Məhkəmə qərarları › İş №2-1(105)-252/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-252/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-252/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2605/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********73 məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha torpaq sahəsinin 17 may 2007-ci il tarixdə, 09 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Qobu qəsəbəsi ərazisində ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 325 nömrəli, xx.xx.2015-ci il tarixli arayışından görünür ki, bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan 0.08 ha torpaq sahəsinə görə tərəfindən bələdiyyəyə 800 manat ödəniş olmuşdur. Dəfələrlə bələdiyyəyə müraciət etməsinə baxmayaraq onunla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsini əldə edə bilməmişdir. Faktiki olaraq ödəniş qəbzi onunla bələdiyyə arasında alqı-satqı müqaviləsinin mövcudluğunu sübut edir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2605/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Qobu qəsəbəsi ərazisində iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciəti olmuşdur. Aparılan araşdırma zamanı bələdiyyənin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrasından imtina olunmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üzrə əhəmiyyətli olan hallar sübut olmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, 1992-ci il tarixdə mərhum əri könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmiş və döyüşdən xəstə olaraq qayıtmışdır. Yaşayış evləri olmadığından, kirayədə yaşadıqlarından yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Preizdent Administrasiyasına müraciət etmiş, müraciətindən sonra ona Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması məqsədəuyğun hesab edilmişdir. Təxminən 2009-2010-ci illərdə ona torpaq sahəsinin verilməsi ilə bağlı Qobu Bələdiyyəsinə müraciət etmişdir. Müraciəti qəbul edilmiş, bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin yeri ona 2011-ci ildə göstərilmişdir. Tərəfindən torpaq sahəsinin müqabilində 2011-ci ildə bələdiyyəyə pul ödənilmiş, lakin bələdiyyə qərarı ona həmin tarixdən təxminən 5-6 il sonra təqdim edilmişdir. Sahə ilə bağlı sənədlərdə müvafiq çatışmazlıqlar olduğunu bildiyindən torpaq sahəsindən istifadə etməmiş, sahədə yaşayış evi inşa etdirməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsi tərəfindən 17 may 2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsürlərini özündə birləşdirən (yəni torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə adiyyəti orqana edilmiş sorğu nəticəsində iddia ərizəsində sadalanan xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli qərarına istinad edərək həmin qərarla ona 0.08 ha torpaq sahəsinin ayrıldığını qeyd etmişdir. İş materiallarında olan Abşeron rayonu X5 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satıldığı qeyd edilmişdir. Həmin torpaq sahəsinə dair bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Qobu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 325 nömrəli arayışdan görünür ki, iddiaçı 0.08 ha torpaq sahəsinə görə Quba bələdiyyəsinin “Texnika Bank” ın Abşeron filialının bank hesabına 2011-ci ildə 800.00 (səkkiz yüz) manat pul ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi torpaq sahəsinin müqabilində pul məbləği iddiaçı tərəfindən bələdiyyə hesabına 2011-ci ildə ödənildiyi halda, torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı 2007-ci il tarixlidir. Məhkəmə kollegiyasının iddiaçıya 0.08 ha torpaq sahəsinin satılmasına dair Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarının və qərarın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi 25 aprel 2023-cü il tarixli, T/285 nömrəli məktubla bildirmişdir ki, Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayonu Qobu Bələdiyyəsinin 09 saylı, 17 may 2007-ci il tarixli qərarı 09 hissədən ibarət olduğundan, o cümlədən həmin qərarla xeyli sayda vətəndaşa torpaq sahəsi ayrıldığından sorğuda qeyd edilən sənədlərin təqdim edilməsi imkan xaricindədir. Araşdırılma zamanı adı İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarının saxlandığı 9 hissədən ibarət arxiv qovluğunun əslinə baxış zamanı da Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə torpaq sahəsi ayrılan vətəndaşların sırasında iddiaçının adının aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçı da məhkəmə iclasında izahatında, təxminən 2009-2010-ci illərdə ona torpaq sahəsinin verilməsi ilə bağlı Qobu Bələdiyyəsinə müraciət etdiyini, tərəfindən torpaq sahəsinin müqabilində 2011-ci ildə bələdiyyəyə pul ödənildiyini, lakin bələdiyyə qərarının ona həmin tarixdən təxminən 5-6 il sonra təqdim edildiyini bildirmişdir. Eləcə də, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Abşeron Rayon icra hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2011-ci il tarixli, 520 nömrəli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ona Abşeron rayonunun ərazisində həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı ərizəsinə aidiyyəti üzrə Abşeron rayon İHB-nin aparatında baxılmış, hal-hazırda Qobu və Güzdək bələdiyyələrinin ərazisində qeyd olunan məqsədlə ayrıla biləcək torpaq sahəsi olduğundan iddiaçıya həmin bələdiyyələrə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd olunan məktubdan göründüyü kimi iddiaçı ona torpaq sahəsinin ayrılması ilə müvafiq orqanlara 2011-ci ildə müraciət etmiş və həmin ildə iddiaçıya qeyd edilən məsələ ilə bağlı Qobu və ya Güzdək bələdiyyəsinə müraciət etməsi tövsiyə edilmişdir. Yəni iddiaçı ona torpaq sahəsinin ayrılması ilə bağlı ən azından 2011-ci ildə Qobu bələdiyyəsinə müraciət etmiş, lakin X5 2007-ci il tarixli olduğu qeyd edilən qərarı ilə ona torpaq sahəsi satılması qərara alınmışdır. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon Qobu bələdiyyəsinin 17 may 2007-ci il tarixli 9 saylı qərarı ilə ona torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən müəyyən edildi ki, əslində xx.xx.2007-ci il tarixdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə 09 saylı qərar qəbul edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarında göstərilən məlumatların həqiqiliyi –həqiqətən də, həmin tarixdə iddiaçıya 0.08 ha torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2605/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar