Məhkəmə qərarları › İş №2-1(105)-256/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-256/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-256/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı “Xəzərtürk LTD" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı “Xəzərtürk LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 07.06.2021-ci il tarixli, **********094500 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1090/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.03.2021-ci il tarixli **********844500 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 09.03.2021-ci il tarixli **********844500 nömrəli qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804,32 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən 2019-cu il ərzində 3744704,91 manat mallar idxal edilməsinə baxmayaraq təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin İ nömrəli əlavəsində “Əsas vəsaitlər” və “Ehtiyatlar” başlıqlı sətirlərinin dövr ərzində daxil olmuşdur sütununda 443424.91 manat az (3301280,0 manat) məbləğ əks etdirilməsi olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” (09.03.2021-ci il tarixli **********844500 nömrəli) 07.06.2021-ci il tarixli **********094500 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Tərəflərindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən gəlir 3239042,52 manat, gəlirdən çıxılan xərclər 3047051,32 manat, o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2310,21 manat, malın dəyəri 3023293,89 manat, icarə haqqı 2400 manat, bank xidməti üzrə xərclər 6510,2 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər 1554,24 manat, ödənilmiş sığorta haqları 92,95 manat, nəticədə vergitutma məqsədləri üçün mənfəət 191991,20 manat, mənfəət vergisi isə 38398,24 manat bəyan edilmişdir. Bəyannamənin 1 nömrəli əlavəsinin “Ehtiyatlar” sətrində dövr ərzində daxil olan ehtiyatların (malların) həcmi isə 3301280,0 manat əks etdirilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanının dəlili odur ki, tərəflərindən 2019cu ildə cəmi 3744704,91 manat mallar idxal edildiyi halda, vergi bəyannaməsində həmin göstərici 3301280,0 manat əks etdirilmişdir. Halbuki, cəmiyyət tərəfindən il ərzində idxal edilmiş malların invoys dəyəri 3289319,88 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilir ki, 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən ümumi dövriyyə ilə mənfəət vergisi bəyannaməsində öz əksini tapan göstəricilər eynilik təşkil edir və həmin ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması ilə hər hansı kənarlaşma aşkar edilməmişdir. Bundan başqa, mənfəət vergisi, vergi ödəyicisinin il ərzində malların təqdim edilməsindən (xidmətlərin göstərilməsindən, işlərin görülməsindən) əldə edilmiş gəliri ilə, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclər arasındakı fərqə müvafiq vergi dərəcəsinin tətbiqi nəticəsində hesablanan vergi növüdür. Hazırkı kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərlə bağlı sətirlərində hər hansı kənarlaşma aşkar etməmiş, yalnızca bəyannamənin 1 nömrəli əlavəsinin dövr ərzində daxil olan mallar ilə bağlı sətirdə öz əksini tapan göstəricilərdə kənarlaşma aşkar etmişdir. Bu halda sual yaranır: Bəyannamənin gəlir və xərclərlə bağlı sətirlərində hər hansı kənarlaşma aşkar edilmədiyi halda, cəmiyyətə hansı əsasla əlavə vergi məbləği hesablanmışdır? Göründüyü kimi, cavabdeh vergi orqanı hər hansı hüquqi və faktiki əsas və vergi bəyannaməsində gəlir və xərclərlə bağlı hər hansı kənarlaşma olmadığı halda, cəmiyyətə əsassız olaraq 2019-cu ilin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır. İnzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz.

4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Xəzərtürk LTD" MMC-yə (VÖEN:**********) 2019-cu mənfəət vergi bəyannaməsi üzrə 135202.56 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi bəyannamənin 200-cü (malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətri üzrə 4056076.76 manat + 201-ci (amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətri üzrə 0 manat + 217-ci (yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat + bəyannamənin 1 №-li əlavəsinin 2.2.1.2-ci (alınmış avanslar) sətrinin “Hesabat dövrünün sonuna” olan 57002.74 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat avans məbləğinin fərqi 57002.74 manat, cəmi 4113079.50 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu hesabat ili üzrə təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Dövriyyə məbləği ƏDV nəzərə alınmadan" sütunlarında (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3239040.21 manat məbləğində dövriyyə əks etdirilmişdir ki, nəticədə də 874039.29 manat məbləğində fərq müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövr ərzində 3513578.27 manat məbləğində idxal və 231126.64 manat məbləğində e-qaimə ilə alış olmuşdur. Ödəyici tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsinin əlavə 1-də isə ödəyici ilin əvvəlinə 190892.90 manat dövr ərzində daxil olmuşdur sütununda 3744704.91 manat məbləğinin sonuna isə 575244.08 manat mal qalığı əks etdirməsinə baxmayaraq, bəyannamədə xərc kimi malların dəyəri 2704624.95 manat əks etdirildiyi üçün uyğunsuzluq yaranmışdır. Eyni zamanda, müvafiq bəyannamə üzrə xərclər 10889.83 manat əmək haqqı xərci, 2310.21 manat sosial sığorta xərci, 6510.2 manat bank xərcləri üzrərində uyğunsuzluq aşkar edilməmiş, lakin 2400 manat icarə xərci ÖMV bəyannamələrində əksini tapmadığı üçün uyğunsuzluq yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 02.02.2021-ci il tarixli **********412400 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə cəmi xərclər 3380063.97 manat (10889.83+2310.21+3129227.09+6510.2+231126.64) üzrə 135202.56 manat (3380 063.97/5*0,2) vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun olaraq xərcə görə rentabellik əsasında analoji qaydada hesablanmış və vergi ödəyicisinə 09.03.2021-ci il tarixli, **********844500 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sosial sığorta haqlarının hesablanması barədə" qərar göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1090/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Leyla Mirzəyeva)

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərinə dair təsdiqedici sənədlər mövcud olduğu, onların mötəbərliyini (həqiqliyini) təkzib edəcək hər hansı sübut olmadığı, eləcə də malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların gömrük dəyərini və malların alışına aid olmayan digər xərclər barədə elektron qaimə-fakturaları əsas götürərək, cəmiyyətə hüququ olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində vergi ödəyicisi tərəfindən 3744704,91 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq, bəyannamənin "Aktivlər, öhdəliklər və kapitallar barədə" 1 nömrəli əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" xanalarmdakı göstəricilərin cəmi (3289319,90 manat) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan göstəricilərin cəmindən 455385,01 manat az əks etdirildiyindən və mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci sətrindəki 2400 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. 17.04.2020-ci il tarixli **********698700nömrəli nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə qəbul etdiyi qərarında cavabdeh vergi orqanı iddiaçının 2019-cu il üzrə idxal etdiyi malların invoys (faktura) dəyəri 3289319,90 manat, gömrük (statistika) dəyəri isə 3501618,27 manat olmuş və cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı əsas olaraq malların gömrük dəyərini götürmüşdür. Malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədi ilə müəyyən edilən göstərici olduğundan vergi orqanı iddiaçıya münasibətdə vergilərin hesablanması zamanı gömrük dəyərindən istifadə etməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən 2019-cu il ərzində manat dəyərində idxal əməliyyatlarına əsasən 3.513.578.27 manat (ƏDV-siz) mal alışı olmuş və e-qaimə fakturalara görə 231.126,64 manat (ƏDV-siz) digər xərclər olmaqla, ümumilikdə 3.744.704,91 manat əldə edilmişdir, lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrində 3.289.319,90 manat və həmin sətir üzrə dövrün sonuna 575.244,08 manat göstərildiyindən 455.385,01 manat fərq yaranmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.

Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan...

Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

16. İşdən görünür ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli Qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804.32 manat əlavə vergi məbləği hesablanmışdır.

17. Cavabdeh vergi orqanına məxsus “Vəsatətlə bağlı rəy və sübutların təqdim edilməsi barədə” məktubda qeyd edilmişdir ki, “İddiaçı MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində malın dəyəri sətrində 2.704.624,95 manat əks etdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2019-cu il ərzində idxal əməliyyatlarına əsasən 3.513.578,27 manat (ƏDV-siz) mal alışı olmuş və e-qaimə fakturalara görə 231.126,64 manat digər xərclər olmaqla, ümumilikdə 3.744.704,91 manat əldə edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrində 3.289.319,90 manat və həmin sətir üzrə dövrün sonuna 575.244,08 manat göstərildiyindən 455.385,01 manat fərq yaranmışdır. Beləliklə, mənfəət vergisi bəyannaməsində xərclər hissəsində formalaşan əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat olmaqla, cəmi 3.380.063,97 manat xərclər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik normasına əsasən (3.380.063,97 /5 = 676.012,79 * 20%) 135.202,56 manat vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisində 2019-cu il üzrə gəlirdən çıxılan xərclər (əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat) ümumilikdə 3.380.063,97 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində təqdim edilmiş e-qaimə fakturanın ümumi dəyəri 3.196.202,53 manat olmuş, online kassa üzrə əməliyyat aparılmamışdır.”

18. İşdən görünür ki, iddiaçı tərəfindən 2019-cu il ərzində 3513578,27 manat dəyərində mal idxal edilmiş və 231126,64 manat dəyərində mal elektron qaimə-faktura əsasında alındığı halda, həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində satılmış malların dəyəri 2704624,95 manat, malların təqdim edilməsindən əldə edilmiş ümumi gəlir isə 2904968,72 manat əks etdirilmişdir. Bu hal vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmiş və vergi orqanının baza məlumatlarına əsasən müəyyən edilmiş 3380063,97 manat xərclər əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.2-ci bəndinə müvafiq olaraq iddiaçıya 135.202,56 manat əlavə vergi məbləği hesablanmışdır: M1 = X1 : 100 x R Mənfəət = 3 380 063.97 / 100 * 20 = 676 012.79 mənfəət vergisi = 676 012.79 * 20% = 135 202.56

19. İddiaçının 2019-cu il ərzində idxal etdiyi malların invoys (faktura) dəyəri 3.289.319,90 manat, gömrük (statistika) dəyəri isə 3.501.618,27 manat olmuş və cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı əsas olaraq malların gömrük dəyərini götürmüşdür.

20. Halbuki, malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstəricidir.

21. Malların gömrük dəyəri gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstərici olduğundan cavabdeh orqan vergilərin hesablanması zamanı gömrük dəyərindən istifadə etməklə, kameral vergi yoxlaması zamanı iddiaçının 2019-cu il ərzində idxal etdiyi və aldığı malların dəyərini ümumilikdə 3.744.704,91 manat müəyyən edərək düzgün nəticəyə gəlməmişdir.

22. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu istehsal etdiyi mallara münasibətdə istehsal xərclərinə əsasən, satın aldığı mallara münasibətdə isə faktiki satınalma qiymətlərinə, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən həyata keçirir.

23. Gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə təsbit edilmiş üsullardan biri ilə müəyyən edilən göstəricidir. Gömrük orqanı tərəfindən gömrük rüsumlarının hesablanması zamanı gömrük dəyərinin hansı üsulla hesablanmasından asılı olmayaraq, vergi ödəyicisi mülkiyyətində və istifadəsində olan malların uçotunu malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərcləri nəzərə almaqla, satın alma qiymətinə əsasən həyata keçirir.

24. İddiaçı mallarını 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində faktiki satın alma (invoys) dəyəri ilə əks etdirdiyi halda, vergi orqanı həmin malların dəyərini gömrük dəyərinə əsasən hesablamışdır.

25. Bundan başqa, iş materiallarına əlavə edilmiş 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək əldə edilmiş elektron qaimə fakturalar barədə məlumatlardan görünür ki, cavabdeh vergi orqanının istinad etdiyi 231.126,64 manat dəyərində elektron qaimə-fakturalar malların alışına dair deyil, məhz göstərilən xidmətlər ilə bağlı olmuşdur. Belə ki, həmin qaimə-fakturalar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi tərəfindən ekspertiza xidmətləri, "xxxx" QSC və "xxxx" MMC tərəfindən nəqliyyat xidmətləri, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta xidmətləri, "xxxx" QSC tərəfindən bank xidmətləri ilə bağlı göndərilmişdir.

26. Cavabdeh vergi orqanı isə iddiaçı tərəfindən alınmış malların dəyərini hesablayan zaman 231.126,64 manat dəyərində elektron qaimə-fakturaları da nəzərə almışdır. Bu isə kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən idxal edilmiş malların dəyərinin gömrük dəyərinə, alınmış malların dəyərinin isə xidmətlərə dair elektron qaiməfakturalar əsasında müəyyən edilməsinə səbəb olmuş və iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir.

27. İşdən müəyyən edilir ki, cavabdeh iddiaçının 2019-cu il üzrə ümumi gəlirini müəyyən edə bilmədiyinə (və ya razılaşmadığına) görə, cəmiyyətin uçot baza məlumatları ilə müəyyən edilən xərclərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.2-ci bəndinə müvafiq olaraq iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır.

28. Kameral və ya səyyar vergi yoxlaması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini VM-nin 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda VM-nin 67.2.1-67.2.3-cü maddələrində göstərilən meyarlara cavab verən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Hər iki üsul nəticəsində vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı vergi ödəyicisinin mənfəətini (gəlirini) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablayır.

29. Cavabdehin iddiaçının 2019-cu il üzrə ödəməli olduğu mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamaq üçün əsas mövcud olmamışdır.

30. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən görünür ki, cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirləri 3239042,52 manat, gəlirdən çıxılan xərcləri 3047051.32 manat (o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2 310.21 manat, malın dəyəri 3023293,89 manat, icarə haqqı 2400 manat, bank xidməti üzrə xərclər 6 510,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 1554.24 manat, sığorta xərcləri 92.95 manat), vergiyə cəlb edilən mənfəəti 191991.20 manat (3239042.52 – 3047051.32), ödənilməli mənfəət vergisi isə 38398.24 manat bəyan edilmişdir.

31. 2019-cu il kameral vergi yoxlamasının nəticəsinə dair mənfəət vergisi bəyannaməsindən isə görünür ki, vergi orqanı tərəfindən cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirləri 4056076.76 manat, gəlirdən çıxılan xərcləri 338003.97 manat (o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2310.21 manat, xammal və materiallar 2575.80 manat, malın dəyəri 3126651,29 manat, bank xidməti üzrə xərclər 6510,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 231126.64 manat), vergiyə cəlb edilən mənfəəti 676012.79 manat (4056076.76 – 338003.97), ödənilməli mənfəət vergisi isə 135202.56 manat müəyyən edilmişdir.

32. İş materiallarına əsasən müəyyən edilir ki, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış və vergi orqanının qəbul etmədiyi 3.239.042,52 manat ümumi gəlirin 3.196.202,52 manat hissəsi cəmiyyət tərəfindən təqdim edilmiş və elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş, 42840,0 manat hissəsi isə ixrac edilmiş və yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların dəyərindən ibarət olmuşdur.

33. Vergi ödəyicisinin gəlir və xərclərinə dair təsdiqedici sənədləri mövcud olduğu halda, əsassız vergi hesablanmışdır. Qeyd olunan sənədlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

34. "xxxx" haqqında arayışdan da görünür ki, İddiaçı MMC-nin 2019-cu il ərzində ƏDV üzrə 18% dərəcə ilə vergiyə cəlb edilən 3.181.564,21 manat dövriyyəsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamaları ilə təsdiqini tapmışdır. Bu isə o deməkdir ki, ixrac edilmiş və 0 dərəcə ilə ƏDV-yə cəlb edilmiş 42.840,0 manat dövriyyəni də nəzərə alsaq, iddiaçının 2019-cu il üzrə ƏDV məqsədləri üçün vergiyə cəlb edilən və cavabdeh vergi orqanı tərəfindən kənarlaşma aşkar edilməyən dövriyyəsi ümumilikdə 3.239.042,52 manat olmuşdur ki, bu da mənfəət vergisi bəyannaməsində bəyan edilmiş 3.239.042,52 manat ümumi gəlirlə eynilik təşkil edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərinə dair təsdiqedici sənədlər mövcud olduğundan, həmin sənədlərin həqiqiliyini təkzib edəcək hər hansı sübut mövcud olmadığından və iddiaçının vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş arayışla da təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır.

36. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1090/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar