Məhkəmə qərarları › İş №2-1(105)-253/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-253/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-253/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(118)-1935/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək Zəngilan rayon Bartaz kənd orta məktəbində ixtisası üzrə müəllim işlədiyi müddətin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(118)-1935/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994cü il tarixədək Zəngilan rayon Bartaz kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: b) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina etdiyini bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsində isə deyilir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı iddiada imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 67, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(118)-1935/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar