Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı Hatəm qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hatəm qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(118)-976/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Hatəm qızı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 31.5 kv.m olan 2 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 28 fevral 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim edilən Sumqayıt şəhər İHB-nın 03.06.2019-cu il tarixli sərəncamı və 03.06.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, mənzil üzərində istifadə hüququnun qeydiyyatının aparılması mümkündür. Qeyd edilən imtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhəri, 47-ci məhəllə 12 saylı evin 8 saylı mənzili üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: “Azərkimyatəmir” trestinin 25.04.1995-ci il tarixli 164 iclasının 21.04.1995-ci il tarixli 164 saylı məktubuna, Trestin mənzil-məişət komissiyasının və HİK-si ilə birgə iclasının 21.04.1995-ci il tarixli protokoluna əsasən 2 otaqlı, yaşayış sahəsi 31,5 kv.m olan 47-ci məhəllə ev 12, 8 saylı mənzil iddiaçıya ayrılmışdır. Mənzilin iddiaçıya ayrıldığı vaxdan etibarən 2019-cu ilədək həmin mənzildən məcburi köçkün ailəsi istifadə etmişdir. 2019-cu ildən etibarən məcburi köçkün ailəsi başqa yaşayış sahəsinə yerləşdiyi üçün iddiaçının mənzili faktiki istifadəsinə verilmişdir. Sonradan iddiaçı Sumqayıt İcra hakimiyyətinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 8 saylı mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Sumqayıt şəhər İcra Başçısı 128 saylı, 03 iyun 2019-cu il tarixində yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. Həmin sərəncam əsasında 03 iyun 2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyi arasında Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 8 saylı mənzilə dair Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Mənzilə dair qeyd edilən sənədləri əlavə etməklə 24.02.2020-ci il tarixdə ərizə ilə həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 28 fevral 2020-ci il tarixli cavab məktubunda istifadə hüququnun qeydiyyata alınmasını mümkün hesab etmiş, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İddia ərizəsində göstərilən hallar cavabdeh tərəfindən araşdırılmışdır və müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş mənzil sahəsinin ayrılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 iyun 2019-cu il tarixli 128 nömrəli sərəncamı və 03 iyun 2019-cu il tarixli icarə müqaviləsinə əsasən mənzil üzərində mülkiyyət hüquqlarının deyil, istifadə hüququnun qeydiyyatının aparılması mümkündür. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt şəhər İcra Hakimiyyəti hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(118)-976/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyət hüququnu yox, istifadə hüququnu müəyyən edən sənədi inzibati orqana təqdim etmişdir. Eləcə də iddiaçıya 47-ci məhəllə, ev 12, mənzil 8 “Azərkimyatəmir” trestinin HİK və MMK-nın 21.04.1995-ci il tarixli 03 № protokoluna əsasən ayrılsa da, hazırda ona müvafiq order verilməmişdir, hansıkı hazırda həmin sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Həmin mənzil hazırda dövlət mənzil fonduna daxildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxan məhkəmə Mənzilin kirayə müqaviləsi əsasında özəlləşdirilməsi barədə qanunvericiliyin tələblərini nəzərə almadan və mübahisəyə həmin hüquq normalarını tətbiq etməkdə iddianı təmin etməli olduğu halda, cavabdeh təşkilatın mülahizələrini əsas tutmaqla onun mənzilin özəlləşdirilməsindən imtinasını əsaslı hesab etmişdir. Cavabdeh təşkilat mənzilə dair orderin olmamasını bəhanə edərək mənzilin özəlləşdirilməsindən qanunsuz imtina etməkdədir. «Azərbaycan Respublikası Mənzil fondunun özəlləşdirilməsi haqqında» 1993-cü il 26 yanvar tarixli qanuna əsasən Dövlət və ictimai mənzil fondunun mülkiyyətçiləri ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları mənzilləri bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək huququ vardır. Qanuna görə (9-cu maddə) yalnız saxta sənədlər təqdim olunduğu halda, yaxud mənzil mübahisəli olduğu halda Daşınmaz əmlakın Dövlət Reyestr xidməti onu özəlləşdirməkdən imtina edə bilər. 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil məcəlləsi ilə yaşayış sahəsinə orderlərin verilməsi dayandırılmışdır. Bundan başqa o, həmin mənzilin 2009-cu ilə qədər özəlləşdirmək imkanı ondan asılı olmayan səbəblərə görə məhdud olmuşdur. Belə ki, həmin binada və onun mənzilində məcburi köçkün ailəsi məskunlaşmışdır. İcarə müqaviləsi isə mənzildən daimi istifadə hüquq verən və səlahiyyətli orqanlar tərəfindən təqdim olunmuş hüquqi sənəddir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq 3-cü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına 09 mart 2021-ci il tarixli məktub ünvanlayaraq, iddia tələbinə münasibətdə rəyini bildirmişdir. Həmin rəydə qeyd edilir ki, 47-ci məhəllə, ev 12, mənzil 8 İddiaçı “Azərkimyatəmir” trestinin HİK və MMK-nın 21.04.1995-ci il tarixli 03 № protokoluna əsasən ayrılmışdır. Mənzil yaşayış sahəsi 31,35 kvadrat metr olan 2 otaqdan ibarət olmaqla dövlət fonduna daxildir. Mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından sənədləşdirilməmiş və iddiaçı ona aid mənzilə köçə bilməmişdir. İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, yataqxana 7, ev 7, mənzil 14-də qeydiyyatda olmaqla, məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar 2019-cu ildən faktiki olaraq 4 nəfər ( özü, oğlu, gəlini və nəvəsi) ailə tərkibi ilə 47-ci məhəllə, ev 12, mənzil 8-də yaşayır. Göstərilən mənzil İddiaçı 1995-ci ildə verildiyinə görə qaldırılan məsələyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ərizəçinin hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, SŞİH Başçısının 03.06.2019-cu il tarixli 128 saylı sərəncamı ilə yaşayış sahəsi 31.35 kvadrat metr olan 2 otaqlı 47-ci məhəllə, ev 12, mənzil 8-ə dair İddiaçı Hatəm qızı ilə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinn tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. 03.06.2019-ci il tarixdə mübahisəli mənzilə dair 4 nəfər (özü, oğlu, gəlini və nəvəsi) ailə tərkibi ilə İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. 2009-cu ilin 1 oktyabrında qüvvəyə minmiş AR Mənzil Məcəlləsinə əsasən həmin tarixdən etibarən yaşayış sahələrinə orderlərin verilməsi dayandırıldığından iddiaçı ilə göstərilən mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(118)-976/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. İş materiallarından görünür ki, “Azərkimyatəmir” trestinin 25.04.1995-ci il tarixli məktubuna və trestin mənzil məişət komissiyasının müdiriyyət və HİK ilə birgə iclasının 21.04.1995-ci il tarixli 03 № protokoluna əsasən 47-ci məhəllə, ev 12 mənzil 8 ünvanda yerləşən yaşayış sahəsi 31.35 kv.m olan 2 otaqlı mənzil İddiaçı Hatəm qızına ayrılmışdır. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 22 avqust 1996-cı il tarixli 124 saylı məktubu ilə iddiaçıya zəmanət məktubu verilərək, göstərilən ev hazır olmadığı və dövlət komissiyası tərəfindən hələ qəbul olunmadığı üçün order verilmədiyini bildirmiş, həmçinin zəmanət vermişdir ki, İddiaçı Hatəm qızı iş yerini dəyişib-dəyişməməsindən asılı olmayaraq, Trestin yuxarıda göstərilən protokoluna əsaslanaraq, 12 №-li təzə istifadəyə verilən bina hazır olduqdan sonra ona həmin mənzilə dair order veriləcəkdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 48 saylı 21.04.2021-ci il tarixli məktubundan göründüyü kimi, qeyd edilən mənzildə 1993-cü ildən 2019-cu ilin aprel ayına kimi Qubadlı rayonundan məcburi köçkün X2 və onun ailəsi məskunlaşdığı üçün iddiaçı yaşayış sahəsinə köçə bilməmiş, 2019-cu ildə məcburi köçkün ailəsi başqa yaşayış sahəsinə yərləşdirildiyi üçün, iddiaçı ailə üzvləri ilə həmin mənzilə köçürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03 iyun 2019-cu il tarixli 128 saylı sərəncamına əsasən, mübahisəli mənzilin iddiaçıya 1995-ci ildə verildiyini nəzərə alaraq, yaşayış sahəsi 31.35 kv.m olan 2 otaqlı, 47-ci məhəllə, ev 12, mənzil 8-ə dair İddiaçı Hatəm qızı ilə 01.10.2019-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin sərəncama uyğun olaraq iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 03 iyun 2019-cu il tarixli Dövlət Mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İşin hallarından göründüyü kimi, iddiaçı 01.10.2019-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsinin bağlanması barədə İcra Hakimiyyətinin 03.06.2019-cu il tarixli sərəncamını və eyni tarixli kirayə müqaviləsini təqdim etmişdir. Cavabdeh hesab etmişdir ki, bu sənəd iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verən hüququmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Halbuki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır; - 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № -li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. - 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mənzil fonduna məxsus olan mənzilin kirayəçisi əvəzsiz olaraq həmin mənzili şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir. Bunun üçün həmin şəxs müvafiq sənədləri, o cümlədən həmin mənzilə köçmək kirayə müqaviləsi və müqavilənin bağlanması barədə sərəncam təqdim etməlidir. Qanunda sadalanmış sənədləri təqdim etmiş şəxs mülkiyyət hüququnun reallaşdırılması imkanını qazanmış olur. Maddələrin tələblərinin işin hallarına tətbiqi onu ehtiva edir ki, iddiaçı tərəfindən siyahısı Qanunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə ki, işin yuxarıda şərh edilən hallarından görünür ki, mübahisəli mənzil iddiaçıya işlədiyi müddətdə “Azərkimyatəmir” trestinin 25.04.1995-ci il tarixli məktubuna və trestin mənzil məişət komissiyasının müdiriyyət və HİK ilə birgə iclasının 21.04.1995-ci il tarixli 03 № protokoluna əsasən ayrılmış, həmin vaxt göstərilən ev hazır olmadığı və dövlət komissiyası tərəfindən hələ qəbul olunmadığı üçün İcra Hakimiyyəti tərəfindən order verilməmiş, lakin Sumqayıt şəhər İcra Hakimiyyəti iş yerini dəyişib-dəyişməməsindən asılı olmayaraq, 12 №-li təzə istifadəyə verilən bina hazır olduqdan sonra həmin mənzilə dair order veriləcəyi barədə iddiaçıya 22 avqust 1996-cı il tarixdə 124 saylı məktubla zəmanət vermişdir. Eyni zamanda işdən görünür ki, mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğu üçün iddiaçının ona ayrılmış mənzilə köçməsi, adına order verilməsi mümkün olmamış, yalnız 2019-cu ildə məcburi köçkün ailəsi başqa mənzillə təmin edildikdən sonra iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş, bundan sonra isə İcra Hakimiyyəti 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasını qərara almışdır. Başqa sözlə, binanın balans saxlayıcısı kimi icraata üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt ŞİH öz sərəncamı ilə iddiaçının həmin yaşayış sahəsinə 01.10.2009-cu il tarixədək hüququnun olduğunu inzibati aktla təsdiq edir. İddia olunan mənzilə (iddiaçının adına) kirayə müqaviləsinin bağlanmasına dair 03 iyun 2019-cu il tarixli sərəncamın 2009-cu il Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra qəbul edilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yazılı formada təsbit etmiş, tərəflərin həmin münasibətlərdən irəli gələn hüquq və öhdəliklərini müəyyən etmişdir. Buradan, işin hazırkı vəziyyətində yeni (2009-cu il) Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün əsaslar yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Maddənin tələbindən göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair icra hakimiyyəti orqanının sərəncamı və kirayə müqaviləsi daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli 5 Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçı mübahisəli mənzilin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması üçün zəruri olan sənədlərə malik olduğu halda cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan halların heç birinin olmamasına baxmayaraq əsassız olaraq iddiaçının müraciətini təmin etməmişdir. İşin apellyasiya məhkəməsində araşdırılması zamanı da, iddiaçıya məxsus mənzilin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2- 1(118)-976/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2-1(118)-976/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanda yerləşən yaşayış sahəsi 31,5 kv.m olan 8 saylı mənzil üzərində İddiaçı Hatəm qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-245/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-245/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver