Məhkəmə qərarları › İş №2-1(105)-248/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-248/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-248/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2014-cü il tarixli 186 saylı qərarında “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinin həmin Əsasnamənin 7.2-ci maddəsinin “c” bəndi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli 186 saylı qərarında “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinin həmin Əsasnamənin 7.2-ci maddəsinin “c” bəndi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə heyət nəfəri atıcı, sonralar isə sürücü vəzifələrində xidmətdə olmuşdur. xx.xx.2006cı il tarixdə “Döyüş hazırlığı planına əsasən” təlimə çıxış vaxtı avtomobil texnikasının üzərindən yıxılaraq bel nahiyəsindən ağır travma almışdır. Onun idarə etdiyi avtomobil hərbi hissə komandirinin xidməti avtomobili olduğu üçün həmin gün məcbur olaraq ağrılı vəziyyətdə şəxsi heyət tərkibi ilə birlikdə təlimə çıxmışdır. Təxminən iki aya yaxın müddət ərzində çox çətinliklə xidmətini davam etdirmişdir. Lakin ağrıları artdığından xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə “Vertebrogen mənşəli, soltərəfli lumbaişalgiya mülayim ağrı sindromu ilə” stasionar müalicəyə götürülmüşdür. Lakin bu müalicə yanlış istiqamətdə aparıldığı üçün ona heç bir faydası olmamış və artıq xidmətinin sonuna iki ay qaldığından xx.xx.2006-cı il tarixdə ambulator müalicəyə göndərilmişdir. Ehtiyata tərxis olunduqdan sonra aldığı stasionar müalicələr zamanı aşkar edilmişdir ki, müalicələri yanlış aparılmışdır. O, ilk dəfə mərkəzi Hərbi Həkim komissiyasına müraciət etdikdə ona hərbi komissiyanın xx.xx.2014-cü il tarixli 186 saylı qərarı ilə “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi diaqnoz qoyulmuşdur. O, həmin qərarla razılaşmayaraq, dəfələrlə xidmət etdiyi hərbi hissəyə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək ona imtina cavabları verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı şəhadətləndirilməsi haqqında xx.xx.2014-cü il tarixli 870 saylı qərarda “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qeydinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova.) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu “Vertebrogen mənşəli (kompressiya L4-L5) soltərəfli lümboişalgiya mülayim ağrı sindromu ilə Soltərəfli varikosele 3-cü dərəcə” diaqnozlu xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2 bəndinin ç) yarımbəndinə əsasən, xx.xx.2014-cü il tarixdə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə alm.ış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994- cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz . Şikayətin dəlilləri:

1. İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizini və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.2018-ci il tarixli N saylı travma haqqında arayış xidmətdən buraxıldıqdan 12 il sonra verildiyinə görə əsas kimi qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən “Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir.

2. İddiaçı N nömrəli hərbi hissədə müayinə və müalicə olunarkən xx.xx.2006-cı ildə aparılmış bel fəqərələrinin 888 nömrəli rentgen müayinəsi zamanı “L4-L5 arası sahədə bir qədər daralmışdır” rəyi verilmiş, fəqərənin sınığı və çatı aşkar edilməmişdir.

3. “Vertebrogen mənşəli (kompressiya L4-L5) soltərəfli lümboişalgiya” nozoloji olaraq xəstəlikdir, travma deyil və N. Məmmədov N nömrəli hərbi hissədə müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən “Əsasnamə”nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq “Travma haqqında arayış” tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir. Bu səbəbdən vətəndaş İddiaçı iddiasına əsasən (xəsarəti təsdiq edən çıxarış epikrizi və ya digər tibbi sənəd yoxdur) aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün deyildir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi nəzərdə tutulmamışdır.

5. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “XƏSTƏLİK, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-ci maddələrinə əsasən MN MHHK Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır.

6. İddiaçı xəstəliyinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “c” bəndinin tələblərinə ziddir. Vətəndaşların xəstəliklərinin səbəb əlaqəsinin, “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən hallarda mümkündür.

7. MN MHHK-sı tərəfindən 1994-cü il may ayının 12-dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏ

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan : X2 aid AO N0711915 saylı hərbi biletdən görünür ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2006-cı il tarixli xətəlik tarixçəsindən görünür ki, İddiaçı bel nahiyyəsində ağrıların hərbi xidmət zamanı avtomobildən tullandıqdan sonra başlandığını və son 1 ay ərzində ağrıların daha da artdığını bildirmişdir. N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.2018-ci il tarixli travma haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə döyüş hazırlığı təlimi zamanı avomobil üzərindən yıxılaraq “bel fəqərəsinin çatı və sürüşməsi” xəsarətini almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 186 saylı qərarından görünür ki, İddiaçı “Vertebrogen mənşəli, soltərəfli lumbaişalgiya mülayim ağrı sindromu ilə ” diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi verilmişdir. İddiaçı Məmmədovun müraciətindən görünür ki, o, cavabdeh inzibati orqana müraciət edərək düzgün qərar verilməsini və “Hərbi travmadır” hərbi xidmət vəzifələrini yerinə yetirərkən” kimi şəhadətləndirilməsini xahiş etmişdir. Lakin onun müraciətinə cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtina cavabını əsaslandıran yetərli sübutlar təqdim etməməsi, habelə məhkəmə araşdırması zamanı da məhkəmənin sorğusuna cavab olaraq zəruri materiallar barədə məlumat alınmaması onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusunu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; 1.8-ci bəndinə görə Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Cavabdehin apelyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, iddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizini və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.2018-ci il tarixli N saylı travma haqqında arayış xidmətdən buraxıldıqdan 12 il sonra verildiyinə görə əsas kimi qəbul edilməmişdir. Halbuki iş materiallarına çıxarış epikrizi və travma haqqında arayış əlavə edilmişdir və həmin sənədlərin mötəbər olmaması ilə bağlı inzibati orqan sübutlar təqdim etməmişdir. Travma haqqında arayışın xidmətdən buraxıldıqdan 12 il sonra verilməsi ilə bağlı isə kollegiya qeyd edir ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərkən qeyd edilən normanın tələbi nəzərə alınsa, həmin travma haqqında arayış ya olmuş, yaxud da inzibati orqan inzibati icraatı düzgün aparmamış və həmin arayış olmadan xəsarətin səbəb əlaqəsi haqqında qərarı qəbul etmişdir. Bununla bağlı isə iddiaçının heç bir məsuliyyəti müəyyən olunmur. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə İddiaçı 2006-cı ilin avqust ayının 10-da müvafiq hərbi hissədə xidmət edərkən yıxılması və travma alıb-almaması ilə bağlı məlumat verilməsi ilə bağlı sorğu məktubu göndərilsə də, həmin halların araşdırılması istiqamətində cavabdeh inzibati orqandan heç bir cavab daxil olmamışdır. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, İddiaçı N nömrəli hərbi hissədə müayinə və müalicə olunarkən xx.xx.2006-cı ildə aparılmış bel fəqərələrinin 888 nömrəli rentgen müayinəsi zamanı “L4-L5 arası sahədə bir qədər daralmışdır” rəyi verilmiş, fəqərənin sınığı və çatı aşkar edilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.2018-ci il tarixli travma haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə döyüş hazırlığı təlimi zamanı avomobil üzərindən yıxılaraq “bel fəqərəsinin çatı və sürüşməsi” xəsarətini almışdır. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin “Vertebrogen mənşəli (kompressiya L4-L5) soltərəfli lümboişalgiya” nozoloji olaraq xəstəlik olması, travma olmaması və iddiaçının N nömrəli hərbi hissədə müayinə və müalicə olunarkən onda travma və onun nəticələrinin müəyyən edilməməsi ilə bağlı digər bir dəlili də N saylı xx.xx.2018-ci il tarixli travma haqqında arayışla təkzib olunur. Cavabdehin növbəti dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqan konkret halda iddiaçıya təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsinin mümkün olmamasını əsaslandırmamışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, vətəndaşların xəstəliklərinin səbəb əlaqəsinin, “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən hallarda mümkündür. Kollegiya qeyd edir ki, həmin Əsasnamənin 7.2. maddəsinin c) yarımbəndinin 1-ci abzası aşağıdakı kimi müəyyən edilmişdir. -əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa. Bu halda hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. Cavabdehin son dəlili ondan ibarətdir ki, MN MHHK-sı tərəfindən 1994-cü il may ayının 12-dən, yəni atəşkəs elan olunandan sonra hərbi qulluqçularda müəyyən edilmiş bütün xəstəliklərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 2-ci, 3-cü, 4-cü və 5-ci abzaslarında göstərilən xəstəliklər istisna olmaqla) hərbi xidmətlə səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu formal dəlili iddiaçıya da digər hərbi qulluqçulara müəyyən edilmiş bütün xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. maddəsinin c) yarımbəndinin 1-ci abzası əsasında (əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi şəhadətləndirilməsində heç bir qanun pozuntusu, məhdudiyyət müəyyən etmir. Kollegiya qeyd edir ki, iddia əsaslı iddia olmaqla təkzibolunmaz sübutlara əsaslanır, cavabdehin istinad etdiyi dəlillər isə iddiaçının tələbindən mtina üçün əsas ola bilməz. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.(24.1) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2.) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3.) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4.) İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. (24.5.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-673/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar