Məhkəmə qərarları › İş №2-1(105)-25/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-25/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-25/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi və 30.11.2019-cu il tarixdən ödənilməyən pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra ididiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti X2 Tibb İdarəsinin 4110003AACLB saylı göndərişi əsasında 22.12.2017-ci il tarixdə qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə 2ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-3854-1219/5 nömrəli 18.11.2019cu il tarixli məktubu ilə 843 nəfərin, o cümlədən iddiaçının X3 aidiyyəti olmadığına görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız heab edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə əlillik altistemində etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi zamanı cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız hesab edilmişdir. İş materiallarına əsasən işin halları: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 26.11.2003-cü il tarixli 388 sayll qərarından görünür ki, İddiaçı aldığı travma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətlənidirlmişdir. -TSEK tərfindən verilən məlumatdan çıxarışdan görünür ki, İddiaçı 22.12.2017-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. – ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 30.04.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti X2 Tibb İdarəsinin 4110003AACLB saylı göndərişi əsasında 22.12.2017-ci il tarixdə qiymətləndirilmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin həmin göndərişin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********7 saylı xidməti məruzə ilə əlillik altsistemində etibarsiz hesab edilmişdir. Azərbacyan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi 04.12.2020-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X1 tərəfindən əlillik dərəcəsinini təyin edilməsi üçün göstərişlər (Forma 88) yalnız DİN-nin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Altsisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, DİN-nin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, xüsusi həkim komissiyaları tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında da əlillik təyinatları aparılmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən həmin vətəndaşlar barələrində tərtib edilmiş göndərişlər (Forma 88) ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxan məhkəmə 30.11.2019-cu il tarixədək ödənilən pensiyanın məhz hansı mənbədən ödənildiyini və pensiyanın hansı səbəblərdən kəsilməsinin, qanuni olub-olmamasını araşdırmamışdır. Göründüyü kimi Sumqayıt İnzibati məhkəməsinin 12.04.2021-ci il tarixli,2-1(118) 191/2021 saylı qərarının hüquqi əsası yoxdur, ona görə də ləğv edilməlidir. Apellyasiya şikayətində Sumqayıt İnzibati məhkəməsinin 12.04.2021-ci il tarixli,2- 1(118) 191/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.12.2017-ci il tarixli 4110003AACLB saylı göndərişi əsasında baxılmişdır. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 18.11.2019cu il tarixli 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (156-cı sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Apellyasiya şikayətinə etirazda apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası məruzçi hakimin məruzəsini, işdə iştirak edən iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış işin 44-cü vərəqində olan 04.12.2020-ci il tarixli 029-3177-1220 saylı cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) yalnız DİN-nin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, DİN-nin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında da əlillik təyinatları aparmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən həmin vətəndaşlar barələrində tərtib edilmiş göndərişlər (Forma 88) ləgv edilmişdir”. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə kı, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. İş materiallarından görünür ki, 22.12.2017-ci ildə İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 5 illik müddətinə əllilik dərəcəsi təyin edilmişdir. Sonradan, yəni 30.11.2019-cu il tarixində cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 411003AACLB saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında iddiaçının əlilliyi barədə müayinə **********7 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız edilmişdir. Beləliklə iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Bununla əlaqədar xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş məktubla həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosiai ekspert komissiyaları haqqında Əsasnaməsinin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləvğ edilməsi ilə bağlı inzibatı orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya huquqı şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparmalı, bu zaman həmin icraatda aidiyyəti iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun inzibati icraat aparmaqla iddiaçının səhhəti ilə bağlı ona təyin edilmiş əlillik dərəcəsinin qanuna müvafiq olub-olmaması barədə müvafiq qərar qəbul etməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, iddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(118)-191/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 22.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 2-ci qrup hərbi əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi qismən təmin edilsin. İddiaçının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun və iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar