Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)- 2121/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Şəhər Bələdiyyə Şurasının 13 oktyabr 2004-cü il tarixli, 136 saylı protokol qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 46-cı məhəllə ərazisində istehsal və kommersiya obyektinin tikintisi məqsədilə 7894 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. 02 noyabr 2006-cı il tarixli, 284 saylı, 11 yanvar 2007-ci il tarixli, 61 saylı, 22 aprel 2010-cu il tarixli, 61 saylı, 26 yanvar 2011-ci il tarixli, 41 saylı, 17 fevral 2012-ci il tarixli, 58 saylı, 13 fevral 2015-ci il tarixli, 66 saylı torpaq icarə müqavilələrinə əsasən Sumqayıt bələdiyyəsi 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı əsasında Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində yerləşən 7894 kv.m torpaq sahəsini müvafiq olaraq 13 oktyabr 2004-cü il tarixdən 31 dekabr 2006-cı il tarixədək, 01 yanvar 2007-ci il tarixdən 31 dekabr 2009-cu il tarixədək, 01 yanvar 2010-cu il tarixdən 31 dekabr 2010-cu il tarixədək, 01 yanvar 2011ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək, 01 yanvar 2012-ci il tarixdən 31 dekabr 2012-ci il tarixədək, 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək "xxxx" MMC-yə müvəqqəti istifadə üçün icarəyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********51-12301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 2483,4 kv.m əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə, bələdiyyə mülkiyyətində olan 0.7861 ha torpaq sahəsi isə icarə hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt bələdiyyəsi 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı əsasında 7894 kv.m torpaq sahəsini 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2067-cı il tarixədək "xxxx" MMC-yə müvəqqəti istifadə üçün icarəyə vermişdir. 06 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən "xxxx" MMC icarə hüququ ilə ona məxsus olan ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu İddiaçı satmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisi, Çerkassi küçəsində yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində icarə hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 17 avqust 2021-ci il tarixli **********25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş 3M-761 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi “ƏLİRZAOĞLU" MMC-nin 0.7861 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş icarə hüququnun və torpaq sahəsində yerləşən tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddəti xx.xx.2019-cu il tarixində başa çatdığından həmin müqavilənin uzadılması hərrac və ya müsabiqə vasitəsilə olmalı idi. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx.xx.2008-ci iİ tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası hüquqi şəxslərinin icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrinin müddətinin birbaşa uzadılması barədə müddəa sözügedən maddədə öz əksini tapmamışdır. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinə əsas olunan hallardan biri də torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarmasıdır. Odur ki, üzərində icarə hüquqlarının müddəti bitmiş və nəticə etibarı ilə icarə hüququna xitam verilmiş torpaq sahəsinə dair icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlana bilməzdi. Bundan əlavə, müraciətə əlavə olunmuş, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bilavasitə bağlanmış torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, həmçinin həmin müqavilə əsasında dövlət reyestrində "xxxx" MMC-nin adına müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlandıqdan və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparıldıqdan sonra torpağın icarə hüquqlarının alqı-satqısı ilə bağlı notariat orqanına müraciət edilə bilər. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqısatqısı müqaviləsi” əsasında istifadəsinə verilmiş 3500 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun qeydiyyatından imtinası üçün qeyd etdiyi dəlillərin hər hansı hüquqi əsasları mövcud deyildir. İddiaçı cavabdehin dəlillərini əsassız və qüvvədə olan qanunvericilik aktlarına zidd hesab edir. Belə ki, ********** qeydiyyat nömrəli, 20 avqust 2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” da torpağın icarə müddəti, ümumiyyətlə göstərilməməklə həmin çıxarış icarə hüququnun alqı-satqısı müqaviləsi bağlanılarkən qüvvədə olmuşdur. Cavabdehin bildirdiklərinin ziddinə olaraq MMC-nin mübahisələndirilən torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və ya reyestr məlumatlarında həmin hüquqa hər hansı dəyişiklik edilməsi barədə qeydiyyat aparılmamışdır və MMC-nin torpaq sahəsi üzərində icarə hüququna dair dövlət qeydiyyatı bu gün də qüvvəsini saxlamaqdadır. Cavabdeh əsassız olaraq MMC-nin torpaq üzərində icarə hüququnun müddətinin başa çatması səbəbindən hüquqa xitam verildiyini bildirdiyi halda, daşınmaz əmlakın dövlət reyestrində həmin hüququn mövcudluğunu təsdiq edən ləğv olunmamış qeydiyyat əsasında notariat orqanında icarə hüququnun alqı-satqısını həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi də hal-hazırda qüvvədə olmaqla hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Hesab edir ki, Sumqayıt bələdiyyəsi ilə MMC arasında sözügedən torpaq sahəsinə dair bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinin qanunvericiliyə zidd olaraq bağlanmasına və 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilələrin müddətinin yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə uzadılmalı olmasına dair cavabdehin bildirdikləri də əsassızdır. Sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı iclasının qərarı ilə istehsal və kommersiya obyektinin tikintisi məqsədi MMC-nin icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində MMC-nin yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının hərrac, yaxud müsabiqə yolu ilə ayrılmasına dair müəyyən edilmiş hüquq normaları tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş 28 oktyabr 2008-ci iİ tarixli Qanununun İX bəndində birbaşa qeyd olunmuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin Qanun 28 oktyabr 2008-ci iİ tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin 30 dekabr 2019-cu il tarixdə başa çatdığı, həmin tarixdən sonuncunun torpaq üzərində icarə hüququna xitam verildiyini qeyd edərkən nəzərə almamışdır ki, torpağın icarə müddətinin uzadılmasına dair bələdiyyə ilə "xxxx" MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb, sözügedən torpaq sahəsinə dair MMC ilə Sumqayıt Bələdiyyəsi arasında daha öncə bağlanmış müqavilənin davamı olaraq bələdiyyə ilə MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər arasında icarə hüquq münasibətləri cavabdehin imtinasının dəlillərində istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə, o cümlədən hüquqi şəxslərin icarəsinə ayrılmış torpaq sahələrinə aid edilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli qərardadı ilə Sumqayıt şəhər bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi” nə əsasən 3500 kvadrat metr torpaq sahəsi üzərinə İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadığından məhkəmənin qərarı ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış ilkin icarə müqaviləsinin müddəti 30 dekabr 2019-cu il tarixində bitsə də, 5 sentyabr 2019-cu il tarixində tərəflər arasında yenidən müqavilə bağlanılaraq icarə müddəti uzadılmışdır. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ...
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu: İX: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
“İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 1 üvanında yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında bağlanılmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarəsi müqaviləsi heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. İddiaçı ilə MMC arasında icarə hüquq münasibətləri cavabdehin imtina və etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqindən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə cavabdehin imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: 1) "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun 10-cu bəndinin tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdeh hesab edir ki, həmin "xxxx" ilə MMC-nin torpaq üzərində icarə hüquqları hərrac keçirilmədən uzadılmışdır. 2) "xxxx" MMC ilə bələdiyyə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış torpaq icarə müqaviləsi əsasında dövlət reyestrində MMC-nin adına müvafiq qeydiyyat aparılmamışdır. Cavabdehin 1-ci dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair "xxxx" MMC-nin icarə hüququ 13 oktyabr 2004-cü il tarixdən yaranmış, bundan sonra hər il onunla bələdiyyə arasında bağlanmış torpaq icarəsi müqavilələri ilə icarə münasibətləri davam etmişdir. Sonuncu dəfə 05 sentyabr 2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin müddəti 31 dekabr 2067-cı il tarixədək qüvvədədir. Bundan sonra "xxxx" MMC 06 iyul 2021-ci il tarixində icarə hüququ ilə ona məxsus olan 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır. Belə ki, AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən iddiaçının vəkilinə təqdim edilmiş sənədlərdən görünür ki, 06 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən "xxxx" MMC icarə hüququ ilə ona məxsus olan ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə xx.xx.2020-ci il tarixdən Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank VTB (Azərbaycan) ASC xx.xx.2021-ci il tarixli məktubu ilə ASC-nin xeyrinə ipoteka hüququ saxlanılmaqla, "xxxx" MMC-nin icarəsində olan 0.7861 ha torpaq sahəsinin tərkib hissəsi olan 3500 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Bundan əlavə Sumqayıt bələdiyyəsi də Dövlət notariat kontoruna ünvanlanmış 04 iyun 2021-ci il tarixli, 1344 saylı məktubu ilə "xxxx" MMC-nin icarəsində olan 0.7861 ha torpaq sahəsindən 3500 kv.m torpaq sahəsinin üzərindəki icarə hüququnun iddiaçının adına təyinatının dəyişdirilməməsi şərti ilə özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi Bank VTB (Azərbaycan) ASC və Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçının qeyd olunan 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsini icarə hüququ əsasında istifadə edilməsinə etiraz edilməmiş, hazırda həmin torpaq sahəsi iddiaçının icarəsindədir. İşdən görünür ki, "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı ilə 0.7861 ha torpaq sahəsi ona istehsal və kommersiya obyekti yaratmaq məqsədilə verilmişdir. Qeyd edilən hal MMC ilə müvafiq torpaq sahəsinin icarəsi ilə bağlı bağlanmış müqaviləni “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun 10-cu bəndi baxımından yox, 9-cu bəndinə uyğun olaraq qiymətləndirilməsini şərtləndirir. Həmin bəndə görə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Kollegiya hesab edir ki, "xxxx" MMC –yə müvafiq torpaq sahəsi xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, 0.7861 ha torpaq sahəsinin "xxxx" MMC –yə icarəyə verilməsi barədə qərar və 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin 1-ci dəlili əsassızdır. "xxxx" MMC ilə bələdiyyə arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında MMC-nin adına dövlət reyestrində qeydiyyat aparılmadığı ilə bağlı cavabdehin 2ci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarından görünür ki, MMC ilə bələdiyyə arasında 2003-2019-cu illərdə hər il icarə müqavilələri bağlanılaraq bu münasibətlər davam etmiş, 13 fevral 2015-ci il tarixli, 66 saylı torpaq icarə müqaviləsi ilə 7894 kv.m torpaq sahəsi 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək MMC-yə icarəyə verilmişdir. Bundan sonra bələdiyyə mülkiyyətində olan 0.7861 ha torpaq sahəsi icarə hüququ üzrə MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli verilmişdir. Bələdiyyə ilə MMC arasında yenidən 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi bağlanılaraq sözügedən torpaq sahəsinin icarə müddəti 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2067-cı il tarixədək uzadılmışdır. Daha sonra MMC 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən icarəsində olan 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır. Yəni, "xxxx" MMC-nin 7894 kv.m torpaq sahəsi üzərində icarə hüququ 13 fevral 2015-ci il tarixli, 66 saylı müqavilə əsasında dövlət reyestrində qeydiyyata alınmış, eləcə də dövlət reyestrindən verilmiş çıxarışda bu hüququn müddəti qeyd olunmamışdır. Bundan sonra bələdiyyə ilə MMC arasında olan mövcud olan icarə münasibətlərinin davamı olaraq 05 sentyabr 2019-cu il tarixli müqavilə bağlanılaraq MMC-nin icarə hüququ 2067-ci il tarixinədək uzadılmış, xx.xx.2021-ci il tarixində də MMC həmin torpaq sahəsinin 3500 kv.m hissəsini iddiaçıya satmışdır. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan 01 sentyabr 2022-ci il tarixli məktubu ilə ünvan 1ndə yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" MMC-nin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın hal-hazırda qüvvədə olduğunu bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahəsinin icarə hüququ ilə bağlı "xxxx" MMC-nın adına xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən MMC-nin icarə hüququnu 30 dekabr 2019-cu il tarixədək müəyyən edən 13 fevral 2015-ci il tarixli, 66 saylı icarə müqaviləsi qüvvədə olduğundan, həmin tarixdən sonra da MMC-nin icarə hüququ davamlı müəyyən edilərək 2067-ci il tarixədək uzadıldığından, eləcə də dövlət reyestrindən çıxarış hal-hazırda qüvvədə olduğundan cavabdehin 2-ci dəlili əsassızdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “İddia təmin edilsin” sözlərindən sonra “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli” sözləri qeyd edilərək aşkar yazı səhvinə yol verilmişdir. Lakin həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnindən “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli” sözləri çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli nömrəli qərarı – qərarın nəticə hissəsində “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli” sözləri çıxarılmaqla - dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.