Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-252/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili X4, nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunluğu 154 metr olan və dəmir məhəccərlə hasarlanmış torpaq sahəsinə, mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi, 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili və yanğınsöndürmə deposu üçün nəzərdə tutulmuş, lakin sonradan tikintisinin davam etdirilməsi məqsədəuyğun sayılmayan 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşinmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(85)- 1629/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən torpaq sahəsinin və üzərində yerləşən tikililərin qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 17 aprel 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 5 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmalıdır. Bundan əlavə, müraciətdə istinad edilən müvafiq məhkəmə qətnamələrində torpaq sahəsinin və üzərində yerləşən tikililərin qeydiyyata alınması öhdəliyi İdarənin üzərinə qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: İddiaçı 2018-ci il 24 aprel tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus tikililərin və onların yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 oktyabr 1992-ci il tarixli 612 saylı əmri ilə Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən və Sumqayıt Əsaslı inşaat idarəsinin balansında olmuş yanğın söndürmə deposu üçün tikili öz vəsaiti hesabına tikib icarəyə götürülməsi üçün “Nurəddin” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. 25.12.1992-ci il tarixli aktla həmin obyektin yanğınsöndürmə deposunun yararsız olduğu bir daha təsdiq olunmuşdur. Bundan sonra, “Nurəddin” kiçik müəssisəsi tərəfindən ərazidə bataqlıq qurudulmuş, abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır, ətraf hasara alınmış, asfalt örtüyü döşənmiş, elektrik xətləri çəkilmiş, ərazidə avtomobil təmiri və rənglənməsi sexləri, avtomobil hissələrinin satışı, avtomobillərin dayanacağı tikilib istifadəyə verilmişdir. Qubadlı Rayon Məhkəməsinin 08.07.1998-ci il tarixli qətnaməsi ilə “Nurəddin” kiçik müəssisəsi təsisçilər arasında bölünmüş və obyekt üzərində mülkiyyət hüquqları tanınmışdır. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 24.10.2008-ci il tarixdə “Nurəddin” kiçik müəssisəsi ləğv edilərək bütün mülkiyyəti və səlahiyyətləri yeni yaradılmış "xxxx" MMC-yə verilərək dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "xxxx" MMC-yə və qeyrilərinə qarşı Sumqayıt şəhər İcra başçısının əmrinin və sərəncamının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və dövlətə qaytarılması barədə iddiası Sumqayıt Yerli İqtisad Məhkəməsinin 04.03.2008-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin 05.08.2008-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 24.12.2008-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Obyektin altında olan torpaq sahəsinin özəlləşdirilməsi haqda sənədlər Azərbaycan Respublikasının dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinə 2007-ci ildə təqdim olunarkən Komitə məhkəməyə müraciət edərək 11-2/8012 saylı 17.10.2007-ci il tarixli cavabında müraciətin məhkəmə prosesinin nəticələrinə uyğun olaraq həll ediləcəyini bildirmişdir. Məhkəmə baxışı tamamlanandan sonra müraciətinə Komitənin sədr müavininin 121-2/1615 saylı 27.12.2009-cu il tarixli cavabında göstərilir ki, texniki sənədlərin tərtibatı üçün müvafiq ölçmə işləri aparılır. 16.02.2009-cu il tarixdən müraciətinə baxılmamış və şifahi olaraq bildirilmişdir ki, guya sənədlər hazırlanır. Bununla da müvafiq İcra hakimiyyəti orqanlarının günahı ucbatından obyektin özəlləşdirilməsi ləngiyir və torpağın mülkiləşdirilməsi gecikir. Rəsmi cavab verilmədiyindən bütün imkanlardan məhrum olmuşlar, əmlakın və torpağın dövlət reyestrindən keçirilməsinə nail ola bilmirlər. Cavabdehin 22 sentyabr 2016-cı il tarixli cavabından 1 il keçməsinə baxmayaraq, göstərilən idarələrin vəzifəli şəxsləri müraciətlərə cavab vermir. Əmlakın hüquqi statusu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll olunarsa həmin əmlak hərraca çıxarıla bilməz və hətta həmin əmlakın dövlət rüsumu 1996-cı ilin 22 sentyabr tarixində (AVİZO N2 08) nömrəli sənəd ilə Dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ tanınmalı və əmlakların özəlləşdirilməsi hərracsız həyata keçirilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(85)- 1629/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunu 154 metr olan sahələr mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi və 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili, yanğınsöndürmə deposu üçün 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli 2-1(105)-579/2018 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018ci il tarixli 2-1(105)-579/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2-1(102)-366/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində təkrar icraat zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən, giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunu 154 metr olan sahələr mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi və 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili, yanğınsöndürmə deposu üçün 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2020-ci il tarixli 2-1(105)-08/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud mübahisə ilə bağlı iddiaya cavab verməli olan cavabdehə qarşı iddia qaldırmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1264/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2020-ci il tarixli, 2-1(105)-08/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakim İ.K.Hüseynov) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ "xxxx" məhdud məsuliyyətli cəmiyyəti 48-ci məhəllə ərazisində yerləşən yanğınsöndürmə deposunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi, habelə torpaq sahəsi üzərində "xxxx" MMC tərəfindən inşa edilmiş rəngləmə sexi və mağaza binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə ərizə ilə 03.04.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən yanğınsöndürmə deposunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə, 17 aprel 2018-ci il tarixli **********85 nömrəli bildirişlə bu barədə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məlumat verilmişdir və həmin yanğınsöndürmə deposunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun yerli qurumu olan 5 saylı Sumqayıt ərazi şöbəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qərarında güya məhkəmə baxışı zamanı müəyyən olunmuş hallar və məhkəmənin gəldiyi nəticə kimi göstərilir ki, Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən yanğınsöndürmə deposunun yarımçıq tikilisi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 oktyabr 1992-ci il tarixli 612 saylı əmri ilə “Nurəddin” kiçik müəssisəsinin balansına verildiyindən və həmin əmlakın dəyəri 1996-cı ildə “Nurəddin” kiçik müəssisəsi tərəfindən ödənildiyindən, bu daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi üzərində müxtəlif vaxtlarda çıxarılmış məhkəmə qərarları ilə “Nurəddin” kiçik müəssisəsinin istifadə hüququ tanındığından, hazırki iddiaçı "xxxx" MMC isə “Nurəddin” kiçik müəssisəsinin hüquqi varisi olduğundan göstərilən daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmalıdır. Əsla, ən azı qəribə məntiqdir. Çünki Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının dövlət müəssisəsinin əmlakını və dövlət mülkiyyətində olan torpaq sahəsini hansısa kiçik müəssisənin balansına vermək səlahiyyəti olmayıb. Həmin daşınmaz əmlakla və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı dövlət idarəetməsini həyata keçirən səlahiyyətli dövlət orqanı hal-hazırda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir, ondan əvvəl isə bu səlahiyyət Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, ondan da əvvəl digər adlı hüquqi sələflərinə, əmlakın dəyərinin ödənilməsi iddia edilən 1996-cı ildə isə Dövlət Əmlak Komitəsinə aid olduğu da birinci instansiya məhkəməsinə bəllidir. Bununla əlaqədar hazırki iddia aid olan şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı yox, aid olmayan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qaldırırldığından, birinci instansiya məhkəməsində işə baxılan zaman İdarənin nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə cavabdeh və ya ən azı üçüncü şəxs qismində cəlb edilməsi haqqında vəsatət verilmişdir. Həmin vəsatətin təmin edildiyi işə baxan hakim tərəfindən bildirilsə də, növbəti məhkəmə iclasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi işdə iştiraka cəlb edilmədən iddianın təmin olunması barədə qərar elan edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Buna görə ən azı anlaşılmazlıq kimi qiyətləndirilə bilən haldır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarlarında söhbət iddiaçının sözügedən dövlət əmlakı üzərində istifadə hüququnun mövcudluğundan getdiyi halda, birinci instansiya məhkəməsinin qərarında bu hüquq artıq mülkiyyət hüququ kimi qiymətləndirilir və həqiqi mülkiyyətçi olan dövlətin səlahiyyətli orqanı işdə iştiraka cəlb edilmədən dövlət əmlakı üzərində müəyyən qanunsuz maxinasiyalar həyata keçirmiş bir hüquqi şəxsin (adı əvvəl “Nurəddin” kiçik müəssisəsi, sonra isə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti kimi hallandırılan) mülkiyyət hüququnun yarandığı elan olunur və buna heç bir hüquqi əsas olmadığı halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə göstərilən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi qoyulur. Bundan başqa, torpaq qanunvericiliyin tələbinə görə, yuxarıda göstərilən, dövlət mülkiyyətində olan yanğınsöndürmə deposunun yarımçıq tikilisinin yerləşdiyi, yenə də dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi yalnız qanunvericiliyə uyğun qaydada iddiaçının icarəsinə verilə bilərdi (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, 50-ci maddənin 2-ci bəndi). Yəni mübahisəli torpaq sahəsinə dair səlahiyyətli dövlət orqanı ilə (Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur) icarə müqaviləsi bağlandıqdan sonra, iddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına, yəni cavabdehə, ərizə ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən həmin yanğınsöndürmə deposunun yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsi ilə bağlı dövlət idarəetməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və ya onun hüquqi sələfi olmuş dövlət orqanları olduğu halda, həmin torpaq sahəsinin də “Nurəddin” kiçik müəssisəsinə ayrılması haqqında qərarı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı qəbul edə bilməzdi. Bundan başqa, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2- 1(85)-1629/2018 saylı qərarında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edilərək qeyd edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda Qubadlı rayon Məhkəməsinin 08 iyun 1998-ci il tarixli 2-7/1998 saylı məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan tikililər və torpaq sahəsi üzərində iddiaçı gözlənilən mülkiyyət hüququna malik olduğundan iddia təmin edilməlidir. Halbuki, mübahisələndirilən məhkəmə qərarında göstərildiyi kimi, qeyd olunan qətnamə “Nurəddin” kiçik müəssisəsinin təsisçilərinin bir-birinə qarşı iddiaları əsasında çıxarılmışdır, istər həmin iş üzrə, istərsə də qərarda bəhs edilən digər işlər üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi nə cavabdeh, nə də ki, üçüncü şəxs qismində iştiraka cəlb edilməmişdir. Buna görə də həmin işlər üzrə müəyyən edilmiş kimi göstərilən halların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə münasibətdə preyudisial əhəmiyyətindən heç söhbət də gedə bilməz. Yəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edilməsinin yeri də yoxdur. Məlumat üçün bildirilmişdir ki, “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyul 1992-ci il tarixli 63 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının bütün dövlət idarəemə orqanları, birlik, müəsisə və təşkilatları tərəfindən onların sərəncamında olan binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin hüquqi və fiziki şəxslərə satılması, verilməsi dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək müvəqqəti olaraq dayandırılmışdır. Buna görə məhkəmənin qərarında guya iddiaçının hüquqi sələfi kimi qələmə verilən “Nurəddin” kiçik müəssisəsi tərəfindən mübahisəli dövlət əmlakının dəyərini ödəməklə əldə etməsi barədə göstərilən hal da əsassızdır. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Beləliklə, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının buna səlahiyyəti çatmadığı halda, Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən yanğınsöndürmə deposunu “Nurəddin” kiçik müəssisəsinin balansına verilməsi ilə bağlı 14 oktyabr 1992-ci il tarixli əmri tamamilə həmin zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə ziddir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərini rəhbər tutaraq, Sumqayıt şəhəri, 48ci məhəllədə yerləşən giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunluğu 154 metr olan və dəmir məhəccərlə hasarlanmış torpaq sahəsinə, mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi, 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili və yanğınsöndürmə deposu üçün nəzərdə tutulmuş, lakin sonradan tikintisinin davam etdirilməsi məqsədəuyğun sayılmayan 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququnun qeydiyyatı və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(85)-1629/2018 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, mübahisəyə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun preambulasına görə, “Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.”. Normanın məzmunundan göründüyü kimi, həmin Qanun təkcə mülkiyyət hüququnun deyil, digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı qaydalarını müəyyən edir. Ali Məhkəmənin qərarında qeyd edilir ki, “apellyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının tələbini “tikililər və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi” kimi qeyd etsə də, iddiaçının tələbində - iddia ərizəsinin nəticə hissəsində həmin məzmunda tələb irəli sürülməmişdir. İddiaçı da, kassasiya instansiyası məhkəməsinin qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi də iddia olunan daşınmaz əmlakların iddiaçının istifadəsinə verildiyini təsdiq edirlər. İddia ərizəsinin nəticə hissəsində məhz mülkiyyət hüququnun qeydə alınması və həmin hüquqa dair çıxarışın verilməsi barədə tələb yoxdur.” Bununla əlaqədar təkrar apelyasiya baxışı zamanı iddiaçıya tələbini dəqiqləşdirmək, daşınmaz əmlak üzərində hansı hüququnun qeydə alınmasını dəqiq göstərmək təklif edildikdən sonra, iddiaçı, məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunluğu 154 metr olan və dəmir məhəccərlə hasarlanmış torpaq sahəsinə, mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi, 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili və yanğınsöndürmə deposu üçün nəzərdə tutulmuş, lakin sonradan tikintisinin davam etdirilməsi məqsədəuyğun sayılmayan 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə daşinmaz əmlakin dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatı və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın təmin edilməli olduğuna dair mövqeyini birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 1.2-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla onunla əsaslandırmışdır ki, Qubadlı rayon Məhkəməsinin 08 iyun 1998-ci il tarixli 2-7/1998 saylı qətnaməsi ilə mübahisə predmeti olan tikililər və torpaq sahəsi üzərində iddiaçı, gözlənilən mülkiyyət hüququna malik olduğundan iddia təmin edilməlidir. Məhkəmə eyni qaydada Sumqayıt Yerli İqtisad Məhkəməsinin 04 mart 2008-ci il tarixli, 2-27/2008 saylı qətnaməsinə də istinad etmişdir. Bununla bağlı cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən qətnamə “Nurəddin” kiçik müəssisəsinin təsisçilərinin bir-birilərinə qarşı iddiaları əsasında çıxarılmışdır, istər həmin iş üzrə, istərsə də, qərarda bəhs edilən digər işlər üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi nə cavabdeh, nə də üçüncü şəxs qismində iştiraka cəlb edilməmişdir. Buna görə də, həmin işlər üzrə müəyyən edilmiş kimi göstərilən halların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə münasibətdə preyudisial əhəmiyyətindən heç bir halda söhbət gedə bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə inzibati işə baxdığından və məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələrini tənzimləyən İPMdə xüsusi norma mövcud olduğundan İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsindən hərəkətlə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mübahisəyə tətbiqi qanunsuz olmuşdur. Bu halda, İPM-də mübahisəyə tətbiq edilməli olan norma kimi 78-ci maddə çıxış edir. Həmin maddəyə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən normanı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, İPM-in yuxarıda istinad olunan 78-ci maddəsinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Buna görə, məhkəmə qərarının preyudisiallığı yalnız proses iştirakçılarına (və ya onların hüquq varisləri) münasibətdə yaranır və bu zaman xüsusi şərt kimi mübahisə predmetinin eyniliyi şərti də mövcud olmalıdır. Məhkəmənin istinad etdiyi Qubadlı Rayon Məhkəməsinin 08 iyun 1998-ci il tarixli 2- 7/1998 saylı qətnaməsindən görünür ki, X1 Valeh Camal oğluna qarşı əmlakın geri qaytarılması barədə iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Nurəddin” kiçik müəssisəsinin əmlakı bölünərək, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunu 154 metr olan sahələr mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi və 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili, yanğınsöndürmə deposu üçün 6 yerli beton özül daxil olmaqla sahə X6 və digər təsisçilərin sərəncamında qalması, onların əmlak hüququnun və öhdəliklərinin davam etdirilməsi qət edilmişdir. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 04 mart 2008-ci il tarixli. 2-27/2008 saylı qətnaməsindən isə görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə, “Nurəddin” kiçik müəssisəsinə və X8 qarşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14.10.1992-ci il tarixli 612 saylı əmrinin və 14 aprel 2000-ci il tarixli 295 saylı sərəncamının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməklə dövlətə qaytarılması barədə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 avqust 2008-ci il tarixli, 2-1(105)-721/2008 saylı qətnaməsinə əsasən, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, Qubadlı Rayon Məhkəməsinin 08 iyun 1998-ci il tarixli 2-7/1998 saylı qətnaməsinə əsasən, “Nurəddin” kiçik müəssisəsinin və X7 mübahisəli torpaq sahəsində yerləşən tikililərə mülkiyyət hüququ tanındığına görə, iddia təmin edilə, tikili altındakı torpaq sahəsi geri qalına bilməz. Əvvəla qətnamələrdən göründüyü kimi, iddiaçının sadalanan əmlaklar və torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamış, təsisçilər arasında əmlak bölgüsü aparılaraq, yuxarıda sadalanan əmlakların X6 və digər təsisçilərin sərəncamında qalması, onların əmlak hüququnun və öhdəliklərinin davam etdirilməsi qət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2-1(102)-366/2019 saylı qərarında qeyd edildiyi kimi, həmin mübahisələr üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi proses iştirakçısı olmadığından qətnamə ilə müəyyən edilmiş halların cavabdehə münasibətdə preyudusiallığı yaranmamışdır. Digər tərəfdən kollegia hesab edir ki, birinci instansiya məhkəməsi tikililər və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas təşkil edən faktiki və hüquqi əsasların mövcudluğu məsələsini də düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə tikililər və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmalı olduğu nəticəsinə gəlsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılmasına dair əsasların konkret hansına istinad etdiyini göstərməmişdir. Halbuki, daşınmaz əmlaka dair hüququn qeydə alınması üçün həmin maddədə dəqiq sadalanmış əsaslardan hər hansı birinin iş üzrə mövcudluğu tələb olunur. Məhkəmə həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.10.1992-ci il tarixli, 612 saylı əmrinin iddiaçıya tikililər və torpaq sahəsi üzərinə mülkiyyət hüququ yaradan hüquqi əsas kimi qəbul edilməsinin mümkünlüyünə də düzgün qiymət verməmişdir. Belə ki, həmin əmrdən müəyyən olunur ki, Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən yanğınsöndürmə deposu tikintisi yarımçıq qalmış obyektin tikintisini başa çatdırmaq üçün “Nurəddin” kiçik müəssisəsinə verilmişdir. Əmrdə həmçinin göstərilmişdir ki, “Nurəddin” kiçik müəssisəsi həmin obyekti öz vəsaiti hesabına tikib başa çatdırsın və icarəyə götürsün. Göründüyü kimi obyekt icarəyə götürülmək üçün verilmişdir. Təkrar apelyasiya baxışında aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı vaxtadək yanğınsöndürmə deposu üçün tikintisi yarımçıq qalmış obyektin tikintisi başa çatdırılmamış, həmçinin iddiaçı ilə İcra Hakimiyyəti arasında həmin obyektin icarəyə verilməsi barədə müqavilə bağlanmamışdır. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Əsaslı İnşaat İdarəsinin baş mühəndisi, “Nurəddin” kiçik müəssisəsinin direktoru, direktor müavini və müəssisənin işçisi tərəfindən tərtib edilmiş 25.12.1992-xi il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14.10.1992-ci il tarixli 612 saylı əmri ilə tikinti işlərini davam etdirmək üçün “Nurəddin” kiçik müəssisəsinə verilmiş yanğınsöndürmə deposuna baxış keçirilən zaman müəyyən edilmişdir ki, binanın bünövrə hissəsinə başlanılmışdır, lakin yarımçıq qalmışdır. Tikinti işləri davam etmədiyi üçün görülmüş işlərin bir hissəsi sökülüb dağıdılmışdır. Başlanmış bünövrə işləri torpaq, yağış və kənardan gələn sularla dolmuşdur. Ona görə də tikintinin davam etdirilməsi məqsədə uyğun olmadığı müəyyən edilmişdir. Obyektdə tikinti quraşdırma işlərinə 533370 rubl vəsaət sərf edilmişdir, lakin 2 il müddətində işlərin dayandırılması ilə əlaqədar görülmüş tikinti quraşdırma işlərinin bir hissəsi sıradan çıxmışdır. Ona görə də, yenidən bərpa olunmağa ehtiyac vardır. Obyektə çəkilən xərcin ümumi dəyəri 20.000,000 rubl təşkil edir. 22 avqust 1996-cı il tarixli 08 saylı avizonun surətindən görünür ki, 6 avtomobil üçün yanğınsöndürmə deposu üçün çəkilmiş xərcin əvəzi olaraq “Nurəddin” kiçik müəssisəsi tərəfindən 20000000 rus rublu dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan tikililər və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmadığından, bundan başqa, iş materiallarında olan sübutlar iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış əsaslar üzrə dövlət qeydiyyatı üçün əsas hesab edilmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. Hazrkı halda iddiaçının istinad etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14.10.1992-ci il tarixli 612 saylı əmri daşınmaz əmlakın icarəyə götürülməsi üçün verilsə də, əvvəla iddiaçı ilə İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmamış, digər tərəfdən iddiaçı tələbində daşınmaz əmlak üzərində icarə hüququnun deyil, mülkiyyət hüququnun daşınmaz əmakın dövlət reystrində qeydə alınmasını tələb etmişdir. Həmçinin kollegiya qeyd edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14.10.1992-ci il tarixli 612 saylı əmrində Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən yanğınsöndürmə deposu tikintisi yarımçıq qalmış obyektin tikintisini başa çatdırmaq üçün “Nurəddin” kiçik müəssisəsinə verilməsi qeyd edilsə də, torpaq sahəsinin iddiaçının icarəsinə və yaxud mülkiyyətinə verilməsi barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddiaçının tikililər və torpaq sahəsi üzərinə mülkiyyət hüququnun yaranmasına əsas olan hal müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(85)-1629/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(85)-1629/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunluğu 154 metr olan və dəmir məhəccərlə hasarlanmış torpaq sahəsinə, mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi, 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili və yanğınsöndürmə deposu üçün nəzərdə tutulmuş, lakin sonradan tikintisinin davam etdirilməsi məqsədəuyğun sayılmayan 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşinmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-252/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-252/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver