Məhkəmə qərarları › İş №2-1(105)-247/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-247/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-247/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının hüquqi varisi X2 vəkili Vəkil, Cavabdehin nümayəndələri X3, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-960/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 01.041966-cı il təvəllüdlüdür.

2. № 465032 saylı, 23 iyul 1984-cü il tarixli Azərbaycan SSR X8 Təhsili Komitəsi tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1981-ci ildən 01 iyul 1984-cü ilədək Sumqayıt şəhər 44 №-li orta peşə məktəbində təhsil almışdır.

3. İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək hərbi xidmətdə olmuşdur.

4. İddiaçıya məxsus ИТ-İ № ******* saylı, 06 sentyabr 1984-cü ildə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1986-cı ildən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğuldur.

5. "xxxx" ASC tərəfindən verilmiş 03 saylı, 05 aprel 2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-13790) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-13790) isti iş sahələrində məşğul olan kran maşinistləri (kraniçalar) vəzifəsində; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək (bölmə 7, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançilar) vəzifəsində çalışmışdır.

6. AZ-İİ № 317561 saylı, 24 dekabr 2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 19 dekabr 2022-ci il tarixdə ölmüşdür.

7. 2 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 234 saylı, 31 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş İddiaçı arvadı X4 onun vərəsəsidir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 24 avqust 2022-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə sorğulara cavab verildikdən sonra aidiyyatı üzrə baxılacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzşətli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. xx.xx.2022-ci il tarixdə İddiaçı vəfat etdiyindən, onun hüquqi varisi olan X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin üzərinə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********5 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.1981xx.xx.1984-cü illərdə Sumqayıt şəhər Texniki peşə məktəbində təhsil almış, xx.xx.1984xx.xx.1986-cı illərdə ordu sıralarında hərbi xidmət etmişdir. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə mərhumun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə on iki il altı ay işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Mərhum xx.xx.1966-ci ildə doğulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən artıq, güzəştli şərtlərlə tələb edilən iş stajı on ildən artıqdır. "xxxx" ASC-nin arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 il iş stajından artıq imtiyazlı iş stajı təsbit olunmuşdur.

12. Məhkəmə iclasında iddiaçının hüquqi varisinin vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

13. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı 28 iyul 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 52 yaşdan, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya işlədiyini iddia etdiyi dövrlərin araşdırılmasının yekunlaşmadığı və aidiyyəti üzrə verilmiş sorğular cavablandırıldığı zaman əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması bəndinin (10) fəhlələr yarımbəndində (a) 1071200а—13790 kodu üzrə isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12119/2023 nömrəli məktubuna əsasən İddiaçı təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli arayışında xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1998- ci il, xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin "xxxx" İstehsalat sahəsində “kran maşinisti” vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adı çəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərildiyi və müvafiq sorğuya cavab olaraq “Azəralüminium" ASC-nin ləğvetmə prosesində olan "xxxx" ASC-nin sənəd və işlərinin elmi-texniki cəhətdən qaydaya salınması məqsədilə Azərbaycan Resublikasının Milli Arxiv İdarəsi yanında İdarə sənədlərini Qaydaya salan Mərkəzlə “Podrat müqaviləsi” bağlandığı və hal-hazırda iş prosesi davam etdiyi üçün sözügedən arxiv sənədlərinin hər hansı bir Dövlət Arxivinə mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir və bu səbəbdən də onun iş stajına dair məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

14. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-960/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək mərhum İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilərək xx.xx.2022-ci ilədək (öldüyü tarixədək) ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona hüququnun yarandığı 01 aprel 2018-ci ildən vəfat etdiyi 19 dekabr 2022-ci ilədək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməlidir.

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclaslarında cavabdehinin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisinin vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

29. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

30. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən iki meyar mövcud idi: yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə azı 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 07 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

31. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

32. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

33. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

35. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

36. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.

37. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.

39. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və "xxxx" ASC tərəfindən verilmiş 03 saylı, 05 aprel 2018-ci il tarixli arayışlardan görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-13790) isti iş sahələrində məşğul olan kran maşinistləri (kraniçalar) vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-13790) isti iş sahələrində məşğul olan kran maşinistləri (kraniçalar) vəzifəsində; xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək (bölmə 7, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançilar) vəzifəsində çalışmışdır.

40. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yaşa görə əmək pensiyasının mərhumun 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən etibarən təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

41. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

42. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarının işığında işin faktiki halları ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 1 yanvar 2019-cu il tarixdən əvvəl (52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən) yaranmaqla yanaşı, o, əmək pensiyasının təyin olunması barədə həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə dair hər hansı sübut təqdim etməmiş, belə müraciəti olmasını, ümumiyyətlə, bildirməmişdir. Belə ki, iddiaçının cavabdeh orqana pensiyanın təyin olunması barədə ilk müraciəti xx.xx.2022-ci ildə olmuşdur. (iş mat.səh 44)

44. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

45. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

46. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisinin vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək (öldüyü tarixədək) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

47. Odur ki, kollegiya hesab edir ki, əmək pensiyasının təyin olunmasına dair Qanunun 32.1-2-ci maddəsində nəzərdə tutulan üç illik məhdudiyyət iddiaçıya münasibətdə də tətbiq olunmalıdır.

48. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.

49. İşin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, mərhum İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin edilərək xx.xx.2022-ci il tarixədək (öldüyü tarixədək) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-960/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Mərhum İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin edilərək xx.xx.2022-ci il tarixədək (öldüyü tarixədək) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar