Məhkəmə qərarları › İş №2-1(105)-245/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-245/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-245/2025 28.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onların adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1641/2024 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 120, KOD 30315028 Torpağa mülkiyyət hüququna X3nın surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 0,56 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmışdır. Cavabdehin imtinasından görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz JN 120 nömrəli (KOD ********) Torpağa mülkiyyət hüququna X3 ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin Quba rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş, elektron məlumat bazasında olan xəritə üzərində və elektron uçot informasiya sistemində (TEKİUS) öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı bələdiyyə və dövlət mülkiyyətinin biçənək torpağı göstərilmişdir. Cavabdehin mütəxəssis rəyindən görünür ki, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq iddiaçılar tərəfindən iddia olunan və istifadəsində olan torpaq sahəsi 3 (üç) hissədə, (0 14 ha, 0.28 ha və 0.14 ha) ibarətdir, (sxem tərtib olunmuşdur, koordinatlar və onoxno görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) JN 120, KOD 30315028 torpağa mülkiyyət hüququna X3nın cizgiləri baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olan torpaq sahələri ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarında olan xəritə materiallanna əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçıların faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı olub uqodiyası biçənək kimi, 0.28 ha torpaq sahəsi ehtiyyat fondu torpaqları kateqoriyalı olub uqodiyası biçənək, 0.14 ha torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı olub uqodiyası kolluq kimi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 15 avqust 1997-ci il JN-120 KOD ********* saylı torpağa mülkiyyət hüququna X3na əsasən Quba rayon Qorxmazoba kəndində yerləşən 0,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onların adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə onlara Quba rayonu Qorxmazoba kəndi ərazisindən 0,56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və mülkiyyətini təsdiq edən JN-120 KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna X3 verilmiş və qeyd edilən torpaq sahəsi istifadəsində olmaqla sahiblik edirlər. Onlar qeyd olunan torpaq sahəsinə çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim edib öz adına çıxarış almaq üçün xx.xx.2023-cü il tarixində müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə onların müraciətini müsbət həll etməmişdir. Cavabdehin imtinasını əsassız olduğuna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1641/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılara verilmiş JN 120, KOD 30315028 torpağa mülkiyyət hüququna X3nda göstərilmiş çizgilər daxilindəki torpaq sahələri baza məlumatlarında və eyni zamanda torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Həmçinin, iddiaçıların iddia etdiyi naturada tanıdılan torpaq sahələri kənd təsərrüfatı təyinatlı olub, uqodiyası biçənək torpaqlar olduğundan onların tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümükün deyildir. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edildiyindən, cavabdehin sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. İddiaçılar qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə onlara Quba rayonun Qorxmaz-oba kəndi ərazisindən 0,56 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan hal-hazıra kimi, yəni -27 ilə yaxındır ki, torpağa sahiblik edərək istifadə edir və torpağın üzərində qonşularla və digər mübahisə yoxdur. Məhkəmə iş üzrə torpağın müayinəsi üçün mütəxəssis ayırmış və işdə olan xx.xx.2024-cü il tarixli rəydən aşkar olur ki, istifadələrində olan torpağın torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,14 ha hissəsi kənd təsərrüfatı təyinatlı olub uqodiyası biçənək kimi 0,28 ha torpaq sahəsi ehtiyat fondu torpaqların kateqoriyası olub uqodiyası biçənək 0,14 ha torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı olub uqodiyası kolluq kimi göstərilmişdir. Beləliklə qeyd edilən rəyə əsasən 0,56 ha torpaq faktiki mövcuddur və torpağın uqodiyasının biçənək kimi qeyd edilməsi çıxarışın verilməməsi üçün əsas ola bilməz. Cavabdeh təşkilat çıxarış verməkdən imtinasının əsaslarından biridə təqdim etdiyi JN-120 Kod 30315028 saylı Dövlət Aktının DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməməsini, elektron məlumat bazasında olan xəritə üzərində və elektron uçotu informasiya sistemində öz əksini tapmaması olmuşdur. Onlara ayrılmış torpağın dövlət aktının arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi onların təqsiri kimi qiymətləndirilib gözlənən mülkiyyət hüququnun pozulmasına və məsuliyyətinə səbəb ola bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları 1.Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. 2.Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. 3.Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər 1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2)bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3)sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5)bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. 2.Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Maddə 14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 0,56 ha torpaq sahəsi üzərində birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onların adına çıxarışın verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş, hazırda TEKUİSdə öz əksini tapmamış habelə təyinatı kənd təsərrüfatı təyinatlı bələdiyyə və dövlət mülkiyyətinin biçənək torpağı göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə birgə iddiaçıların adına 0,56 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan arxiv sənədlərin məzmunundan görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə “İstiqlal” sovxozu üzə vətəndaşların xüsusi mülkiyyətinə veriləcək orta torpaq payı ümumən 0,45 hektara qədər norma ümumumən təyin edilməsi, Qorxmazoba kəndi üzrə 0,21 ha, Əsparasti kəndi üzrə 0,33 ha, Partizan yaşayış məntəqəsi üzrə 0,27 ha, qalan yaşayış məntəqələri üzrə 0,45 ha kimi təyin edilmiş, “İstiqlal” sovxozunun aqrar islahatı ilə əlaqədar torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı1 adı və ayrılan torpaq sahəsinin norması kimi 0,45 ha qeyd edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi üç hissədən olmaqla, 0,14 ha, 0,28 ha və 0,14 ha ölçüdə təşkil edir, baza məlumatlarına əsasən başqa şəxsə məxsus olan torpaq sahələri ülə üst-üstə düşmür, 0,14 ha və 0,28 ha torpaq sahəsinin TEKUİS-də təyinatı kənd təsərrüfatı olub, uqodiyası biçənək kimi, 0,14 ha torpaq sahəsinin təyinatı isə kənd təsərrüfatı, uqodiyası kolluq kimi qeyd edilmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə müəyyən edilən ölçüdə (0,56 ha )naturada mövcduddur, iddiaçıların ayrıldığı vaxtdan hazıradək faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı və onun verilməsinə əsas olmuş sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrılmasına X3 iddiaçıların adına tərtib edildiyindən, həmin sənədlər hazırda qüvvədə olduğundan, qeyd edilən sənəd isə mülkiyyət hüququnu təsdiq edən sənəd qismində çıxış etdiyindən, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüququ yaranmışdır. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçıların adına torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı qeydiyyat kitablarında qeydə alınmamış, elektron baza xəritəsində əks olunmamış, təyinatı kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyəti və dövlət mülkiyyəti biçənək kimi qeyd edilməsidir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı ilk növbədə onu qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin qeydiyyata alınması və qeydiyyat kitablarının təhvil verilməsi məhz müvafiq səlahiyyətli qurumların öhdəlik daşıdığı hal kimi çıxış etmişdir. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçıların mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Başqa sözlə desək, indiki halda iddiaçının təqsiri ilə əhatə olunmayan və məsuliyyət daşımadığı hala istinad edilməklə, onun mövcud olan əmlak hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin mütənasiblik və digər prinsiplərinin mahiyyətinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, torpaq sahsinin ayrılmasına dair müvafiq sənədlərin qeydə alınması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtina, etiraz və şikayətinin dəlilləri müvafiq Dövlət aktının qeydiyyatı kitablarında qeydə alınmaması ilə bağlı istinad etdiyi halları əsassız olmuşdur. Kollegiya cavabdehin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi məhz kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçıların adına ayrılmışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi torpaq islahatı zamanı müvfaiq sovxoz üzrə özəlləşdirilən və məhz torpaq pay almaq hüququ olan vətəndaşların pay norması əsasında xüsusi mülkiyyətinə verilən torpaq sahəsi qismində çıxış etmişdir. Yuxarıda istinad edilən torpaq islahatı haqqında qnaunvericilik normasının tələbinə əsasən torpaq islahatı zamanı qeyd edilən torpaq sahələri vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Bu baxımından indiki halda cavabdehin torpaq sahəsinin hüquqi statusu ilə bağlı halı mübahisələndirməklə, imtina əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçıların mülkiyyət hüququnun yaranması əsasları qanunvericilik normasının tələbi baxımından düzgün dəyərləndirilməmiş, cavabdehin imtina və etirazının əsasları üzrə düzgün dəyərləndirmə aparılmamış, bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olduğundan,cavabdehin imtina və etirazının dəlilləri əsassız olduğundan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1641/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı və həmin qərar əsasında tərtib edilmiş JN 120, KOD 30315028 torpağa mülkiyyət hüququna X3na əsasən verilmiş Quba rayon Qorxmazoba kəndində yerləşən 0,56 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 adına birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar