Məhkəmə qərarları › İş №2-1(105)-256/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-256/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-256/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatda alınma) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı onun Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2685/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı olan onun Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X3 xx.xx.1964-cü il tarixdə Astara rayonunun Pensər kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır. O doğulan zaman anası heç kimlə nikahda olmayıb, doğumu qeydə alınan zaman isə atalığı müəyyən edilməyib. Bu səbəbdən də doğum akt qeydində atası barədə məlumatlar ananın verdiyi şifahi məlumat əsasında yazılıb. Anası onun yeganə valideynidir. O doğulandan 2000-ci ilə kimi ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 128 A, mənzil 10 ünvanında yaşamış, 2000-ci ildə həmin mənzil satılıb və Bakı şəhəri, Sabunçu rayonu, M.Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsində ev (həmin ev üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata alınmadığı üçün evin nömrəsi yox idi) alaraq ora köçmüş, 2017-ci ildə həmin evi də satıb və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X8 yerləşən ünvansız evlərdən birinə köçüblər. Daha sonra uzun müddət Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşamış, ondan sonra bir müddət ünvan 6 ünvanında kirayədə yaşamış, hazırda isə ünvan 7 yaşayır. O tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hətta doğuşdan sonra onun doğulmağı barədə sənəd almaq üçün anası heç bir həkimə müraciət etmədiyi üçün uzun müddət onun doğum qeydə alınmayıb və o doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Bu səbəbdən də, onun şəxsiyyətii təsdiq edən sənədlə təmin edilməyi indiyə kimi mümkün olmayıb. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK-m himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Doğum faktının müəyyən edilməsi məqsədilə həmin vaxt yaşadığı yer üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin qətnamə əsasında Bakı səhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən onun doğum faktı qeydə alındı və o AZ- İV seriyalı, 759837 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, hazırda o ünvan 7 yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmış, o həmin mənzildə kirayədə yaşayır və evin mülkiyyətçisi həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşməyinə razılıq vermir. Bu səbəbdən də həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməyi mümkün deyil. Yaşayış yeri üzrə qeydiyyata düşməyi üçün ünvan olmaması səbəbindən “ASAN xidmət” mərkəzi tərəfindən onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün deyil. Bu səbəbdən də xx.xx.2023cü il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət edərək onun 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S” saylı Sərəncamına əsasən, Abşeron rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağının təmin edilməsini və həmin sənədin 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinə göndərilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin “Mərdanova” soyadlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Lakin həmin müraciətimdən 50 gündən çox vaxt keçməsinə baxmayaraq cavabdeh Abşeron rayon Polis İdarəsinin hərəkətsizliyi səbəbindən o yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Cavabdehin hərəkətsizliyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2685/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaçqın statusuna malik olan İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 8 ünvanına olduğu yer üzrə qeydiyyata alınıb və qanunun tələbinə görə qaçqın statusu olan şəxslərin Daxili İşlər Nazirliyi tərəfindən yaşadığı və ya olduğu yer üzrə qeydiyyata alınması nəzərdə tutulmayıb. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun Azərbaycan Respublikasında qaçqın olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edib ki, o, DMX tərəfindən (qaçqın vəsiqə ilə təmin edilməklə) yaşayış yeri üzrə qeydiyyata alınmalı və Daxili İşlər Nazirliyinin qaçqını yaşayış yeri üzrə qeydiyyata almaq kimi öhdəliyi yoxdur. Lakin o, qaçqın deyil, mübahisəsiz olaraq Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 85604721 saylı qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Qaçqın dedikdə isə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür. Həmin normaya əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qanunun məzmunundan da göründüyü kimi, şəxsin Azərbaycan dövləti tərəfindən qaçqın kimi tanına bilməsi üçün əsas əlamətlərdən biri onun Azərbaycan Respublikasının vətəndaşı olmaması və vətəndaşı olduğu ölkədən kənarda qalmasıdır. O isə Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün qaçqın ola bilmər - Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının ərazisində qaçqın ola bilməz. Onun qaçqın olmamağı himayə sənədindən və olduğu yer üzrə qeydiyyata alınmağıba dair DMX tərəfindən verilmiş arayışdan da görünür. Lakin hazırda vətəndaşsızlıq vəziyyətində olan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı kimi tanınsa da, yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün ünvan olmaması səbəbindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün olmur. Vətəndaş kimi şəxsiyyətimi təsdiq edən sənədi olmadığı üçün BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşə və BMT QAK-nın himayə sənədi əsasında ünvan 7 DMX tərəfindən himayə müddətinə olduğu yer üzrə qeydiyyata alınmışdır. Bundan başqa, ünvan 7 qeydiyyatı qaçqının yaşayış yeri üzrə qeydiyyatı deyil, BMT QAK-nın himayəsində olan vətəndaşsızlıq vəziyyətində olan şəxsin himayə müddətinə olduğu yer üzrə qeydiyyatıdır. Belə ki, BMT QAK öz himayəsində olan şəxslərin məlumatlarını (həmin şəxslərin olduğu ünvan üzrə məlumat da daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edir və Dövlət Miqrasiya Xidməti BMT QAK-nın verdiyi məlumatlara əsasən həmin şəxsləri himayə müddətinə olduğu yer üzrə qeydiyyata alır. Bu qeydiyyat, dövlət üçün məlumat xarakteri daşıyır və ehtiyac yarandıqda FİN-i olmayan həmin şəxsləri harda axtarmaq lazım olduğunu bilmək məqsədi ilə aparılır. Yəni onun qeydiyyatı yaşayış yeri üzrə qeydiyyat deyil, olduğu yer üzrə qeydiyyatdır. Bu da, Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi ilə təmin edilmədiyi zərurətindən yaranmışdır.Lakin ona Azərbaycan Respublikasının vətəndaşı olaraq yaşayış yeri üzrə qeydiyyat lazımdır ki, şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilsin. Buna görə də, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı ilə BMT QAK-nın himayəsində olan vətəndaşsızlıq vəziyyətində olan şəxslərin olduğu yeri üzrə qeydiyyatı fərqləndirilməlidir. Belə ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün onun yaşadığı mənzilin sahibinin razılığı tələb olunur, bu qeydiyyat daimidir. BMT QAK-nın himayəsində olan vətəndaşlığı olmayan şəxsin olduğu yeri üzrə qeydiyyatı üçün isə onun yaşadığı mənzilin sahibinin razılığı tələb olunmur, sadəcə BMT QAK-m təqdim etdiyi məlumat kifayət edir, bu qeydiyyat himayə müddətinə aparılır. Yuxarıda göstərilənlərdən aydın görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55 S saylı sərəncamının müəyyən etdiyi şəxslər kateqoriyasına aiddir və bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsi onun Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi yer üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul etməli idi. Bütün bunları Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etsə də məhkəmə bu məsələni araşdırıb qiymət vermək əvəzinə, ümumiyyətlə onunla cavabdeh arasında mübahisə predmeti olmayan məsələni araşdırmağa çalışmış, bu işə aidiyyəti olmayan tərəfdən yanaşaraq onun hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmənin qəbul etdiyi qərarla razılaşdığını qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; … Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı

1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsvir”»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. 3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının müvafiq polis idarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.4.1-ci yarımbəndini rəhbər tutularaq, 23 oktyabr 1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir, habelə onun Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh tərəfindən bu halı təkzib edən heç bir dəlil təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tarixədək heç vaxt Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamış, hər hansı bir ünvan üzrə qeydiyyata düşməmişdir. xx.xx.2022-ci il tarixdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin qeydiyyat ünvanı olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkünsüz olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak olmadığından yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilməmişdir. Bu səbəbdən o, hazırda Abşeron Rayon Polis İdarəsinin inzibati binasına –Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanına qeydiyyata alınması tələbini irəli sürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı ilə qərara alınmışdır ki: 1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, si-yasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.” Həmin Qərarın 3-cü bəndinin icrasını təşkil etmək məsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir. Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı qüvvədədir və iddiaçının qeydiyyata alınmaq üçün başqa yaşayış yeri yoxdur, cavabdehin onu inzibati binaya qeydiyyata almaqdan imtinası qanunsuz olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2685/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Abşeron rayon Polis İdarəsinin inzibati binasının ünvanı, yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar