Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-250/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “19 oktyabr 2020-ci il tarixli **********056000 saylı Qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-889/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13 may 2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 oktyabr 2020-ci il tarixli, **********056000 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AR Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. Cavabdeh 19 oktyabr 2020-ci il tarixli **********056000 saylı Qərarı ilə MMC-yə əlavə olaraq 449.449 manat borc hesablamışdır. Borcun hesablanması tamamilə qanunsuz olmuşdur. Belə ki, MMC-in cavabdehə təqdim etdiyi hesabatlarda MMC-nin illik dövriyəsi, xərcləri və gəlirləri tam şəffaf şəkildə əks olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan MMC-nin illik dövriyyəsini yuxarı qaldırmış, dövriyyə artırılsa da, xərclər eyni saxlanılmışdır. MMC-nin illik dövriyyəsini ******* göstərmişdir. Xərclərini isə ******* qeyd etmişdir. Cavabdeh dövriyyəni ******* qaldırmış amma xərcləri eyni ilə ******* olaraq saxlamışdır. Bunun nəticəsində MMC-yə əlavə vergilər hesablanmışdır. Hesab edir ki, cavabdeh öz qəranını əsaslandırmağa borcludur, cavabdeh qərarın qəbulu üçün əsaslar gətirə bilmədiyi üçün qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların(işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirlərin 3.699.897.79 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə 1.738.07 manat qeyd olunmuşdur ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Eyni zamanda mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 10070.00 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 10007.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Həmçinin Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi xx.xx.2019-cu il tarixli **********897800 nömrəli xidməti məktubuna əsasən "xxxx" MMC-nə (VÖEN: **********) məxsus obyektdə ümumi alış dəyəri 564890,00 manat mal qalığı aşkar edilmişdir və vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən operativ vergi nəzarəti tədbirləri keçirilən günədək 3598374.48 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir. Aparılmış təhlillər zamanı yuxarıda qeyd olunan vergi ödəyicisi idxal etdiyi malları təqdim etməsinə baxmayaraq bəyannamə məlumatlarında əks olunmadığı üçün 2497201.89( ƏDV-siz) dövriyyəyə əsasən 449496.34 manat vergidən yayınma riski yaradılmışdır. xx.xx.2020-ci il tarixli **********868100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu ilin Mənfəət vergisi bəyannaməsində 497644.54 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20 oktyabr 2020-ci il tarixli, **********056000 nömrəli Qərarı göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-889/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev). İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin olunmasının xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2019-cu ilin sentyabr ayının axırlarında, oktyabr və dekabr ayları ərzində vergi orqanı tərəfindən MMC-nin ƏDV depozit hesabı bloklaşdırılmış və bu səbəbdən idxal olunmuş malların satışı malların təhvil-təslim aktlarına əsasən aparıldığından elektron qaimələr yazılmamışdır. Depozit hesabının bloklaşdırılması dekabr ayının sonlarında aradan qaldırıldıqdan sonra malların sənədləşdirilməsinə başlanmış və 2020-ci ilin fevral ayına kimi hissə-hissə həyata keçirilmiş, alıcılar tərəfindən mallar üzrə ödənişlər hesaba daxil olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019cu il tarixədək olan müddət ərzində 10 sayda malların təhvil-təslim aktları və onların əsasında xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək elektron qaimələr tərtib olunmuşdur. Həmin aktların məzmunundan görünür ki, malların dəyəri ƏDV daxil olmaqla formalaşmışdır. Obyektiv səbəbdən təhvil-təslim aktları əsasında satışı həyata keçirilmiş malların dəyərinə dair elektron qaimələr tərtib edilmiş və malların dəyərinə ƏDV daxil olmuşdur. 10 sayda təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2.846.466 manat təşkil edir və həmin satışlar üzrə 434.202 manatdan artıq ƏDV ödənilmişdir. Buradan belə nəticəyə gəlinir ki, təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2.846.466 manat təşkil edir, həmin məbləğdən ödənilmiş 434.202 manat ƏDV çıxıldıqda 2.412.264 manat qalır. Bu da cüzi istisna olmaqla cavabdehin yazılı etirazında qeyd olunmuş 2.497.201,89 manat (ƏDV-siz) olan məbləği təşkil edir. İddiaçı hesab edir ki, cavabdeh bir malın satışına görə iki dəfə vergi ödənilməsinə çalışır, iddiaçı tərəfindən ödənilən vergi kameral vergi yoxlaması nəticəsində təkrarən tələb olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək, etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu ilin oktyabr ayına ƏDV vergisi bəyannaməsində 449496,0 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” 29 dekabr 2019-cu il tarixli, **********056000 nömrəli Qərarı göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin oktyabr ayı üçün ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, cavabdeh vergi orqanı tərəfindən qeyd olunan dəqiqləşdirilmiş bəyannamə üzrə 19 oktyabr 2020-ci il tarixli, **********056000 nömrəli qərar üzrə 449496,0 manat vergi hesablanılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin faktiki hallarından görünür ki, Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********5454 nömrəli qərarına əsasən iddiaçıya məxsus AZ 1053 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Xırdalan-Binəqədi Şossesi ünvanında yerləşən obyektində (anbar) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Qərarda nəzarətin keçirilməsi müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qeyd olunmuşdur. 16 oktyabr 2019-cu il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Xırdalan- Binəqədi Şossesi ünvanında yerləşən anbarda tərtib olunmuş akta əsasən operativ vergi nəzarəti nəticəsində yük gömrük bəyannamələrinə əsasən idxal olunmuş 398.964 manat, ünvan 2 ünvanında yerləşən anbarda tərtib olunmuş akta əsasən 100.963 manat, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın bazarı ünvanında yerləşən anbarda tərtib olunmuş akta əsasən 64.963 manat olmaqla ümumilikdə 564.890 manat dəyərində mal aşkar olunmuşdur. Operativ vergi yoxlaması zamanı müəyyən edilən hallarla bağlı Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi xx.xx.2019-cu il tarixli **********897800 nömrəli xidməti məktubla Vergilər Nazirliyinə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinə məxsus obyektlərdə ümumi alış dəyəri 564.890 manat dəyərində mal qalığı aşkar edilmiş və nəticəsi müvafiq aktlarda rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən operativ vergi nəzarəti tədbirləri keçirilən günədək 339.502,93 manat (ƏDV-siz) dəyərində mal idxal etdiyi, aparılmış təhlillər zamanı vergi ödəyicisinin idxal etdiyi malları təqdim etməsinə baxmayaraq bəyannamə məlumalarında tam əks olunmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq tədbir görülməsi üçün 2 saylı Ərazi Vergilər İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində kameral vergi yoxlanılmasına başlanılmış, iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********112100 nömrəli məktub göndərilərək, dəqiqləşdirilmiş bəyannamə, izahat məktubu və təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyindən, cavabdehin xx.xx.2019-cu il tarixli, **********669000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2019-cu ilin oktyabr ayı üzrə 449.496 manat əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, kameral yoxlama zamanı gömrük məlumatlarına əsasən, iddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3.614.070,90 (ƏDV-siz) məbləğində idxal əməliyyatları aparıldığı müəyyən edilmişdir. İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahatında mallar üzrə ticarət əlavəsinin 7 faiz olduğunu bildirmişdir. Uçot baza məlumatlarına əsasən, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, dövriyyəsinin 536.282,59 (ƏDV-siz) olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 545.322,87 manat məbləğində elektron qaimə-faktura, elektron vergi-hesab faktura təqdim edilmiş, bank hesablarına 592.733,02 manat pul vəsaiti daxil olmuş və ƏDV sub-uçot hesabına 75.083,92 manat ƏDV məbləği köçürülmüşdür. Beləliklə, iddiaçı MMC-nin dövriyyəsi ilə bank hesablarına və ƏDV subuçot hesabına daxil olmuş vəsait arasında fərq yaranmışdır. Bununla belə uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3.614.070,90 (ƏDV-siz) məbləğində olan mallar idxal edildiyi, malların dəyərinin üzərinə 7 % ticarət əlavəsi qoyulduğu və operativ vergi nəzarəti tədbiri nəticəsində 564.890 manat (ƏDV-siz) mal qalığının müəyyən edildiyi nəzərə alınaraq, iddiaçı MMC tərəfindən dövriyyəsi 2.547.982,22 manat (ƏDV-siz) göstərilməli olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyə 536.282,59 manat (ƏDV-siz) göstərilmiş, dövriyyə üzrə 2.726.340,97 manat (ƏDV məbləği 490.741,38 manat) kənarlaşma yaranmışdır. İddiaçı qeyd edilən qərardan xx.xx.2020-ci il tarixdə inzibati şikayət vermiş, cavabdehin 12 iyun 2020-ci il tarixli, **********708800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İşin hallarından görünür ki, iddiaçı vergi orqanına xx.xx.2020-ci il tarixdə təkrarən 2019-cu ilin oktyabr ayı üçün ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və həmin bəyannamə ilə iddiaçı tərəfindən hesabat dövründəki dövriyyə məbləği əvvəki bəyannamədə olduğu kimi 149.510 manat (ƏDV-siz), ƏDV məbləği 26.911,80 manat bəyan edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edildikdən sonra vergi orqanı tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********896100 nömrəli məktub göndərilərək, həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməsi tələb edilmiş, daha sonra isə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********056000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş, qərarla iddiaçıya 2019-cu ilin oktyabr ayı üzrə 449.496 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən həmin dövrlərə aid dəqiqləşmiş bəyannamə vermək təklif edilmiş, iddiaçının nümayəndəsi dəqiqləşmiş bəyannamə verəcəklərini bildirsə də, bununla bağlı müvafiq sübut məhkəməyə təqdim edilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, vergi öhdəliyi mövcud qanunvericiliyə əsasən vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edildiyi üçün, qanunvericiliyə uyğun olaraq yaranmış vergi öhdəliyinin qarşısını almağa yönəlmiş iddialar ilə hüquqdan sui-istifadə qəbul edilə bilməz. İddiaçı mübahisələndirilən qərarın hüquqi nəticələri müəyyən edildikdən sonra yaranmış münasibətlərə istinad edərək iddiasının əsaslı olduğunu sübut etməyə çalışır. Halbuki, hazırda iddianın predmetini mübahisələndirilən inzibati akt təşkil etdiyi üçün, məhkəmə həmin qərarın qanuni olubolmadığını yoxlamalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3.614.070,90 (ƏDV-siz) məbləğində olan mallar idxal edildiyi, malların dəyərinin üzərinə 7 % ticarət əlavəsi qoyulduğu və operativ vergi nəzarəti tədbiri nəticəsində 564.890 manat (ƏDV-siz) mal qalığının müəyyən edildiyi nəzərə alınaraq, iddiaçı MMC tərəfindən dövriyyəsi 2.547.982,22 manat (ƏDV-siz) göstərilməli olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyə 536.282,59 manat (ƏDV-siz) göstərilmiş, dövriyyə üzrə 2.726.340,97 manat (ƏDV məbləği 490.741,38 manat) kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 36.1-cı maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Göstərilən Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göstərilən Məcəllənin 67.1, 67.1.1, 67.1.3, 67.1.6 və 67.1.9-cu maddələrinə əasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanları ödənilməli olan verginin məbləğini vergi yoxlaması materiallarından və vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindən istifadə etməklə hesablaya bilər. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində ƏDV bəyannamələrində dövriyyənin düzgün göstərilmədiyini etiraf etmişdir. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 2019-cu ilin sentyabr, oktyabr və dekabr ayları ərzində vergi orqanı tərəfindən iddiaçının ƏDV depozit hesabı bloklaşdırılmış və bu səbəbdən idxal olunmuş malların satışına görə e-qaimələr yazılmamışdır. Depozit hesabının bloklaşdırılması dekabr ayının sonlarında aradan qaldırıldıqdan sonra malların sənədləşdirilməsinə başlanmış və alıcılar tərəfindən mallar üzrə ödənişlər hesaba daxil olmuşdur. xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 10 sayda malların təhvil-təslim aktları və onların əsasında xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək e-qaimələr tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçı apelyasiya şikayətində vergi orqanın kameral yoxlama zamanı müəyyən etdiyi hallarla razılaşmış, həqiqətən də, idxal etdiyi malları təqdim etməsinə baxmayaraq, vergi orqanına vaxtında bəyan etmədiyini etiraf etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi etdiyi təhvil-təslim aktlarından da görünür ki, İddiaçı MMC tərəfindən “X3 Sanayi və Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialına 2019-cu ilin sentyabr, oktyabr aylarında ümumilikdə ******* manat məbləğində mallar satılsa da, vergi orqanına bəyan edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2020-cu il tarixli, **********056000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən hesablanmış 449.496 manat ƏDV məbləğini qanunauyğun hesab edir. İddiaçının apellyasiya şikayətini digər dəlili ondan ibarətdir ki, eyni malın satışına görə vergi orqanı tərəfindən ƏDV üzrə ikiqat vergi məbləği hesablanmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, kameral vergi yoxlaması nəticəsində ƏDV məbləğinin sonradan təkrarən hesablanması hazırkı mübahisənin predmeti deyildir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyə düzgün əks etdirilmədiyindən, xx.xx.2022-ci il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilsə də, cavabdeh vergi orqanı tərəfindən həmin dəqiqləşdirilmə nəzərə alınmamış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********041300 nömrəli qərarla həmin dövr üzrə ƏDV hesablanmışdır. Qeyd edilən qərar hazırda iddiaçı tərəfindən müstəqil qaydada iddia qaldırılmaqla mübahisələndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(118)-889/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-250/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-250/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver