Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-251/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1211/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahı Qüvvələrində hərbi xidmət etmiş, Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 140 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddətinin başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçıya məxsus hərbi biletin 18-ci səhifəsinin “Xüsusi qeydlər” bölməsində qeyd edilmişdir ki, o, 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında nümunəvi xidmət göstərmişdir. Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinə ünvanlanmış 02 iyun 2022-ci il tarixli məktuba əsasən iddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq iştirak edərək nümunəvi xidmət göstərmişdir. İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin mənəvi psixoloji vəziyyətinin daim yüksək saxlanmasında, işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissəyə maddi texniki dəstək göstərdiyinə görə və Azərbaycan Ordusunun müvəffəqiyyətli əks hücum əməliyyatları zamanı N nömrəli hərbi hissənin döyüş növbəsi aparan hərbi qulluqçularının təminatında yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə həmin hərbi hiss komandirləri tərəfindən müvafiq olaraq 10 oktyabr, 26 oktyabr və 25 dekabr 2020-ci il tarixli “Fəxri Fərman”larla təltif olunmuşdur. İddiaçı yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 18 oktyabr 2022-ci il tarixli, 4/3-11548 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 065, N və N nömrəli hərbi hissə komandirlərinin məktublarına əsasən onun hərbi xidməti tam təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunun motoatıcı tağım komandiri ixtisasını bitirmiş, 17 may 2009-cu il tarixədək hərbi xidmətdə olmuş və daha sonra tərxis olunmuşdur. 2-ci Qarabağ müharibəsi başlayandan sonra 02 oktyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmışdır. İlk olaraq N saylı hərbi hissənin şifahi tapşırıqları əsasında hərbi hissənin şəxsi heyətinin mənəvi psixoloji vəziyyətinin daim yüksək saxlanmasında, N və N saylı hərbi hissələrdə işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə maddi texniki dəstək göstərmişdir. Döyüş zamanı sursat daşınması, əsgərlərin təxliyyəsi, onların maddi təminatının həyata keçirilməsini təmin etmiş, 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında xidmət göstərmişdir. Bununla bağlı Fəxri Fərmanlarla təltif olunmuşdur. Bu faktların özü də cavabdeh tərəfindən inkar edilmir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh imtinası qanunsuz və əsassızdır. Belə ki, onun döyüş əməliyyatlarında göstərdiyi xidmət növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 nömrəli qərarında da müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olan xidmət növləri kimi göstərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədilə tərəflərindən verilmiş sorğuya cavab olaraq N nömrəli hərbi hissənin N yanvar 2023-cü il tarixli, 146 nömrəli arayışına əsasən iddiaçının N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi” zamanı N və N nömrəli hərbi hissələrə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 23 sentyabr 2022-ci il tarixli qərarı ilə 065, N və N nömrəli hərbi hissə komandirlərinin məktublarına əsasən iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1211/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (Hakim İ.Burcayev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət üzrə şəxsi heyətin sıralarına daxil olması və tərxis olunması mötəbər sübutlarla öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçının hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə arxiv arayışında arxiv məlumatları aşkar edilməmiş, hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında hərbi qulluqçu kimi hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması sübut olunmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində hərbi biletdə aparılmış qeydlər, fəxri fərmanlar, eləcə də video yazı məlumatları ilə tam təsdiq edilir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin 02 oktyabrından noyabrın 10-dək 065, N və N saylı hərbi hissələrin tərkibində iştirak edərək, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş, müvafiq olaraq, yaralıların təxliyəsində iştirak etmiş, habelə döyüş zamanı sursat daşınması, əsgərlərin təxliyyəsi, onların maddi təminatının həyata keçirilməsində bilavasitə iştirak etmişdir. Bu hal göstərilən sənədlərlə yanaşı, cavabdehin 18 oktyabr 2022-ci il tarixli imtina məktubunun məzmunu ilə bir daha təsdiq edilir. Baxmayaraq ki, sonradan məhkəmə sorğularına cavab olaraq həmin hərbi hissələr tərəfindən natamam və təhrif edilmiş məlumatlar təqdim edilmişdir ki, bu məlumatlar məhkəmə üçün sübut qismində istinad olunmamalı idi. Əvvəla ona görə ki, sözügedən hərbi hissələr Müdafiə Nazirliyinin tabeliyində olmaqla, onun əlehinə hər hansı məlumat təqdim edə bilməzdilər. Hansı ki, həmin hərbi hissələrin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş fəxri fərmanlar iddia tələbinin təmin edilməsi üçün yetərli idi. Eləcə də, Füzuli rayon Mərkəzi Xəstəxanasının 02 iyun 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq iştirak edərək nümunəvi xidmət göstərmişdir. Bütün bunlar məcmu halında onu göstərir ki, iddiaçının iddia tələbi tam haqlıdır. Birinci instansiya məhkəməsi isə AR Nazirlər Kabinetinin qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının müvafiq hərbi hissələrə daxil olması və qanuni əsaslarla çıxması barədə sübut mövcud deyildir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının hərbi hissəyə daxil olması və oradan çıxması barədə qeydin aparılmaması iddiaçının təqsiri kimi qəbul edilə bilməz. Digər tərəfdən, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərindən göründüyü kimi məhkəmənin qeyd etdiyi kimi təkcə biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) yox, həm də hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Hazırkı iş üzrə də iddiaçının müvafiq sənədləri mövcud olduğu halda, məhkəmə həmin sübutlara qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, ehtiyatda olan zabitdir, 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün iki dəfə hərbi komissarlığa getmiş, lakin ona hazırda yerin olmadığı bildirilmişdir. Daha sonra özü könüllü olaraq 2020-ci ilin oktyabr ayında döyüş əməliyyatlarına getmiş, bu zaman müvafiq hərbi hissədə qeydiyyata alınmamışdır. İddiaçı şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir,(-) (-).
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Səfərbərlikdən tərxisetmə 18.1. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir. (-)
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 275 nömrəli Fərmanı: 2.1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun ............ 18.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; (-).
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Belə ki, işə baxan məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakının və ehtiyata buraxılmasının qanunvericiliyin tələblərinə müvafiq qaydada təsdiq olunmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək kollegiya qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırda iddiaçı onun 02 oktyabr 2020-ci il tarixdən 065, N və N nömrəli hərbi hissələrin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut rayonlarının ərazilərində döyüş əməliyyatlarının mənəvi-psixoloji, maddi-texniki təminat növləri üzrə tapşırıqları yerinə yetirdiyini iddia edir. Bununla bağlı kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddiaçı həmin dövr ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq iştirak etmiş, döyüş əməliyyatları zamanı hərbi hissələrə maddi-texniki dəstək göstərmiş və hərbi qulluqçuların ruh yüksəkliyinin saxlanılmasını təmin etmiş, bu baxımdan, müvafiq hərbi hissələr tərəfindən “Fəxri Fərman” larla təltif olunmuşdur. Qanunvericilikdə təsbit edilmiş təminat növləri, o cümlədən, mənəvi-psixoloji, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Hansı ki, iddiaçı tərəfindən yuxarıda sadalanan işlər, heç bir tapşırıq əsasında deyil, könüllü olaraq iddiaçının özü tərəfindən vətənpərvərlik hissləri ilə yerinə yetirilmişdir. Ona görə də, iddiaçı tərəfindən hərbi hissələrə göstərilən maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Digər tərəfdən, kollegiya qeyd edir ki, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020ci il tarixədək olan dövr ərzində, adıçəkilən ərazilərdə döyüş əməliyyatlarının müvafiq təminat növləri üzrə tapşırıqları “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yalnız: 1) Hərbi qulluqçular; 2) Hərbi hissə və ya orqanların mülki işçiləri; 3) Döyüş əməliyyatları gedən ərazilərə ezam olunmuş şəxslər yerinə yetirə bilər. Hazırda araşdırılmalı olan məsələ iddiaçının həmin şəxslər dairəsinə aid olubolmamasının müəyyən edilməsidir. Bununla bağlı, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı həmin hərbi hissənin tərkibində heç bir tapşırıq yerinə yetirməmiş, ön xətt bölmələrinin təminatında şəxsən iştirak etməmiş və bilavasitə fəaliyyət göstərməmişdir. O, müharibə zamanı Azərbaycan xalqının bir çox nümayəndələri kimi döyüş bölgəsində xidmət edən şəxsi heyət üçün su, şirniyyat, isti geyim və s. bu kimi əşyalarla N nömrəli hərbi hissəyə yardım göstərmiş və onun təqdim etdiyi yardım ön xətt bölmələrinə göndərilərək şəxsi heyətə çatdırılmışdır. O, vətənpərvərlik nümayiş etdirərək göstərdiyi yardıma görə fəxri fərmanla təltif edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2023-cü il tarixli məktuba əsasən hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının hərbi hissə tərəfindən fəxri fərmanla təltif edilməsinə əsas olan heç bir sənəd mövcud deyildir və onun hansı bölgələrdə xidmət etməsi ilə bağlı hərbi hissədə rəsmi məlumat yoxdur. Həmçinin, işdə olan N nömrəli hərbi hissə tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış N dekabr 2022-ci il tarixli məktubdan da görünür ki, iddiaçının N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək vətən müharibəsi zamanı N nömrəli hərbi hissəyə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. Beləliklə, hərbi hissələr tərəfindən verilmiş məktublardan müəyyən edilir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu olsa da, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmamış, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etməmiş, o cümlədən, döyüş əməliyyatlarının heç bir təminat növü üzrə tapşırıqları icra etməmiş, yalnız döyüş əməliyyatları gedən ərazilərdə xalqın nümayəndəsi kimi könüllü olaraq yaralı hərbi qulluqçuların və şəhidlərin təxliyə edilməsində, o cümlədən, onlara maddi-texniki dəstək göstərməkdə, ruh yüksəkliklərinin saxlanılmasında fəallıq göstərmişdir. Digər iki kateqoriyadan olan şəxslər isə hərbi hissə və ya orqanların mülki işçiləri və ya döyüş əməliyyatları gedən ərazilərə ezam olunmuş şəxslərdir hansı ki, iddiaçının həmin şəxslərə aid olmaması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq, hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericilikdə təsbit edilmiş əsaslar müəyyən edilmədiyindən, iddianı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq yuxarıda sadalanan hərbi hissələr tərəfindən verilmiş cavab məktublarına qeyd edilənləri əsaslı hesab etməyərək, həmin hərbi hissələrin işdə maraqlı olan cavabdeh orqanın - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olduğunu, bu baxımdan, onların cavabdehin əleyhinə hər hansı məlumat verməyəcəklərini bildirmişdir. Şikayətin həmin dəlilinə münasibətdə kollegiya bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair işlər üzrə vətəndaşların hərbi xidmət keçməsini, döyüş əməliyyatlarında iştirakını və s. təsdiq edən müvafiq sənəd və məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan orqanlarda (Mərkəzi Arxiv İdarəsi, Şəxsi heyət baş idarəsi), habelə hərbi hissələrdə olduğundan məhkəmə icraatı zamanı həmin orqanlara sorğular verilir. Hazırki işdə də iddiaçı 065, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyini iddia etdiyindən işə baxan məhkəmə tərəfindən həmin orqanlara sorğular verilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1211/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.