaşa görə əmək pensiya məbləği qismində ilk dəfə 178 manat təyin edilsə də, ona 2014-2017-ci illərə aid dövrlərdə həmin məbləğlərin tam ödənilməməsi halına istinad edərək, həmin dövrlərdə təyin edilmiş, lakin ödənilməyən pensiya məbləğin ödənilməsini tələb etmiş, iddia tələbinin əsası kimi məhz bank hesabından çıxarışlarına istinad etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmamaqla, indiki halda iddiaçının hüquqi marağı məhz 2014-2017-ci illərdə ona təyin edilən pensiya məbləğinin ona ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı olmuşdur. Qeyd edilməlidir ki, iş materiallarında olan müvafiq bank hesabından çıxarış məlumatlarında pensiya məbləği kimi köçürülən məbləğlərin təyin edilən pesniya məbləğlərindən az olduğu öz təsdiqini tapmışdır (2014-2017-ci illlərə aid dövrlərdə ayrı-ayrı aylar üzrə təyin edilən pensiya məbləğlərindən az məbləğdə pensiya ödənişinin bank hesabına köçürülməsi aşkar olunmuşdur). Cavabdeh inzibati orqan tərəfindən isə həmin halın (həmin dövrlərdə təyin edilmiş pensiya məbləği ilə ödənilmiş pensiya məbləği arasında məbləğ fərqinin yaranması əsaslarının) əsaslandırılmasına dair heç bir dəlilə istinad edilməmiş, habelə iddiaçıya təyin edilən məbləğlərə dair sənəd təqdim edilsə də, həmin məbləğdə pensiya ödənişinin ödənilməsi və iddiaçının bank hesabınna köçürülməsinə dair heç bir dəlil təqdim etməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi dövr üzrə 2014-2017-cı illərdə iddiaçıya təyin edilən pensiya məbləği ilə ona ödənilən pensiya məbləği arasında fərqin olması halı aşkar olunduğundan, ona ödənilən pensiya məbləği təyin edilən pensiya məbləğindən az olduğundan, bu hal iddiaçının haqlı narazılığına səbəb olmaqla, iddiaçıya 2014-2017-ci illər üzrə təyin edilən pensiya məbləğindən ona ödənilməyən hissəsinin hesablanaraq, ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin artıq ödəmə qismindən iddiaçıdan tutulan pul vəsaitinin geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya ümumilikdə 80,39 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyini əsas gətirərək, həmin pul vəsaitinin hissə-hissə (cari ilin fevral ayında 31,01 manat, aprel ayında 32,05 manat, may ayında 17,33 manat olmaqla) iddiaçnın əmək pensiyasından tutularaq, büdcəyə bərpa edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 391-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İndiki halda iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzalaşmamaqla, qanunvericiliyin tələbinə zidd omuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı onun əmək pensiya məbləğindən 84 manat məbləğində pul vəsaiti tutulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək pensiya məbləğindən tutulmaların ümumilikdə məbləği 80,39 manat təşkil etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiya məbləğindən artıq ödənilmiş pul vəsaiti qismində tutulmuş 80,39 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalı, iddia tələbi bu hissədə təmin edilməli, qalan məbləğə (3,61 manat) aid hissədə isə əsassız olduğundan (bu hal öz təsdiqini tapmadığından) təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin təhsil illərinin iş stajına daxil edilərək, pensiya məbləğinin yenidən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iş materialları əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiya təyin edildiyi zaman onun sosial sığorta stajının hesablanması zamanı onun təhsil aldığı 1973-1976-cı illərin nəzərə alınması halını qeyd etmişdir. Bununla da, indiki halda iddiaçının təhsil aldığı illərinin onun sosial sığorta stajına daxil edilməsi halı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmamaqla, öz təsdiqini tapmadığından təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin 2014-2017-ci illərdə işləyib qazandığı pulun hesbalanıb ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi dövrdə qazanılmış pensiya kapitalı nəzərə alınaraq, əmək pensiyası yenidən hesablanmış (bu barədə müvafiq qərar qəbul edilmişdir), bununla bağlı cavabdeh inzibati orqan tərəfindən yalnışlığa və ya müvafiq qanunvericilik normalarının tələblərinin pozulması halına yol verilməsi və nəticə etibarilə bu halın iddiaçının hüquqlarının pozulmasına səbəb olması halının müəyyən edilməsi mümükün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hssədə əsassız olmaqla, təmin edilməməlidir. Qeyd edilən hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhz iddiaçının hüquqi marağına uyğun olaraq ona hüquqi yardım göstərilərək, iddia tələbi dəqiqləşdirilməmiş, işin halları baxımından mübahisəli halların nədən ibarət olmasına düzgün hüquqi qiymət verilməmiş, nəticə olaraq iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri təhsil müddətinin nəzərə alınmaqla, sosial sığorta stajına daxil edilməsi, habelə pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində əsaslı olmaqla, iş materialları əsasında öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti həmin hissələrdə əsaslı olmaqla, təmin edilməli, digər hissələrdə isə (artıq ödənilmiş pensiya məbləğinin tutulması, ödənilməyən pensiya məbləğinin hesablanıb ödənilməsi) əsassız olmaqla təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-1322/2022 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2014-cu il-xx.xx.2017-ci illər üzrə təyin edilmiş və ödənilməli olan yaşa görə əmək pensiyasının məbləği ilə ona ödənilmiş əmək pensiyasının məbləği arasında fərq müəyyən edilməklə, ödənilməyən pensiya məbləğinin hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. İddiaçı artıq ödənilmiş pensiya məbləği qismində əmək pensiyasından tutulmuş 80,39 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması (geri ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar