Məhkəmə qərarları › İş №2-1(105)-250/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-250/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-250/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992–ci il iyul ayının 20-də N saylı hərbi hissəyə hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissənin tərkibində xx xxxxxx 1992–ci ilədək Laçın rayon bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan sonra 702 saylı briqadanın tərkibində Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak etmiş, 1993-cü ilin avqust ayında yaralanmış, əvvəlcə Qaraxanbəyli hospitalına, daha sonra isə Sumqayıt Hospitalına göndərilmişdir. Müalicə olunduqdan sonra 1995-ci ildə N saylı hərbi hissəyə köçürülmüş və hərbi hissənin Qusar qarnizonunda xidmət etmişdir. Daha sonra N saylı hərbi hissəyə köçürülmüş, 1997-1998-ci illərdə Tərtər cəbhə bölgəsində N saylı briqadada xidmət etmişdir. Bu ilin yanvar ayında Veteran adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdehin verdiyi cavabla ona veteran adının verilməsinin mümkün olmadığı bildirilmişdir. Komissiya imtinanı xx xxxx 2018– ci il tarixli cavab məktubu ilə Mərkəzi Arxivin xx.xx.2018–ci il tarixli 9/2-6636 və xx.xx.2018–ci il tarixli 9/2-7604 saylı arayışlarına əsasən hərbi hissəni özbaşına tərk etməyi və 1994-cü il aprel–iyun aylarında N nümrəli hərbi hissənin pul təminatı cədvəlində pul ilə təmin olunmamağı ilə əsaslandırmışdır. Cavabdehin imtinası Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərini pozduğu üçün əsassızdır və bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim C.Məmmədov.) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Müdafiə Nazirliyi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verir. İddiaçı xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının təsdiq etdiyi döyüş əməliyyatları aparmış hərbi hissələrin siyahısında vardır. Həmin siyahıda N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak etdiyi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçdiyindən cavabdeh hər hansı bir araşdırma aparmadan onun döyüşlərdə iştirak etməsini mübahisələndirmir, yəni onu döyüşlərdə iştirak etmiş sayır. Mübahisə yaradan iddiaçının müharibə veteranı adı və vəsiqəsi almağa hüququnun olub- olmamasıdır. Cavabdeh belə hesab edir ki, müharibə veteranı adı və vəsiqəsi almaq hüququn yaranması üçün iddiaçı Vətəni müdafiə etmək borcunu tam həcmdə, sonacan yerinə yetirməlidir. N nömrəli hərbi hissə komandirinin 1994-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə ünvanladığı təqrirdə bəzi zabitlərin qulluq yerini özbaşına tərk etməsi və görülən tədbirlərə baxmayaraq qayıtmadıqları qeyd olunur və xahiş edilir ki, onların N №-li hərbi hissədə tutduqları vəzifədən azad edilib, ehtiyat taburun zabit heyətinin tərkibinə keçirilməsi haqqda sərəncam verilsin. Baş leytenant İddiaçı siyahıda 16-cı olaraq göstərilmişdir. İddiaçının qulluq yerini tərk etməsinin vaxtı yuxarıda qeyd edilən təqrirdə göstərilməmişdir. Lakin Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-7601 №-li məktubunda göstərilir ki, N №-li hərbi hissənin şəxsi heyətin pul təminatının ödənilməsi cədvəlləri qovluğunda aprel 1994-cü il tarixdə idarəetmə tağımının komandiri, leytenant İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. Məktubda qeyd edilir ki, N №-li hərbi hissənin may-iyun 1994-cü il tarixli zabit, gizir heyətinin pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Həmin məlumatlar ona dəlalət edir ki, iddiaçı 1994-cü ilin aprelindən hərbi hissədə olmamışdır. Belə ki, olsaydı, imza edib məvacibini alardı. Müdafiə Nazirliyinin müvafiq komissiyası məhz döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəsini özbaşına buraxıb getmiş zabitə müharibə veteranı adı verməkdən imtina etmişdir. Hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslərə münasibətdə komissiyanın həmin mövqeyi ölkənin qanunverici orqanının mövqeyi ilə üst-üstə düşür. Belə ki, ’’Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə aministiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxx 1997-ci il tarixli Qərarının 9-cu maddəsində göstərilirdi ki, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Aministiya haqqında xx xxxxxx 1998-ci, xx xxxxxx 1999-cu il, x xxxxxx 2001-ci il tarixli qərarlarında da qanunverici orqan eyni mövqedən çıxış etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Əgər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı qeyd-şərtsiz müharibə veteranıdırsa, onda onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasıma ehtiyac qalardımı?. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iş materiallarında olan arayışlarla iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakının öz təsdiqini tapmasına, həmçinin İddiaçı döyüş əməliyyatlarında iştrak edən zaman məsuliyyətə cəlb edilməməsinə, əksinə xidmətini davam etdirməklə qanunvericiliyin tələblərinə əsasən ordu sıralarından tərxis olunmasına əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1 -ci bəndinə əsasən "Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə vəya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, N nömrəli hərbi hissə komandirinin 1994-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə ünvanladığı təqrirdə bəzi zabitlərin qulluq yerini özbaşına tərk etməsi və görülən tədbirlərə baxmayaraq qayıtmadıqları qeyd olunur və xahiş edilir ki, onların N №-li hərbi hissədə tutduqları vəzifədən azad edilib, ehtiyat taburun zabit heyətinin tərkibinə keçirilməsi haqqda sərəncam verilsin. Baş leytenant İddiaçı siyahıda 16-cı olaraq göstərilmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2- 7601 №-li məktubunda göstərilir ki, N №-li hərbi hissənin şəxsi heyətin pul təminatının ödənilməsi cədvəlləri qovluğunda aprel 1994-cü il tarixdə idarəetmə tağımının komandiri, leytenant İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçdiyindən cavabdeh hər hansı bir araşdırma aparmadan onun döyüşlərdə iştirak etməsini mübahisələndirmir, yəni onu döyüşlərdə iştirak etmiş sayır. Mübahisə yaradan iddiaçının müharibə veteranı adı və vəsiqəsi almağa hüququnun olubolmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Kollegiya qeyd edir ki, iddiaçı həmin əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Bu fakt Azərbaycan Respublikası Hərbi Prokurorluğun xx.xx.2018ci il tarixli, HP-03/444 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Belə ki, həmin məktubun məzmunundan görünür ki, iddiaçı barəsində hərbi prokurorluq orqanlarında cinayət işi başlanması və sonradan həmin cinayət işinin icraatına xitam verilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, arayışından görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 278 nömrəli əmrilə (əsas par 16, səh 105) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Quba RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi 930, 888, 651, N saylı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və ordu sıralarından xx.xx.1998-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. (iş mat səh 58). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin məktubundan isə görünür ki, N saylı hərbi hissə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi həmin hərbi hissənin idarəetmə taqımının komandiri olmuşdur.(iş mat. Səh 58) Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddia əsaslı iddia olmaqla təkzibolunmaz sübutlara əsaslanır, cavabdehin istinad etdiyi dəlillər isə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina üçün əsas ola bilməz. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-706/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi N0) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar