Məhkəmə qərarları › İş №2-1(105)-247/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-247/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-247/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Nəsimi rayon İcra və Probasiya şöbəsi) maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat tutulması tələbinə dair iddiası üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Nəsimi rayon İcra və Probasiya şöbəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsinə əsasən Təranə Muxtarovadan 23300 manat tutulub iddiaçıya verilməlidir. Lakin, bu günə kimi qətnamə icra olunmamışdır. İddiaçı məhkəməyə qədər pretenziya qaydasına 05.09.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir, lakin cavab almamışdır. Bakı İnzibati Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad edərək qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növündədir, iddiaçı ünvan 1 ünvanında yaşayır, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Sumqayıt İnzibati Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən olunması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia öhdəliyin icrası haqqında iddia növünə yox, kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir və bu halda ümumi norma olan İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Hazırki iş üzrə cavabdeh Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması İnzibati Prosessual Məcəllənin 8.1.4-cü və 2.2.7-ci maddələrinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, həmin məhkəmə iddia növünü düzgün müəyyənləşdirməyərək hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olması nəticəsinə gəlmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia tələbini məhkəmə qərarının icra olunmaması və bununla bağlı cavabdeh inzibati orqan tərəfindən müraciətlərinə baxılmaması ilə əsaslandırmış, cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi onun xeyrinə pul tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2. və 2.2.7-ci maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. İnzibati Prosessual Məcəllənin inzibati mübahisələrin ərazi aidiyyəti qaydalarını müəyyən edən 8-ci maddəsində mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara dair xüsusi aidiyyət qaydaları müəyyənləşdirilmiş (maddə 8.1.2), digər hallarda isə iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur (maddə 8.1.4). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi öhdəliyin icrası haqqında deyil, kompensasiyanın ödənilməsi tələbinə dair iddia olduğundan mübahisənin ərazi aidiyyəti İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsi ilə deyil, 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilməli və işə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə cavabdehin ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 1-dir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 15.12-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Buna görə də işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8, 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın əvəzi kimi 25000 (iyirmi beş min) manat tutulması tələbinə dair iddiasına ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar