Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-254/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X4 və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı X2 cavabdeh Azərbaycan X1rşı mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən alğı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsinə görə kompensasiya qismində 210.000 manat, əldən çıxmış gəlirə görə 50.000 manat, bərpa xərclərinə və narahatçılığa görə 40.000 manat olmaqla, cəmi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-15/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X5 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən alğı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsinə görə kompensasiya qismində 210.000 manat, əldən çıxmış gəlirə görə 50.000 manat, bərpa xərclərinə və narahatçılığa görə 40.000 manat olmaqla cəmi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qərardadına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1.74 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 0.73 ha hissəsi cavabdehin təklifi ilə alğı-satqı qaydasında özgəninkiləşdirilmişdir. Həmin vaxt cavabdeh orqanın rəhbərliyi təklif etmişdir ki, satılan torpağın bir sotu 70 manatdan satılsın, bunun əvəzində körpünün tikintisi başa çatandan sonra həmin torpaqdan istifadəyə yenidən icazə veriləcəkdir. Bu şərtlə iddiaçı razılaşaraq torpağın bir sotunun 70 manatdan satılmasına razılıq vermişdir. Lakin artıq bir neçə il keçməsinə baxmayaraq körpünün tikintisi başa çatdırılmamışdır. Bundan başqa yerdə qalan 1.01 ha torpaq sahəsindən istifadə də mümkünsüz olub. Belə ki, iddiaçı həmin əraziyə çıxarış ala bilmədiyindən həmin torpaqdan da istifadə edə bilmir. Halbuki, iddiaçı həmin torpaqda uzun illər yonca əkmiş, fayda götürmüşdür. Bununla bağlı iddiaçıya külli miqdarda ziyan dəymişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-15/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan iddiaçı X5 apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərarın “əsaslandırıma” hissəsində onunla cavabdeh arasında həmin mübahisə predmeti olan 0,73 ha torpaq sahəsinin alğı-satqısı barədə könüllü şəkildə müqavilənin bağlandığını və həmin alğı-satqı müqaviləsinə görə ona 5256 manat məbləğində kompensasiyanın ödənildiyini göstərmişdir. Eyni zamanda məhkəmə mülkiyyətində olan 1,01 ha torpaq sahəsi ilə əlaqədar heç bir hüququnun pozulmadığını və bununla əlaqədar heç bir zərər çəkmədiyi qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad etsə də, bu Qanunu düzgün tətbiq etməmiş və bununla da onun hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 62-ci maddəsinə görə bu qanuna əsasən alınan torpağın hər hansı hissəsini təşkil etməyən və alınan torpaqda tikintinin inşası və alınmaya səbəb olmuş digər işlərin aparılması nəticəsində və həmin tikintinin təyinatı ilə əlaqədar alınan torpaqla yanaşı olan torpaqda qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsi nəticəsində zərər dəymiş yanaşı torpaq üzərində müvafiq hüququ olan alınmanın təsirinə məruz qalan şəxs həmin zərərli təsirlə bağlı kompensasiya almaq hüququna malikdir. İnzibati işin sənədlərindən də görünür ki, cavabdeh orqan tərəfindən onun mülkiyyətində olan torpağın bir hissəsi, yəni 0,73 hektarı alğı-satqı müqaviləsinin predmeti olmuşdur. Ümumi mülkiyyətində olan torpaq sahəsinin 1,01 hektarı isə alğı-satqı müqaviləsinin predmeti olmamış və cavabdeh tərəfindən alınmış torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir. Təbii ki, iddia ərizəsində göstərdiyi kimi, cavabdeh orqanın həmin 0,73 ha torpaq sahəsində apardığı tikinti işləri nəticəsində onun mülkiyyətində olan həmin 1,01 ha torpaq sahəsindən istifadə etməklə praktiki cəhətdən qeyri-mümkün olmuşdur. Buna görə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 62-ci maddəsinə əsasən cavabdeh orqan ona kompensasiya verməli olduğu halda bunu etməmiş və məhkəmə də işin bu hallarına düzgün qiymət verməmişdir. Məhkəmə onunla cavabdeh arasında 0,73 ha torpaq sahəsinin alğı-satqısına istinad etsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən alğı-satqıya məruz qalmış torpaq sahəsi mülkiyyətçisinə bu Qanunla nəzərdə tutulmuş narahatçılığa görə, köçürməyə görə, bərpa xərclərinə görə əlavə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Əfsuslar olsun ki, cavabdeh orqan onunla həmin torpaq sahəsinin alğı-satqısı barədə müqavilə bağlayarkən yalnız alınmaya məruz qalmış torpaq sahəsinin real bazar qiymətini göstərmiş, lakin qanunla ona ödənilməli olan həmin əlavə kompensasiyaların məbləğini bu müqavilədə göstərməmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsindən də görünür ki, onun əsas tələbi də qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qanunla nəzərdə tutulmuş kompensasiyanın alınmasıdır. Məhkəmə tərəfindən iddia ərizəsinə baxılarkən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və həmçinin inzibati işin materiallarında olan ekspert rəylərinə də düzgün hüquqi qiymət verilməmişdir. Həmin ekspert rəylərində cavabdehin bu hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın real məbləği müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin bütün bu halları ətraflı, obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 2403 saylı kod 30209048 saylı dövlət aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə 1.74 ha torpaq sahəsi X6 və ailə üzvlərinə ayrılmışdır. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış 29.12.2017ci il tarixli cavab məktubundan görünür ki, 0.73 ha torpaq sahəsinə görə 5256 manat məbləğində kompensasiya “xxxx” ASC-nin Xaçmaz rayon filialına iddiaçının adına köçürülmüşdür. Həmin ərazi üzrə torpaq sahəsinin qiyməti Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2010-cu il tarixli 289 saylı sərəncamına əsasən yaradılmış komissiya tərəfindən müəyyən olunaraq təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 12 iyun 2012-ci ildə Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən; 1. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi İdarəsi tərəfindən 15.05.2012-ci il tarixdə verilmiş 5/688 saylı arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 1,74 ha torpaq sahəsində 0,73 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir; 2. Satılan torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 03.03.1997-ci il tarixində verilmiş, JN-2403 qeydiyyat nömrəli 30209048 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən satıcıya məxsusdur; 3. Müqavilə bağlananadək satılan torpaq ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. 4. Satıcı torpağı 5256 AZN satdı, alıcı isə həmin qiymətə aldı. 5. Tərəflər daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı torpaq sahəsinin bu müqavilənin 4-cü bəndinə nəzərdə tutulan qiymətini nağd qaydada satıcıya tam ödədi. Satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi ona məxsus olmuş torpaq sahəsinə görə ödənilmiş 5256 manat məbləğində pulun real kompensasiya qiymətinə uyğun gəlmədiyinə istinad etsə də, tərəflər arasında razılaşma imzalanmış, həmin razılaşmada torpağın satış qiyməti müəyyən edilmiş, tərəflər arasında notariat qaydada müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin xeyrinə imtina etmiş, cavabdeh şərtləşdirilmiş məbləği nağd qaydada vermiş, iddiaçı da həmin məbləği aldığını qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv və ya etibarsız hesab edilmədiyindən edilmədiyindən, tərəflər arasında notariat qaydasında razılaşdırılmış şərtlər qüvvədə olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin əldən çıxmış gəlirə, bərpa xərclərinə görə ziyanın ödənilməsi barədə dəlilləri ilə, eləcə də iddiaçının ona vurulmuş ziyan məbləğinə dair mütəxəssis rəylərinə istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində əsaslı olmadığından həmin hissələrdə də əsaslı deyil. Belə ki, iddiaçı 1,01 ha torpaq sahəsinə dair çıxarış almadığına görə həmin torpaq sahəsindən istifadə edə bilmədiyinə, torpaq sahəsində aparılan tikinti işləri nəticəsində torpaq sahəsinin yararsız hala düşdüyünə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin 0,73 ha hissəsi cavabdehin mülkiyyətinə verilmişdir ki, həmin sahəyə dair iddiaçının hər hansı tələbinin olması əsaslı deyil. 1,01 ha torpaq sahəsinə çıxarış ala bilməməsi və həmin sahədən iddiaçının istifadə edə bilməməsi isə iş materilları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-15/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-254/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-254/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver