Məhkəmə qərarları › İş №2-1(105)-25/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-25/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-25/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X24 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X5, Üçüncü şəxs X2 nümayəndəsi Oktay Shugubovun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)- 27/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvləri – X6, X13 və X10 Qusar şəhəri, Aşağı Ləyər kəndindən 4,14 ha (“106” nömrəli planşet üzrə 11.241,00 kv.m., “106M” nömrəli planşet üzrə 5710,00 kv.m., “106N” nömrəli planşet üzrə 24.439,00 kv.m. torpaq sahəsi) torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onların adına 03 mart 1999-cu il tarixli, JN:106 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Həmçinin, 3,00 ha (722 nömrəli planşet üzrə 11.241,00 kv.m., 722N nömrəli planşet üzrə 18.732,21 kv.m.) torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvlərinin adına 30 aprel 2006-cı il tarixli, JN:0722 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş və aktın tərtib edilməsinə əsas olaraq Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarı göstərilmişdir. Eyni zamanda, Qusar şəhəri, Aşağı Ləyər kəndində yerləşən 20,07 ha torpaq sahəsinə dair X7 adına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən 12 may 2006-cı il tarixli, JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş və aktın tərtib edilməsinə əsas olaraq Qusar Rayon Məhkəməsinin 08 fevral 2006cı il tarixli, 2-523/2006 nömrəli qətnaməsi göstərilmişdir. Daha sonra sözügedən 20,07 ha torpaq sahəsinin 13,589 ha və 2,807 ha hissələri üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınaraq adına **********32 və **********33 reyestr nömrəli çıxarışlar verilmişdir. 27 oktyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* və ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən R.H.Məmmədov xüsusi mülkiyyətində olan sözügedən 2,807 ha və 13,589 ha torpaq sahələrini X11 satmışdır. Daha sonra sözügedən 13,589 ha torpaq sahəsi də daxil olmaqla, Qusar şəhəri, Aşağı Ləyər kəndində yerləşən 15,5442 ha torpaq sahəsi, eləcə də, 2,807 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ reyestrdə qeydə alınmış, bundan sonra T.P.Muxailov mülkiyyətində olan sözügedən 15,5442 ha və 2,807 ha torpaq sahələrini X1. Həmin torpaq sahələri hazırda S.Ə.Əbdülqəniyevanın xüsusi mülkiyyətindədir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Qusar şəhəri, Aşağı Ləyər kəndində yerləşən 1,14 ha torpaq sahəsinə dair X8 məxsus JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 11 avqust 2021-ci il tarixli, **********09 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhəri, Aşağı Ləyər kəndində yerləşən 1,14 ha torpaq sahəsinə dair X8 məxsus JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X7 adına ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 1,14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, KOD:30100018 JN:106 saylı 03 mart 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 4,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına yeni çıxarışın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 4.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi KOD:30100018 JN:106 saylı 03 mart 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı və onun ailə üzvlərinə məxsusdur. Bu yaxınlarda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1,14 hektar hissəsi X7 adına ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərkibinə daxil edilmişdir. Bu barədə Qusar Rayon Məhkəməsində mülki iş üzrə icraat zamanı məhkəmənin verdiyi sorğuya cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir. X25nın verilməsinə əsas olmuş sənəd kimi isə Qusar Rayon Məhkəməsinin 2-523a/2006 saylı, 08 fevral 2006-cı il tarixli qətnaməsi göstərilmişdir. Lakin, Qusar Rayon Məhkəməsinin belə bir qətnaməsi mövcud olmamışdır. Bu barədə həmin məhkəmə tərəfindən müvafiq arayış verilmişdir. Bununla da, ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən qanunsuz olaraq, heç bir hüquqi əsas olmadan dövlət aktı verilərək, iddiaçı və ailə üzvlərinə məxsus 4,14 ha torpaq sahəsinin 1,14 hektar hissəsi də həmin aktda göstərilən torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxan məhkəmə tərəfindən X14, X17 və X4 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-27/2024 nömrəli qərardadı ilə iddia tələbi “Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, KOD:30100018 JN:106 saylı 03 mart 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 4,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına yeni çıxarışın tərtib edilməsi” hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-27/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, X7 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hissəvi olaraq, yəni, iddiaçı və ailə üzvlərinə məxsus 1,14 hektar torpaq sahəsinə dair hissədə ləğv edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-523/2006 saylı, 08 fevral 2006-cı il tarixli və 2-29/2006 saylı, 18 yanvar 2006-cı il tarixli qətnamələrinin mövcud olmaması səbəbindən hər hansı bir sənədin məhkəmə tərəfindən təqdim edilməsi mümkün olmamışdır. 2-29/2006 saylı mülki iş Əlhadi və X12 Rayon Notariat Kontoruna qarşı torpaq sahəsi və yarımçıq tikili üzərində mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dairdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisə olunan hissəsi JN:0785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X7 adına verilmiş 20,07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, mövcud olmayan məhkəmə qətnaməsi əsasında hazırlanmış dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş X7 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş KOD 30100018 JN:785 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1,14 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da, məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair R.H.Məmmədovun mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qərarının icrası qeyri-mümkün olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ona məxsus dövlət aktında göstərilən 4,14 ha torpaq sahəsi 2018-ci ilə qədər bütövlükdə onun istifadəsində olmuşdur. Hazırda isə mübahisəli torpaq sahəsinin faktiki olaraq 1,12 ha hissəsi iddiaçının istifadəsindədir, qalan 3,00 ha torpaq sahəsinin ona qaytarılmasını tələb edir. Bu baxımdan, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X7 adına verilmiş JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onun və ailə üzvlərinin adına olan JN-106, KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “106M” nömrəli planşetində göstərilən 5.710,00 kv.m. və “106N” nömrəli planşetində göstərilən 24.439,00 kv.m. torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi Shugubov Oktay məhkəmə iclasında izahatında bildirmişdir ki, X15 torpaq sahəsini X11, sonuncu isə üçüncü şəxsə satmışdır. Hazırda iddia olunan torpaq sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Üçüncü şəxsin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, üçüncü şəxslər X15 və X18 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdeh və adıçəkilən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı tələbi iki hissədən ibarət olmuşdur: 1) Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 20,07 ha torpaq sahəsinə dair üçüncü şəxs X7 adına verilmiş JN:785 KOD:30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının iddiaçı və onun ailə üzvlərinə məxsus 1,14 ha torpaq sahəsi hissəsində ləğv edilməsi; 2) JN:106 KOD:30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı və ailə üzvlərinə məxsus 4,14 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması. Birinci instansiya məhkəməsinin qərardadı ilə ikinci tələb mümkün sayılmamış, iddiaçı qərardadla razılaşaraq, apellyasiya şikayəti verməmişdir. Birinci iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxs X7 adına JN:785 KOD:30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş Qusar Rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli, 2-523/2006 nömrəli qətnaməsinin mövcud olmadığını, məhkəmə araşdırması zamanı onun adına Dövlət Aktında göstərilən torpaq sahəsinin isə iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edildiyini qeyd edərək bu hissədə iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili üçüncü şəxsin Dövlət Aktında göstərilən 1,14 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına özgəninkiləşdirilərək onun adına dövlət reyestrində qeydiyyat aparıldığından və bununla da üçüncü şəxsin mülkiyyət hüququ itirildiyindən məhkəmə qərarının icrasının qeyrimümkün olmasıdır. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, hazrıkı mübahisə predmeti Dövlət Aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın qismən ləğvi barədədir. Dövlət Aktı əsasında torpaq sahəsinin digər şəxslərin adına özgəninkiləşdirilməsi və bu əsasla reyestrdə sonrakı qeydiyyatların aparılması Dövlət Aktının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini istisna etmir. Bu baxımdan, kollegiya şikayətin dəlilini əsassız hesab edir. Yaranmış mübahisə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, yuxarıda da qeyd edildiyi kimi Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarına əsasən iddiaçı və onun ailə üzvlərinə ayrılan torpaq sahələrinə dair (4,14 ha və 3,00 ha) ayrı-ayrı vaxtlarda müvafiq olaraq 03 mart 1999-cu il tarixdə JN:106 KOD 30100018 nömrəli və 30 aprel 2006-cı il tarixdə JN:0722 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları tərtib edilmişdir. JN:106 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olaraq Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarı, JN:0722 KOD 30100018 nömrəli Dövlət Aktının tərtib edilməsinə əsas olaraq isə Qusar rayon AİK-nin eyni tarixli qərarı ilə yanaşı, Qusar Rayon Məhkəməsinin 18 yanvar 2006-cı il tarixli, 2-29/2006 nömrəli qətnaməsi göstərilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 4.14 ha torpaq sahəsinə dair JN:106 KOD 30100018 nömrəli Dövlət Aktının tərtib edilməsinə əsas olan sənədlərdən görünür ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarına əsasən Miçurin adına sovxozun aqrar islahat komissiyasının Aşağı Ləyər KTİK-də torpaq islahatının aparılmasına və püşkatmanın nəticələrinə dair 28 fevral 1998-ci il tarixli, 01 saylı qərarı, eləcə də Qusar rayonu Miçurin adına sovxozun bazasında aqrar islahatın aparılması ilə əlaqədar torpaq almaq hüququ olan subyektlərin siyahısı təsdiq edilmişdir. Həmin siyahının 213-cü bəndində İddiaçı və ailə üzvlərinin adları qeyd edilmişdir. 4.14 ha torpaq sahəsinin 3 ha hissəsinə dair JN:0722 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 18 yanvar 2006-cı il tarixli, 2-29/2006 nömrəli qətnaməsi göstərilsə də, qətnamə "xxxx" MMC-də aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq isə təqdim edilmiş eyni tarixli və nömrəli qətnamədən görünür ki, qətnamə iddiaçı və onun ailə üzvlərinə aid olmamaqla, tamamilə başqa şəxslər arasında – Əlhadi və X12 Rayon Notariat Kontoruna qarşı torpaq sahəsi və yarımçıq tikili üzərində mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmişdir. Beləliklə 3,00 ha torpaq sahəsinə dair iddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN:0722 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi və Aktın mötəbərliyi müəyyən edilmir. İddiaçı tələbinin əsası olaraq hazırda qüvvədə olan və məhkəmə araşdırması zamanı mötəbərliyi təsdiq edilən 4,14 ha torpaq sahəsinə dair JN:106 KOD 30100018 nömrəli Dövlət Aktına istinad edərək, üçüncü şəxs X7 adına verilmiş JN:785 KOD:30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını qismən mübahisələndirir. Torpaq sahəsinə dair üçüncü şəxsin adına X25nın verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli, 2-523/2006 nömrəli qətnaməsi göstərilsə də, Qusar Rayon Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilən 17 mart 2022-ci il tarixli, G(029)-141/2022 nömrəli məktubdan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin, statistik kartoçkalarının qeydiyyatında 2-523/2006 saylı, 08 fevral 2006-cı il tarixli qətnamə mövcud deyildir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən üçüncü şəxsin adına sözügedən Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilmiş, MMC məhkəmənin sorğusuna cavab olaraq yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli məktubu ilə Dövlət Aktının tərtib edilməsinə əsas olmuş Qusar Rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli, 2-523/2006 nömrəli qətnaməsinin aşkar edilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində JN:785 KOD:30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi – Qusar Rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli, 2-523/2006 nömrəli qətnaməsi ilə üçüncü şəxsə 20,07 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan inzibati akt kimi qiymətləndirilə bilməz. X25 inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 67.6 və 67.6.2-ci maddəsinə görə maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Hazırkı halda kollegiya hesab edir ki, üçüncü şəxsin adına JN:785 KOD:30100018 nömrəli Dövlət Aktı mövcud olmayan məhkəmə qətnaməsi əsas götürülməklə tərtib edildiyindən, və bununla da, X25nın mötəbərliyi müəyyən edilmədiyindən üçüncü şəxs inzibati orqana qarşı etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati və real aktlara münasibətdə tətbiq edilən anlayışdır. Cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyi və müayinə aktlarından görünür ki, iddiaçıya məxsus JN-106, KOD 30100018 nömrəli Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 saylı qərarı ilə verilmiş 4,14 hektar torpaq sahəsinin 106M nömrəli parseldəki 0,571 ha torpaq sahəsi ilə 106N nömrəli parseldəki 2,4439 ha torpaq sahəsi JN-0785 KOD 30100018 nömrəli Dövlət Aktı əsasında X7 adına verilmiş 20,07 ha torpaq sahəsinin parseli ilə üst-üstə düşür. Hazırda 0,571 ha və 2,4439 torpaq sahəsinə X2 adına 1,1639 ha (**********74 reyestr nömrəli) və 2,8068 ha olmaqla (**********33 reyestr nömrəli) dövlət reyestrindən çıxarışlar verilmişdir. Hal-hazırda həmin torpaq sahələri mülkiyyətçi(S.Əbdülqəniyeva) tərəfindən özünə məxsus qonşu torpaq sahələri ilə birlikdə hasara alınmış, sahədə meyvə bağları salınmış, üzərində dəmir konstruksiyalardan ibarət kənd təsərrüfatı üçün nəzərdə tutulan tikililər inşa olunmuşdur və bağın sulanması nəzərdə tutulan su tutarları qazılmışdır. JN:106 KOD 30100018 nömrəli Dövlət Aktının “106” nömrəli planşetində göstərilən 11.241,00 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları isə üçüncü şəxsin adına olan JN:785 KOD 30100018 nömrəli Dövlət Aktında göstərilən 20,07 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 4,14 ha torpaq sahəsinə dair JN-106 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “106” nömrəli planşetində göstərilən 11.241,00 kv.m. torpaq sahəsi istisna olmaqla, 106M və 106N nömrəli planşetlərində göstərilən 0,571 ha və 2,4439 ha, yəni cəmi 3,0149 ha torpaq sahəsi üçüncü şəxsin adına tərtib edilmiş JN:785 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində olmaqla, hazırda digər üçüncü şəxsin X2 xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi marağına uyğun olaraq, tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməmişdir. Apellyasiya baxışı zamanı işin qeyd olunan halı iddiaçının diqqətinə çatdırılmaqla, ona tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X7 adına verilmiş JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onun və ailə üzvlərinin adına olan JN-106, KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “106M” nömrəli planşetində göstərilən 5.710,00 kv.m. və “106N” nömrəli planşetində göstərilən 24.439,00 kv.m. torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq qeyd edir ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/7 nömrəli qərarına əsasən 4,14 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə ayrılmasına baxmayaraq, mövcudluğu və mötəbərliyi təsdiq edilməyən Qusar Rayon Məhkəməsinin 08 fevral 2006-cı il tarixli, 2- 523/2006 nömrəli qətnaməsi əsas göstərilərək həmin torpaq sahəsinin 3,0149 ha hissəsinə dair üçüncü şəxsin adına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən 12 may 2006-cı il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı qanunsuz və əsassız olaraq tərtib edildiyindən və bununla da, iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, üçüncü şəxsin adına verilmiş JN:785 nömrəli Dövlət Aktı iddiaçı və onun ailə üzvlərinin adına olan JN:106 nömrəli Dövlət Aktının “106M” nömrəli planşetində göstərilən 5.710,00 kv.m. və “106N” nömrəli planşetində göstərilən 24.439,00 kv.m. torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməli, apelyasiya şikayəti isə əsassız olduğundan rədd edillməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(118)-27/2024 nömrəli qərarı dəyişdirilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X7 adına verilmiş JN:785 KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qismən-İddiaçı və ailə üzvlərinin adına olan JN-106, KOD 30100018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “106M” nömrəli planşetində göstərilən 5.710,00 kv.m. və “106N” nömrəli planşetində göstərilən 24.439,00 kv.m. torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar