Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-251/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Abşeron-Xızı regional filialına qarşı iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)-1681/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmış və ona həmin tarixdən 250.16 manat məbləğində elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 22-1-ci maddəyə əsasən əmək pensiyasının təyinatı avtomatlaşdırılması ilə əlaqədar, iddiaçıya (pensiya işinin №915996) pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 250.16 manat məbləğində elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbəyə təqdim eydiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək işgüzar kooperativində işlədiyi müddətdə sosial sığorta haqları ödənilməməsi səbəbindən həmin dövrün sosial sığorta stajına əlavə edilməsi qanuna ziddir. Ona pensiya təyin edilən zaman xx.xx.2006-cı ilədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 22-1-ci maddəsinə əsasən 25 il ümumi sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən 14 il 03 ay 16972,47 manat pensiya sığorta kapitalı nəzərə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin onun sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 mart 2021-ci ildə ona elektron qaydada 250.16 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının məbləğindən narazı olduğu üçün əmək pensiyasıın yenidın hesablanması üçün cavabdeh DSMF 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********4 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə qədər "İşgüzar” kooperativdə işlədiyi müddət sosial sığorta stajına əlavə olunmadığı üçün iddiaçının əmək pensiyasının məbləğində dəyişiklik edilməmişdir. Aşağıdakılara görə hesab edir ki, cavabdehin imtinası əsassızdır və xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə qədər "İşgüzar” kooperativdə işlədiyi müddət sosial sığorta stajına əlavə edilməklə yenidən hesablanmalı və yaranmış pensiya fərqi ödənilməlidir. Belə ki, "İşgüzar" kooperativi 1990cı ildə Azərbaycan Boruyayma zavodunun nəzdində yaradılmışdır və Sumqayıt şəhər İcraiyyə Komitəsində qeydiyyata alınmışdır. O, həmin kooperativin sədri seçilmişdir. Kooperativ, nizamnaməsinə uyğun olaraq Azərbaycan Boruyayma zavodunun poladəritmə sobalarının tüstü borularının rənglənməsi, lutirovkası və təmiri, qismən isə əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. "İşgüzar" kooperativi 1991-ci ildə 1995-ci ilin sonuna qədər Azərbaycan Boruyayma zavodun ərazisində təmir-tikinti işləri yerinə yetirmişdir. Yerinə yetirilmiş işlərin dəyərinə görə zavod kooperativə olan ödənişlərin bir qismini ödəmiş, bir qismi isə ödənilməmiş qalmışdır. Bu müddət ərzində "İşgüzar” kooperativi sosial müdafiə və vergi borclarının hasabatlarını vaxtında vermiş və ödənişləri qismən yerinə yetirmişdir. Əmək haqqı borclarıda qismən ödənilmişdir. 1996-cı ildən 2003- cü ilə qədər zavod işləmədiyinə görə "İşgüzar" kooperativə olan borclarını ödəməmişdir. Ona görə də "İşgüzar" kooperativi sosial müdafiə və vergi borclarını tam ödəyə bilməmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "İşgüzar" kooperativi ancaq əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Bu müddət ərzində sosial müdafiə və vergi hesabatları vaxtında təqdim edilmişdir, ancaq ödəmə olmamışdır. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci ilə qədər yaranan əmək haqqı borclarının ödənilməsinə yönəldilmişdir. Beləliklə, cavabdeh 1991-1995-ci illərdə kooperativdə olan iş stajını sosial sığorta stajına əlavə etmiş (qismən ödəniş olduğuna görə), 1996-2000-ci illərdə kooperativdə olan iş stajını isə sosial sığorta stajına əlavə etməmişdir (ödənişlər olmadığına görə). 2000-ci ildən sonra kooperativin heç bir fəaliyyəti olmamışdır ona görə də Sosial Müdafiə Fonduna olan borcları ödəyə bilməmişdir. AR Prezidentinin xx.xx.2018ci il tarixli 1042-VQ saylı sərəncamı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən - Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay. il. işlədiyi peşəsi(vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İstinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında'' Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən - mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən - əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-ci maddəsinin 1-ci hissəsinə əsasən - iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü Z.M. Həsənova 30 mart 2021-ci il tarixdə 250,16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının məbləğindən narazı qalmış iddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdeh 1 saylı RƏF-ə müraciət etmişdir. Cavabdehin 22 iyul 2021-ci il tarixli **********4 nömrəli imtina məktubuna əsasən, iddiaçının “İşgüzar” kooperativində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr (qismən sığorta ödənişlərinin olması səbəbindən) mübahisələndirilməmiş, lakin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün (sosial sığorta haqlarının ümumiyyətlə ödənilməməsi səbəbindən) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Boruyayma Zavodunun nəzdində yaradılmış və Sumqayıt İcraiyyə Komitəsində qeydiyyata alınmış “İşgüzar” kooperativinin sədri vəzifəsində işləmişdir. 1947-ci il tarixdə Sumqayıt şəhərində yaradılmış həmin zavod hazırda X7 şirkətlər qrupunun tərkib hissəsinə daxildir. İddiaçının iddia ərizəsi və məhkəmə iclası zamanı şifahi izahatına əsasən, 1996-cı il tarixdən 2000-ci il tarixədək “İşgüzar” kooperativi yalnız əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Həmin müddət ərzində İddiaçı kooperativin sədri kimi sığorta və vergi hesabatlarını təqdim etsə də, müvafiq ödənişləri həyata keçirilməmişdir. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci il tarixə qədər yaranmış əməkhaqqı borclarının ödənilməsinə yönəldilmişdir. 2000-ci il tarixdən sonra isə kooperativin fəaliyyəti tamamilə dayandırıldığından, müvafiq sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən: 1) xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının müddəti 25 il 02 ay 03 gün və 05 il təhsil müddəti nəzərə alınmaqla 30 il 02 ay 03 gün təşkil edir; xx.xx.2006-cı il tarixdən sonrakı sosial sığorta stajının müddəti 14 il 03 ay və pensiya kapitalının məbləği isə 16 972 manat təşkil edir. Lakin yuxarıda qeyd olunan dövrlərdən xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr sosial sığorta haqlarının ödənilməməsi səbəbindən iddiaçının sosial sığorta stajına əlavə edilməmişdir. “İşgüzar” kooperativin iş qovluğundakı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hesabat məlumatlarının təqdim edilməsi üçün 04 oktyabr 2021- ci il tarixli **********3 nömrəli məktubla Fondun 1 saylı regional ərazi filialına müraciət edilmişdir. Müraciətə cavab olaraq həmin filial tərəfindən “İşgüzar” kooperativin Fondun vəsaitləri üzrə haqqhesab cədvəlləri təqdim edilmişdir. Həmin haqq-hesab cədvəllərində qeyd olunmuşdur ki, 1996-1999-cu il tarixlərin müvafiq rüblərində kooperativin işçilərinə əməkhaqqı hesablanmamış və hesablanması nəzərdə tutulmamışdır. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında xx.xx.2021-ci il tarixli **********0 nömrəli müracət X2 sədr müavini tərəfindən aşağıda qeyd olunan qaydada cavablandırılmışdır: 1. İddiaçı “İşgüzar” kooperativinin sədri olmuşdur. Onun kooperativ sədri kimi şəxsi imzası ilə rəsmiləşdirilmiş 1996-1999-ci illərdə qeydiyyata alınmış arayışlarda həmin müəssisə tərəfindən işçilərə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi qeyd edilmişdir. 2. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, Sərəncamda əmək haqqının hesablandığı, lakin ödənilmədiyi halda iş stajına daxil edilməsi nəzərdə tutulur. Lakin yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə düşmədiyindən, “İşgüzar” kooperativində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci İİ iyulun 1-dək hər il 6 ay artırılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirirlər ki, İddiaçı “İşgüzar” kooperativin sədri vəzifəsində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində işçilərə və şəxsən özünə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi üçün; onun məcburi dövlət sosial sığorta sahəsində borclarının tənzimlənməsi və həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidi. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işləmədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə əmək haqqı almamış və beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
6. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)-1681/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı 1996-2000-ci illər üzrə sədr vəzifəsində işlədiyi “İşgüzar” kooperativinin təqdim etdiyi hesabatlarda əmək haqqı hesablanmış dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Eləcə də qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi hallara istinad etməklə göstərir ki, cavabdeh 1991-1995-ci illərdə kooperativdə olan iş stajını sosial sığorta stajına əlavə etmiş (qismən ödəniş olduğuna görə), 1996-2000-ci illərdə kooperativdə olan iş stajını isə sosial sığorta stajına əlavə etməmişdir (ödənişlər olmadığına görə). 2000-ci ildən sonra kooperativin heç bir fəaliyyəti olmamışdır, ona görə də Sosial Müdafiə Fonduna olan borcları ödəyə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1042-VQ saylı sərəncamı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən-Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Apellyasiya şikayətində göstərilir ki, 1996-200-ci illərdə respublikada keçid dövründə, iqtisadi cəhətdən çətin illərdə müəssissələrin requlyar işləyə bilməməmsi səbəbindən yuxarıda qeyd edilən dövrlərin bəzi rüblərində sədrlik etdiyi müəssisə də tam fəaliyyət göstərə bilməmişdir. Nəzərə almaq lazımdır ki, DSMF əmək stajını hesablayarkən ödmənin məbləğindən (1 manat və ya çox) asılı olmayaraq ödəniş olan illəri tam staj kimi hesablayır. Ona görə də, qanunauyğun olaraq 1996-2000-ci illər tam olaraq iş stajına daxil edilməlidir.
10. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə etirazın dəlillərinə istinad edərək İddiaçı “İşgüzar” kooperativin sədri vəzifəsində işlədiyi xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində işçilərə və şəxsən özünə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi üçün onun məcburi dövlət sosial sığorta sahəsində borclarının tənzimlənməsi və həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı işləmədiyi xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə əmək haqqı almamış və beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. Apellyasiya şikayətində daha sonra göstərilir ki, Qanunun 22-1.1.-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin Qanunun 22-1.2.1-ci maddəsinə görə 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixdən əvvəlki dövr üzrə sosial sığorta stajının müddəti 25 il 02 ay 03 gün təşkil edir. Bu səbəbdən iddiaçıya 30 mart 2021-ci il tarixdə Qanunun 22-1.2.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi zaman, mübahisələndirilən dövrün (1996-2000-ci illər) həmin müddətə daxil edildiyindən, ona təyin edimiş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
15. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
22. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılmalı, iddia təmin edilməlidir.
24. Belə ki, hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 250.16 manat məbləğində elektron qaydada yaşa görə əmək pensiyası təyin etsə də, xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrləri sosial sığorta stajına əlavə etməmişdir. Cavabdeh bunu iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək işgüzar kooperativində işlədiyi müddətdə sosial sığorta haqlarının ödənilməməsi səbəbindən həmin dövrün sosial sığorta stajına əlavə edilməsinin qanuna zidd olduğu kimi qiymətləndirmişdir.
25. Beləliklə işin mübahisə edilən məqamı yuxarıda qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsidir.
26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, “İşgüzar” Kooperativinin xx.xx.1992-xx.xx.2000-ci illər üzrə hesabatları məhkəməyə təqdim edilmişdir. Hesabata əlavə edilmiş arayışlardan görünür ki, 1996-cı ilin İV rübündə, 1997-ci ilin İİ rübündə, 1998-ci ilin İ və İİİ rüblərində, 1999-cu ildə işçilərə əmək haqqı hesablanmamışdır. Məhkəmə hesab etmişdir ki, bu dövrlər əmək haqqı hesabalanmadığı üçün iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni bu qərarın 13-19-cu bəndlərində istinad edilən müvafiq qanunvericilik normalarının tələbləri baxımından düzgün hesab etmir.
28. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1978-ci il tarixdə əmək fəaliyyətinə başlaması, o cümlədən xx.xx.1992-xx.xx.2000-ci il tarixədək “İşgüzar” Kooperativinin sədri vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. Cavabdeh imtina məktubunda, iddia ərizəsində etirazda iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərin sığorta haqlarının ödənilməməsi səbəbindən sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir.
29. Cavabdeh apellyasiya şikayətində də eyni dəlillərə istinad etməklə yanaşı, şikayətin sonunda iddiaçıya 30 mart 2021-ci il tarixdə Qanunun 22-1.2.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi zaman, mübahisələndirilən dövrün (1996-2000-ci illər) həmin müddətə daxil edildiyindən, ona təyin edimiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını da göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmənin şifahi sorğusuna cavab kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********3 saylı xidməti məktubu ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı zamanı İşgüzar” Kooperativində işlədiyi xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan sığorta təhsil aldığı dövrləri (xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək) staj kimi daxil edildikdə xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının müddəti 30 il sığorta stajı təşkil edir. 1996-2000-ci illər sığorta haqlarının ödənilməməsi səbəbindən sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən vətəndaşa 25 il sosial sığorta stajı hesablanmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
31. İddiaçının əmək kitabçasına əsasən işlədiyi 1996-2000-ci illər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
32. Bu baxımdan hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
33. Eyni zamanda alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
34. Göründüyü kimi 1 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Qeyd edilən səbəblərdən məhkəmə kollegiyası qeyd edir ki, baxmayaraq ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” Kooperativində işlədiyi müəyyən dövrlərdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir, həmin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən normanın tətbiqində səhvə yol verərək iddiaçının yalnız əmək haqqı hesablandığı dövrləri əmək stajına daxil edilməsi nəticəsinə gəlmişdir ki, bu da iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.
35. İstinad edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərini də əsassız hesab edir.
36. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iddia çərçivəsində iddiaçı məhz xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” Kooperativində sədr işlədiyi müddətin sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apelyasiya şikayəti təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)-1681/2021 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” Kooperativində sədr işlədiyi müddətin iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.