Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-242/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X1 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X2 hüquqlarının reyestrdə qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-1(118)-154/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. “Toxumçuluq” sovxozu üzrə 08 aprel 1996-cı il tarixli, 27/3 nömrəli əmrə əsasən Qusar Rayonu İcra Hakimiyyəti Başçısının 01 aprel 1996-cı il tarixli, 124 nömrəli sərəncamına əsasən sovxoz ərazisindən ayrılmış 15,41 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı təhkim edilmişdir.
2. İddiaçı ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, “Toxumçuluq” sovxozu üzrə 08 aprel 1996-cı il tarixli, 27/3 nömrəli əmrə əsasən ona ayrılmış Qusar rayonu X16 kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
3. İnzibati orqan müraciətin icrasından 16 oktyabr 2020-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, müraciət olunan torpaq sahəsinə ərazi idarəsinin kadastr məlumat bazasına əsasən digər şəxsin adına JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
4. İşdən görünür ki, Qusar rayonu X16 kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair X2 adına 05 may 2003-cü il tarixdə JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş və onun tərtib edilməsinə əsas olaraq Qusar Rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarı göstərilmişdir.
5. İddiaçı Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarının X3 0,15 ha torpaq sahəsi ayrılması hissəsində məhkəmə qaydasında mübahisələndirərək, şəhadətnamənin ləğv edilməsi və həmin qərar əsasında verilmiş JN- 042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(118)-265/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir.
7. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, X2 adına verilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdeh 01 avqust 2022-ci il tarixli, **********70 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu X16 kəndində yerləşən torpaq torpaq sahəsinə dair X2 adına verilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
9. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən vətəndaş X2 adına verilmiş JN- 042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X2 Hüquqların Dövlət Reyestrində qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Toxumçuluq sovxozu üzrə 08 aprel 1996-cı il tarixli 27 §3 saylı əmri ilə iddiaçıya Qusar rayonu, X16 kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli şəxslər tərəfindən iddiaçıya yerində təhkim olunmuş və oranı hasara alaraq istifadə etməyə başlamışdır. 25 ildir ki, göstərilən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. X2 adına verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsinə dair cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir.
11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
12. Birinci instansiya məhkəməsi tərəfindən X9, X10 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-1(118)-154/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva).
14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarıdır. Yəni iddiaçı hal-hazırda X2 adına tərtib edilmiş JN-042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni deyil, onun verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999- cu il tarixli, 10/4 saylı qərarını mübahisələndirməlidir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-265/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilmiş və nəticədə iddia mümkünsüz sayılmışdır, yəni hal-hazırda üçüncü şəxs X3 torpaq sahəsi ayrılması barədə Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin verilməsinə əsas olmuş qərarı mübahisələndirdiyi və buna nail olduğu halda həmin şəhadətnamənin ləğvini tələb edə bilərdi. Lakin, göründüyü kimi iddiaçının Qusar rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirdiyi iddia tələbi mümkünsüz sayılmış və məhkəmə qərardadı qanuni qüvvəsini almışdır.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı ilə iddiaçıya 0,12 ha torpaq ayrılmış, həmçinin, bu qərarla X3 0,12 ha həyətyanı sahə, 0,04 ha zəbt olunan sahə əlavə edilməklə, 0,16 ha torpaq sahəsi verilmiş və onun adına 0,16 və 0,15 ha torpaq sahələrinə dair JN-042A və JN-020 KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Yəni, üçüncü şəxsə AİK-nin qərarı ilə bir ərazidən 0,16 ha torpaq sahəsi ayrıldığı halda onun adına ayrı-ayrı torpaq sahələrinə dair 2 ədəd Şəhadətnamə tərtib edilmişdir. İş üzrə alınmış mütəxəssis rəyi ilə təsdiq edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üçüncü şəxsin adına JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. Bütün bunlar təsdiq edir ki, həmin şəhadətnamə üçüncü şəxsin adına əsassız olaraq tərtib edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-242/2025 nömrəli qərardadı ilə X10 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələrinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-652/2023 nömrəli qərardadı ləğv edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 adına verilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən – iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Üçüncü şəxs X1 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, üçüncü şəxs bacısıdır. Bacısı mübahisəsi gedən torpaq sahəsini X5 2003cü ildə alqı-satqı yolu ilə almışdır. Bacısı mübahisəli torpaq sahəsini almamışdan əvvəl də Qusar rayonu X16 kəndində yaşamışdır. Aqrar islahat zamanı bacısının ailəsinə ayrılan 0.16 ha torpaq sahəsi ilə hazırda mübahisə predmeti olan sahə bir birindən aralı məsafədə yerləşir.
20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
27. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, "xxxx" MMC və Qusar Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarına əsasən “Toxumçuluq” sovxozunun AİK-nin təsərrüfatda torpaq islahatının aparılmasına və püşkatmanın nəticələrinə dair 05 avqust 1999-cu il tarixli, 08 nömrəli qərarı təsdiq edilmişdir. - Qusar rayon AİK tərəfindən təsdiq edilmiş Qusar rayonunun X16 kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, cədvəlin 20-ci bəndində X9, X10 və X4 adları və onlara 0,16 ha torpaq sahəsi ayrıldığı, habelə, 42-ci bəndində İddiaçı adı göstərilərək ona 0,12 ha torpaq sahəsi ayrıldığı qeyd edilmişdir.
29. Eyni zamanda işdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarına əsasən, X9, X10 və X7 ayrılmış 0,16 ha torpaq sahəsinə dair onların adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 05 may 2003-cü il tarixli, JN-020A (cədvəldə qeyd edilən bəndə uyğun olaraq) KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
30. Həmçinin, işdən görünür ki, Qusar Rayon AİK-nin eyni tarixli və nömrəli qərarı əsas göstərilməklə üçüncü şəxs X2 adına 0,15 ha torpaq sahəsinə dair JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
31. 0,15 ha torpaq sahəsinə dair JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas kimi Qusar Rayon AİK-nin 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarı göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin qərarla X3 deyil, cədvəlin 42-ci bəndində qeyd edildiyi kimi, İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmışdır.
32. Cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyindən görünür ki, JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə aqrar islahat zamanı üçüncü şəxsin ailəsinə ayrılmış JN-020A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,16 torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür.
33. Göründüyü kimi üçüncü şəxsin adına tərtib edilmiş JN-042A nömrəli şəhadətnamədə göstərilən 0,15 ha torpaq sahəsi ilə aqrar islahat zamanı üçüncü şəxsə ailə üzvləri ilə birlikdə ayrılmış 0,16 ha torpaq sahələri tamamilə ayrı-ayrı sahələrdir.
34. Üçüncü şəxsin nümayəndəsi izahatında mübahisəsi gedən torpaq sahəsini 2003cü ildə alqı-satqı yolu ilə X5 alındığını bildirmişdir.
35. Halbuki, “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin......... altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 14-cü maddəsinə görə isə, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər.
36. Bundan başqa, JN-042A nömrəli Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-nin 11 mart 2025-ci il tarixli, 3-21-3-60/2-645/2025 nömrəli məktubundan görünür ki, qeyd olunan şəhadətnamənin X2 adına tərtib edilməsi barədə məlumat arxivdə aşkar edilməmişdir. Arxivdə saxlanılan Qusar rayonu X16 kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında 42 nömrə ilə iddiaçının adı qeyd edilmişdir.
37. Həmçinin, cavabdeh orqanın da məhkəmənin analoji sorğusuna cavab olaraq 14 aprel 2025-ci il tarixli, 3-21-3-34/2-4614/2025 nömrəli məktubundan müəyyən edilir ki, JN- 042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə elektron baza məlumatlarında 0,12 ha ilə, subyektlərin adlı siyahısında isə iddiaçının adı ilə qeydə alınmışdır. Şəhadətnamələrin qeydiyyat kitablarında ilkin qeydiyyat məlumatlarına təsdiqlənməmiş düzəliş olunaraq ad hissəsində X2 adı, sahə qrafasında 0,15 ha ilə qeyd edilmişdir.
38. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 0,15 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi – yəni, Qusar Rayon AİK-nin 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarı ilə bir nəfərdən ibarət ailə üzvü olmaqla M.Xamedovaya 0,15 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilmir.
39. Cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyindən görünür ki, “Toxumçuluq” sovxozu üzrə 08 aprel 1996-cı il tarixli, 27/3 nömrəli əmrə əsasən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,15 ha torpaq sahəsi ilə tam üst-üstə düşür.
40. Birinci instansiya məhkəməsi JN-042A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Qusar Rayon AİK-nin 12 avqust 1999-cu il tarixli, 10/4 nömrəli qərarının qanuni qüvvədə olması əsası ilə iddianı rədd etsə də, yuxarıda qeyd edildiyi kimi, hazırkı iddianın faktiki əsasını AİK-in qərarının qanunsuzluğu təşkil etmir. Çünki həmin qərarla həqiqətən də, üçüncü şəxsin ailəsinə aqrar islahat zamanı torpaq sahəsi ayrılmış və həmin sahəyə dair qanuni qüvvəsi mübahisələndirilməyən JN-020A saylı şəhadətnamə tərtib edilmişdir.
41. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinə əsasən........... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır.
42. Hazırkı halda da iddiaçı şəhadətnamənin tərtib edilməsinə əsas olmuş AİK-nin qərarını deyil, qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir.
43. İlkin iddia ərizəsində iddiaçı şəhadətnamənin tam olaraq ləğvini tələb etsə də, məhkəmə kollegiyasının hüquqi yardımına uyğun olaraq, apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin həcmini azaldaraq, X2 adına verilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən – ona məxsus 0,12 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab edir.
45. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, “Toxumçuluq” sovxozu üzrə 08 aprel 1996-cı il tarixli, 27/3 nömrəli əmrə əsasən 0,12 torpaq sahəsi iddiaçıya ayrılmasına və aqrar islahat zamanı həmin torpaq sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsinə baxmayaraq, həmin torpaq sahəsi də daxil olmaqla, 0,15 ha torpaq sahəsinə dair dair üçüncü şəxsin adına heç bir qanuni əsas olmadan JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş, bununla da, iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilir. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-1(118)-154/2024 nömrəli qərarı ləğv edilir. İddia təmin edilir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adına verilmiş JN-042A KOD 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qismən – İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.