Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-255/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinə qarşı cavabdehin 17 fevral 2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, “Çaylı dərəsi” adlanan ərazidə Birinci Çaylı kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahələrinin cənubunda yerləşən, Birinci Çaylı bələdiyyəsinin mülkiyyətində olan, uzun müddət istifadə olunmayan boş torpaqlardan 270 ha icarə hüququ ilə istifadəsinə verilməsi üçün ayrılaraq açıq hərraca çıxarılmasına dair qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-883/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 17 fevral 2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, “Çaylı dərəsi” adlanan ərazidə l Çaylı kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahələrinin cənubunda yerləşən, l Çaylı bələdiyyəsinin mülkiyyətində olan, uzun müddət istifadə olunmayan boş torpaqlardan 270 ha icarə hüququ ilə istifadəsinə verilməsi üçün ayrılaraq açıq hərraca çıxarılmasına dair qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin ərazisində yerləşən 1200 ha torpaq sahəsi onun icarəsindədir. Onun 810 baş xırda, 51 baş iri buynuzlu heyvanı vardır. O, özünə məxsus qoyunçuluq təsərrüfatını inkişaf etdirmək məqsədi ilə Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinə müraciət edərək istifadə olunmayan torpaqlardan 270 ha torpaq sahəsinin onun icarəsinə verilməsi üçün açıq hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizəyə baxaraq 15 gün müddətində qərar qəbul etməli olduği halda bunu etməmiş və bununla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bələdiyyə sədri təkbaşına ona 17.02.2020-ci il tarixdə 03 saylı imtina məktubunu göndərmişdir. Cavabdeh onun icarəsinə torpaq sahəsinin verilməməsini torpaqların azlığı ilə əlaqələndirsə də, digər tərəfdən 510 ha torpaq sahəsini mülkiyyətə vermək üçün hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh torpaq sahəsini verməkdən qərəzli və qanunsuz olaraq imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-883/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova) Qərardan iddiaçının nümayəndəsi X1 apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Həmin qərar cavabdehin və nümayəndəsinin birbaşa təsiri altında, cavabdehin qeyri-obyektiv, yalan məlumatlarına istinad edilməklə qəbul olunmuşdur və obyektiv həqiqəti əks etdirmir. Eyni zamanda həmin qanunsuz və əsassız qərar onun iştirakı olmadan, çıxışı dinlənilmədən, təqdim etdiyi sübutlar tam araşdırılmadan qəbul olunmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd edilən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin 03 saylı 17.02.2020-ci il tarixli məktubundan görünür ki, hazırda Birinci Çaylı kənd sakinləri və sahibkarlarının ümumi təsərrüfatlarında 5300 baş xırdabuynuzlu, 965 baş iribuynuzlu heyvanları vardır. 270 ha torpaq sahəsininin hərraca çıxarılaraq icarəyə verilməsi məqsədəuyğun deyildir. Belə ki, bu kənd əhalisinin heyvanlarının saxlanmasında əlavə yer azlığı problemi yaradacaqdır. Birinci instansiya məhkəməsini iddia tələbini təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla cavabdehin həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh onun mülkiyyətində olan əmlaka sərəncam verilməsinə məcbur edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Həmin Əsasnamənin 14-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. İddiaçı tələbində qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yeni iş yerləri açmaq və məhsul bolluğu yaratmaq üçün torpaq sahəsinin icarə hüququ ilə istifadəsinə ayrılıb açıq hərracda çıxarılmasını tələb etsə də, məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyənin üzərinə torpağın icarə hüququ əsasında iddiaçıya ayrılıb hərraca çıxarılması barədə konkret öhdəlik qoyula bilməz. Çünki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə görə, torpaq sahəsinin fiziki şəxslərin icarəsinə verilməsi yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini ətraflı araşdırmamış, qanunvericiliklə bələdiyyəyə verilən hüquq və vəzifələri tam icra etmədən, əsaslandırılmış qərar qəbul etmədən iddiaçıya imtina cavabı vermişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci bəndinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İş materiallarından müəyyən edilir ki, iddiaçının müraciətinə əsasən, bələdiyyə tərəfindən iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilməmiş, cavabdehin bildirdiyi kimi, iddiaçının göstərdiyi ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda müraciət edən şəxsə nə qədər torpaq sahəsinin təklif edilməsinin mümkünlüyü araşdırılmamış, eyni zamanda torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin hallarından görünür ki, iddiaçı kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə torpağın icarə hüququ ilə ona ayrılıb açıq hərraca çıxarılmasını cavabdehdən xahiş etsə də, cavabdeh inzibati orqan qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl etmədən, iddiaçının müraciətini ətraflı araşdırmaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdehin 07.02.2020-ci il tarixli 03 saylı imtinası qanunsuz hesab edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 883/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin 17.02.2020-ci il tarixli 03 saylı imtinası qanunsuz hesab edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yeni iş yerləri açmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-883/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin 17.02.2020-ci il tarixli 03 saylı imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qoyunçuluq təsərrüfatını yerləşdirmək, inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini davam etdirmək, kənd təsərrüfatı məhsulları istehsal etmək, yeni iş yerləri açmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-255/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-255/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver