Məhkəmə qərarları › İş №2-1(105)-249/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-249/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-249/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-2459/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 2012-ci il tarixdən “Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma fazasında. VMB (-) Ağ ciyər ürək çatışmamazlığı 1-2 dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlilldir. 2012-ci il tarixdən etibarən əlillik müddəti hər dəfə 1 il müddətinə olmaqla xx.xx.2016-cı il tarixədək uzadılmış, xx.xx.2016-cı il tarixdə isə əlilliyin müddəti 5 il olmaqla xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixində TSEK-də müayinədən keçərkən “Əlavə müalicəyə ehtiyacı olması – İxtisaslaşdırılmış müalicə davam etdirilməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İxtisaslaşdırılmış müalicənin davam etdirilməsi məqsədilə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt Vərəm Əleyhinə Dispanserdə stasionar müalicədə olmuş, əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə 04 oktyabr 2021 və 26 oktyabr 2021-ci il tarixlərdə TSEK-də müayinədən keçsə də, hər iki halda “göndərişin natamam doldurulması – aparılan diaqnostik müayinələrin nəticələrinin diaqnoz və ağırlaşmanı təsdiqləməsi, ətraflı müayinə olunaraq dəqiqləşdirilməsi” səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutunda stasionar müalicədə olduqdan sonra iddiaçı barəsində Sumqayıt Vərəm Əleyhinə Dispanser tərəfindən xx.xx.2022-ci il tarixli 0524003AABUG nömrəli göndəriş tərtib edilmiş və əlilliyin təyini məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Göndərişə əsasən, əsas diaqnoz “B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı böyük qalıq əlaməti fibroz və bərc ocaqlar şəklində VMB (-) mənfi”, ağırlaşma “J96.1 Xroniki respirator çatmamazlıq, tənəffüs çatışmamazlığı İİ dərəcə” olmuşdur. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilərkən iddiaçıya “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı böyük qalıq əlaməti fibroz və bərc ocaqlar şəklində VMB (-) mənfi Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı İİ qrup əlilliyə görə pensiya alır. Əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə pensiya ödənişi bərpa edilmişdir. Hazırda iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 2021-ci ilin mart ayından xx.xx.2022-ci il tarixinədək ödənilməyən pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh 28 iyun 2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Müraciətində qeyd etdiyi dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Verilən imtina ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası ƏƏSMN Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildən tənəffüs orqanlarının vərəmi diaqnozlu xəstəlikdən əziyyət çəkir və həmin vaxtdan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci ilin mart ayında əlillik müddətinin bitməsinə baxmayaraq, 2020-ci ilin yanvar ayınadək müxtəlif səbəblərlə əlilliyin uzadılmasından imtina edilmişdir. Bildirir ki, əmək qabiliyyəti yoxdur, işləyə bilmir, 2-ci qrup əlil kimi başqa gəlir mənbəyi yoxdur. Həmin dövrdə o, borc almaqla özünü müalicə etdirmiş və yaşamışdır. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciətlər etsə də müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 2012-ci il tarixdə 2dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən növbəti müayinədə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən ona əlillik təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla belə iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna Müraciət edərək ona mart 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir, iddiaçıya imtina cavabı verilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli, 356 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli, 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçının tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. İddiaçının əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2459/2022 nömrəli qərardadı ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-2459/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, idiaçıya mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi (əllik müddətinin bitdiyi vaxtdan əllik müddətinin bərpa edildiyi vaxtadək ödənilməmiş olan dövrlər nəzərə alınaraq hesablama və ödəmə aparılmalıdır) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunazidd və əsassız hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-) Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. (-) Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, 6 aylıq müddətin ötürülməsi ilə bağlı inzibati orqanların imtina əsası o zaman ola bilər ki, əlillik müddəti bitmiş olan şəxsin təkrar əlillik qiymətləndirilməsi ilə bağlı müraciəti 6 ayı keçmiş olsun. Lakin hazırkı halda iddiaçı tərəfindən bu müddət ötürülməmiş, əlillik müddəti bitəndən sonra səlahiyyətli orqanlara müraciət etmiş, nəticədə əlilliyinin davam etməsi onun iradəsindən və hərəkətlərindən asılı olmadan inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində öz təsdiqini gec tapmışdır. Məhkəmə hesab edir ki, əlil olan şəxsin məsuliyyət daşımadığı halda inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində hüquqlarının pozulması yolverilməzdir və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisə iddiaçıya 2021-ci ilin mart ayından xx.xx.2022-ci il tarixədək olan dövrdə əlilliyə görə ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə pensiya ödənilmiş, əlillik müddətinin bitməsi səbəbindən pensiyanın ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi TSEK-də yenidən qiymətləndirilərək xx.xx.2022-ci il tarixində əlillik təyin edilmiş, bu zaman isə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində qeyd edilən müddət (6 ay) 4 ay ötürülmüşdür. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçının əlilliyi dayandırıldıqdan sonra bərpa edilənədək qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddət keçdiyindən ona ötən dövrlər üzrə ödənişin verilməsindən imtina edilməsi qanunidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinin uzanması onun təqsiri ucbatından olmamışdır. Belə ki, işin yuxarıda sadalanan faktiki hallarından müəyyən olunur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra ilkin müayinə zamanı “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina cavabı verildikdən iddiaçı, qanunla müəyyən edilən müddət ərzində öz üzərinə düşən davranışları həyata keçirmiş, müvafiq müayinə prosedurlarından keçmiş və qanunvericilikdə müəyyən edilən müddət daxilində Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsindən keçmişdir. Lakin bundan sonra da iddiaçıya 3 dəfə əlilliyin təyin edilməsindən imtina verilmiş, lakin bu imtinalar iddiaçının xəstəliyi və ya hər hansı davranışı ilə bağlı olmamış, iddiaçının göndərişini tərtib edən dövlət səhiyyə müəssisəsinin təqsirinin nəticəsi olmuşdur. Belə ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər natamam doldurulmuşdur. Həmin məlumatların tərtibində natamamlığa yol verilməsi nəticəsində müddətin ötürülməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən sosial təminat hüququnun pozulmasına və məsuliyyətinə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsinin formal tələblərə əməl etməməsinə görə müddətin ötürülməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə müddət məhdudiyyətinin tətbiq edilməsi inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə, hüquq münasibətləri iştirakçılarının intizamlandırılmasına və onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edilməsinə xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı 2021-ci ilin aprel ayından (əlillik müddəti bitdikdən 1 ay sonra) başlayaraq, aidiyyəti üzrə inzibati orqanlara müraciətlər etdiyindən, “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlilliyin təyinindən imtina edildikdən sonra iddiaçı stasionar müalicələr aldığından və yuxarıda da qeyd edildiyi kimi, sonrakı müraciətlərə “Göndərişin natamam doldurulması” səbəbi 3 dəfə imtina cavabı verildiyindən, başqa sözlə inzibati orqanların öz funksiyalarını vaxtında icra etməməsi nəticəsində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi bir neçə ay gecikməklə xx.xx.2022-ci il tarixdə aparıldığından, yuxarıda qeyd edilən normadakı 06 aylıq müddətin ötürülməsi iddiaçının təqsiri ucbatından baş verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçı 2012-ci il tarixindən hazırkı vaxtadək tənəffüs orqanlarının vərəmi xəstəliyindən əziyyət çəkmiş, tibb müəssisələrində dəfələrlə müayinədən keçmiş, müalicə olunmuş, xx.xx.2021-xx.xx.2022-ci il aralığında olan müddət ərzində də xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi əlil olmuş, lakin həmin dövrdə onun əlilliyinin təkrar qiymətləndirilməsi iddiaçının özündən asılı olmayan səbəbdən gecikdirilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində yenidən qiymətləndirilərkən də o, əvvəlki diaqnozlarda qeyd edilən səbəblə əlil hesab edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin qanunun 4–cü maddəsinə əsasən, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-2459/2022 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar