Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-253/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş İddiaçı soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi və bu barədə müvafiq qeydiyyatın aparılmasının cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2- 1(118)-1766/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqyaıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş İddiaçı soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi və bu barədə müvafiq qeydiyyatın aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra əri X1 qəbul edərək, “Şükürova” soyadı “Qəzvinizadə” soyadı ilə əvəz edilmişdir. Soyadının sonluğunun “zadə” olması onun müəyyən çətinliklərlə üzləşməsinə səbəb olur. Belə ki, bəzi sənədlərdə texniki səhv olaraq “zadə” sonluğu düzgün göstərilmir və ya tərcümə edilmir. Ümumiyyətlə, soyadının “Qəzvinizadə” səslənməsi dilinə yatmır. Həmçinin artıq xeyli müddətdir ki, tanışları, həmçinin qohumları onu “Qəzvini” deyərək çağırırlar. “Qəzvinizadə” soyadı sanki ona uğursuzluq gətirir. Bu səbəbdən, o, xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan Sumqayıt şəhər qeydiyyat şöbəsi 11 avqust 2021ci il tarixli 05/Q-2324/15 saylı məktubu ilə müraciətini təmin etməmişdir. İmtina məktubunda göstərilmişdir ki, soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Hesab edir ki, cavabdeh təşkilatın imtina məktubu əsassızdır. O, əvvəllər nə soyadını, nə də adını dəyişməmişdir. İlk dəfə olaraq 11 avqust 2021-ci il tarixdə soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2-1(118)-1766/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adın, ata adının və soyadın novbəti dəfə dəyişdirilməsinə yol verilən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının soyadının novbəti dəfə dəyişdirilməsi üçün həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən olunmur. Məhkəmə araşdırması zamanı İddiaçı soyadının təkrar dəyişdirilməsi ilə bağlı öhdəliyin qanunla cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın təsviri hissəsində göstərilmişdir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etməməsinin üzürlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərarda göstərilən bu hissəni ola bilsin məhkəmə texniki səhv nəticəsində göstərmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili olaraq onun tərəfindən xx.xx.2021-ci il tarixə saat 16:25-ə təyin edilən məhkəmə iclasında iştirak etməməyi barədə üzürlü sayılmağına dair tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə heç bir rəsmi ərizə verilməmişdir. Əvvəlki məhkəmə prosesi xx.xx.2021-ci il tarixdə saat 16:00-da keçirilmiş və o, yenə də göstərilən prosesdə iştirak etməmişdir. Göründüyü kimi iştirak etmədiyi prosesdə iddia tələbinin təmin edilməsi barədə iddia tələbinin dəlillərinə uyğun izahat verə bilməzdi. Çünki iştirak etmədiyi prosesdə onun çıxışı ola bilməz. İlk məhkəmə iclası təxirə salınmasının səbəbi iddiaçının uşaqlarının şəxsiyyət vəsiqələrinin məhkəməyə gətirilməsi ilə əlaqədar olmuşdur. Bundan sonra məhkəmə iclası barədə iddiaçı tərəf məlumatlandırılmamışdır. Məhkəmə qərarından və işin gedişatından müəyyən edilir ki, birinci instansiya məhkəməsi faktiki olaraq işi tam araşdırmamış və qərarın əsaslandırma hissəsində bir neçə maddələri göstərməklə yekunlaşmışdır. Qərarda məhz iddianın nəyə görə təmin edilməməsi göstərilməmişdir. İddiaçının nümayəndəsinin və ya vəkilinin məhkəmə iclasında iştirak etməməsi nəticəsində birinci instansiya məhkəməsi tərəfindən iddianın əsası düzgün müəyyən edilməmişdir. İddianın əsası soyadın dəyişdirilməsi yox onun sonluğunun çıxarılması barədə olmuşdur. Buna baxmayaraq Sumqayıt İnzibati Məhkəməsi isə soyadın dəyişdirilməsi kimi iddianı qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 30. Ər-arvadın soyad seçmək hüququ
30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ
Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları:
1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
12. Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 495 nömrəli Qərarı:
1. Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.
16. İşdən görünür ki, iddiaçı soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsini xahiş etmişdir.
17. Cavabdeh inzibati orqan isə soyadın dəyişdirilməsindən imtina edərək, 05/Q- 2324/15 nömrəli, 11 avqust 2021-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə istinad edərək soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini göstərmişdir.
18. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
19. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək qərarında göstərmişdir ki, hazırki işdə iddiaçının soyadının novbəti dəfə dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda müəyyən edilmiş halların hər hansı birinin movcudluğu müəyyən olunmur.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda soyadın dəyişdirilməsi ilə bağlı bəndlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir.
21. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atasının soyadı “Şükürov”, anasının soyadı “Şükürova” olmuşdur. İddiaçının soyadı da doğum haqqında şəhadətnamə verilərkən atasının soyadına uyğun “Şükürova” kimi qeyd edilmişdir.
22. V-ЖГ № 484494 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən isə görünür ki, Şükürova İddiaçı Əlirza Hüseynağa oğlu ilə xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuş və ərinin soyadını seçmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə soyadın dəyişdirilməsi ilə deyil, soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır. Yəni, nikaha daxil olarkən iddiaçıya ərinin soyadına uyğun soyad verilməsindən sonra onun soyadının sonluğuna dəyişiklik etmək istəməsi, iddiaçının soyad sonluğuna növbəti dəfə dəyişiklik edilməsi kimi qiymətləndirilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsində qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
25. Yuxarıda sadalanan normalardan görünür ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadının sonluğuna dəyişiklik edilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçı da ona verilmiş bu hüquqdan istifadə edərək inzibati orqana müraciət etmişdir.
26. Bundan başqa, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məhkumluğu və axtarışda olması barədə DİN-in BƏSİİ-nin məlumat bazasında məlumat qeydə alınmamışdır.
27. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır.
28. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də iddiaçının apellyasiya şikayəti əsaslıdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2-1(118)-1766/2021 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş İddiaçı soyadının “Qəzvinizadə”dən “Qəzvini”yə dəyişdirilməsi və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.