Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-258/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2905/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur və xx.xx.2008-ci il tarixdən Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ümumi xəstəliyə görə birinci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçının arvadı X3 və oğlu X8 da əlildir.
2. “Sumqayıt şəhər Vərəm Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixindən Sumqayıt Vərəm Xəstəxanasında qeydiyyata götürülmüşdür, hər iki ağciyərin fibroz kavernoz vərəmi ağır forma, ağciyər ürək çatışmamazlığı ikinci dərəcə diaqnozu ilə müalicə alıb. Hal-hazırda da ambulator müayinə və müalicə olunur. Onun arvadı S.Əliyeva xx.xx.2001-ci il tarixindən Sumqayıt Vərəm Xəstəxanasında qeydiyyata götürülmüşdür, hər iki ağciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə müalicə alıb.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-142/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur.
4. Sumqayıt şəhər İcra Hakimiyyətinin 19 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixdən ümumi xəstəliyə görə birinci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, siyahı üzrə 155-ci şəxs olan İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə imkan yaranacağı təqdirdə yenidən baxılacaqdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, iddiaçının mənzillə təmin edilməsi barədə müraciətləri təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Özü birinci qrup əlil, yoldaşı isə ikinci qrup əlildir. Himayəsində sağlamlıq imkanları məhdud olan övladı vardır. xx.xx.2008-ci ildə birinci qrup imtiyazı nəzərə alınaraq mənzil növbəsinə qəbul olunmuş və o vaxtdan mənzil növbəsindədir. Yaşamağa başqa yeri olmadığından illərdir kirayə yaşayırlar. Bu vəziyyətdən yorulduğu üçün dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin bu müraciətlər heç bir nəticə verməmişdir. Ondan sonra mənzil növbəsinə dayanmış eyni kateqoriyalı şəxslər mənzillə təmin oldunuğu halda, o və ailə üvzləri hələ də mənzillə təmin olunmamışdır. Bununla əlaqədar olaraq 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun vəziyyəti nəzərə alınaraq növbədənkənar mənzillə təmin olunmağında ona köməklik edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə onun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin onu növbədənkənar mənzillə təmin etməsinə dair öhdəliyini icra etməsinə dair ərizəsi təmin edilərək onun növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt nzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kifayət qədər vaxt keçməsinə, dəfələrlə müraciət etməsinə baxmayaraq, o hələ də mənzillə təmin edilməmişdir. Maddi durumu çox ağırdır, səhhətində ciddi problemlər vardır, durumları çox acınacaqlıdır. Hər dəfə müracitinə müxtəlif bəhanələr gətirilərək, onun mənzillə təmin edilmə məsələsinə biganə yanaşılmış, onun durumu qətiyyən nəzərə alınmamışdır. Belə ki, müxtəlif vaxtlarda çoxsaylı müraciətlərinə Sumqayıt şəhər İcra Hakimiyyyəti tərəfindən cavab məktublarında ona bildirilmişdir ki, siyahı üzrə 155-ci şəxsdir və onun növbədənkənar mənzillə təmin edilməyi məsələsinı imkan yaranacağı təqdirdə baxılacaqdır.
9. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı onun növbədənkənar mənzillə təmin edilməsinə dair öhdəliyini icra etməsinə dair iddia ərizəsi təmin edilərək onun növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2018-ci il tarixədək qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. İddiaçı göstərilən maddi hüquq normasına uyğun olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 28 iyul 2008-ci ildə 1-ci qrup əlil imtiyazı nəzərə alınaraq mənzil növbəsinə alınmış və hal-hazırda siyahı üzrə 155-ci şəxsdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdən ev növbəsində olan ümumi xəstəliyə görə 1-ci, 2-ci, 3-cü qrup əlillərə yaşayış sahəsi verməmişdir (bu barədə məhkəməyə rəsmi məktub təqdim edilmişdir). Eyni zamanda Sumqayıt şəhərində dövlət mənzil fonduna aid boş yaşayış sahəsi olmadığından İddiaçı növbədənkənar mənzillə təmin edilməsi mümkün olmamış və məsələyə imkan yaranacağı təqdirdə baxılacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2905/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək İddiaçı növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. əlavə olaraq bildirilmişdir ki, uzun illrdir ki, şəhərin mənzil fondunda boş yaşayış sahələri mövcud deyil və yeni mənzil tikinti işləri də aparılmır. Mənzil fondunun çox hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilmiş, az qismi isə məcburi köçkün ailələri tərəfindən tutulmuşdur. Bu obyektiv səbəblərdən şəhər İcra Hakimiyyəti vətəndaşları yaşayış sahəsi ilə təmin edilə bilmir. Yazılı etirazda bildirdikləri bu səbəbləri, həmçinin növbə gözləyən 154 nəfərin məhkəmə tərəfindən mənzil hüquqlarının pozulması nəzərə alınmadan əsassız qərar çıxarılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Maddə 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; ... Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunu: Maddə 43. Əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzil-məişət xidməti Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçını növbədənkənar mənzillə təmin edilmədən imtinası təşkil edir. İddiaçının ümumi xəstəliyə görə birinci qrup əlil olması, arvadının və oğlunun da əlil olması, iddiaçının xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsində olması işin mübahisəsiz halıdır.
23. Cavadehin imtinasının, habelə iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlilləri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə əlillərə yaşayış sahəsi verilməməsi ilə bağlıdır.
24. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mənzil növbəsinə alındığı zaman qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun 43-cü maddəsi İ qrup əlillərə mənzillərin növbədənkənar verilməsini nəzərdə tuturdu.
25. İddiaçının təqdim etdiyi cavabdeh inzibati orqanın mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2008-ci il tarixli 357№-li məktubundan da görünür ki, iddiaçıya həmin tarixdə bildirilmişdir ki, Sumqayıt şəhərində yataqxanalarda, ictimai və yaşayış binaları, həmçinin qeyri-yaşayış sahələrində boş yaşayış yeri olmadığı üçün yaşayış yeri ilə təmin olunmasının mümkün olmadığı bildirilmişdir.
26. İş materiallarından, o cümlədən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 142/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı mənzil növbəsinə alındığı vaxtan mütəmadi olaraq mənzillə təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh yuxarıda qeyd edilən səbəblərə istinad etməklə iddiaçının mənzillə təmin edilməsinin mümkün olmadığnı bildirmişdir.
27. Sumqayıt şəhər İcra Hakimiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda İddiaçı İcra Hakimiyyətində qəbul edilərkən qarşılıqlı razılaşma əsasında ailə üzvləri ilə birlikdə yataqxana otağı ilə təmin olunmasına razılıq verdiyi, onun yataqxanadan yaşayış sahəsi ilə təmin olunmasının gündəmdə olduğu, hazırda ona ailə üzvləri ilə birlikdə yaşaması üçün H.Zeynalabdin qəsəbəsinin mərkəzində S.Bəhlulzadə küçəsində yerləşən beş mərtəbəli 3 saylı yataqxana binasının 2ci mərtəbədindən 81 saylı 1 (bir) otaq təklif olunduğu bildirilmişdir.
28. Kollegiya tərəfindən cavabdehin qeyd edilən təklifi nəzərə alınaraq həmin məsələ iddiaçı ilə müzakirə edilmiş, iddiaçı ona normal yaşayış şəraiti olan yataqxana otağının da verilməsinə razı olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq məhkəmə iclası təxirə salınaraq cavabdehin nümayəndələri tərəfindən təklif olunan yaşayış sahəsinin iddiaçıya təqdim edilməsi və mübahisənin məhkəmədənkənar həlli üçün şərait yaradılmışdır. İş üzrə keçirilmiş növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, iddiaçı isə ona H.Zeynalabdin qəsəbəsində yerləşən yataqxananın 2-ci deyil, 5-ci mərtəbəsində, heç bir şəraiti, sanitar qovşağı olmayan otaq təklif edildiyini, lakin hazırda sağlamlıq vəziyyətinin, xəstəliyinin 5-ci mərtəbədə yerləşən həmin şəraitsiz otaqda yaşamağa imkan vermədiyini bildirmiş, cavabdehin müxtəlif bəhanələrlə uzun müddətdir onu yaşayış sahəsi ilə təmin etməsindən boyun qaçırdığı nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Kollegiya qeyd edir ki, iddiaçının növbədənkənar mənzillə təmin olunmaq hüququ onun hələ 2008-ci ildə mənzil növbəsinə götürülərkən qüvvədə olan 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun yuxarıda istinad edilən normalarından, cavabdehin iddiaçını mənzillə təmin etmək vəzifəsi isə Mənzil Məcəlləsinin tələblərindən irəli gəlir.
30. İşin yuxarıda istinad edilən hallarına əsasən kollegiya qeyd edir ki, 2008-ci ildən ötən müddət ərzində ev növbəsində olan ümumi xəstəlik səbəbindən əlillərə yaşayış sahəsi verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri binci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə, iddianın təmin olunmamasına əsas ola bilməz.
31. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Qanunun “Əhalinin vərəmdən mühafizəsi” adlanan 13-cü maddəsinin tələblərinə əsasən ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizasiya olunmalıdırlar. Bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstələr fərdi yaşayış sahəsi ilə təmin edilirlər.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2905/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.