Məhkəmə qərarları › İş №2-1(105)-248/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-248/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-248/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2087/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə Abşeron rayonu, Məmmədli bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin inşası məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 21 iyun 2002-ci il tarixli, 46 nömrəli qərarına əsasən İddiaçı bələdiyyənin ehtiyat fondundan 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 01 oktyabr 2004-cü il tarixli, 162 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən Məmmədli bələdiyyəsinin hesabına 840.000 (səkkiz yüz qırx min) manat məbləğində pul ödənilmişdir. Məmmədli bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında 2022-ci ildə “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, 21 iyun 2002-ci il tarixdə ayrılmış torpaq sahəsinə dair Məmmədli bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. İddiaçı 21 dekabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 19 yanvar 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsinin 21 iyun 2002-ci il tarixində, 46 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 2022-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları” na əlavəyə zidd tərtib edildiyi, müraciət üzrə əlavə edilmiş Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, faktiki torpaq sahəsinin 20 kv.m hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,10 ha göstərilsə də, faktiki vəziyyətdə 0,09 ha olduğu müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbləri baxımından ərizənin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 46 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədli bələdiyyəsinin 21 iyun 2002-ci il tarixli, 46 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi həmin tarixdən faktiki olaraq onun istifadəsindədir və sahibliyindədir. Torpaq sahəsinə dair hər il torpaq vergisini Məmmədli bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmişdir. Lakin, cavabdeh onun ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2087/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 46 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyini bildirsə də bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə araşdırması nəticəsində alınmış mütəxəssis rəyi ilə torpaq sahəsinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olmadığı, habelə təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,10 ha göstərilsə də, faktiki vəziyyətdə 0,09 ha olduğu müəyyən olunmuşdur. İddiaçı da məhz 0,09 ha torpaq sahəsinə münasibətdə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi üçün məhkəmə hesab edir ki, bu hissədə mübahisə ola bilməz. Göründüyü kimi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, faktiki torpaq sahəsinin 20 kv.m hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü – məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən (07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işlərindən sonra) digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür, bu səbəbdən, qeyd olunan hal apellyasiya şikayətinin əsası kimi qeyd olunmamışdır. Qərar 0,09 ha torpaq sahəsinə dair verildiyi üçün təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,10 ha göstərilsə də, faktiki vəziyyətdə 0,09 ha olduğunun müəyyən olunması dəlili apellyasiya şikayətinin əsası kimi qeyd olunmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Torpaq sahəsinə dair alqı-satqı aktının 2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, Məmmədli bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında qərarın 21 iyun 2002-ci il tarixdə qəbul edilməsi; 2) Yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən 18 mart 2023-cü il tarixli, 164/2024 nömrəli məktubla məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 21 iyun 2002-ci il tarixli, 46 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondundan 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmış və onun tərəfindən torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 840000 (səkkiz yüz qırx min) AZM manat pul ödənilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının gec bağlanması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır. Kollegiya cavabdehin müvafiq bələdiyyənin yerquruluşu planından çıxarışının ərizəyə əlavə olunmamasına dair 2-ci dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin hazırkı apellyasiya baxışının predmetini təşkil etməyən dəlili (faktiki torpaq sahəsinin 20 kv.m hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi) ilə əlaqədar cavabdeh orqan tərəfindən mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Həmçinin, işdə olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 09 yanvar 2023-cü il tarixli müayinə (baxış) aktı” ndan müəyyən edilir ki, torpaq sahəsi yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,09 ha təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı faktiki istifadəsində olan sözügedən 0,09 ha torpaq sahəsi üzərində mükiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda tələbini təmin etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 21 iyun 2002-ci il tarixli, 46 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Masazır bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2087/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar