Məhkəmə qərarları › İş №2-1(105)-243/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-243/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-243/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsinə qarşı “Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv.metr torpaq sahəsinin 28.10.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X2 barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(118)-855/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv m torpaq sahəsinin 28.10.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X11 oöluna satılması barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan 277 kv.m torpaq sahəsinin 227 kv.m hissəsini və onun üzərində yerləşən fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş 23 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Lakin sonradan ona məlum olmuşdur ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi C.Ağayevə verdiyi çıxarışda torpağın sahəsini 227 kv.m göstərmişdir. Bu hal Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və X7 adına yeni çıxarışda həyətyanı torpaq sahəsinin 227 kv m göstərilməsi qət edilmişdir. Lakin bundan sonra Xaçmaz bələdiyyəsi qanunsuz olaraq 28.10.2011-ci il tarixli qərarla onun mükiyyətində olan 50 kv m torpaq sahəsini X4. Halbuki, 50 kv.m torpaq sahəsi iddiaçıya vərəsəlik qaydasında keçmiş və 13 fevral 2007-ci il tarixli çıxarışa əsasən onun mülkiyyəti kimi qeydə alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(118)-855/2020 saylı qərardadı ilə iddia, müddətin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. (hakim V.Əzizova) İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianı mümkün sayaraq mahiyyəti üzrə baxılması üçün işin yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-781/2011 saylı 29.07.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı daşınmaz əmlaka qeydiyyatın əsassız hesab edilərək dəyişidirilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiası qismən təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində və çıxarışda düzəliş edilməsi qərara alınmış və C.Ağayevə 227 kv m göstərilməklə yeni çıxarışın verilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi mərhumə X5 məxsus olmuş, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi 277 kv m olmuşdur. S.Allahverdiyeva vəfat etdikdən sonra həmin yaşayış evi və evin yerləşdiyi 277 kv m həyətyanı sahə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Mübahisəli torpaq sahəsi faktiki olaraq 325 kv m ərazini əhatə etmiş, 325 kv m sahədən 227 kvm sahə C.Ağayevə satılmış, 42 kv m hissədə iddiaçının anasının adına olan mağaza binasının yerləşdiyi hissə olmuş, 48 kv m hissə zəbt hissə olmaqla bələdiyyə mülkiyyətinə aid olmuş, 8 kv m hissə isə iddiaçıya aid olmuşdur. Qətnamədə həmçinin C.Ağayevə izah edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi vətəndaşın müraciəti əsasında hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxsə hərrac yolu ilə satıla bilər. Bundan sonra Xaçmaz Bələdiyyəsinin 28.10.2011-ci il tarixli 16 saylı qərarı ilə yuxarıda zəbt kimi edilən 48 kv m torpaq sahəsi hərracdan kənar X8 satılmışdır. İddiaçı cavabdeh X8 qarşı məhkəmədə iddia qaldıraraq, 50 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1711/2017 saylı 01.06.2017-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 01.05.2018-ci il tarixli, 2(105)-293/2018 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi qərar əsasında satılan 48 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuş və həmin torpaq sahəsi bələdiyyənin 28.10.2011-ci il tarixli, 16 saylı qərarı ilə hərrac keçirilmədən X1. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması təkzib edildiyindən hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Verilmiş iddia digər əsaslarla da mümkünlük tələblərinə cavab vermir (iddia müddəti ötürülüb, iddiada iki müxtəlif inzibati orqanlara qarşı tələblər bir ərizədə qeyd edilib), lakin kollegiya qeyd edir ki, iddianın digər mümkünlük şərtləri o halda yoxlanıla bilər ki, əgər ilk olaraq iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Hazırkı halda isə iddiaçının subyektiv hüququnun olmaması müəyyən edildiyindən, digər mümkünlük şərtlərini yoxlamağı məqsədəmüvafiq hesab etmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(118)-855/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür Hakim Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar