Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-241/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, Üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X14 İcraiyyə Komitəsinin qərarının qismən ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli, 27 nömrəli icarə müqaviləsi ilə üçüncü şəxslər X15, X11, X5, X12, X6, X13 ayrılmış 0,1130 ha torpaq sahəsinə dair DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən həmin şəxslərin adına 05 avqust 2005-ci il tarixli, JN-1833B, KOD 30900016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Sumqayıt şəhər XDS-nin xx.xx.1989-cu il tarixli, 1429 nömrəli qərarı və Sumqayıt şəhər Bağlar Təsərrüfat İdarəsi ilə bağlanmış 1429 nömrəli icarə müqaviləsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2324B nömrəli, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi İddiaçı ayrılmış və həmin torpaq sahəsi onun adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə, **********74 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarının X15 və ailə üzvlərinə aid olan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 2324B ünvanında yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər XDS İK-nin xx.xx.1998-ci il tarixli, 26 nömrəli qərarı əsasında tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X15 və onun ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi bağ sahəsi kimi bağ təsərrüfatı idarələrinin yurisdiksiyasında olduğundan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin torpaq sahəsinə dair şəhadətnamə vermək hüququ yoxdur. İddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxslərin torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyi alınmışdır. Belə olan halda, hesab edir ki, xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinin üçüncü şəxslərə ayrılmasına əsas olmuş XDS-nin xx.xx.1998-ci il tarixli, 26 nömrəli qərarı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı ilə X15, X16, X7, X17, X8, X18 zəruri cəlbetmə qaydasında iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər X14 xx.xx.1988-ci il tarixli, 26 saylı iclas protokolunun 3.389 saylı qərarı bağ sahələrinə ehtiyacı olan şəxslərə bağ sahələrinin verilməsi haqqında olmuş və həmin qərarın əsasında bağ təsərrüfatı idarələri bağ sahələrinə ehtiyacı olan şəxslərə torpaq sahəsinə dair icarə müqavilələri bağlamışdılar. Qeyd olunan qərar qəbul edilərkən, torpaq sahələrinin kimlərə paylanılacağı barədə iddiaçının məlumatı yox idi, yəni, hazırkı iddia tələbi üzrə üçüncü şəxslər bağ sahələrinə dair hüquqlarını bağ sahələrinə dair icarə müqavilələri rəsmiləşdirildikdən sonra əldə etmişdilər. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququna malik olmadığına görə iddia mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə tərəfindən iddia tələbi mümkünsüz hesab edilərkən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, hazırkı iş üzrə iddiaçı subyektiv hüququ mövcuddur. Çünki, eyni tərəflər arasında olan Sumqayıt İnzibati Məhkəməsinin icraatında davam edən digər iş üzrə alınmış mütəxəssis rəyinə əsasən **********45 saylı və **********46 saylı çıxarışların X9 torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Yəni, buradan da aydın olur ki, sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyatının aparılması, həmin torpaq sahəsinin üçüncü şəxslərin sahəsi ilə üst-üstə düşməsi iddiaçının subyektiv hüququnun mövcud olmasını təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı X3 2012-ci ildə, X4 2017-ci ildə, X10 2018-ci ildə, X9 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edildiyindən kollegiyanın 19 mart 2024-cü il tarixli, 2-1(105)-214/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı qismən - X10, X4, X3 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının hazırda ləğvini tələb etdiyi Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli qərarı ümumi xarakterli qərardır, həmin qərar əsasında Bağlar Təsərrüfatı İdarəsi ilə vətəndaşlar arasında müqavilələr bağlanmaqla onlara torpaq sahələri ayrılmışdır. Bu baxımdan, hesab edir ki, iddiaçının həmin qərarın ləğv edilməsini tələb etmək hüququ yoxdur. İddiaçıya məhkəmə iclaslarının(ilkin və təxirə salınmış) vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçının nümayəndəsi (vəkili) elekton məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təkrarən(ilkin iclas iddiaçının ərizəsinə əsasən bir dəfə təxirə salınmışdır) eyni məzmunlu ərizə təqdim edərək, digər məhkəmə işi ilə bağlı iclasın yenidən təxirə salınmasını xahiş etdiyindən, məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında iştirak etməməsini üzürlü saymamış və İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işi məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia iki mərhələdə yoxlanılır. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldığı təqdirdə isə, növbəti mərhələdə iddianın əsaslılığı yoxlanılır. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. İstənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkündür. İddiaçının tələbi XDS İK-nin qərarının qismən ləğvinə yönəldiyi üçün növünə görə mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Əlverişli və əlverişsiz inzibati aktların fərqləndirilməsi iddianın növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində əlverişsiz (yükləyici) inzibati aktın anlayışı verilmişdir. Həmin maddəyə əsasən belə inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddənin tələbindən aydın olduğu kimi əlverişsiz inzibati akt maraqlı şəxsə münasibətdə mənfi təsir göstərməklə, onun hüquqlarına müdaxilə edir. Həmçinin, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia qaldırmaq səlahiyyətidir. İddia qaldırmaq səlahiyyəti qəbul edilən inzibati aktla hüquqlarını ən azı pozmaq imkanına malik olmasını nəzərdə tutur. İşdən görünür ki, iddiaçı Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 26 saylı iclas protokolunun 3.389 nömrəli qərarını mübahisələndirir. Həmin qərarla isə Sumqayıt şəhərində bağçılıq təsərrüfatının təkmilləşdirilməsi və inkişaf etdirilməsi tədbirləri ilə bağlı məsələlər tənzimlənmişdir. Belə ki, qərarın 1-ci bəndinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 saylı qərarına uyğun olaraq bağçılıq təsərrüfatının inkişafının boş və əvvəllər icarəyə götürülmüş torpaq sahələrində bağ tikinti kooperativinin yaradılması əsasında aparılması, kooperativlər tərəfindən payçılara 0.12 ha ölçüdən çox olmamaqla torpaq sahəsi ayrılması, qeyd edilən torpaq normasının həmçinin əvvəllər bağ sahəsi icarəyə götürmüş şəxslərə də şamil edilməsi qərara alınmışdır. Məhz həmin qərara əsasən yaradılmış BTK ilə üçüncü şəxslərdən X16 arasında “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 01 sentyabr 1989-cu il tarixdə 27 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən, Corat qəsəbəsində 0.12 ha torpaq sahəsindən ibarət 1801 B nömrəli bağ sahəsi Ə.Əmirəliyevin icarəsinə verilmişdir. Kollegiya hesab edir ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarı Sumqayıt şəhərində bağçılıq təsərrüfatının təkmilləşdirilməsi və inkişaf etdirilməsi tədbirləri ilə bağlı məsələləri tənzimlədiyindən, həmin qərarla üçüncü şəxslərə torpaq sahəsinin ayrılmasına dair konkret məsələ tənzimlənmədiyindən iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Odur ki, həmin qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt sayılmadığından mübahisələndirmə haqqında iddianın da predmeti ola bilməz. Halbuki, yüxarıda da qeyd edildiyi kimi, mübahisələndirmə haqqında iddialarda iddia qaldırmaq səlahiyyəti yalnız o halda mövcud olur ki, hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə çarpsın, şəxs barəsində tam (qismən) əlverişsiz inzibati akt qəbul edilsin. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, qaldırılan iddia “iddia qaldırmaq səlahiyyəti” ilə bağlı xüsusi mümkünlük şərtinə cavab vermədiyindən birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-2715/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-241/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-241/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver