Məhkəmə qərarları › İş №2-1(105)-242/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-242/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-242/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(118)-1597/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Qusar rayonu, Qaraçay kəndində yerləşən 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasınə xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktub ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olunmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsinin 0.18 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş JN- 297A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar var. Belə ki, JN-297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin sahəsi 0.18 ha kimi qeyd olunsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında 0.08 ha kimi qeydə alınmış, Aqrar islahat komissiyasının Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında, o cümlədən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə 0.08 ha kimi öz əksini tapmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Verilən cavab ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN- 297A, kod 30319028 saylı şəhadətnaməyə əsasən Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən torpaq sahəsinin mərhum X1, o cümlədən iddiaçıların adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 06 saylı, xx.xx.1997-ci il tarixli qərarı ilə Quba rayonu, Qaraçay kəndi ərazisində 0,18 hektar torpaq sahəsi şəhadətnaməyə əsasən iddiaçıların ailə üzvlərinə verilmişdir. JN 297A, kod 30319028 saylı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki, əmlakın faktiki sahəsi 0,18 hektar təşkil edir. Torpaq sahəsi həmin tarixdən qanuna müvafiq qaydada onalar tərəfindən hasara alınmış və təyinatına uyğun istifadə edilmiş, hal-hazırda da onların istifadəsindədir. Akif Şükürov 06 aprel 2021ci il tarixdə dünyasını dəyişmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsini vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişlər, inzibati orqanın **********60 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, hüquqmüəyyənedici sənəd - şəhadətnamə inzibati orqana təqdim edilmişdir, torpaq sahəsinin 0,18 hektar kimi qeydiyyata alınması üçün təqdim edilmiş JN-297 A nömrəli şəhadətnamədə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq olması torpaq sahəsindən istifadə edən şəxsin və ya mülkiyyətçinin iradəsindən asılı olan hal deyildir. Cavabdeh tərəfin imtinada gətirdiyi dəlillərə cavab olaraq bildirilir ki, bazada olan elektron sənədlərdə torpaq sahəsinin ölçüsü düzgün göstərilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və nəzərə alınmalıdır ki, vətəndaşların qanuni istifadəsində olmuş torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqların aradan qaldırılması müvafiq (DƏDRX haqqında) Əsasnamə ilə hazırkı cavabdehin vəzifələrindən biridir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, sənəd üzrə torpaq sahəsindən əlavə 0,10 ha torpaq sahəsinin yerləşdiyi yeri dəqiq məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. İcraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-159/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin nömrəli 06 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1597/2021 qərarı ilə iddia tələbi təmin edilmiş JN 297 A KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba raonu, Qaraçay kəndi ərazisində yerləşən 0.18 hektar torpaq sahəsi üzərində mərhum X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.(hakim C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasınına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- 0,10 ha torpaq sahəsi üzərində mərhum X3 və iddiaçıların mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən, JN-297A, kod 30319028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.18 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququ qeydə alınmışdır. Bu şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.”Hüquqların dövlət qeydiyyatından imtina” nın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Cavabdeh, iddiaçının müraciətinə imtinasında, eləcə də iddia ərizəsinə dair etirazında iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı JN-297A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron kadastr baza məlumatlarında, o cümlədən Aqrar İslahat Komissiyasının Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 0.08 ha göstərildiyini bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq cavabdehin dəlillərini araşdırmamış, İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipini pozmuş, bununla da iddianın tam həcmdə təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. İş materiallarında olan JN-297A seriyalı KOD 30319028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 06 saylı, xx.xx.1997-ci il tarixli qərarına əsasən 0,18 ha torpaq sahəsi X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehin imtinasında qeyd edilən xüsusatla bağlı aidiyyəti orqanlara sorğulara edilmişdir. Belə ki, X4 filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, “Azərbaycan” sovxozu Quba rayonu Qaraçay kəndində fəaliyyət göstərmiş və Quba rayon Aqrar İslahat Komissiyasının 6 saylı 10 iyun 1997-ci il tarixli qərarı ilə aqrar islahat aparıması ilə əlaqədar “Azərbaycan” sovxozunda yer quruluşu layihə işlərinin naturada yer üzərinə köçürülməsi hazırlıq işlərinin başa çatdırılması və sovxozda torpaqdan pay alan vətəndaşların torpaq payları üzrə mərz və sərhədlərin müəyyənləşdirilib yer üzərinə köçürülməsi qərara alınmışdır. - Quba rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarış görünür ki, X2 aqrar islahat zamanı JN-297A nömrəli şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Qaraçay kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, cədvəlin 297-ci bəndində adları qeyd edilmiş X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 0,08 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. - həmçinin, mübahisəsi gedən torpaq sahəsinə dair daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarışdan görünür ki, xəritədə iddiaçılara məxsus JN-297A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydə alınmış torpağın sahəsi 0.08 ha qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan sübutların tədqiq edilməsi nəticəsində müəyyən edildi ki, 1997-ci il tarixdə Quba rayonunda aparılmış aqrar islahat zamanı Quba rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısına aid, həmçinin, Qaraçay kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərə əsasən, mərhum X3 və iddiaçılara 0.08 ha torpaq sahəsi ayrılmış, eyni zamanda vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-297A seriyalı şəhadətnamə əsasında qeydə alınmış torpağın sahəsi 0.08 ha qeyd edilmişdir. Lakin buna baxmayaraq iddiaçılara verilmiş şəhadətnamədə ayrılan torpağın sahəsi 0.18 ha qeyd edilmişdir. Kollegiya tərəfindən çoxsaylı sorğular ediməsinə baxmayaraq iddiaçılara aqrar islahat zamanı 0.18 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: (-) 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan hüquq normalarını hazırkı mübahisəyə tətbiqi baxımdan kollegiya hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-297A seriyalı şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin, 0.10 ha torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, 0.18 ha torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçıların, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda işdə olan sənədlərlə aqrar islahat zamanı A.Şükürov və iddiaçılara 0.08 ha torpaq sahəsinin ayrılması təsdiq edilsə də, 0.10 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması ilə bağlı iddiaçılar üzərlərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin tam olaraq təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın qismən ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(118)-1597/2021 nömrəli qərarı qismən - mərhum X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-297A saylı şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə, yəni mərhum X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-297A saylı şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar