Məhkəmə qərarları › İş №2-1(105)-244/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-244/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-244/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:vergi orqanı qərarının mübahisələndirilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı ƏVİ-nin xx.xx.2023-cü il tarixli **********788600 nömrəli və xx.xx.2023-cü il tarixli **********106900 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-1(118)-3895/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********788600 nömrəli qərarlardan görünür ki, İddiaçı MMC-yə müəssisəyə kameral qaydada 2022-ci ilin 3-cü rübü üzrə 254114.55 manat ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********106900 qərarlardan görünür ki, İddiaçı MMC-yə müəssisəyə kameral qaydada 2022-ci ilin 4-cü rübü üzrə 440823.60 manat ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********788600 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı ƏVİ-nin xx.xx.2023-cü il tarixli **********788600 nömrəli və xx.xx.2023-cü il tarixli **********106900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********788600 nömrəli qərarına əsasən müəssisəyə kameral qaydada 2022-ci ilin 3-cü rübü üzrə və xx.xx.2023-cü il tarixli **********106900 nömrəli qərarına əsasən 2022-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən bəhs edilən qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71 -2-ci və 130.1 -1-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb ema edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1- ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası "nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktf’nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN. seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş ” Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının ” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəfimizdən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəfimizdən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən qanunsuz qərarlar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-yə 2022-ci ilin 3-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 254114,55 manat vergi məbləği hesablanmışdır. Yaranmış kənarlaşmaya əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən elektron alış aktı əsasında 5082290,9 manat dəyərində əlvan və qara metal qırıntıları əldə edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ÖMV bəyannaməsi təqdim edilərək vergi hesablanılmadığı üçün yaranmış kənarlaşma üzrə xx.xx.2022-ci il tarixdə analoji qaydada 254114,55 manat vergi hesablanmışdır.Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə qeyd edilən dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış məbləği azalmışdır.Vergi ödəyicisinə dəqiqləşdirilmiş vergi bəyannaməsi ilə bağlı uyğunsuzluq məktubu göndərilərək xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği bərpa edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********688900 nömrəli və xx.xx.2023-cü il tarixli **********643900 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubları göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin 3-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 254114,55 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********788600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Daha sonra isə 2022-ci ilin 4-cü rüb ödəmə mənbəyinə tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 440823.60 manat vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-3895/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 31 may 2023-cü il tarixli **********788600 nömrəli və 19 iyun 2023-cü il tarixli **********106900 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vergi orqanını vəsatətinə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslər tərəfindən satılmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəliri vergidən azad olunduğu üçün hesablanmış vergilər qanunsuz və əsassızdır. Məhkəmə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir. Həmin maddi hüquq normasının məhkəmə kollegiyası tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi, metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik. “Qiymətli metallar və qiymətli daşlar haqqında” AR Qanununun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ifadəsi ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymətli daşlar” ifadəsi öncə əks olunmuş, daha sonra isə metallar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı şəkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyini, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır. Bu baxımdan həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni, metalların bütün növləri üzrə satış; gəlir vergisindən azad deyildir. Azərbaycan dilinin qrammatikası baxımından da qiymətli ifadəsi metal ifadəsinə aid olmadığı üçün məhkəmə kollegiyasının məhdudlaşdırıcı şərhi yolverilməzdir. Belə ki, qiymətli daşlar ifadəsi birinci növ təyini söz birləşməsi olmaqla, qiymətli sözü yalnız daşlar ifadəsini təyin və izah edir. Lakin metallar ifadəsi təyini söz birləşməsi olmadığı üçün, yəni metallar ifadəsinin konkret və müstəqil təyini mövcud olmadığı üçün “qiymətli” ifadəsinin “metallar” sözünə aid edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında qanun” Azərbaycan Respublikasının qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5.xam dərinin tədarükü Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə etdiyi gəlirləri gəlir vergisindən azaddır. Yuxarıdan qeyd olunanlardan göründüyü kimi əlvan və qara metal qırıntılarının qəbulu zamanı malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə işin faktiki hallarına dair yuxarıda qeyd olunan mühüm məlumatları araşdırmadan və aidiyyəti olan qanunvericilik aktlarının və normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətinə nəzər salsaq bu şikayətin hər hansı sübuta və əsasa malik olmadığı, VM-nin müvafiq maddələrini sadalanması ilə şikayətin mətninin formalaşdırıldığı və maddi-prossesual normaların pozuntusunun nədə ifadə olması barədə məlumatın təqdim edilmədiyini aydın görmək mümkündür. Eyni zamanda tərəfindən iş materiallarına əlavə edilmiş və vahid məhkəmə təcrübəsinə dair kassasiya və apellyasiya instansiya məhkəmələrinin çoxsaylı qərarlarına dair cavabdeh hər hansı münasibət bildirməmişdir. Bununla yanaşı cavabdeh " İnzibati icraat haqqında " 13-cü maddəsinə uyğun olaraq hansı səbəbdən inzibati praktikaya uyğun davranmaması barədə də hər hansı əsaslandırma apara bilməmişdi. Çünki iddia tələbi əsaslıdır. İş materiallarına və hazırki etiraza əlavə edilmiş vahid məhkəmə təcrübəsinə dar yuxarı məhkəmələrin çoxsaylı qərarlarına, habelə apellyasiya və kassasiya şikaətlərinin məzmununa diqqət yetirən zaman hazırkı iş üzrə təqdim edilmiş apellyasiya şikayətinin sadəcə eyni məzmunlu və eyni sözlərdən ibarət olduğu aydın görünür. Başqa sözlə desək, cavabdeh formal olaraq apellyasiya şikayəti təqdim etmiş və sadəcə prosesi uzatmaq məqsədinə nail olmaq istəyir. Hətta, AR DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən hazırki iş üzrə müəyyən edilmş əsaslarla (VM-nin 101.6-ci və 102.1.7-ci maddələri ilə ) hesablanmış vergilərin əsassız olduğu və bu səbəbdən bu faktlarla bağlı açılmış cinayət işinə bəraətverici əsaslarla xitam verildiyi də nəzərə alınmalıdır. Bu özü özlüyündə bu əsaslarla hesablanmış vergi məbləğinin qanunsuz olduğunu bir daha təsdiq edir. Apellyasiya şikayətinin dəlili kimi maddi hüquq norması olaraq Vergi Məcəlləsinin 101.6-cs , 102.1.7-ci maddələrinə və " Nağdsız hesablaşmalar haqqında " 3.5-ci maddəsinə istinad edilmişdir. AR VM-nin 101.6-cı maddəsinə əsasən ( mübahisə olan zaman qüvvədə olan redaksiyasına görə) : "Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. "Aydın olduğu kimi Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında " (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla ) " şərti qeyd edilmiş və bu şərt vasitəsilə " Nağdsız hesablaşmalar haqqında " 3.5-ci maddəsində nəzərdə tutulub- tutulmamasından asılı olmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz dərəcə ilə vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə, sözügedən maddənin tələbinə əsasən Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. AR VM-nin 102.1.7-ci maddəsinə əsasən (mübahisə olan zaman qüvvədə olan redaksiyasına görə) : "Fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə etdiyi gəlirləri vergidən azaddır. " AR VM-nin 13.1-ci maddəsinə əsasən bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Apellyasiya şikayətinin əsassız dəlili sahəvi normativ aktın adından istifadə edərək VM-nin müvafiq maddəsindəki söz və ifadənin izahının verilməsi hüquqi cəhətdən düzgün deyil və belə müqayisə barədə hər hansı ağlabatan mühakimə yürütmək də mümkün deyildir. Bəhs edilən maddənin qrammatik baxımdan şərhinə gəlincə isə qeyd edilməlidir ki, "qiymətli daşlardan və metallardan " ifadəsi təyini söz birləşməsi kimi " qiymətli " ifadəsinin həm daşlara, həm də metallara aid olduğunu bildirir. Belə ki, "daşlar "sözü" və "bağlayıcısı vasitəsilə" metal "sözü ilə əlaqələndirildiyinə görə" qiymətli " ifadəsi hər iki sözə aiddir və onların hər ikisinin də mahiyyətini təyin edir. Bağlayıcı ilə əlaqələndirildiyinə görə "metal" sözünün müstəqil mənada ayrıca işlədilməsi qrammatik cəhətdən mümkün deyildir. Təsadüfi deyildir ki, həmin maddənin dispozisiyasında həm də " qiymətli daşlar və metalların məmulatlarından "ifadəsi də nəzərdə tutulmuşdur ki, bu da özündən əvvəlki ifadənin izahında mühüm rola malikdir. Başqa sözlə desək, kassasiya şikayətinin dəlilinə uyğun olaraq 102.1.7-ci maddədə qeyd edilən " qiymətli daşlar və metallar " ifadəsini ayrı-ayrı müstəqil mənalı ifadələr kimi parçalasaq, alınan nəticə belə olacaqdır. 1. " qiymətli daşlardan " (və) 2. " metallardan " 3. " qiymətli daşlar " (və) 4. " metalların məmulatlarından ". Aydın olduğu kimi cümlədə istifadə edilən 1-ci, 2-ci və 4-cü söz birləşmələri ayrılıqda müstəqil işlədilə bilsə də, 3-cü ifadə ayrılıqda hər hansı mənaya malik deyil və ondan ayrılıqda istifadə edilməsi həmin maddənin məzmununu tam yararsız vəziyyətə salır. Bu bir daha onu göstərir ki, " daşlar " və " metallar " sözləri bir-birinə bağlıdır və " qiymətli" sözü hər iki ifadəyə şamil edilir. Bu baxımdan qiymətli metal və onların məmulatı anlayışı " Qiymətli metallar və qiymətli daşlar haqqında " 1.1.1-ci və 1.1.3-cü maddələrində dəqiq formada öz əksini tapmışdır. Fiziki şəxslər tərəfindən təqdim edilmiş metal tullantıları qiymətli metal kateqoriyasına aid olmadığı üçün apellyasiya şikayəti əsassızdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli **********5184300 nömrəli məktubunda VM-nin 102.1.7-ci maddəsinin ətraflı izahı öz əksini tapmış və həmin məktubda yalnız qiymətli metalların vergiyə cəlb edildiyi , qiymətli metal olmayan əlvan və qara metalların isə vergidən azad edildiyi aydın formada bəyan edilmişdir. Xüsusi qeyd edilməlidir ki, bəhs edilən bu məktub VM-nin 15.1.2-ci , 24.0.3-cü və " Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında " qanunun 8.4-cü və 8.6-ci maddələri baxımından mötəbər sübutetmə vasitəsi hesab edilir. Bu baxımdan da apellyasiya şikayəti əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...... Maddə 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;... “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar. 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;.... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 2022-ci ilin İİİ və İV rübünə adi dövrlə bağlı əlavə vergi məbləği hesablanmasına dair qəbul edilmiş qərarların ləğv edilməsindən ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan 2022-ci ilin İİİ rübü və İV rübü ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən İİİ rüb üzrə 254114,55 manat və İV rüb üzrə 440823,60 manat əlavə vergi məbləği hesablayaraq, bu barədə qərarlar qəbul etmişdir, vergi məbləğləri üzrə kənarlaşmanın yaranmasının əsası kimi iddiaçı tərəfindən həmin dövrdə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən elektron alış aktı əsasında 5082290,9 manat (İİİ rüb üzrə) və 8816471,90 manat (İV rüb üzrə) dəyərində əlvan və qara metal qırıntıları əldə etməsinə baxmayaraq, VM-nin 101.6-cı maddəsinə əsasən ÖMV bəyannaməsi təqdim edilərək, vergi hesablanmaması halına istinad etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan qeyd edilən əmlak məmulatlarının təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb olunmalı olan gəlir qismində çıxış etməklə, VM-nin 101.6-cı maddəsinin təsiri altına düşdüyünü qeyd edir. İddiaçı tərəf isə qeyd edilən gəlir növünün VM-nin 102.1.7-ci maddəsinin təsiri altına düşməklə, vergidən azad olunduğunu bildirir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda tərəflər arasında mübahisə məhz Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Həmin normanın məzmununa əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azaddır. Cavabdeh həmin normanın məzmununda əks olunmuş “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün yalnız “daşlar”a aid edildiyini, “metallar”a aid edilmədiyini qeyd edərək, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu qənaətinə gəlmişdir. İddiaçı isə əksinə “qiymətli” ifadəsinin həm daşlara, həm də metallara aid edilməsi halına istinad edərək, onun barəsində vergi məbləğinin əsassız olaraq hesbalandığını qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda tərəflər arasında yaranmış mübahisəli məsələnin həlli ilə bağlı artıq formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olmaqla, qeyd olunan normanın tətbiqi ilə bağlı təsiri dairəsi ifadə olunmuşdur. Qeyd edilən hallara əsasən müəyyən edilmişdir ki, qiymətli metal qismində hansı məmulatların çıxış etməsi halı məhz bu barədə mövcud olan yuxarıda istinad edilən müvafiq qanunla tənzimlənir. Həmin normanın tələbindən də görünür ki, əlvan və qara metallar, habelə onların tullantı və qırıntıları qiymətli metal anlayışının məzmununa daxil deyildir. Qiymətli olmayan metallar və onların tullantı (qırıntıları) Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin təsiri dairəsinə düşür. Bu səbəbdən də həmin məmulatların təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının məzmununda vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunda qiymətli metal olmayan metalların və onların tullantılarının təqdim edilməsinin fiziki şəxslərin gəlir vergisindən azad olunduğunun qeyd edilməsi əks olunmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-3895/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar