Məhkəmə qərarları › İş №2-1(105)-250/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-250/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-250/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər:ərizənin mümkün sayılmaması) Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt İnzibati-İqsadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)-1343/2018 saylı qərarı ilə iddanın təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni 22 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və onun 01 mart 1974-cü ildən 30 noyabr 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2-1(105)- 340/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qərarın icra edildiyini bildirmişdir. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati-İqsadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2-1 (85)-1343/2018 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2(060)-3544/2017 saylı qətnaməsi ilə ərizəçi İddiaçı 01 mart 1974-cü il tarixdən 30 noyabr 1988-ci il tarixədək Ermənistan Respublikası Qafan rayonunda yerləşən X9 kombinatında X10 fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993- cü il tarixədək Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün stajının olmasına dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmiş fakt əsas götürülməklə iddiaçının DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı yuxarıda göstərilən iddiası təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktları müəyyən edən qanunsuz məhkəmə aktları aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunzaidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243.441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətni qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qətnamənin həqiqliyinə şübhələr yarandığından, Dövlətə Sosial Müdafiə Fondu tərəfindən qətnamənin əldə edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə daxil olmuş 21 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 (İddiaçı) və 2(060)-3524/2017 saylı (X4) saylı mülki işlər üzrə sorğuda qeyd olunmuş şəxslər barəsində deyil, tamamilə fərqli şəxslərin tərəf kimi iştirak etdiyi işlərdir. Beləliklə, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş qətnamənin həqiqiliyi öz təsdiqini tapmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Vəfa Əzizova). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (85)-1343/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci ii tarixli 2(060)- 3544/2017 saylı qətnaməsinə əsasən iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə, 01,12.1988-ci il tarixdən 31,08.1993-cü il tarixə kimi Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin hakiminin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında işlədiyi dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edildiyindən Sumqayıt İnzibatiiqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun 01.01,2006-cı il tarixinədək 20 il ümumi iş stajı və bu stajın 15 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş peşə və vəzifələrə uyğunlaşdırılaraq, xx.xx.2006-cı il tarixində əvvəllər qüvvədə olmuş və Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq 2004-2005-ci illər üzrə 846,00 manat (Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq) orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakiminin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə çıxarılmış qətnamənin həqiqiliyinə şübhələr yarandığından, tərəflərindən həmin qətnamənin əldə olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2023-cü il tarixində daxil olmuş 19.01,2023-cü il tarixli 21 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 (İddiaçı) və 2(060)-3524/2017 (X4) saylı mülki işlər üzrə sorğuda qeyd olunmuş şəxslər barəsində deyil, tamamilə fərqli şəxslərin tərəf kimi iştirak etdiyi işlərdir. Həmin işlər üzrə Dövlət Sosial Müdafiə Fondu və ya Fondun rayon şöbələri işdə iştirak edən şəxslər olmadıqlarından həmin işlər üzrə yekun məhkəmə aktlarının surətlərinin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi X2 pensiya təyin olunmasına əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin həqiqiliyi öz təsdiqini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan qətnaməyə istinad olunaraq iddia tələbi təmin olunmuş, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən tərəfimizdən yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfimizdən təqdim edilmiş yeni sübutlara hüquqi qiymət vermədən əsassız olaraq ərizəni təmin etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş və həmin məhkəmə qərarı 30 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin məhkəmə qərarının icra olunması üçün cavabdehə 06 avqust 2018-ci il tarixli məktub ünvanlanmış, cavabdeh inzibati orqanın 04 iyun 2019-cu il tarixli məktubunun məzmununda isə müvafiq məhkəmə qərarının icra olunması halı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iş üzrə qəbul edilmiş həmin məhkəmə qərarının ləğv edilməsini və icraatın təzlənməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir. İndiki halda isə hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Həmçinin, İPM-in 103.3-cü maddəsinə əsasən qeyd edilən müddətin bərpasına yol verilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ərizənin mümkün sayılmaması üçün əsaslar olduğu halda, mahiyyəti üzrə baxılaraq, ərizənin təmin edilməməsi barədə gəldiyi qənaəti yalnış olmaqla, işin hallarına və qanunvericilik normalarının tələbinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, habelə yuxarıda istinad edilən əsaslara görə ərizə mümkün sayılmadığından, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadı ləğv edilsin. Ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar