Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-251/2023 29.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər:yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qaynanası X8 qulluq etdiyi dövrün hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-1860/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Şabran (keçmiş Dəvəçi) rayonu Bilici südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv çıxarışından görünür ki, Bilici t/südçülük sovxozu üzrə 24 aprel 1981-ci il. Əmr №102.&5 X4 -1/İV- 1981-ci il tarixdən 2 saylı briqadaya daimi fəhlə təyin edilsin. İşə muzd əmək haqqı verilsin. Əsas: l./İV- 1981-ci il tarixli ərizəsi Bilici sovxozun direktor əvəzi : (imza) S.Səmədov. Əsası Fond - 54.siyahı -2,iş-31.vərəq -16.qutu-3. Q.Musabəyov adına t/s sovxozu üzrə 17 iyun 1997-cı il. Əmr № 52. Aşağıda qeyd edilmiş yoldaşlar sovxoz ləğv olduğu üçün işdən azad edilsinlər. 7.Məmmədova Qənirə. Sovxozun direktoru: (imza,möhür) A.Fərmanov. Əsas:Fond - 54.siyahı -2,iş-57.vərəqi -28.qutu-4. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış 26 yanvar 2021-ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq İddiaçı tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və X3 rekvizitləri (Fin və ya SSN) qeyd olunmadığından tərəflərindən operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə məhkəmənin iclas katibi ilə işçi qaydada əlaqə saxlanılmış və məlumatlar əldə edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi xx.xx.2010-cu il tarixdə **********2 SUN-la ********** VÖEN-lə uçota alınmış M.Ocaqovun “Ailə üzvləri” bölümündə İddiaçı aid məlumatlar qeyd olunmuşdur. MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən, X13 tərəfindən təqdim edilmiş 2006 və 2013-cü illərə dair 0900 fəaliyyət növünün kodu (Torpaq mülkiyyətçiləri) üzrə hesabatlarda sığortaolunan kimi M.Ocaqova aid məlumatların öz əksini tapdığı lakin digər ailə üzvlərinə aid o cümlədən İddiaçı aid məlumatlar qeyd olunmamışdır. M.Ocaqov tərəfindən 2007 - 2012 və 2014 - 2018-ci illərə dair 0900 fəaliyyət növünün kodu üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar təqdim edilmədiyindən sözügedən illər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesabında öz əksini tapmamışdır. İddiaçı fərdi şəxsi hesabında 2006 - 2018-ci illər üçün xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Qanunda edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onunla bir evdə yaşamış mərhum anası X8 qulluq etdiyi dövrü və xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövrü sosial sığorta stajına qəbul edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qayınanası X8 qulluq etdiyi dövrün hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba- Xaçmaz regional filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Şabran rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 3 saylı regional ərazi filialı tərəfindən 26 yanvar 2021-ci il tarixli **********6 saylı məktubda göstərildiyi kimi ona əmək pensiyası təyin edilməsinə imtina edilmişdir. Belə ki, məktubda göstərilən kimi “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası qanununun 21-ci maddəsinə əsasən təhsil aldığı xx.xx.1979-xx.xx.1979-cu il dövrü və mərhum qaynanası (onunla bir evdə yaşamış) X8 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək qulluq etmə faktını məhkəmə qaydasında qanuni qüvvəsinə minməsi göstərilmişdir. Eyni zamanda iddiaçı beş uşaq doğub tərbiyə etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəmə məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı 21 yanvar 2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlərə əsasən ona yaşa görə beş uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış 26 yanvar 2021-ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq İddiaçı tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi imtina məktubu ilə razılaşmayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Faktiki hallar: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (İddiaçı müraciət etdiyi tarixdə - xx.xx.2021-ci ildə 57 yaşında olmuşdur). İddiaçının təqdim etdiyi doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətinə əsasən onun X9 (xx.xx.1983-cü il təvəllüdlü), X5 (xx.xx.1985-ci il təvəllüdlü), X10 (xx.xx.1986-cı il təvəllüdlü), X11 (xx.xx.1987- ci il təvəllüdlü), X14 (06.01,1990-ci il təvəllüdlü) adlı beş uşağı var. İddiaçı mərhum qaynanası X15 ilə bir yerdə yaşadığını və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək - X6 vəfat etdiyi günədək ona qulluq edərək bütün məişət ehtiyaclarını qarşıladığını iddia edir (İddiaçı Şabran rayon İHB-nın Taxtalar lƏD-nin arayışını və qulluq dövrünü iddia etdiyi aktı təqdim etmişdir). İddiaçının mərhum qaynanası X15 iddiaçının təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2005-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquqi normalar: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-cl İİ iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıldığı nəzərdə tutulmuşdur. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıda qeyd olunan şərtlər mövcud olmalıdır: qadınlar üçün pensiya yaş həddi 62 yaş (01,07.2020-ci il tarixdən 01,07.2021-ci ilə kimi) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, Qanunun 21.2.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Mübahisələndirilən dövrün əsaslandırılması: İddiaçı mərhum qaynanası X15 ilə bir yerdə yaşadığını və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək - X6 vəfat etdiyi günədək ona qulluq edərək bütün məişət ehtiyaclarını qarşıladığını iddia edir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd İƏD-in arayışına əsasən mərhum qaynanası X8 qulluq etdiyini iddia etdiyi xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (vəfat tarixinədək) olan dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyi-mümkündür. Belə ki, iddiaçının müraciətinə ünvanlanmış 26 yanvar 2021 -ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq qüvvədə olan redaksiyada Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən ahıllara qulluq edilməsi dövrünün sosial sığorta stajı kimi nəzərə alınması üçün qulluq aktının tərtib olunması qaydaları və həmin qaydalara əlavə olunmuş 10 nömrəli əlavədə qulluq aktının nümunəsi göstərilmişdir. Həmin normada qulluq aktının qulluq edilən şəxsin (ahılın) özünün və qonşularının ifadələrinə əsasən tərtib olunması müəyyən edilmişdir. Sözügedən Qaydalar qüvvədən düşərək “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə yeni qaydalar təsdiq edilmişdir. Belə ki, sözügedən qaydaların 4.1.8-ci maddəsinə əsasən ahıllara qulluq müddəti aşağıdakı əsaslara görə sosial sığorta stajına daxil edilməlidir: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda göstərildiyi kimi sözügedən işdə qulluqolunanın 2005-ci ildə vəfat etdiyi üçün həmin şəxsə qulluq müddəti iddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən akta əsasən təsdiq oluna bilməz. Çünki təqdim edilən akt qulluqolunanın vəfatından sonra tərtib edilmişdir. Qulluqlunanın vəfatından sonra qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi üçün qeyd edilən qərarın 3-cü bəndinə göstərilən məhkəmənin ganuni güvvəyə minmiş gərarı olmalıdır. Belə ki, 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd lƏDin arayışı isə yuxarıda qeyd olunan normanın tələblərinə əsasən qulluq aktı hesab edilmir və mərhum X6 vəfatından sonra verilmişdir. Həmçinin həmin arayış yuxarıda qeyd olunan qaydalarda göstərilmiş həm formaya, həm də tələblərinə riayət edilmədən verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı tələb olunan 25 il sosial sığort stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi geyri-mümkündür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-1860/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddianın təmin edilməsi, İddiaçı X8 qulluq etdiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının) üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının beş uşaqlı ana kimi pensiya yaşının beş il azaldılması əsası və eyni zamanda 2006-ci ildən sonra pensiya fonduna müvafiq ödənişləri etməsi isə ona 25 il sosial sığorta güzəştinin edilməsi əsası yaradır ki, bununda nəticəsində iddiaçının pensiya hüququ yaranmış olur. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti .... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. .... Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 14.Məvcburi dövlət sosial sığorta haqqı (əvvəlki redaksiyada) .... mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında; Maddə 14.5.1-1.9 (yeni redaksiyada). mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; .... “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 3.Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: ... j) İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər .... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin: Bənd 10. İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü aşağıdakılara əsasən müəyyən olunur: xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı; əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1996-cı il 11 dekabr tarixli 10-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında İzahatın 4-cü bəndinə əsasən, qulluğa görə iş stajı müəyyən olunarkən qulluq göstərilənlə qulluq göstərənin qohumluq münasibətində olması tələb edilmir. Yəni faktiki olaraq qulluğu yerinə yetirən şəxsə qulluğa görə iş stajı müəyyən olunmalıdır... İş stajı müəyyən olunan vaxt xidmət göstərilənin vəfat etməsi qulluğa görə iş stajının müəyyən olunmasına maneçilik törətmir. Bu halda iş stajı mənzil idarələrinin arayışına, qulluq göstərilənin ailə üzvlərinin və qonşularının ifadələrinə əsasən müəyyən oluna bilər. (Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə qeyd edilən İzahat Ləğv edilmişdir.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: .... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; [13]
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; .... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarına dəyişiklik edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajı olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının beş uşaq doğub, səkkiz yaşına kimi tərbiyə etdiyindən, beş il azaldılmaqla pensiya hüququnun yaranması halı, habelə iddiaçının 24 aprel 1981-ci il tarixdən 17 iyun 1997ci il tarixədək sovxozda fəhlə işləməsi, bununla da 16 il 1 ay 24 gün iş stajına malik olması halı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı təhsil, iş stajı, habelə ahıl şəxs kimi qaynanasına qulluq etdiyi dövr daxil olmaqla, ümumilikdə 25 il stajının olduğundan, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyindən onun yaşa görə pensiya almaq hüququnun olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının qaynanasına quluq etdiyi dövrün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən nəzərə alınmadığından, təhsil müddətinə dair sənəd olmadığından, bu hal da nəzərə alınmadığından, habelə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair məlumat aşkar edilmədiyindən, onun ümumi iş stajının 25 il olmadığını əsas götürərək, yaşa görə əmək pensiya hüququnun yaranmadığını bildirmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq ilk növbədə onu qeyd edir ki, iddiaçının XX.XX.1925-ci il təvəllüdlü qaynanası vəfat edən vaxtadək xx.xx.2005-ci il tarixədək qulluq etməsi halı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, Şabran rayon İcra Hakimiyyəti Başçısının Taxtalar İnzibati Ərazi Dairəsinin 13 may 2020-ci il tarixli, 125 saylı arayışının məzmunundan görünür ki, Dağbilici kənd sakini İddiaçı mərhum qaynanası X15 ilə biryerdə yaşamış, İddiaçı Züleyxa Ocaqovaya vəfat edən günədək qulluq edərək, onun bütün məişət ehtiyaclarını ödəmişdir. Cavabdeh tərəfindən isə iddiaçı tərəfin təqdim etdiyi həmin sənədlərin mötəərliyini şübhə altına alan hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi qaynanasına (ahıl şəxs kimi) qulluq etdiyi dövr xx.xx.1997-xx.xx.2005-ci illəri əhatə etdiyindən, qeyd edilən mübahisəli halın həlli zamanı məhz həmin dövrdə qüvvədə olan qanunvericilik norma və qaydaları tətbiq edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan halla bağlı mübahisəli halın yarandığı vaxt mövcud olan qaydalara deyil, ondan sonra qüvvəyə minmiş qaydalara istinad etməsi halı qanunvericiliyin tələbinə, habelə konstitusion norma və prinsiplərin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İndiki halda cavabdeh inzibati orqanın istinad etdiyi müvafiq qaydalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, həmin qaydaların qüvvəsinin geriyə şamil edilməsi də yolverilməzdir. Eyni zamanda bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. Həmin Qanunun tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1996-cı il 11 dekabr tarixli 10-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında izahatın 4-cü bəndinə əsasən, qulluğa görə iş stajı müəyyən olunarkən qulluq göstərilənlə qulluq göstərənin qohumluq münasibətində olması tələb edilmir. Yəni faktiki olaraq qulluğu yerinə yetirən şəxsə qulluğa görə iş stajı müəyyən olunmalıdır. İş stajı müəyyən olunan vaxt xidmət göstərilənin vəfat etməsi qulluğa görə iş stajının müəyyən olunmasına maneçilik törətmir. Bu halda iş stajı mənzil idarələrinin arayışına, qulluq göstərilənin ailə üzvlərinin və qonşularının ifadələrinə əsasən müəyyən oluna bilər. Göründüyü kimi, mübahisəli halın yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarında qulluq olunan şəxsin vəfat etməsi halının iş stajının müəyyən edilməsinə maneçilik törətməməsi qeyd olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən Mərkəz filiala təqdim etdiyti aktın (qaynanasına qulluq edilməsi ilə bağlı) qulluqolunanın vəfatından sonra tərtib edilməsi halına istinad edərək, qəbul edilməməsi yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə zidd olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan həmin aktın 10 nömrəli Əlavə ilə müəyyən edilmiş forma və tələblərə riayət edilmədən verilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin Əlavə mübahisəli halın yarandığı vaxtdan sonra təsdiq edilməklə (2017-ci il), məhz sonrakı dövrdə qüvvədə olmuşdur. Mübahisəli halın yarandığı vaxt qüüvədə olan müvafiq qaydalarda isə təqdim edilən arayışın hansı formada olması qeyd edilməmiş, buna dair tələb olmamışdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən hala istinad etməklə də, iddiaçı tərəfindən təqdim edilən aktı qəbul etməməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının XX.XX.1925-ci il təvəllüdlü qaynanası ilə biryerdə yaşayaraq və ona vəfat edənədək (xx.xx.2005-ci il) qulluq etməsi halı iş materialları əsasında təsdiq edildiyindən (müvafiq icra nümayəndəliyinin arayışı, akt ), cavabdeh inzibati orqan tərəfindən isə həmin arayışın qəbul edilməməsi əsasları qanunazidd olduğundan, habelə qanunvericiliyin tələbinə əsasən qulluq olunan şəxsin vəfat etməsi halının qulluq barədə arayışın, aktın tərtib edilməsinə maneçilik törətmədiyindən, habelə həmin halları təkzib edən hər hansı hal müəyyən edilmədiyindən, qulluq dövrünün sosial sığorta stajına daxil etməməklə bağlı cavabdeh inzibati orqanın imtinasının əsası qanunazidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının Dəvəçi Rayon Mədəniyyət Evində biçmə-tikmə ixtiası üzrə birillik kurs keçdiyi dövrün sosial sığorta stajına daxil etməməklə bağlı imtinasının əsası da qanunazidd olmuşdur. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən kadr hazırlayan kurslarda, ixtisasartırma kurslarında təhsil müddəti iş stajına daxildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan təhsil müddəti (birillik) də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı, təhsil müddəti və məhrum qaynanasına qulluq etdiyi dövr nəzərə alındıqda, iddiaçının malik olduğu sosial sıorta stajı 25 il tamamlanır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının 25 il sosial sığorta stajı tamamlanmamış olsa idi belə, onun 2006-cı ildən sonra Dövlət Sosial Müdafiə Fonduna ödənişləri olduğu üçün ona pensiya təyinatının avtomatik qaydada aparılması əsasını verir. Belə ki, Seriya ÇİL 554472 nömrəli, 28 sentyabr 2006-cı il tarixli Dəvəçi rayonu Məcburi Dövlət Sosial Sığorta haqqı üçün Mədaxil qəbzinin məzmunundan görünür ki, Dağbilici kənd sakini İddiaçı 2006-cı il üçün torpaq payına görə sosial sığorta haqqı ödənişləri olmuşdur. Bununla bağlı cavabdeh inzibati orqan isə iddiaçı barəsində 2006-cı il üzrə təqdim edilmiş məcburi sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında hesabatda sığorta olunan kimi məlumatları qeyd edilmədiyindən sözügedən il üzrə olan məlumatları fərdi şəxs hesabda öz əksini tapmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan hissədə etirazın əsası kimi istinad etdiyi halla bağlı qeyd edir ki, iş materiallarında olan mədaxil qəbzi iddiaçının 2006-cı il üçün sosial sığorta ödənişləri etdiyini təsdiq edir, hansı ki həmin qəbz Dövlət Sosial Müdafiə Fondunun Dəvəçi rayonu üzrə məcburi dövlət sosial sığorta haqqı üçün olmaqla, möhür və imza ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin sənədin mötəbərliyini cavabdeh inzibati orqan şübhə altına alırsa, buna dair dəlilləri təqdim etmək vəzifəsi də məhz cavabdehə aid olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən bununla bağlı həra hansı araşıdarma aparması, bu halın əsaslandırılması müəyyən olunmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının 2006-cı ildən sonra pensiya fonduna müvafiq ödənişlər etməsi halı ona 25 il sosial sığorta stajının güzəşt edilməsi əsasını yaradır ki, qeyd olunan hal da özlüyündə iddiaçının social sığorta stajı olmadan da beş uşaqlı ana kimi yaşa görə pensiya hüququnun yarandığını təsdiq edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmaqla, cavabdehin imtinası və etirazının dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiya hüququ 22 dekabr 2019-cu il tarixdə (56 yaş 6 ay) yaranmışdır. Belə ki, 2019-cu il ölkə üzrə ümumi pensiya yaş həddi 61 yaş 6 ay olmuşdur. Qanunvericiliyin tələbinə əsasən beş uşaqlı ana kimi pensiya yaş həddi beş il azaldılmaqla müəyyən edildiyindən, iddiaçının pensiya hüququ məhz 56 yaş 6 ay, yəni 22 dekabr 2019-cu il tarixdə yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddiaçıya beş uşaqlı ana kimi hüququnun yarandığı vaxtdan 22 dekabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-1860/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 22 dekabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.