Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(118)-830/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.08 ha torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, JN-5159A, kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi ona məxsus olsa da, cavabdeh əsassız olaraq həmin torpaq üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsindən imtina edir. Belə ki, cavabdehin bazasında və ya arxivdə iddiaçıya məxsus sənədlərin olmaması onun təqsiri deyildir.
5. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən və Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Vətəndaş tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Bununla əlaqədar həmin torpaq sahəsinin yerləşdiyi ərazi məlum deyildir və qeyri-müəyyəndir. Mübahisələndirilən JN-5159A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 nömrəli qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 2-1(102)-1910/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2021ci il tarixli, 2-1(105)-182/2021 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda göstərilmişdir ki, iddiaçıya torpaq ayrılmasının müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən X4 X14 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla təsdiq edilmiş layihə sənədlərinin, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının əldə edilməsi ilə bağlı müvafiq sorğu verilməli, müvafiq sənədlərdə iddiaçının adının olub-olmaması araşdırılmalı idi. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi Dövlət Arxivinin verdiyi məlumatlarla kifayətlənmiş, iş üzrə araşdırmanı davam etdirməmiş, nəticədə iddiaçıya torpaq sahəsinin ayrılıbayrılmaması ilə bağlı obyektiv həqiqətin əldə olunması istiqamətində hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
1. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır.
18. Belə ki, iş üzrə təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, müvafiq sorğular verilmiş və nəticədə cavabdehin iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinasının əsaslı olduğu müəyyən edilmişdir.
19. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir və imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, JN-5159A, kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır.
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpağın İddiaçı qanuni surətdə ayrılması keçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Cavabdehin həmin şəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həmin sənədin Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına əsasən verildiyi göstərilmişdir. X10 filialının 10 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı protokoluna və ona əlavə edilmiş sənədlərə pay torpağı və fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alacaq vətəndaşların adlı siyahıları əlavə edilməmişdir. X10 filialının 559 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir.
22. Beləliklə, hazırkı iş üzrə əvvəlki apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0,08 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı arxivdə aşkar olunmamışdır və ümumiyyətlə Aqrar İslahat Komissiyasının 2000-ci il tarixdə 05 saylı qərarı may ayının 25-i qəbul olunmuşdur.
23. Məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı X10 filialına sorğular verilmiş, sorğuya cavab olaraq Quba rayon İ Nügədi sovxozu Aqrar İslahat Komissiyasının 24 may 2000-ci il tarixli 55 saylı, Quba X4 X14 Komissiyasının 10 may 2000-ci il tarixli, 17 saylı, M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı və Aşağı-Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı protokollarının kserosurətləri məhkəməyə göndərmişdir.
24. Daha sonra X10 filialına sorğu edilərək kserosurəti təqdim edilmiş Quba X4 Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı iclas protokolunun qərarının 1 və 2-ci bəndlərində göstərilən Quba X4nda aparılan aqrar islahatlarla əlaqədar hazırlanmış torpaq islahatının kompleks layihə sənədləri və təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçılar nəzərə alınmaqla siyahısının təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq bildirmişdir ki, Quba X4 Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı iclas protokoluna Quba X4nda aparılan aqrar islahatlarla əlaqədar hazırlanmış torpaq islahatının kompleks layihə sənədləri və təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçıların siyahısı əlavə edilməmişdir.
25. Eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu verilərək İddiaçı Quba Rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsinə dair JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə dair ilkin torpaqayırma sənədlərinin "xxxx" MMC-nin arxivində mövcud olub-olmaması barədə məlumatın, əgər mövcuddursa müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş olunmuş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Quba şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
26. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq isə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə Quba X4 üzrə torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısından çıxarışda qaytanlanmış kitabda ailə başçısı X1 olmaqla 9 nəfər (o cümlədən İddiaçı) ailə üzvünə 400 kv.m (faktiki 300 kv.m) torpaq sahəsi ayrılmasına dair sənəd təqdim edilmiş, bununla əlaqədar məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, siyahıda qeyd olunan şəxslərdən X3 adına Quba şəhərində 0,04 ha torpaq sahəsinə verilmiş JN-3512A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmiş və həmin şəhadətnaməyə dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Quba rayonu notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə/01-230 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir.
27. Məhkəmə kollegiyasının iclasında verdiyi izahataında da, iddiaçının nümayəndəsi və vəkili qeyd edilən 0,04 ha torpaq sahəsinin tamamilə başqa ərazidə yerləşməklə iddiaçıya məxsus 0,08 ha torpaq sahəsinə hər-hansı aidiyyətinin olmadığını bildirmişdir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və sənədin arxiv əsasları olmadığından mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
30. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-830/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.