Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-243/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2-1(118)-1133/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikası tərəfindən İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.
3. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndərişin natamam doldurulması əsas diaqnozun ağırlaşmalarını təsdiq edən istrumental müayinələrin dəqiləşdirilməməsi və ətraflı qeyd olunmaması səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1972-ci ildə anadan olmuşdur. Avtoqəza nəticəsində xx.xx.2009-cu ildən hal-hazıradək bədənin bir neçə nahiyyəsini əhatə edən sınıqlar səbəbindən sağlamlığını itirmişdir. Qeyd edilən xəstəliyə görə sonuncu dəfə ona 2016-cı ilin noyabr ayında 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Növbəti əlilliyin qiymətləndirilməsi tarixi 2021-ci ilin noyabr ayı təyin edilmişdir. Bədənin bir neçə nahiyyələrini əhatə edən digər müştərək sınıqlar diaqnozu ilə xx.xx.2021-ci ildə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında stasionar şəraitdə müayinə və müalicə almışdır. Sumqayıt şəhər 11 nömrəli X3 tərəfindən TQS №088 formalı ******* AAMLS saylı göndərişlə sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvanına göndərilmişdir. Göndərişdə xəstəliyinin əsas diaqnozu kimi “Bədənin bir neçə nahiyyələrini əhatə edən digər müştərək sınıqlar. Sağ baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiya, sol qamış sümüyünün yuxarı 1/3-nin əyri bitişmiş sınığı; Orta, aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı 1/3-nin əyri bitişmiş sınığı; alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər iki əng sümüyünün bitibmiş sınığı, QKBT, hər iki baldırın kobud kelloid dartıcı çapıqları” göstərilmişdir. Lakin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci ildə əlillik təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi “X5 tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirılsin və ətraflı qeyd olunsun” kimi göstərilmişdir.
6. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T259/2022 saylı rəyindən görünür ki, İddiaçı iş materiallarında oları əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilmiş “bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sağ baldır sümüklərinin orta H-nin, qeyri-düzgün bitişmiş sınığı, eformasiyası, sol qamış sümüyünün yuxarı Уз-nin əyri bitişmiş sınığı, orta aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı 1/3-nin əyri bitişmiş sınığı, alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər iki əng sümüyünün bitişmiş sınığı, qapalı kəlləbeyin travması, hər iki baldırın kobud kelloid dartıcı çapıqları” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmamışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 1133/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının son 1 il ərzində yalnız xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olması və xx.xx.2021-ci il tarixdə müayinədə olması müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıya təyin olunmuş diaqnozun əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermədiyi öz təsdiqini tapmışdır.
9. Qərardan İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin, İPM-in 33 və 73-cü maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 saylı qərarına görə eyni xəstəlikdən sonra 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyasının bərpa olunmadığı şəxslərə əlillik təyin edilməlidir. Məhkəmə Nazirlər Kabinetinin bu qərarının tələblərini pozmuşdur. Belə ki, avtoqəza səbəbindən xx.xx.2009-cu ildən hal-hazıradək “Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sağ baldırın hər 3 sümüyünün orta 1/3, sol qamış süm. deformasiyası ilə q/d bitişməkdə olan sınığı. İllizarov aparatı fiksasiyası s.v hər 2 a/ə funksiya pozğunluğu. Hər 2 diz oynağının funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” xəstəliyin daşıyıcısıyam. Bu diaqnoz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının müayinə və müalicə sənədləri ilə təsdiq edilmişdir. Sonuncu dəfə əlilliyin təyini üçün Sumqayıt şəhər 1 №-li X2 tərəfindən TQS № 088 formalı 0531003AAMLS saylı göndərişlə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmışdır. Ona eyni diaqnozla 2012, 2013, 2014, 2015, 2016-2021-ci illərdə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyini zamanı verilmiş diaqnozlar eyni olmuşdur. Bu xəstəliyə görə 2009-cu ildən 2021-ci ilə qədər əlillik təyin edilmişdir. Hal-hazırda sağlamlıq durumu əvvəlkindən daha da ağırdır. Məhkəmə-tibb ekspertizasının rəyi əsassızdır və məhkəmə əsassız rəyə istinad etməklə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. (...)
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (...) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”
1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməlidir.
20. İşdən görünür ki, İddiaçı xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
21. Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikası tərəfindən İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndərişin natamam doldurulması əsas diaqnozun ağırlaşmalarını təsdiq edən istrumental müayinələrin dəqiqləşdirilməməsi və ətraflı qeyd olunmaması səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir.
22. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı təyin edilmiş diaqnozu təsdiq edilirmi ? 2) diaqnozun təsdiq edildiyi halda həmin diaqnoz və ümumiyyətlə, iddiaçının səhhəti ona ll qrup əlillik dərəcəsinin təyin edilməsinə əsas verirmi?
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T 259/2022 saylı rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında oları əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilmiş “bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sağ baldır sümüklərinin orta H-nin, qeyridüzgün bitişmiş sınığı, eformasiyası, sol qamış sümüyünün yuxarı 1/3-nin əyri bitişmiş sınığı, orta aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı 1/3-nin əyri bitişmiş sınığı, alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər iki əng sümüyünün bitişmiş sınığı, qapalı kəllə-beyin travması, hər iki baldırın kobud kelloid dartıcı çapıqları” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmamışdır.
24. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, ekspert rəyinə istinad etmiş və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların təsdiqini tapmadığını qeyd etmişdir.
25. Məhkəmə kollegiyası iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin ekspertlərinə tapşırmışdır.
26. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0531003AAMLS nömrəli Forma 88 göndərişində qeyd olunmuş xəstəliklər-bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sağ baldır sümüklərinin orta 1/3-nin, qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, sol qamış sümüyünün yuxarı 1/3-nin əyri bitişmiş sınığı, orta aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı 1/3-nin əyri bitişmiş sınığı, alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər iki əng sümüyünün bitişmiş sınığı, qapalı kəllə-beyin travması, hər iki baldırın kobud kelloid dartıcı çapıqları, habelə həmin xəstəliyin ağırlaşmaları və yanaşı xəstəliklər aşkar edilirmi? 2. İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan konkret maddə və əlilliyin dərəcəsi göstərilməklə)? 3. İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti göstərilməklə)?
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin T352/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Sağ baldır sümüklərinin orta 1/3-nin deformasiya ilə qeyri-düzgün bitişmiş sınığı, sol qamış sümüyünün yuxarı A-nin köhnə qeyri-düzgün bitişmiş, orta, aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınıqları, sol incik sümüyünün orta, aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, alt çənə sümüyünün hər iki şaxəsinin və cisminin metallik ştiftlə osteosintezdən sonrakı vəziyyət, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki baldır əzələlərinin atrofiyası, oynaqların kontrakturası, hər iki gicgah-çənə oynağının kontrakturası, qida qəbulunun çətinləşməsi və nitq pozğunluğu” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2,3-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz ona ikinci dərəcə əlillik təyin edilməsinə əsas verməsə də, kodu M24.5 olan ağırlaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci bəndinə əsasən ona üçüncü dərəcə əlillik təyin edilməsi üçün əsasdır.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci bəndinə əsasən, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) halda üçüncü dərəcə əlillik təyin edilir.
30. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış Forma 88 göndərişindən görünür ki, iddiaçıda olan ağırlaşma M24.5 - Oynaqların kontrakturası hər iki aşıq baldır oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə göstərilmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan həmin ağırlaşma üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabdeh tərəfindən ona ümumiyyətlə əlliliyin təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.
32. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də idiaçının apellyasiya şikayəti əsaslıdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi qismən təmin edilməli, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2-1(118)-1133/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.