Məhkəmə qərarları › İş №2-1(105)-246/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-246/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-246/2025 10.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-2384/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim İsmayıl Quliyev) xx.xx.2023-cü il tarixli e-2-1(118)- 2384/2023 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh (VÖEN **********) qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5.928,36 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********4 nömrəli protokolla siyahıya alınmış Cavabdeh tam mülkiyyətində olan 50.000 manat dəyərində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının satılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-2384/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi-hakim Zaur Məmmədov, hakimlər Hökümə Babayeva və Gülnar Cabbarovadan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli 2-1(105)-163/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti rədd edilmiş, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-1(118)-2384/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-163/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçihakim Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli 2-1(102)-2442/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(105)-163/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərar qətidir. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5.928,36 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********4 nömrəli protokolla siyahıya alınmış Cavabdeh tam mülkiyyətində olan 50.000 manat dəyərində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (bundan sonracavabdeh) Azərbaycan Respublikasının Ver Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə yaranan 5928,36 manat borcuna görə 50.000 manat dəyərində əmlakı - Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (yeni qaydalarla: Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsi 1, At yalı ərazisi, Əziz Əliyev küçəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5928,36 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 89.1-ci maddələrinə əsasən bu cür tədbiri seçmək vergi orqanının hüququdur lakin məhkəmə öz qərarı ilə bu hüququ pozmuşdur. Cavabdehin ödənilməmiş vergi borcu hələ də vardır. Vergi orqanı vergiləri vaxtında ödəməyən vergi ödəyicisinin vergiləri ödəməsini təmin etmək məqsədi ilə cavabdehin hüquqlarını məhdudlaşdıra bilər. Odur ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Elektron kabinet vasitəsilə vergilər üzrə cavabdehin borcuna dair xx.xx.2025-ci il tarixli hesabatı məhkəməyə göndərmişdir. xx.xx.2025-ci il tarixli hesabata əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 4.928,36 manat vergi borcu var. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdi və izahatında bildirdi ki, onun xx.xx.2022-ci il tarixə 5.928,36 manat vergi borcu olmuşdur. İşə məhkəmədə baxılan dövr ərzində hissə-hissə olmaqla 1.000 manat ödəmişdir. xx.xx.2025-ci il tarixə onun 4.928,36 manat vergi borcu vardır. O, dövlət vergi xidmətində olmuş və əməkdaşlarla danışıqlar aparmışdır. Mövcud borcu xəstəliyi ilə əlaqədar bir müddət işləmədiyindən ödəyə bilməmiş, qeyri-yaşayış sahəsini icarəyə vermiş, lakin icarəyə götürən pulunu verməmişdir. Eyni zamanda banka da kredit borcu ödəyir. Vergi borcunun mövcudluğunu qəbul edir, lakin həmin məbləği birdəfəlik ödəmək qabiliyyətində deyildir. Hər ay 400-500 manat olmaqla borcunu ödəyə bilər. Maddi imkanı olsa daha artıq ödəniş edəcəkdir. Əmlakın siyahıya alınmasından məlumatı vardır. Maddi imkanı yaxşı olmadığına görə hazırkı vaxta kimi borcunu tam ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərini yerinə yetirərək, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı rədd edilməsi barədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə yaranan 5928,36 manat borcuna görə 50.000 manat dəyəri olan xx.xx.2006-cı il tarixli MH ******* nömrəli çıxarışa əsasən Cavabdeh tam mülkiyyətində olan - Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (yeni qaydalarla: Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsi 1, At yalı ərazisi, Əziz Əliyev küçəsi) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5928,36 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur..... Vergi Məcəlləsinin 90.3.1-ci maddəsinə əsasən əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Vergi Məcəlləsinin 90.3.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, birbiri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilibedilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı Cavabdeh 5.928,36 manat borcundan 1.000 manatını ödəmişdir, xx.xx.2025-ci il tarixli hesabata əsasən xx.xx.2025-ci il tarixə cavabdehin 4.928,36 manat vergi borcu qalmışdır. Bu səbəbdən iddia tələbi qismən, yəni 4.928,36 manat vergi borcunun ödənilməsinin təmin edilməsi üçün siyahıya alınmış əmlak satılmalıdır. xx.xx.2023-cü il tarixli **********4 saylı protokolla siyahıya alınmış Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (yeni qaydalarla: Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsi 1, At yalı ərazisi, Əziz Əliyev küçəsi) xx.xx.2006-cı il tarixli MH ******* nömrəli çıxarışa və “AZEMİS”-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Cavabdeh tam mülkiyyətindədir. Məhkəmə kollegiyası işə yenidən baxarkən kassasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, mübahisə birinci instansiyası məhkəməsi tərəfindən həll edilərkən yuxarıda göstərilən qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Məhkəmə iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinin tələblərinə zidd qaydada cavabdehin əmlakı siyahıya alınıb və cavabdehin vergi öhdəlikləri üzrə borcu ümumilikdə 5928,36 manat olduğu təqdirdə, ona məxsus 50.000 manat qiymətləndirilmiş əmlakın nəticə etibarı ilə hərrac vasitəsi ilə satılması mütənasiblik və səmərəlilik prinsiplərinə uyğun sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin birinci dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, siyahıya alınma barədə qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edən maraqlı şəxslər siyahıya alınma barədə qərarı mübahisələndirməklə hüquqi müdafiə imkanlarından istifadə edə bilərlər. Cavabdeh isə siyahıya alınma ilə bağlı iddiaçının qərarını mübahisələndirməmişdir. Digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin büdcəyə olan borcun məbləği ilə əmlakın dəyərini müqayisə etməklə əmlakın siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılmasının hazırkı iş üzrə vergitutmanın adekvatlılıq prinsipi baxımından məqsədə müvafiq olmadığına dair gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunan meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi sözügedən qaydada araşdırma və qiymətləndirmə aparmadan iddianı rədd etmişdir. Bu səbəbdən məhkəmənin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 4928,36 manat vergi borcunun olması məhkəmə araşdırması zamanı işdə olan təkzib edilməyən sübutlarla təsdiqini tapdığından apellyasiya şikayətinin dəlilləri əsaslıdır və cavabdeh tərəf bu borcu etiraf edir və iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra 5.928,36 manat borcundan 1.000 manatını ödədiyindən, iddia hazırda mövcud olan borcun həcmində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-2384/2023 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə olan 5.928,36 manat vergi borcu məbləğindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə ödənilməmiş qalan 4.928,36 (dörd min doqquz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023cü il tarixli **********4 saylı protokolla siyahıya alınmış 50.000 manat dəyəri olan xx.xx.2006-cı il tarixli MH ******* nömrəli çıxarışa əsasən Cavabdeh tam mülkiyyətindəki Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi At yalı ərazisində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521,1 kv.m ümumi, 77,2 kv.m əsas, 443,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (yeni qaydalarla: Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Cəlil Məmmədquluzadə küçəsi 1, At yalı ərazisi, Əziz Əliyev küçəsi) vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərrac vasitəsilə satılsın, əmlakın satışından əldə edilmiş vəsait hesabına 4.928,36 (dörd min doqquz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat vergi borcu dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar