Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-246/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, e-2-1(118)- 2601/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona fərdi ev tikintisi üçün Abşeron rayon Fatmayı kənd ərazisində həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti müsbət qarşılandığından Abşeron rayon Novxanı bələdiyyəsinin 27 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı ilə ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair alqı-satqı aktı imzalanmış, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir.
2. Sonradan torpağın sənədləşmə işlərinin tamamlanması və torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydiyyatından imtina etmişdir.
3. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş 0,10 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon Novxanı bələdiyyəsinin 27 fevral 2007-ci il tarixli, 02 saylı qərarı ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsini qanuni yolla almış və ona Abşeron rayonu Novxanı qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin qərarda 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında uçota alınmış rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması dəqiq göstərilməyinə baxmayaraq, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilməsinə baxmayaraq cavabdeh təşkilat yuxarıda qeyd olunan sənədlərə məhəl qoymayaraq guya torpaq sahəsinin ölçülərinin yerində üst-üstə düşmədiyini, ya da guya hansı torpaq sənədindəsə möhürün olmamasını bəhanə gətirməklə ona torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və haqqında imtina cavabı vermişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə Novxanı kəndi ərazisində fərdi mənzil tikintisi üçün verilmiş və İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarına uyğun onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 27 fevral 2007-ci il tarixdə, 02 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi, müayinə və elektron kadastr baza məlumatlarının araşdırılması zamanı Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda (cizgidə) göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən (müayinə edilən) yer arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2601/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilərək, Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə Novxanı kəndi ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış və İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarına uyğun onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
19. Hazırki işin hallarından görünür ki, iddiaçı Novxanı bələdiyyəsinin 27 fevral 2007ci il tarixli, 02 nömrəli qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir.
20. Cavabdeh isə Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənməməsinə, Novxanı bələdiyyəsi tərəfindən torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə 02 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının xx.xx.2021-ci ildə verilməsinə, Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda (cizgidə) göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən (müayinə edilən) yer arasında uyğunsuzluqların olduğuna istinad edərək imtina cavabı vermişdir.
21. İş materiallarından görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 02 saylı qərarı əsasında 0,10 ha torpaq sahəsinin İddiaçı alğı-satqı yolu ilə satılması qərara alınmışdır. Həmin qərar əsasında alğı-satqı müqaviləsi tərtib və təsdiq edilərək qeydə alınmışdır. 23 aprel 2007-ci il tarixli ödəniş qəbzindən də göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinin qiyməti ilə əlaqədar 200 manat rüsum bələdiyyənin hesabına ödənilmişdir.
22. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilməməsi, Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alğı-satqı aktının digər tarixdə bağlanması iddiaçının mülkiyyət üzərində hüququnun qeydə almaqdan imtina üçün əsas deyil.
23. Texniki sənəd olan Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışının hansı hüquq norması baxımdan qanunamüvafiq qaydada təsdiq edilməməsi ilə bağlı isə cavabdeh hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir.
24. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. İş materiallarından alğısatqının qanunamüvafiq qaydada həyata keçirilməsi müəyyən olunur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
26. Cavabdehin digər imtina əsası - torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən (müayinə edilən) yer arasında uyğunsuzluqların olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, tərəflərin verilmiş apellyasiya şikayətində “müayinə və elektron kadastr baza məlumatlarının araşdırılması zamanı Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda (cizgidə) göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən (müavinə edilən) yer arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir” qeydi aparılmışdır. Təkrar araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda (cizgidə) göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə tam olaraq uyğunluq təşkil edir və uyğunsuzluq aşkar edilməmişdir. Apellyasiya şikayətində qeyd edilmiş uyğunsuzluq barədə qeyd mübahisə predmeti olan torpaq sahəsinə dair əvvəlki müraciət zamanı təqdim edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan konfiqurasiya ilə (döngə nöqtələrinin koordinatları qeyd edilməmişdir) ilə son müraciət zamanı təqdim edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan konfiqurasiya (döngə nöqtələrinin koordinatları qeyd edilmişdir) arasında olan uyğunsuzluğa dair aparılmışdır. Sözügedən uyğunsuzluq barədə tərtib edilmiş ortofotogörüntü ərizəyə əlavə edilmişdir. Nə İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi, nə də Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda (cizgidə) göstərilən torpaq sahəsi ilə qonşu torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili ilə üst-üstə düşmə halı aşkar edilməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2601/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.