Məhkəmə qərarları › İş №2-1(105)-242/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-242/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-242/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2805/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən İddiaçı “Hər iki daban sümüyünün sınığı. Hər iki aşıq-baldır oynağının kontrakturası. Hər 2 a/ə funksiya pozğunluğu. Şəkərli diabet İİ tip. Ağır gedişli. Hipertoniya İİ” diaqnozu ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı TSEK-də müayinədən keçərkən 7 nömrəli TSEK-in xx.xx.2020-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarına əsasən “Göndərişin natamam doldurulması” səbəbi ilə, 25 nömrəli TSEK-in xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 nömrəli qərarına əsasən isə “əlavə müayinəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Daha sonra TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən iddiaçıya “Aşağı ətrafların digər sınıqların nəticələri, hər iki daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonra hər iki aşıq-baldır oynağının ankilozu, hərəkət həcmi sıfır, oynağın ankilozu, hər iki aşıq-baldır oynağının ankilozu, hərəkət həcmi sıfır, ataktik yeriş, hər iki aşağı ətrafın yeriş, dayaq funksiyasının pozulması, qoltuq aşacının köməyi ilə gəzir, digər oynaqların postravmatik artrozu, hər 2 aşıq baldır oynağının postravmatik deformasiyaedici artrozu, daimi ağrı ilə” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı İİİ qrup əlilliyə görə müavinət alır. Əlilliyə görə müavinətin ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmış, xx.xx.2021-ci il tarixdən isə müavinət ödənişi bərpa edilmişdir. Hazırda iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, ona əllilliyin təkrar müəyyən edilməsi üçün keçirilmiş 6 ay ərzində ala bilmədiyi (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əliliyə görə təyin olunmuş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçının təkrar müayinəsi əsasında əlillik dərəcəsi xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün (“Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) ona ərizədə qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1 yanvar 2016-cı il tarixindən 5 il müddətinə ümumi səbəblərdən 2-ci dərəcə əlillik təyin edilmiş və o, 5 il ərzində həmin əlillik dərəcəsinə görə aylıq sosial müavinət almışdır. 28 iyun 2021-ci il tarixində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində iddiaçıya 3-cü əlillik dərəcəsi təyin edilmişdir. Bu əsasla ona həmin tarixdən əlillik dərəcəsinə uyğun sosial müavinət ödənilir. O, əlilliyin təkrar müəyyən edilməsi üçün keçirilmiş 6 ay ərzində əlilliyə görə müavinət almamışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı əlillik dərəcəsini mübahisələndirmir. Lakin hər bir halda o, qeyd olunan buraxılmış müddət (əlilliyinin yenidən müəyyən olunmasına qədər olan 6 aylıq müddət) ərzində əlil olaraq qalmışdır. Əlillik dərəcəsində dəyişiklik olunmuşdur. Bu isə iddiaçı tərəfindən mübahisələndirilmir. Hər hansı bir şəkildə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə şamil olunmaması, vəziyyəti yaxşılaşdıran qanunun isə geriyə şamil olunması prinsipləri nəzərə alınaraq imtina qeyri-qanunidir, əsassızdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçının əlillik müddətinin bitməsindən sonra 3-cü dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyinə və qanuna sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixdə edildiyinə görə (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli AR Qanununa əsasən) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə sosial müavinətin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2805/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim İ.Burcayev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması nəticəsi qəbul edildiyindən, qanuni və əsaslı deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası) Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: (-) 4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət (-). Maddə 7. Müavinətlərin təyin olunması şərtləri Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-) 7.0.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; (-). Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. (-) 9.1.2. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə (-). Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-) Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. (-) Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona əlilliyin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə əlilliyə görə ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə müavinət ödənilmiş, əlillik müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. İddiaçının əlillik müddəti bitdikdən sonra ilkin müayinə zamanı “Göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra da “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. İmtinaya əsas olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının əlilliyi TSEK-də yenidən qiymətləndirilərək xx.xx.2021-ci il tarixində əlillik təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müavinət ödənilməmişdir. İddiaçı tələbinin əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə istinad edərək əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyini qeyd edərək sözügedən madddənin hazırkı mübahisəyə tətbiq edilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ona ödənilməmiş müavinətin ödənilməsini xahiş edir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanuna 3.3-1-ci maddənin əlavə edilməsi ilə bağlı dəyişiklik xx.xx.2021-ci il tarixindən, yəni iddiaçının əlilliyinin təkrar müəyyən edildiyi xx.xx.2021-ci il tarixdən sonra qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən xüsusatlarından göründüyü kimi iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən 5 ay 27 gün sonra, xx.xx.2021ci il tarixindən onun əlilliyi yenidən müəyyən edilərək iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanuna 02 iyul 2021-ci il tarixli, 356 nömrəli AR Qanunu ilə dəyişiklik edilərək yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin dəyişiklik 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddədə qeyd edilir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə müddət məhdudiyyətinin tətbiq edilməsi inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə, hüquq münasibətləri iştirakçılarının intizamlandırılmasına və onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edilməsinə xidmət edir. Kollegiya qeyd edir ki, iddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 ay ərzində əlilliyi yenidən müəyyən edildiyindən sözügedən normanın əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin yenidən müəyyən edilməsi ilə bağlı hipotezası iddiaçıya münasibətdə ödənilmişdir. Sözügedən maddənin iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmaması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Kollegiya hesab edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 4–cü maddəsinə əsasən, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edildiyindən, lakin iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin əsasa görə müavinət ödənilmədiyindən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3.1-ci maddəsinə görə əvvəllər verilməmiş hüquqların verilməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməli və bu səbəbdən də sözügedən normativ hüquqi aktın qüvvəsi geriyə şamil olunmalıdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2805/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar