Məhkəmə qərarları › İş №2-1(105)-251/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-251/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-251/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialına qarşı “Cavabdeh üzərinə ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1460/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 31 avqust 2020-ci il tarixli, **********9 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialına qarşı iddia qaldıraraq, “Cavabdeh üzərinə ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə pensiya 06 yanvar 2015-ci ildən təyin olunub. Lakin pensiya təyin olunarkən onun təkbaşına 6 yetkinlik yaşına çatmayan övladını təkbaşına böyütməsi nəzərə alınmayıb və iddiaçıya güzəştli şərtlərlə, yəni 5 il qabaqcadan pensiya təyin olunmayıb. Belə ki, mərhum həyat yoldaşı X1 ilə 19 sentyabr 1980-ci ildə bağladığı birgə nikahdan 6 övladları doğulub. Həyat yoldaşı 10 avqust 1996-cı ildə vəfat edib. Həyat yoldaşı vəfat edən vaxt 02.12.1981-ci il doğumlu qızı İlahənin 15, 09.12.1983-cü il doğumlu qızı Xallanın 13, 19.08.1986-cı doğumlu oğlu Vurğunun 10, 02.02.1989-cu il doğumlu qızı Tünzalənin 7, 17.02.1991-ci il doğumlu qızı Qərənfilin 5, 22.12.1993-cü il doğumlu qızı Ruhəngizin 3 yaşı olub. İddiaçı yetkinlik yaşına çatmayan həmin uşaqlarını növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək və ondan sonra yetkinlik yaşına çatanadək böyütmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Buna görə də, ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə, yəni yaş həddi 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyanın hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh **********9 saylı 31 avqust 2020-ci il tarixli məktubla əsassız bəhanələrlə ərizəni təmin etməkdən imtina edib və bildirib ki, guya həyat yoldaşının ölüm tarixi 10 avqust 1996-cı il olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən iddiaçıya təyinat aparılması qanuna müvafiq deyildir. Lakin cavabdeh “qanuna müvafiq deyildir”in nədən ibarət olduğunu göstərməyib. Cavabdeh iddiaya qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçı ərizəsində bildirmişdir ki, həyat yoldaşı X1 ilə 19 sentyabr 1980-ci ildə bağladığı birgə nikahdan 6 övladı dünyaya gəlib və həyat yoldaşı 10 avqust 1996-cı ildə vəfat edib. Həyat yoldaşı vəfat etdiyi vaxt 02.12.1981-ci il təvəllüdlü qızı İlahənin 15, 09.12.1983-cü il təvəllüdlü qızı Xallanın 13, 19.08.1986-cı il təvəllüdlü oğlu Vurğunun 10, 02.02.1989-cu il təvəllüdlü qızı Tünzalənin 7, 17.02.1991-ci il təvəllüdlü qızı Qərənfilin 5, 22.12.1993-cü il təvəllüdlü qızı Rühəngizin 3 yaşı olub. xx.xx.1952-ci il təvəllüdlü İddiaçı 06.01.2015-ci ildən yaşa görə əmək pensiyası təyin olunub, lakin iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarını növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyütdüyü üçün güzəştli şərtlərlə, yəni 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb edir. Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 8-ci maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb etsə də, 2010-cu ildə qüvvədə olan qanunvericiliyin 5 və daha çox uşağı böyüdən atalara şamil olunduğunu görürük. Belə ki, iddiaçının həyat yoldaşı vəfat etdiyi zaman İddiaçı 8 yaşınadək 3 övladı olmuş və 5 deyil, 3 övladı 8 yaşınadək böyütmüşdür. Etirazın digər səbəbi isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 10.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 il ödənilməsi qanuna müvafiqdir. Belə ki, 32.1-1-ci maddəsi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə qaydasında icra olunur. İddiaçı 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi tələbi ilə 2020-ci ildə müraciət etmiş və 32.1.1-ci maddəyə görə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyinat aparılması mümkündür. Mövcud üç il 2017-2020-ci illəri əhatə edir ki, həmin dövrdə iddiaçıya pensiya ödənilməsi həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1460/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almayıb ki, ona yaşa görə pensiya 06 yanvar 2015-ci ildən təyin olunub. Lakin, pensiya təyin olunarkən 6 yetkinlik yaşına çatmayan övladını təkbaşına böyütmüşdür və ona güzəştli şərtlərlə, yəni 5 il qabaqcadan pensiya təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsini düzgün təfsir etməyib və hesab edib ki, o, arvadı vəfat etdikdən sonra 5 uşağının hər birini 8 yaşınadək böyütməli idi. Lakin, qeyd olunan normanın məzmunundan görünür ki, şəxsə güzəştli şərtlərlə pensiya təyin olunması üçün yetkinlik yaşına çatmayan 5 və daha çox uşağın anasının vəfat etməsi, yaxud nikaha xitam verilməsi, yaxud ananın valideynlik hüququndan məhrum edilməsi, 5 və daha çox uşaqdan ən azı birinin 8 yaşına çatanadək anasız böyüdülməsi və uşaqların yetkinlik yaşına çatmaması şərtdir. Qanunun həmin tələbinə görə yetkinlik yaşına çatmayan uşaqların sayı 5 və daha çox 6, 7, 8, 9, 10, 11 ola bilər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik kişilərə pensiya təyinatı zamanı güzəştin tətbiq edilməsi üçün 5 və daha çox uşağın səkkiz yaşına qədər təkbaşına böyüdülməsini şərt olaraq göstərmişdir. Lakin hazırki işdə iddiaçının həyat yoldaşı vəfat etdiyi zaman 8 yaşınadək 3 övladı olmuş, ana vəfat etdildən sonra o, 3 övladını təkbaşına 8 yaşınadək böyütmüşdür. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı xx.xx.1952-ci il təvəllüdlü İddiaçı 06.01.2015-ci ildən yaşa görə əmək pensiyası təyin olunub, lakin iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarını növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyütdüyü üçün güzəştli şərtlərlə, yəni 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb edir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb etsə də, 2010-cu ildə qüvvədə olan qanunvericilik 5 və daha çox uşağı təkbaşına səkkiz yaşınadək böyüdən atalara şamil olunmuşdur. İddiaçının arvadı vəfat etdiyi zaman İddiaçı 8 yaşınadək 3 övladı (02.02.1989-cu il təvəllüdlü Tünzalə, 17.02.1991-ci il təvəllüdlü Qərənfil, 22.12.1993-cü il təvəllüdlü Ruhəngiz) olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yaş həddinin 5 il azaldılmaqla iddiaçıya 2010-cu ildən pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1460/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar