Məhkəmə qərarları › İş №2-1(105)-25/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-25/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-25/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Üçüncü şəxs Namazov Bəhman Nadir oğlunun iştirakı ilə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı cavabdeh tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-115/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı cavabdeh tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə qərarın etibarsız hesab edilməsi, etibarsızlığın nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair 26.10.2017-ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin 24.10.2017-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş RX seriyalı, ******* saylı 06.02.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə qərarın ləğv edilməsi, ləğvin nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair 26.10.2017-ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin 24.10.2017-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş RX seriyalı, ******* saylı 06.02.2018-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2-1(85)-115/2018 saylı qərardadı ilə Namazov Bəhman Nadir oğlu iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Eyni zamanda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərardadı ilə iddia ləğvinin nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair 26.10.2017-ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin 24.10.2017-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş RX seriyalı, ******* saylı 06.02.2018-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. (hakim Z.Pirverdiyev) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərardadından iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə tam baxılması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarından iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2018ci il tarixli 2-1(105)-549/2018 saylı qərarı və eyni saylı eyni tarixli qərardadı ilə İddiaçı firmasının apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanmışdır. (sədrlik edən S.İ.Bəktaşi, hakimlər T.O.Quliyev, G.F.Tağızadə) Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə tam baxılması barədə qərar qəbul olunmasını, həmçinin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2-1(102)-1065/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.Bədəlov, İ.Dadaşov və S.Hüseynova) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 17 dekabr 2018-ci il tarixli 2-1(105)-549/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanması, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2018-ci il tarixli 2-1(105)-549/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi və qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 510/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Z.Məmmədov- sədrlik edən və məruzəçi, N.Nəsibov və H.Babayeva) apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-115/2018 saylı 20 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 746/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev-sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və A.Hüseynov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2-1(105)-510/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.06.2017-ci il tarixində cavabdehin rəsmi saytından məlum olmuşdur ki, İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsi 2 saylı maye-qaz doldurma məntəqəsi kimi kiçik dövlət müəssisəsi adı altında cavabdeh tərəfindən özəlləşdirilməyə çıxarılmış və bu məqsədlə 11.07.2017-ci il tarixində hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən maye-qaz doldurma məntəqəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 1999-cu il tarixli sərəncamı əsasında İddiaçı firmasının vəsaiti hesabına və özü tərəfindən inşa edilərək istismara qəbul edilmişdir və İddiaçı firmasına məxsusdur. Həmçinin həmin maye-qaz doldurma məntəqəsi istismara qəbul edilərək fəaliyyət göstərilməsi üçün bütün sənədlər alınmışdır. Cavabdeh tərəfindən İddiaçı firmasına məxsus maye-qaz doldurma məntəqəsinin özəlləşdirilən dövlət əmlakının siyahısına salınması, xüsusi mülkiyyətdə olan iddiaçı tərəfindən öz vəsaiti hesabına tikilən məntəqənin dövlət əmlakı kimi bu cür özəlləşdirilməsi və hərraca çıxarılaraq satılması tamamilə qeyri-qanunidir. İddia ərizəsi verilərkən eyni zamanda 06.07.2017-ci il tarixində “inzibati aktın icrasının dayandırılması barədə ərizə” təqdim edilərək mübahisəli maye-qaz doldurma məntəqəsinin özəlləşdirilməsinin, hərraca çıxarılmasının və bununla bağlı digər hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə ərizəyə əhəmiyyət verməyərək təmin etməmiş və nəticədə mübahisəli maye-qaz doldurma məntəqəsinin qeyri-qanuni şəkildə hərraca çıxarılmasına şərait yaratmışdır. Əmlak hərraca çıxarıldıqdan sonra iddiaçı ikinci dəfə 03.11.2017-ci il tarixində “müvəqqəti xarakterli müdafiə tədbiri və inzibati aktın icrasının dayandırılması barədə ərizə” ilə məhkəməyə müraciət edərək mübahisəli maye-qaz doldurma məntəqəsinin üzərinə həbs qoyulması, 24.10.2017-ci ildə keçirilən hərracın nəticəsi kimi satılmasının, müqavilənin bağlanılmasının, müvafiq çıxarışın verilməsinin və hərracla bağlı istənilən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə yenidən qərardad çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə yenə də ərizəyə əhəmiyyət verməyərək maye-qaz doldurma məntəqəsinin fiziki şəxsə satılmasına və 06.02.2018-ci il tarixində çıxarışın verilməsinə şərait yaratmışdır. Hər iki ərizə ilə bağlı qərardad iddiaçıya təqdim edilmədiyindən həmin qərardaddan şikayət vermək hüququndan da məhrum olmuşdur. Göstərilən ərizələr əsasında müvafiq tədbirlərin görülməməsi səbəbindən həm mübahisəli maye-qaz doldurma məntəqəsi qeyriqanuni şəkildə hərraca çıxarılır, həm də hərrac vasitəsilə fiziki şəxsə satılaraq 3-cü şəxsin məhkəmə mübahisəsinə daxil olmasına və iddia tələbinin dəyişdirilməsinə səbəb olur. Bundan başqa iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 05 avqust 1999-cu il tarixli 557 saylı sərəncamı ilə İddiaçı firmasına avtomobillərə maye-qaz doldurma məntəqəsinin layihələşdirilməsi və tikintisi üçün 225 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında iddiaçı tərəfdən inşaat pasportu hazırlanaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılaraq təsdiq edilmişdir. Həmin inşaat pasportu əsasında tikinti aparılaraq istismara qəbul olunmuşdur. Qeyd edilən sənədlər kifayət edir ki, məhkəmə həmin mübahisəli maye-qaz doldurma məntəqəsinin iddiaçıya məxsus olmasını müəyyənləşdirsin. Lakin, məhkəmə mübahisəli maye-qaz doldurma məntəqəsinin hərraca çıxarılması məsələsinə qiymət verərkən və qərarını əsaslandırarkən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında maye-qaz doldurma məntəqəsinin yerləşdiyi 583 kv.metr torpaq sahəsinin icarəsinə dair müqavilə bağlanmamışdır. Halbuki, hərraca çıxarılan torpaq deyil, maye-qaz doldurma məntəqəsidir və ayrılan torpaq sahəsi 225 kv.metrdir və heç bir halda 583 kv.metr torpaq sahəsinə icarə müqaviləsi bağlana bilməz. Məhkəmə həmçinin cavabdehin təqdim etdiyi reyestrdən çıxarışa istinad edərək maye-qaz doldurma məntəqəsinin guya 1980-ci ildə istismara verildiyini və İstehsal və Xidmət Müəssisəsinin İdarəetmə Mərkəzinin balansında olmasını qeyd edir. Halbuki, qeyd edilən sərəncamdan da göründüyü kimi, maye-qaz doldurma məntəqəsi 1980-ci ildə deyil, 1999-cu ildə tikilərək istismara verilmişdir. İkincisi, cavabdeh həmin maye-qaz doldurma məntəqəsinin hansı sənədlə və neçənci ildə tikilməsinə və istismara verilməsinə dair sübutu məhkəməyə təqdim edə bilmir. Üçüncüsü, İstehsal və Xidmət Müəssisəsinin İdarəetmə Mərkəzinin özünün verdiyi arayışda mayeqaz doldurma məntəqəsinin yalnız 11.07.2008-ci ildən balansında olmasını bildirir. Mübahisəli maye-qaz doldurma məntəqəsi 1980-ci ildə deyil həqiqətdə 1999-cu ildə tikilmişdir. Həmin maye-qaz doldurma məntəqəsinin 1980-ci ildə tikilməsi və həmin ildən dövlətin balansında olmasına dair sübut yoxdur, ola da bilməz və uydurma sənədlərlə və iddiaçıdan gizlin şəkildə 11.07.2008-ci ildən başqasına məxsus məntəqə guya dövlətin balansına keçirilmişdir. Lakin, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları görməzlikdən gələrək və cavabdeh tərəfdən sənədlərlə sübut edilə bilməyən həqiqətəuyğun olmayan hallara qiymət verərək yanlış nəticəyə gəlir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı firmasının vəkili və nümayəndəsi Vəkil3 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iştirak etmiş üçüncü şəxs Namazov Bəhman Nadir oğlu apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (qeydiyyat № 14922) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivində yerləşən 2 nömrəli maye-qaz doldurma məntəqəsi 1980-ci ildə istismara verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 22 aprel 1998-ci il tarixli, 672 nömrəli sərəncamının surətindən görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı”na, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azəriqaz səhmdar cəmiyyətinin Maye qaz üzrə İstehsalat Birliyinin müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 1 dekabr 1997-ci il tarixli 700 saylı sərəncamının icrasını təmin etmək, habelə ləğv edilmiş Birliyin müəssisə və obyektləri arasındakı texnoloji əlaqələri nəzərə almaqla, bu müəssisə və obyektlərdə xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhəri üzrə dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi idarəsinə və yerli qurumlar üzrə dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi idarəsinə tapşırılmışdır ki, iki saylı əlavədə göstərilən Maye qaz üzrə İstehsalat birliyi tərəfindən icarəyə götürülmüş özəl obyektlərdə olan dövlət əmlakının müəyyən edilmiş qaydada özəlləşdirilməsini təmin etsinlər. Dövlət Əmlak Komitəsinin 22 aprel 1998-ci il tarixli, 672 nömrəli sərəncamına 2 nömrəli əlavədən isə görünür ki, Sumqayıt şəhərində yerləşən 2 nömrəli maye qaz doldurma məntəqəsi maye qaz üzrə istehsalat birliyinin fiziki və özəl hüquqi şəxslərdən icarəyə götürülən obyektlərin siyahısında göstərilmişdir. Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 18.03.2008-ci il tarixli, 100 nömrəli sərəncamından və sərəncama əlavə olunan siyahıdan görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıta gedən yolun üstündə yerləşən Sumqayıt 2 №-li maye-qaz doldurma məntəqəsi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 01 noyabr 2018-ci il tarixli **********54 saylı məktubundan görünür ki, Sumqayıt 2 saylı maye qaz doldurma məntəqəsi dövlət mülkiyyətində olan əmlak qismində Cavabdeh İXMİM-in 11.07.2008-ci il tarixli 160 nömrəli əmri ilə balansa qəbul edilmiş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.9-cu bəndinə uyğun olaraq, Cavabdeh İXMİM-in 21.06.2017-ci il tarixli 94 nömrəli əmrinə əsasən tabeliyindəki keçmiş “Azərsutikinti” X1 Birliyinin balansına verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 14 may 2018-ci il tarixli **********19 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Azərbaycan dəmir yolu yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil olmaqla, 11 iyul 2008-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuşdur. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsinin yerində müayinəsi və tədqiqi zamanı müəyyən olunmuşdur ki, maye-qaz doldurma məntəqəsi köhnə tikili olmaqla fəaliyyət göstərmir. Arxa tərəfdə iki ədəd tikili vardır, tikili yararsız vəziyyətdədir. İddia tələbinə görə mübahisəli Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsi dövlət əmlakı olmamış iddiaçının öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 1999-cu il tarixli 557 saylı sərəncamı ilə avtomobillərə maye qaz doldurma məntəqəsi layihələndirilməsi və tikintisi məqsədilə iddiaçıya Azərbaycan Dəmir Yol yük rayonunda 225 kv.metr torpaq sahəsi ayrılmışdır. 27 avqust 1999-cu il tarixli aktla Sumqayıt şəhərində yerləşən və fiziki şəxs X4 tərəfindən müqavilə əsasında icarəyə götürülən avtomobillərə maye qaz doldurma məntəqəsinin texniki vəziyyətinin istismara yararlı olması təsdiqlənmiş və qüvvədə olan qaydaların tələblərinə uyğun olaraq istismarına razılıq bildirilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı isə yuxarıda sadalanan sübut növləri və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmiryolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsinin dövlət vəsaiti hesabına tikilməsinə dair sənədlər hazırda mövcud deyil, lakin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (qeydiyyat № 14922) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivində yerləşən 2 nömrəli maye-qaz doldurma məntəqəsi istismara 1980-ci ildə verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 22 aprel 1998-ci il tarixli, 672 nömrəli sərəncamı əsasında həmin maye-qaz doldurma məntəqəsinin özəlləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. Belə ki, həmin sərəncam “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı”na, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azəriqaz səhmdar cəmiyyətinin Maye qaz üzrə İstehsalat Birliyinin müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 1 dekabr 1997-ci il tarixli 700 saylı sərəncamının icrasını təmin etmək, habelə ləğv edilmiş Birliyin müəssisə və obyektləri arasındakı texnoloji əlaqələri nəzərə almaqla, bu müəssisə və obyektlərdə xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə özəlləşdirilməsinin təmin edilməsi barədə olmuşdur. Daha sonra, həmin maye-qaz doldurma məntəqəsi Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 18.03.2008-ci il tarixli, 100 nömrəli sərəncamına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. 2 saylı maye qaz doldurma məntəqəsi dövlət mülkiyyətində olan əmlak qismində Cavabdeh İXMİM-in 11.07.2008-ci il tarixli 160 nömrəli əmri ilə balansa qəbul edilmiş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.9-cu bəndinə uyğun olaraq, Cavabdeh İXMİM-in 21.06.2017-ci il tarixli 94 nömrəli əmrinə əsasən tabeliyindəki keçmiş “Azərsutikinti” X1 Birliyinin balansına verilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi avtomobillərə maye-qaz doldurma məntəqəsi layihələndirilməsi və tikintisi məqsədilə ona Azərbaycan Dəmir Yol yük rayonunda 225 kv.metr torpaq sahəsi ayrılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 1999-cu il tarixli 557 saylı sərəncamına istinad etsə də, mübahisəli Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmiryolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsinin həmin vaxt dövlət əmlakı olması, yəni 2 saylı maye-qaz doldurma məntəqəsinin 1980-ci ildə istismara verilməsi barədə registrdəki qeydiyyatla, o cümlədən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 22 aprel 1998-ci il tarixli, 672 nömrəli sərəncamına əsasən özəlləşdirilməsinin təmin edilməsi üçün siyahıya daxil edilməsi faktı ilə öz təsdiqini tapır. İddiaçı 27 avqust 1999-cu il tarixli aktla Sumqayıt şəhərində yerləşən və fiziki şəxs X4 tərəfindən müqavilə əsasında icarəyə götürülən avtomobillərə maye qaz doldurma məntəqəsinin texniki vəziyyətinin istismara yararlı olmasının təsdiqlənməsi və qüvvədə olan qaydaların tələblərinə uyğun olaraq istismarına razılıq bildirildiyini göstərsə də, məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, həmin vaxtdan hərracın keçirilməsinə qədər 18 il müddətində maye-qaz doldurma məntəqəsi heç vaxt fəaliyyət göstərməmişdir. Digər tərəfdən, iddiaçının sübut növü kimi iddia ərizəsinə əlavə etdiyi lisenziyaların surətindən görünür ki, X2 maye qaz doldurma məntəqəsinin istismarını həyata keçirməyə icazə 30 avqust 1999-cu il tarixdə, maye qazın satışı fəaliyyətini həyata keçirmək üçün icazə isə 15 noyabr 1999-cu il tarixdə verilmişdir. Bundan başqa, İddiaçı firması tərəfindən 1999-cu il tarixdən cari tarixədək dövlət büdcəsinə ödənilmiş torpaq və əmlak vergilərinə dair məlumatların təqdim edilməsinə dair məhkəmənin sorğusuna Bakı şəhəri Lokar Gəlirlər Baş İdarəsinin 15 mart 2021-ci il tarixli **********5171000 nömrəli məktubunda göstərilmişdir ki, dövlət büdcəsinə ödənilmiş vergilər vergi ödəyicilərinin adından ödənilməklə, onların şəxsi hesab vərəqələrində nəzərə alınır. Belə ki, dövlət büdcəsinə vəsaitləri ödəyən şəxslər barədə vergi orqanlarında məlumat mövcud deyil. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən İddiaçı firması tərəfindən 27.04.2001-ci il tarixdə ümumilikdə 20,0 manat əmlak vergisi ödənilmiş, 01.01.1999-cu il tarixdən hazırki dövrədək torpaq vergisi ödənilməmişdir. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. İş materiallarından da görünür ki, İddiaçı firmasının mübahisəli Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmiryolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsi üzərində əmlak hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqramı”nın 5.3-cü bəndinə əsasən Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər. İş materiallarına əlavə edilmiş X5 Komitəsinin 135 nömrəli, 14 oktyabr 2016-cı il tarixli sərəncamına əlavə edilmiş “Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin və onların yerləşdiyi torpaq sahələrinin” siyahısından görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi özəlləşdirilmək üçün hərraca çıxarılmışdır. Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. İş materiallarında olan 26.10.2017-ci il tarixli, 3664 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, Namazov Bəhman Nadir oğlu Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsini (ümumi faydalı sahəsi 78.8 kv.m) və 583,0 kv.m torpaq sahəsini hərracdan satın almışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ünvanında yerləşən qeyriyaşayış binası (ümumi sahəsi 78.8 kv.m) və 0,0583 ha torpaq sahəsi üzərində Namazov Bəhman Nadir oğlunun xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa, sözügedən torpaq sahələrinin (225 kvadrat metr və 583 kvadrat metr) üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********88 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2018 saylı, 30 dekabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 1999-cu il tarixli, 557 saylı sərəncamı ilə avtomobillərə maye qaz doldurma məntəqəsi layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Dəmir Yol yük rayonunda İddiaçı firmasına ayrılmış 225 kv.metr torpaq sahəsinin məhkəmə tərəfindən yerquruluşu sxemi, koordinatları əks etdirən texniki kadastr sənədlərini və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim edilmədiyindən 26 oktyabr 2017-ci il tarixli 3664 saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə 24 oktyabr 2017-ci il tarixdə keçirilmiş hərracda 01 saylı protokola əsasən, Namazov Bəhman Nadir oğluna satılmış, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsinin yerləşdiyi 583,0 kv.metr torpaq sahəsinin koordinatları üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Namazov Bəhman Nadir oğlu tərəfindən mülkiyyət hüququ əsasında adına qeydə alınmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsinin yerləşdiyi 583,0 kv.metr torpaq sahəsinə verilmiş çıxarış və plan ölçü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarının daxilində yerləşən torpaq sahəsindən artıq istifadəsində torpaq sahəsi mövcud deyildir. Namazov Bəhman Nadir oğlu tərəfindən artıq torpaq sahəsi istifadə olunmadığından İddiaçı firmasına ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini araşdırmaq mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı firmasına sərəncamda ayrılması nəzərdə tutlan torpaq sahəsinin yerquruluşu sxemi, koordinatlarını əks etdirən texniki kadastr sənədləri və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud deyildir. Yalnız iş materiallarında olan inşaat pasportundakı torpaq sahəsinin planı vardır. (səh.40) Məhkəmə kollegiyasının sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin 09 iyun 2021-ci il tarixli, **********32 nömrəli məktubunda göstərilmişdir ki, “Azəriqaz” səhmdar cəmiyyətinin maye qaz üzrə İstehsalat Birliyinin bazasında “Məişət-Maye-Qaz” açıq tipli səhmdar cəmiyyəti yaradılarkən 2 saylı maye qaz doldurma məntəqəsinin mövcud normativ-hüquqi aktlara uyğun olaraq ayrıca özəlləşdirilməsi nəzərdə tutulmuş və Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmişdir. 2 saylı maye-qaz doldurma məntəqəsi Azərbaycan Respubikası Prezidentinin 23.12.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq 2017-ci il tarixində özəlləşdirilmişdir. Aparılmış araşdırma zamanı həmin ərazidə başqa maye-qaz doldurma məntəqəsinin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli maye-qaz doldurma məntəqəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilmək üçün cavabdeh tərəfindən hərraca çıxarılması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-115/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı firmasından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 121,15 (bir yüz iyirmi bir manat on beş qəpik) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-115/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı firmasından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 121,15 (bir yüz iyirmi bir manat on beş qəpik) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar