Məhkəmə qərarları › İş №2-1(105)-258/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-258/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-258/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabeh tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********733900 saylı” qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli, **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qanunsuz və əsassız hesab edilməsi, ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 07.11.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə 07.11.2019 tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X2 təqdim olunmuşdur. 05.11.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və 06.11.2019-cu il tarixində **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X3 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olubolmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəəsisəyə **********733900 saylı qərarla 404411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı 24.12.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, vergi ödəyicisinin 2019-cu il iyulsentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Operativ nəzarət idarəsindən daxil olmuş 15.11.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X4 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 09.12.2019-cu il tarixli **********761500 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "vergilərin hesablanması barədə" 18.12.2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (İsmayıl Quliyev) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz və əsassız olaraq şifahi məhkəmə icraatında iddiaçının nümayəndəsinin iştirakını təmin etməmişdir və 04 dekabr 2020-ci ii tarixində keçiriləcək məhkəmə iclası barədə lazımi qaydada xəbərdarlıq etməmiş və məhkəmə iclasında əlavə sübutlar təqdim etməsinə və sübutların tədqiqində iştirakına şərait yaratmamışdır. Halbuki, məhkəmə iddiaçının nümayəndəsinin hansı səbəbdən iştirak etmədiyini araşdırmamış və onun məhkəmə iclasında iştirakı üçün lazımi tədbir görməmişdir, bu məsələni aydınlaşdırmaq üçün ən azından məhkəmə iclasını təxirə salmamışdır. Digər tərəfdən, məhkəmənin müvafiq qərarı cavabdehin iddia ərizəsinə yazdığı etirazının tam köçürülməsidir. Məhkəmənin irəli sürdüyü bu “dəlil” tamamilə qanunsuz, əsassız və ziddiyyətlidir. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 07.11.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkassi 498 ünvanda yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 4 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkassi 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə 07.11.2019-cu il tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X2 təqdim olunmuşdur. 07.11.2019-cu il tarixli aktda deyilir ki, “...Biz aşağıda imza edənlər bu aktı tərtib edirik ki, İddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsi 498-də yerləşən, əsas sahəsi 600 kvadratmetr olan anbarda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin anbar, icarəyə verən X1 iştirakı ilə anbarın bağlı olduğunu müşahidə etdik. İcarəyə verən Ədalət Abbasov həmin müəssisənin rəhbərinin uzun müddət anbara gəlmədiyini, icarə haqqının ödənilmədiyini bildirmişdir. Müəssisənin rəhbəri ilə əlaqə saxlanılsa da, cavab verməmişdir. Operativ nəzarət idarəsindən daxil olmuş 15.11.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X4 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Cavabdeh inzibati orqan qeyd etdiklərinə əsasən 09.12.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. 05.11.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və 06.11.2019-cu il tarixində **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X3 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ Dadaş Bünyadzadə küçəsi 2D) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəssisəyə “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 saylı qərarla 404 411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı 24.12.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İş materiallarında ola İddiaçı MMC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə elektron poçt vasitəsilə tam eyni məzmunla 24.12.2019-cu il tarixli məktublar göndərilmişdir. Cavabdehin iddiaya etirazında istinad etdiyi 07.11.2019 tarixli aktda qeyd edilənləri tam və olduğu kimi bildirməmişdir. Belə ki, icarəyə verən X4 aktda qeyd edir ki, “...Məndə olan məlumata görə, müəssisə aşağıda göstərilən ünvanda mal satır: ünvan 6.” Cavabdehə mübahisələndirilən qərar çıxarılmazdan əvvəl, yəni vergi orqanının tərtib etdiyi 07.11.2019 tarixli aktda icarəyə verən tərəfindən müəssisənin “ünvan 7 ünvanında mal satdığı barədə məlumat verməsinə baxmayaraq, həmin məlumatı nəzərə almaması, yoxlamaması və bu məqsədlə həmin ünvanda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin ünvana baxış keçirməməsi və bu barədə vergi qanunvericiliyində nəzərdə tutulan hərəkətləri həyata keçirməməsi və ya tədbirləri görməməsi cavabdeh tərəfindən nəinki tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığını, ümumiyyətlə cavabdeh tərəfindən müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmadığını və ətraflı araşdırma aparmadığını təsdiq edir. Məhkəmənin öz qərarında “...cavabdeh inzibati orqanın müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmaması, qərarda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etməsi, vergi orqanın da müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etməsi, lakin iddiaçının sözügedən həmin dövrdə anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməməsi, bundan başqa iddiaçının mübahisələndirdiyi qərarın hüquqi nəticələri baxımından da hüquqi müdafiə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi də qiymətləndirilməməsi” barədə irəli sürdüyü əsas dəlilləri qanunsuz və əsassızdır, heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir. Vergi qanunvericiliyinə əsasən, vergi orqanı operativ vergi nəzarətini həyata keçirməyə başladıqdan sonra yoxlama aparılan müəssisəyə məxsus mal qalığının hansı anbarda olması barədə yazılı və şifahi məlumat aldıqdan sonra vergi orqanının üzərinə həmin anbarlarda mal qalığının sayılması ilə bağlı vəzifə qoyur. Əslində həmin məlumatın verilməsinə də mütləq şəkildə ehtiyac yoxdur, çünki vergi orqanında bütün vergi ödəyicilərinə məxsus qeydiyyata alınmış təsərrüfat subyektləri barədə məlumat vardır. Vergi orqanı zəruri hesab edərsə öz təşəbbüsü ilə həmin obyektlərdə mal qalığının olub-olmamasını müəyyən etmək üçün özü yoxlama aparmalıdır. Hətta vergi ödəyicilərinə məxsus qeydiyyata alınmamış təsərrüfat subyektləri barədə məlumat olarsa vergi orqanı bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada və səlahiyyət həddində dərhal zəruri tədbir görməlidir. Qanunvericilik qeydiyyata alınmamış obyektlər (subyektlər) barədə dərhal zəruri tədbir görməyi tələb etdiyi halda, qeydiyyata alınmış bir obyektdə bunun edilməməsi cavabdeh tərəfindən yol verilmiş pozuntunun nə qədər böyük olduğunu təsdiq edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında” **********6 saylı arayışa əsasən, Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçınə məxsus “1063 ünvan 8 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin)-“Anbar”ın **********- 11001 saylı kod üzrə 06.11.2019-cu il tarixində olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Vergilər Nazirinin 19.10.2017 tarixli **********424400 saylı qərarı ilə təsdiq olunmuş “Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 9.1.2-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən təsərrüfat subyektindəki malların və pul vəsaitinin miqdarı, onların vergi ödəyicisinə məxsus olub-olmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanıb-saxlanmaması barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada yazılı arayış alınır. Təqdim olunan yazılı arayışda vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsi malların və ya pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində saxlanılmasına hüquqi əsas verən müvafiq təsdiqedici sənədlər tələb edilməlidir. Məhkəmənin öz qərarında “...cavabdeh inzibati orqanın müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmaması, qərarda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etməsi, vergi orqanın da müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etməsi, lakin iddiaçının sözügedən həmin dövrdə anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməməsi, bundan başqa iddiaçının mübahisələndirdiyi qərarın hüquqi nəticələri baxımından da hüquqi müdafiə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi də qiymətləndirilməməsi” barədə irəli sürdüyü dəlillər də qanunsuz və əsassızdır və yalnız heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir. Məhkəmənin öz qərarında “...iddiaçıya hesablanmış qərarın kameral qaydada hesablanmış qərar olması və iddiaçının haqiqətəndə mal qalığı vardırsa, vergi ödəyicisinin əlavə öhdəliyinin yaranmaması halı mövcuddursa bu halın vergi qanunvericiliyinin imkan verdiyi digər formalarda həyata keçirmək imkanı olduğu halda, hüquq müdafiə vasitəsi kimi məhkəmədə iddia qaldırmaqdan istifadə edilməsi prossessual qənaət baxımından əsaslı hesab edilə bilməzdi...” barədə irəli sürdüyü dəlillər də digər dəlillər kimi qanunsuz və əsassızdır, heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir və məhkəmə həmin müdafiə vasitəsinin nə olduğunu və necə həyata keçirildiyini izah etməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehin qəbul etdiyi qərardan yuxarı vergi orqanına şikayət vermiş və həmin şikayət təmin edilməmişdir, iddiaçının məhkəməyə müraciət etməkdən başqa hüquqi nəticə yaradan digər hüquqi müdafiə vasitəsi qalmamışdır. Məhkəmə də iddia tələbini qanunsuz və əsassız olaraq təmin etməməklə cavadehin qəbul etdiyi həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır, maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı isə məhkəmənin gəldiyi nəticəni o əsasla mübahisələndirmişdir ki, cavabdehə mübahisələndirilən qərar çıxarılmazdan əvvəl, yəni vergi orqanının tərtib etdiyi 07.11.2019-cu il tarixli aktda icarəyə verən tərəfindən müəssisənin “ünvan 9 ünvanında mal satdığı barədə məlumat verilməsinə baxmayaraq, həmin məlumatı nəzərə almaması, yoxlamaması və bu məqsədlə həmin ünvanda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin ünvana baxış keçirməməsi və bu barədə vergi qanunvericiliyində nəzərdə tutulan hərəkətləri həyata keçirməməsi və ya tədbirləri görməməsi cavabdeh tərəfindən nəinki tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığını, ümumiyyətlə cavabdeh tərəfindən müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmadığını və ətraflı araşdırma aparmadığını təsdiq edir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Hazırki işin faktiki hallarından görünür ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yarandığından, operativ nəzarət idarəsindən daxil olmuş 15.11.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq və anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmadığından cavabdeh inzibati orqan tərəfindən 09.12.2019-cu il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün vergi orqanı kameral vergi yoxlaması aparmış, 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə 18 dekabr 2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı göndərmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən obyekt iddiaçının müraciətinə əsasən 06.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mal qalığının başqa ünvanda olduğunu, 07.11.2019-cu il tarixdə vergi orqanının nümayəndələrinin müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirdiyi Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olduqları vaxt anbarda heç bir mal qalığı olmadığından qapının bağlı olduğunu, faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 2 ünvanında yerləşən anbarda olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mal qalığının digər təsərrüfat subyektində olduğunu göstərsə də, nə cavabdehin 09.12.2019-cu il tarixli məktubuna əsasən 5 gün müddətində, nə də ki, 18.12.2019-cu il tarixli qərar çıxarılanadək malların digər təsərrüfat subyektində olması barədə cavabdehə məlumat verməmiş, o cümlədən həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh olan inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandırmış və onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar