Məhkəmə qərarları › İş №2-1(105)-248/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-248/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-248/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2- 1(118)-50/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin may ayından 2012ci ilin iyun ayına kimi və 2014-cü ildən 23 iyul 2019-cu ilə kimi Şamaxı rayonu Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, ikinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHBnın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlandırılmışdır. O, heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının şurasında baxılmadan Şamaxı rayon prokurorunun ona heç bir aidiyyatı olmayan 04 iyun 2019-cu il tarixli təqdimatına əsasən 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrlə işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı 19.08.2019-cu il tarixli ərizə ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı onu əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin onun qanuni və əsaslı müraciətinə bu günə kimi cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu yolla da onun məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və məhkəməyə müraciət etmək vaxtını qanunsuz olaraq bilərəkdən uzatmağa çalışmışdır. Hesab edir ki, buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməlidir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, cavabdeh Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)- 50/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, İddiaçı barəsində yeni inzibati aktın qəbul edilməsinin cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara almışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2- 1(105)-424/2021 nömrəli (hakimlər - Rəşadət Ağayev sədrlik edən və məruzəçi, Hökümə Babayeva və İlqar Dəmirov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilməsi və ona 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2334/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər - Zakir Quliyev sədrlik edən və məruzəçi, Səyyad Kərimov və Rahib Nəbizadə) cavabdehin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işdən azad edilməsindən bir ilə yaxın müddət keçmiş və həmin vəzifəyə yeni təyinat aparılmış, eyni zamanda yerli icra hakimiyyəti orqanları strukturuna aid vəzifələrə bütün təyinatlar yuxarı rəhbər orqan tərəfindən təqdimat qəbul ediləndən sonra aparılmasına baxmayaraq məhkəmə mövcud vəziyyəti nəzərə almadan belə bir nəticəyə gəlmişdir. Həmçinin bildirirlər ki, İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi vəzifəsinin Şamaxı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi onları bir çox problemlərlə üzləşdirəcəkdir. Məhkəmə qərar qəbul edərkən öz mövqeyini Şamaxı rayon prokurorluğunun cinəyət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibinin olmadığının müəyyən edilərək cinayət işi üzrə icraata xitam verilməsi və onun məhkəmə proseslərinə məhkəmələrin çağırışlarına əsasən və rayon icra hakimiyyətinə məlumat verdikdən sonra getməsi ilə əsaslandırmışdır. Onu da bildirirlər ki, Şamaxı rayon prokurorluğu İddiaçı əməlində cinayət tərkibinin olmadığını müəyyən edərək cinayət işi üzrə icraata xitam verilməsinə qərar vermiş olsa da, 04 iyun 2019-cu il tarixli, ********* nömrəli təqdimatında onun dövlət qulluğu ilə uyğunlaşmayan əməllərinə hüquqi qiymət verilməsini Şamaxı Rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Eyni zamanda İddiaçı məhkəmə proseslərində nəinki bilavasitə tərəf qismində, həmçinin dəfələrlə digər şəxsin nümayəndəsi qismində də iştirak etmişdir. Bununla yanaşı o, rayon icra hakimiyyətinə məlumat verdikdən sonra proseslərə getməsini heç bir sənəd və ya digər vasitələrlə sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı ilə qismən razıdır. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarın əsaslandırma hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il 56 nömrəli əmri ilə Şamaxı rayon prokurorunun 04 iyun 2019cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı əsası ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən İddiaçı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Lakin, Şamaxı rayon prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmadığı müəyyən edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının üçüncü şəxs kimi cəlb edildiyi davam edən məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilən hallar inzibati icraat zamanı araşdırılmalıdır. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi İPM-in 73.2-ci maddəsinə istinad edərək iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ İPM-in 73.3.3cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı həmin əmrin ləğvinə, əvvəllki vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, bərpa olunana kimi əmək haqqının ödənilməsinə yönəlmişdir ki, bu da iddianın məcburetmə növünə deyil, mübahisələndirmə növünə aiddir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. İddiaçının yuxarıda qeyd olunan məzmunda - “Şamaxı rayon prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələblərinin nəzərə alınaraq, onun barəsində yeni inzibati aktın qəbul edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2- 1(118)-50/2021 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar