Məhkəmə qərarları › İş №2-1(105)-252/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-252/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-252/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin imtinasını əsassız hesab etməklə oğlu X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2139/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplesinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 şəhid statusunun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 20 oktyabr 2021-ci il tarixli, 1233 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu-05.11.1993-cü ildə Xudat şəhərində anadan olmuş X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi kiçik çavuş rütbəsində çalışmış və 27.09.2020-ci ildə 2-ci Qarabağ Müharibəsi başlanan ilk gündən bir sıra döyüşlərdə-Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən əməliyyatlarda iştirak etmiş, yaralanmış, lakin müalicə olunduqdan sonra yenidən xidmətini davam etdirmişdir. Oğlu 23 noyabr 2020ci il tarixdə döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Daşkəsən kəndində döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı vəzifəsini icra edərkən hərbi qulluqçu X9 oğlunun silahdan ehtiyatsız davranması üzündən açılan və onun qarın boşluğunu dəlib keçən güllə nəticəsində dünyasını dəyişmiş və şəhid olmuşdur. Oğlu döyüşdə xidmətləri ilə bağlı 3 medalla və fərmanla təltif edilmişdir. Oğlu ailəli olmaqla himayəsində 2 azyaşlı övladı olmuşdur. Digər oğlu da hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş gizir rütbəsində müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Oğlunun iş başında, xidməti tapşırığı yerinə yetirməsi nəticəsində ölümü ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş və ona şəhid statusunun verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilatın ona ünvanladığı 20.10.2021-ci il tarixli məktubunda bir sıra arqumentlər irəli sürülməklə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina ilə razılaşmır və bildirmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 15 yanvar 1994-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərar qəbul edilmiş və həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Oğlu döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində qulluq etmiş və onun aldığı güllə xəsarətindən ölməsi də məhz komandir tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsi anında olmuşdur. Bu hal oğluna şəhid statusunun verilməsi üçün əsasdır, lakin cavabdeh təşkilat bu normaya istinad etsə də, ona öz istədiyi kimi don geyindirmiş və sonda bu qənaətə gəlmişdir ki, guya bu əsaslarla oğluna şəhid statusunun verilməsi mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2139/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə verdiyini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2-ci bəndinə əsasən, aşağıdakılar şəhid hesab edilirlər: (-); 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. İddiaçı mərhum oğluna “Şəhid” statusunun verilməsi iddiası ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, oğlu döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində qulluq etmiş və onun aldığı güllə xəsarətindən ölməsi də məhz komandir tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsi anında olmuşdur. Cavabdeh orqan imtina məktubunda göstərmişdir ki, N saylı hərbi hissənin 02.02.2021-ci il tarixli 1024 nömrəli bidirişində 4-cü motoatıcı taborun 11-ci motoatıcı manqasının manqa komandiri, kiçik çavuş X2 23.11.2020-ci il tarixdə əl odlu silahdan atış açma nəticəsində həlak olması, Füzuli Hərbi Məhkəməsinin 27.07.2021-ci il tarixli 1(97)-33- 2021 nömrəli hökmündə isə X7 rayonunun Daşkəsən kəndi ərazisində yerləşən hərbi hissənin yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldürülməsi göstərilmişdir. X1 ölümünün bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığını nəzərə alaraq, onun şəhid hesab edilməsi və ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndində qeyd edilir ki, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər... orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş...şəxslər şəhid hesab edilirlər. İddiaçının oğlunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, 23.11.2020-ci il tarixdə hərbi hissənin yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölmüşdür. İddiaçının mərhum oğlunu şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2139/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar