Məhkəmə qərarları › İş №2-1(105)-252/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-252/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-252/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə sığorta ödənişinin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “Hərbi xidmət dövrü ilə əlaqədar ona xx.xx.2022-ci il tarixlində təyin edilmiş İİ dərəcəli əlilliyə görə 6600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2701/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan grünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmısınız və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar 01,09.2022-ci il tarixində ikinci dərəcəli əlilliyiniz müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sizə sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Hərbi xidmət dövrü ilə əlaqədar ona xx.xx.2022-ci il tarixlində təyin edilmiş İİ dərəcəli əlilliyə görə 6600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona hərbi xidmət dövründə aldığı İİ dərəcəli əlliliyə görə 6600 manat sığorta ödənişinin ödənilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası aşağıda qeyd edilənlərə görə əsassızdır. Belə ki, Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə məhkəmənin nəzərəinə çatdırıram ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, o hərbi xidmət dövründə xəstələnmiş, məhz həmin xəstəlik diaqnozu ilə ona əlillik dərəcəsi verilmişdir. Odur ki, baxılan iş üzrə onun məhz iddiaçıya əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığından, lakin özündən asılı olmayan səbəblərdən əlilliyini təsdiq edən rəsmi sənədi gec əldə etdiyi müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5- ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasının arayışında da görünür ki ona xətəliyi bağlı İİ dərəcəli əlilik xx.xx.2022-ci il tarixində təyin edilmiş və əlilliyin səbəbi isə hərbi xidmət dövrü ilə əlaqədar qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin ç bəndinə əsaslanmasını əsasız hesab edir və əlillik dərəcəsi müəyyən edilmədən sığorta ödənişinin miqdarını müəyyən edilməsini qeyri-mümkün edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Əlilliyi müəyən edilmiş şəxslərə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - sığorta məbləğinin 80 faizi həddində (8800 AZN); orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə-sığorta məbləğinin 60 faizi həddində (6600 AZN); orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə-sığorta məbləğinin 40 faizi həddində (4400 AZN) sığorta ödənişi ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin Qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının pozulması müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2701/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müvafiq sığorta ödənişinin ödənilməməsi barədə hərəkətləri qanuni olmuşdur. İddiaçı TESKin xx.xx.2022-ci il tarixli qərarı ilə ikinci qrup əlillik təyin edilmiş və həmin tarixdən ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə görə pensiya təyin edilmişdir. Qanunverici imperativ norma olaraq göstərib ki, şəxsə (hərbi qulluqçuya) sığorta ödənişinin verilməsi üçün ehtiyata buraxıldıqdan sonra üç il ərzində əlillik təyinatı aparılıbsa, ona birdəfəlik sığorta ödənişi verilməlidir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının ordu sıralarından tərxis olunması xx.xx.2018-ci ilə, hərbi xidmət dövrü ilə əlaqədar təyin edilən əlilliyin tarixi isə xx.xx.2022-ci ilə təsdüf edir. Yəni iddiaçının əlillik təyinatı sığorta hadisəsinin baş verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdən sonra təyin edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanının imtinası qanunvericiliyə uyğun hesab edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə haqlı olmamışdır. İddia tələbində də qeyd etdiyi kimi əlillik verilməsinə əsas olmuş xəstəlik hərbi xidmət dövrlərində alınmış, lakin ondan asılı olmayan səbəblərdən əlilliyi təsdiq edən sənəd gec alınmışdır. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının məlumatlarından da görünür ki, əlilliyin təyin olunması ilə bağlı müraciətlərinə baxmayaraq xx.xx.2019-cu il tarixində, xx.xx.2019-cu il tarixində, xx.xx.2021-ci il tarixində əlilliyin təyin olunmasından imtina olunmuş, nəhayət əlillik ona xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. Göründüyü kimi, prosessual müddət çərçivəsində dəfələrlə əlilliyin təyin olunması ilə bağlı müraciət etməyinə baxmayaraq, əlilliyin təyin olunması onan asılı olmayan səbəblərdən gecikdirilmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: .... ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə-80 faiz; ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi hərbi xidmət dövrü ilə əlaqədar ona təyin edilmiş əlilliyə görə sığorta ödənişinin verilməsi ilə bağlı olmuşdur. Cavabdehin imtina əsası qanunvericilikdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildiyi halda sığorta ödənişini almaq hüququnun yarandığını, indiki halda isə iddiaçının əlilliyinin həmin üç illik müddət keçdikdən sonra müəyyən edilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, hərbi xidmət vəzifələrinin icrası ilə bağlı və ya hərbi xidmət dövründə baş vermiş hansı hadisələrin sığorta hadisəsi qismində çıxış etməsi və bu hadisənin hansı halda sığorta ödənişinin ödənilməsi üçün əsas hesab olunması imperativ norma kimi müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, hərbi xidmət dövrü ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərin hansı halda sığorta ödənişini almaq hüququ dəqiq və imperativ norma kimi müəyyən edilmişdir. Belə ki, yuxarıda istinad olunan qanunun normaısnın tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi verilir. Göründüyü kimi, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs o halda sığorta ödənişi almaq hüququna malik olur ki, onun əlilliyi məhz ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən edilmiş olsun. İndiki halda isə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyinatı isə xx.xx.2022-ci il tarixdə aparılmışdır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş üç illik müddət ərzində əlilliyin təyin edilməsi tələbi mövcud olmadığından, nəticə etibarilə iddiaçının bununl bağlı sığorta ödənişi almaq hüququ da mövcud olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı əlilliyin təyin edilməsi ilə bağlı bir neçə dəfə müraciət etdiyini, hər dəfə əlilliyin təyin edilməsindən imtina edildiyini, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əlillik təyinatının aparıldığını, həmin müddətin ondan asılı olmayan səbəblərdə ötürülməsi halını apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı tərəfindən istinad etdiyi inzibati aktların iddiaçı tərəfindən mübahisələndirilməsi halı müəyyən edilməmiş, nəticə etibarilə həmin inzibati aktlar hazırda da qüvvədə olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları əsasında müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2701/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar